Xəbər lenti

 
 
Bu gün anadan olmasının 97-ci ili tamam olan mərhum Heydər Əliyevin  uğurunun sirri onda idi ki, bəzi adamlar öz aləmlərində guya ondan gizli iş tuturdular. Sonradan məlum olurdu ki, əslində bütün bu gizlinlər əslində onun sifarişiylə həyata keçirilib. 
 
Ovqat.com nəql edir ki, 1991-ci ildə Şərur rayonunun icra başçısı olmuş Fərəməz Allahverdiyev də Heydər Əliyevdən xəbərsiz Türkiyəyə gedir. Qayıdanda nə məlum olsa, yaxşıdır? 
 
Gəlin Fərəməz bəyin Heydər Əliyevlə bağlı bir xatirəsini gözdən keçirək.
 
 
 
“Bu gün Heydər Əliyevin ad günüdü... 
 
Əvvəlcə yaxın dost olsaq da, sonradan onunla siyasi yollarımız ayrıldı. Mərkəzi hakimiyyətə gəlişindən qısa bir müttəd sonra isə məni həbs etdirdi. O vaxt millət vəkili statusu ilə həbs olunan ilk şəxs idim. Həbsdən çıxdıqdan sonra da daima yolumda əngəllər yaradıldı. Bütün bunlara baxmayaraq, nə vaxtsa ondan nəinki incimədim, əksinə, Heydər Əliyevin Azərbaycan standartlarının üstündə böyük bir siyasətçi olduğunu həmişə vurğulamışam, bu siyasətdən razı qalsam da, qalmasam da.
 
Heydər Əliyevlə bağlı bir xatirəmi sizlərlə bölüşmək istəyirəm. 1992-ci ilin soyuq yanvar günlərindən birində Türkiyədən böyük bir nümayəndə heyəti gəlmişdi. Onlardan Osman Gəzəkər, Ali Ömər, Həsən İpək, Yıldırım Turanın adlarını xatırlayıram. Müzakirə etdiyimiz mövzu təbii ki, "Ümid" körpüsünün tikintisiylə bağlıydı. Axşamüstü onları yola salarkən Heydər Əliyev  mənə tapşırdı ki, qonaqları sərhəddə qədər müşayiət edim.


 
Xülasə, yola düzəldik. O zaman Türkiyə ilə aramızda müvəqqəti "panton körpü" vardı. Keçid oradan gerçəkləşdirilirdi. Qonaqları yola salarkən Kars Əmniyyət Müdiri Osman Gəzəkər dedi ki, sabah istirahət günüdü, bizimlə Karsa gedək, oraları gəzib görərsən, növbəti həftənin əvvəlində geri dönərsən. Razılaşdım. Təbii ki, Türkiyəni, qədim Kars qalasını görmək mənim də ürəyimcə idi, sanki bir röyam gerçəkləşirdi.
 
Növbəti həftənin əvvəli mən geri qayıda bilmədim, türk dostların təlqiniylə, Ali Ömər və Həsən İpək bəylə birlikdə Ankaraya yola düşdük. Ankaraya çatdığımızda, qəzet xəbərlərindən öyrəndim ki, Azərbaycanın prezidenti Ayaz Mütəllibov Ankaradadı. Məni, bilirsiniz, qatı antikommunist və Ayaz müəllimin əleyhdarıydım. Başladım onun barəsində döşəməyə. Dərhal Ali Ömər bəy bir mətbuat konfransı təşkil edəcəklərini, istərsəm fikirlərimi orda bölüşə biləcəyimi dedi. Razılaşdıq. 
Ertəsi gün bütün tanınmış qəzetlərin manşetində bu xəbər var idi: “Azeri kaymakam Cümhurbaşkanına karşı!”


 
Yazıların məzmunundan heç bəhs etməyim...
 
3 gün sonra Naxçıvana geri döndüm. Özümlə birlikdə 5 kamyon yardım da gətirmişdim. Gömrükdən birbaşa Naxçıvana - Ali Məclisə Heydər Əliyevlə görüşə getdim. O, mənimlə mehriban görüşüb, əlini boynuma saldı və:
- Səfərin necə keçdi?- dedi.
 
Mən ona xəbər vermədən getdiyim üçün üzrxahlıq edəndə, Heydər Əliyev o məşhur gülüşüylə dedi:


 
- Ha-ha-haaa... Sənin getməyindən xəbərim vardı. Osman və Ali Ömər bəydən mən xahiş etmişdim ki, səni də götürsünlər. Ayazı səndən yaxşı kim yıxıb-sürüyə bilərdi? Ha-ha-haa...
 
Sonra Heydər Əliyev dedi ki, onun birbaşa xahişi ilə Süleyman Dəmirəl göstəriş verib, yardımların içərisində PKK-dan müsadirə olunan 1500 ədəd "Kalaşnikov" avtomatı və xeyli miqdarda güllə var. Sonra dedi ki, Qarabağ və Ermənistanla sərhəd bölgələrinə gedib vəziyyətlə tanış ol, kimin silaha daha çox ehtiyacı varsa, bu silahların 1000 ədədini onlara göndərək. Bir ay sonra 1000 ədəd avtomatı Ağdam, Gədəbəy və Qazaxda döyüşçülərə paylamaq üçün 7 nəfərlə birlikdə o bölgələrə səyahətə çıxdıq.


 
Mən Heydər Əliyevin məşhur gülüşüylə dediyi "səni ora mən göndərmişdim" ifadəsini heç bir zaman unutmadım və o tarixdən sonra onunla daha məsafəli davrandım. Bəlkə də bu, mənim siyasi karyerimdə ən böyük səhvim idi. Cavanlığıma və qüruruma salıb Heydər Əliyevdən uzaqlaşmasaydım, ondan çox şey öyrənə bilərdim. Hərçənd ki, öyrəndiklərim də az deyil.   
 
Doğum günün kutlu olsun, BÖYÜK ADAM!
 
P.S. Bugünkü hakimiyyətin tamamı Heydər Əliyevin bir kəlməsi qədər də dəyərli deyil!!!


Ana səhifəyə qayıt        Baxış: 4 733          Tarix: 10-05-2020, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma