Xəbər lenti


 
 
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun bu gün işdən qovduğu Əlövsət Baxşıyev barəsində maraqlı faktlar üzə çıxıb.
 
Ovqat.com-un bildirdiyinə görə, Əlövsət Baxşıyevin kitabı əslində bir neçə il əvvəl bağlanıb. 
 
Onun formal olaraq Baş nazir postunda əyləşdiyi bildirilir. İddialara görə, Əlövsət müəllimin Naxçıvan hakimiyyətində yeganə funksiyası Ali Məclisdə hazırlanan sənədlərə imza atmaq, dərkənar qoymaq imiş. Əsl işi görən isə onun virinci müavini Elşad Əliyevdi. 
 
Bir çox hallarda Baş nazir tərəfindən imzalanan sənədlərdə qanunvericliyin pozulması Əlövsət Baxşıyevi də bərk narahat edirmiş. Xüsusilə ötən il Baş nazirin imzasıyla Azərbaycan dövlətinin ümumi xarici siyasətinin əleyhinə gedilərək İranla viza rejiminin aradan qaldırılması Əlövsət müəllimin başının ağrımasına səbəb olub. İddilara görə, Bakıdan zəng edib onu əməlli-başlı danlayıblar. O isə iradəsinin öz əlində olmadığını belə cəsarət edib dilə gətirə bilməyib.
 
Daha sonra Naxçıvan rəhbərliyinin MR Baş nazirinin imzasıyla atdığı bəzi addımlar Əlövsət Baxşıyevə növbəti iradlar da gətirib.  Bakı ilə Naxçıvan arasında qalmaqdan usanan (artıq, sabiq) Baş nazir bəzən əsəblərini toplaya bilməyib, dost-aşnanın yanında ərzi-gileyini səsləndirib. Naxçıvanda isə yerin də qulağı var və söz-söhbət Ali Məclisə qədər gedib çıxa bilib. Bu da Əlövsət müəllim üçün sonun başlanğıcı demək idi. Nəhayət, o son bu gün gəlib və Baş nazir qanunsuz sənədlərə imza atmaq məsuliyyətindən azad olunub.


 
Ə.Baxşıyev əmək fəaliyyətinə 1977-ci ildə İliç rayon Kommunal Təsərrüfatı Şöbəsində mühasib köməkçisi kimi başlayıb. 1977-1979-cu illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub. 1979-cu ildən 1986-cı ilə kimi Şərur rayonundakı “Naxçıvan MSSR-nin 50 illiyi” adına üzümçülük sovxozunda hüquq məsləhətçisi, iqtisadçı, baş mühasibin müavini, baş mühasib vəzifələrində çalışıb. 1986-cı ildə İliç Rayon Aqrar Sənaye Biriyində aparıcı iqtisadçı-maliyyəçi, 1992-ci ilin yanvar ayınadək İliç Rayon Xalq Deputatları Sovetində sədr müavini, 1992-1994-cü illərdə Şərur Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsində sədrin birinci müavini və sədr vəzifələrində işləyib.
 
1994-cü ilin avqust ayından 1998-ci ilin fevral ayınadək Naxçıvan Muxtar Respublikasının maliyyə naziri, 1998-ci ildən 2000-ci ilin fevral ayınadək Naxçıvan Muxtar Respublikasının maliyyə-iqtisadiyyat naziri vəzifələrini icra edib.
 
2000-ci il fevralın 11-dən Naxçıvan Muxtar Respublikasının Baş naziridir.
 
Bundan əvvəl isə, o, 1990-1995, 1995-2000-ci illərdə iki çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilib.
 
2006-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar dövlət qulluqçusu fəxri adına layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2013-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2016-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub.
 
Bir sözlə Əlövsət Baxşıyev idarəetmə orqanlarında saçını-saqqalını ağartmış insandır və mərkəzi hakimiyyətin iradəsinə zidd  sənədlərə imza atmağın nə demək olduğunu yaxşı bilirdi. Bu mənada onun belə məsələlərdə narazılığı da başadüşüləndir.


Ana səhifəyə qayıt        Baxış: 4 210          Tarix: 14-05-2020, 17:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma