Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Belarusun xarici işlər naziri Vladimir Makey Moskvanın xəyallarını paramparça edəcək bəyanat verib.
Ovqat.com xəbər verir ki, dünən axşam saatlarında yayılan bəyanatda Belarusun ABŞ-dan neft almağa başladığı və bunun iqtisadi müstəqilliyin qarantı olduğu vurğulanıb.
Bəyanatda həmçinin xatırladılıb ki, ABŞ-dan neft almasına dair razılıq Belarus Prezidenti Aleksandr Lukashenko və ABŞ Xarici İşlər Naziri Mayk Pompeonun fevralda paytaxt Minskdə görüşü zamanı əldə edilib.
Makey ABŞ neft daşınmasının Belarusda emal sənayesini şaxələndirmək və gələcəkdə onun sabit fəaliyyətini təmin etmək strategiyasının bir hissəsi olacağını da gizlətməyib.
Belarusun ABŞ-la tərəfdaşlıq əlaqələrini gücləndirməkdə və ikitərəfli iqtisadi münasibətlərin inkişafınında maraqlı olduğunu bildirən bəyanatda okeanın o tayından idxal ediləcək neftin miqdarı haqqında isə heç bir məlumat verilməyib.
Belarusun Rusiya və ya MDB ölkələri qala-qala dünyanın o başından neft alması isə təsadüfi deyil. Zira ötən ilin sonlarında Rusiya Belarusla münasibətləri isti tutmaq məqsədilə ucuz qiymətə satdığı nefti dayandırmış, bu da Minskdə əks reaksiya doğurmuşdu. Kreml isə “müftəxorluğun” yeni şərtini açıqlamışdı: Daha ucuz neft qarşılığında daha yaxın münasibətlər qurulmalı, inteqrasiya dərinləşdirilməlidir.
Kremlin bu açıqlaması Belarusun Rusiyaya birləşməsi mənasına gəlirdi. Nədən ki, Belarus özünü zatən Rusiyanın bir əyaləti kimi aparırdı. Bəzi hallarda hətta Rusiyanın bir sıra federal subyektləri belə Belarusla müqayisədə daha müstəqil siyasət yürüdə bilirdilər. Bundan daha artıq inteqrasiya rus boyunduruğunu öz əliylə başına keçirmək demək idi.
Təsadüfi deyil ki, Belarus prezidenti Lukaşenko da mesajı məhz bu cür alqılamışdı və o, “Exo Moskvi” radiosuna verdiyi müsahibəsində Kremlin birləşmək təşəbbüsünə ondan çox, Qərbin etirazı ola biləcəyini demiş və hətta Rusiyanın Belarusu ilhaq edəcəyi təqdirdə “böyük müharibə” çıxacağını bildirmişdi. Dolayısıyla sərt şəkildə “yox” demişdi.
Lukaşenkonun rədd cavabından sonra Moskva ilə Minsk arasında münasibətlər gərginləşmişdi. Nəhayət, ötən ilin son günlərində Putinlə Lukaşenko gərginliyi aradan qaldırmaq məqsədilə bir araya gəlmiş, neft alış-verişini masaya yatırmışdılar. Dekabrın 30-31-də keçirilən qapalı görüşdən çölə heç bir məlumat sızdırılmasa da, söhbətin necə bitdiyi 3 gündən sonra aydınlaşmışdı. Belə ki, bu ilin yanvarın 3-də Belarusun dövlət neft şirkəti "Belneftexim" Rusiyadan neft idxalının dayandırıldığını bildirmişdi. Şirkətdən verilən açıqlamaya görə, xammal ala bilmədikləri üçün ölkədəki neft emalı zavodlarının işləmə qabiliyyəti də ən aşağı səviyyəyə düşmüşdü.
Rusiyanın "Transneft" gəmiçilik şirkəti bu məlumatı təkzib edərək bildirmişdi ki, Belarusa neft daşınmasında heç bir məhdudiyyət yoxdur: "Biz nefti Rusiya şirkətlərindən gələn müraciətlərə görə göndəririk. Yanvarın 1-dən etibarən şirkətlər Belarusiyaya göndərmə ilə bağlı heç bir istək almamışıq”.
Hər şey ortada idi. Belə anlaşılırdı ki, Putinlə Lukaşenko arasında ucuz neft sövdəsi baş tutmamış, Rusiya prezidenti həmkarına Belarusub yenə ondan neft ala biləcəyini, amma bunun bazar qiymətləri ilə mümkün olacağını bildirmişdi. Lukaşenko isə “müftəxorluq” xülyalarından əl çəkmədiyindən bu təklifi yetərli görməmişdi.
Əslində Belarusa ucuz neft satmaq istəməyən Rusiya prezidentini də hardasa başa düşmək olar. Digər böyük dövlətlər müstəmləkələri istismar etdikləri halda, Lukaşenkonun fəndgirliyi nəticəsində faktiki Belarus Rusiyanı “sağırdı”. Başqa sözlə desək, rollar dəyişik düşmüşdü. O boyda Rusiya ovuc qədər Belarusun müstəmləkəsinə çevrilmişdi, sanki. Geopolitik məqsədlər naminə daha çox “sağılmaq” istəməyən Rusiya isə onunla eyni dili danışan bu ölkənin büdcəsinə də nəzarət etmək istəyirdi. Əks halda nefti ucuz alıb sənaye və kənd təsərrüfatı gəlirlərini bölüşməyən “qardaşlıq” məşhur Azərbaycan atalar sözünü xatırladırdı: “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş”.
Rusiya ilə neft alış-verişini dayandırdıqdan bir gün sonra – yanvarın 4-də Belarus dövlət adamlarının neft sövdəsi üçün Qazaxıstana getdiyi və Nursultanda mühüm görüşlər keçirdiyinə dair rəsmi xəbərlər gəlməyə başlamışdı. Görünən budur ki, Rusiyanın ən yaxın regional “müttəfiqi” Qazaxıstan da “müftə yerə sağılmaq” istəmədiyindən, Minsk çarəni okeanın o tayında axtarmağa başlamışdı. Beləcə, MDB və ya Avrasiya İtitfaqı ölkələriylə bütün iqtisadi əlaqələrini donduran Minskə bir aydan sonra ABŞ Dövlət Departamentinin sədri Mayk Pompeo təşrif buyurmuşdu.
Fevralın ilk günlərində gerçəkləşən bu səfər Rusiyada ciddi narahatlıq doğurmuşdu. Səfər barədə “Ria Novosti” həmin vaxt yazırdı: “Pompeonun Belarus Respublikasına səfəri Moskva və Minsk administrasiyaları arasında münasibətlərin gərgin dövrünə təsadüf edir. Belə bir vəziyyətdə ABŞ dövlət katibinin “üzünüzü Qərbə tərəf dönün" mesajı bir sıra vədlər ehtiva edir. Əslində Pompeo ABŞ istehsalçılarının Belarusa '100 faiz' enerji verə biləcəyini vurğulayarkən bunu edirdi. Ancaq bu da bir sıra maneələri bərabərində gətirir – “rəqabətli qiymətlərlə”. ABŞ-la Rusiya arasındakı fərqi məhz bu mətləbdə yatır. Belə görünür ki, Belarus rəhbərliyi Rusiyadan bazar qiymətləri ilə alış-veriş etmək istəmir. ...İndi gözləyək, görək, Lukashenkoya bu qədər vədlər verən Pompeo ABŞ-ın Belarusa embarqosunu da ortadan qaldıracaqmı?”
Rus mediasının bu qənaətə gəlməsinin səbəbi Pompeonun Minskdə səsləndirdiyi sözlər idi. O həmin görüşündə üzünü sanki bütün MDB dövlətlərinə tutaraq demişdi:
“ABŞ-la Belarus arasındakı iqtisadi əlaqələri prezident Lukaşenko ilə ətraflı müzakirə etdik. Amerika istehsalçıları Belarusa lazım olan nefti 100 faiz nisbətində rəqabətçi qiymətlərlə satmağa hazırdır. Biz dünyadakı ən böyük enerji istehsalçısıyıq. Sadəcə bizə müraciət etmək yetər”.
Göründüyü kimi, Pompeonun bu fikirləri təkcə Minskə deyil, həm də Rusiyanın təsir dairəsindən kənarlaşıb müstəqil addım atmaq istəyən bütün ölkələrə ünvanlanmışdı.
Bunu Ukraynanın keçmiş xarici işlər nazirlərindən olan Vladimir Ogrisko "Novoye Vremya"-da dərc olunan bir yazısında da qeyd etdiyi aşağıdakı sözlər də təsdiqləyir:
"Bu Amerika diplomatiyasının bu ölkələrə çatdırmağa çalışdığı mesajdır: Bir cəmiyyət və ölkə olaraq, daha sivil idarəetmə formasına keçmək istəyirsinizsə, köməyimizə və dəstəyimizə arxalana bilərsiniz! Amerikalılar, axır ki, Vladimir Putinin SSRİ-ni yenidən qurmaq xəyalının gerçəkləşə biləcəyini başa düşməyə başladılar. Bunun Amerikada başa düşülməsi sevindirici haldır, çünki Qərbi Avropa tərəfdaşlarımız, xüsusən Avropa Şurası Parlament Assambleyası Rusiya ilə hələ də anlaşa biləcəkləri qənaətindədir".
Göründüyü kimi, istər ABŞ, istər Belarus rəsmilərinin, istərsə də ekspertlərin Minsklə neft alış-verişinin arxasında Rusiyanı mərkəzə sıxışdırmaq siyasəti dayandığını etiraf edirlər. Bu isə bizim bir müddət əvvəl gündəmə gətirdiyimiz “Rusiyanı çevrələmə siyasətinə start verildi” mülahizələrimizə haqq qazandırır. Qeyd edək ki, bu mərkəzə sıxışdırma eyni anda həm şimal, həm qərb, həm də cənub istiqamətlərində aparılır.
Bir tərəfdən neft bazarında yaşanan hədsiz ucuzlaşma, bir tərəfdən isə ölkədə yayılan koronavirus epidemiyası da Rusiyanın öz geniş ərazilərini nəzarətdə saxlamaq imkanlarını azaldır və daxili gərginliyi artırır. Üstəlik, son zamanlar Yaxın Şərqdə də Rusiyanınkı gətirmir. Xüsusilə Suriyada İran, Livan Hizbullahı və Bəşər Əsəd rejimi ilə yaşadığı gərginliklər Moskvanın hərəkət sahəsini daraldır, onu 80-ci illərin sonundakı vəziyyətə doğru sürükləyir.
Belə çətin vəziyyətdə Belarusun ondan üz döndərməsi Rusiyada mərkəzdən qaçma meyllərini artırmağa hesablanmış siyasət təsiri bağışlayır.
Heydər Oğuz
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar