Xəbər lenti
Dünən, 19:25

 
“Eramızdan əvvəl II əsrdən indiki Qarabağın ərazisi “Artsax” adlanıb. Lakin bu söz də qədim türk tayfalarından olan sakların dilində “cəsarətli” demək idi”.
 
Ovqat.com xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Marqerita Kosta qələmə aldığı bir məqaləsində yazıb.
 
Xanım diplomatın Qarabağın qədim tarixiylə bağlı erməni yalanlarını alt-üst edən epistolyar məqaləsinin əsas hədəfi isə nə qədim tarix əvəzinə nağıl danışan Nikol Paşinyan, nə də xristian havadarlarına güvənib “dənizdən-dənizə imperiya” xəyallarına düşən erməni millətçiləridir. Xanım diplomatın əsl savaş açdığı şəxs də elə öz məsləkdaşı - İtaliyanın Ermənistandakı keçmiş səfiri Bruno Skapinidir.


 
Bruno Skapininin “Artsak” sözünün erməni mənşəli  olduğu barədə fikirlərinə etiraz edən Marqerita Kosta həmkarını tanımadığı ölkə barədə mülahizə yürütməkdə qınayıb və ona Dağlıq Qarabağ tarixiylə yanaşı beynəlxalq hüquqdan da əməlli-başlı dərs keçib. 
 
 Azərbaycan oxucusunun da Dağlıq Qarabağla bağlı mühüm məlumatlar əldə edə biləcəyi həmin mülahizələrdən bəzi çıxarışlara yer verən və İtaliyanın “UMDI” qəzetində dərc olunan Qarabağ münaqişəsi: İtaliyanın Azərbaycandakı səfiri Ermənistandakı səfirinə qarşı” sərlövhəli yazını olduğu kimi diqqətinizə çatdırır.
 
Dağlıq Qarabağ uğrunda aparılan “epistolyar savaş”da tərəflərdən biri sabiq səfir xanım Marqerita Kostadır. O, deyir: “İtaliyanın Ermənistandakı səfiri Bruno Skapininin reaksiyası məndə sözün əsl mənasında qıcıq yaradıb. Söhbət onun xeyli sayda azərbaycanlının öz yurd-yuvasından didərgin düşmələrilə nəticələnmiş Xocalı qətliamı ilə bağlı mövqeyindən gedir”.


 
Domeniko Letiziyanın Azərbaycan ərazisində keçirilmiş mübahisəli “seçki” haqda məqaləsi Ermənistanla Azərbaycan arasında uzun müddətdir davam edən münaqişə ilə bağlı “epistolyar savaş”a yol açıb.
 
Uti possidetis juris” beynəlxalq hüquq doktrinası yeni müstəqillik qazanmış dövlətlərin sərhədlərini müəyyənləşdirmək üçün qəbul olunub. Xanım səfir bu kiçik Qafqaz ölkəsində yerləşən Qarabağın adının Azərbaycan mənşəli sözlərdən ibarət olduğuna diqqət çəkir: “qara” Azərbaycan dilində rəng ifadə edir, “bağ” isə “bağça”, “meşəlik” deməkdir. Eramızdan əvvəl II əsrdən indiki Qarabağın ərazisi “Artsax” adlanıb. Lakin bu söz də qədim türk tayfalarından olan sakların dilində “cəsarətli” demək idi.


 
Beləliklə, iki diplomat arasında əsl “epistolyar savaş” başlayıb. İtaliyanın Azərbaycandakı sabiq səfiri, bu gün isə Azərbaycanın Cenevrədə fəxri konsulu olan xanım Marqerita Kosta deyir ki, o, jurnalist Domeniko Letiziyanın Dağlıq Qarabağda keçirilmiş və haqlı olaraq beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupu, Avropa İttifaqı, İtaliya da daxil olmaqla, bir çox dövlət tərəfindən kəskin tənqid olunmuş qondarma seçkilər haqqında məqaləsini oxuyub. Diplomat hesab edir ki, həmin məqalə vəziyyəti tam əks etdirir.
 
Mübahisənin səbəbləri və etimologiya
 
Bu “epistolyar savaş”ın əsas səbəblərindən biri də Qarabağın qədim adı olan “Artsaxsözünün etimologiyası ilə bağlıdır. İtaliyanın Ermənistandakı keçmiş səfiri Bruno Skapini bir məqalədə bundan bəhs edib. Məhz həmin məqalədə deyilənlər xanım Kostanı qəzəbləndirib: “İtaliyanın Ermənistandakı keçmiş səfiri Bruno Skapininin mövqeyi məndə qıcıq yaratdı. O, ümumiyyətlə tanımadığı ölkəni tənqid edir. Halbuki, bəlkə də heç zaman Azərbaycanda olmayıb. İnsanları tarix kitablarını oxumağa çağıran səfir görəsən hansı tarix kitablarına istinad edir? Dağlıq Qarabağ Qarabağın dağlıq ərazisinə verilmiş addır və Azərbaycan mənşəli iki sözün birləşməsindən əmələ gəlib: “qara” Azərbaycan dilində rəng bildirir, “bağ” isə “bağlıq”, “meşəlik” deməkdir. Bu ərazi ta qədimdən müxtəlif Azərbaycan dövlətlərinə, son olaraq isə Qarabağ xanlığına məxsus olub”, - deyə xanım diplomat bildirir.


 
Fəxri konsul “Artsax” məsələsinə də aydınlıq gətirir: “Artsaxa gəlincə, bu söz də qədim türk mənşəli tayfanın – sakların dilində “cəsarətli sak”, “sak kişisi”, “sak adamı” mənalarına gəlir. Bu dildə “ar” – “ər”, “kişi”, “cəsarətli adam” deməkdir. Eramızdan əvvəl II əsrdən etibarən Qarabağın hazırki ərazisi Artsax adlanıb. Orta əsr erməni (hay) tarixçilərinin əsərlərində “Artsax” adı keçir. Lakin bu termini yalnız türk dilində izah etmək mümkündür. Onun qədim və ya müasir erməni dilində heç bir mənası yoxdur”.
 
Dağlıq Qarabağda nələrin baş verdiyini xatırlayaq
 
“Keçmiş Sovet illərində qanunvericiliyə əsasən, öz müqəddəratını təyinetmə hüququ əsas götürülüb və məhz bu prinsiplə Dağlıq Qarabağa Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində muxtar vilayət statusu verilib. Sovet İttifaqı respublikalarının sərhədlərinin dəyişdirilməsi məsələsilə bağlı isə SSRİ Konstitusiyasında konkret maddələr olub. Həmin maddələrə əsasən, hər hansısa Sovet respublikasının ərazisi onun iradəsinə zidd şəkildə dəyişdirilə bilməzdi. İttifaqa daxil olan respublikalar arasındakı sərhədlər yalnız maraqlı tərəflərin qarşılıqlı razılığı əsasında, üstəlik, SSRİ səviyyəsində təsdiqlənməklə müəyyənləşdirilə bilərdi. Amma Qarabağ məsələsində bu, nəzərə alınmayıb...”.


 
Dağlıq Qarabağ və “uti possidetis juris” doktrinası
 
“SSRİ-nin dağılması ilə yeni müstəqillik qazanmış dövlətlərin sərhədlərinin beynəlxalq, regional və milli qanunvericiliyə əsasən müəyyən olunmasına “uti possidetis juris” beynəlxalq hüquq doktrinası zəmanət verib. Bu doktrinaya əsasən, Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin də daxil olduğu keçmiş inzibati sərhədləri beynəlxalq birlik tərəfindən müstəqil Azərbaycan Respublikasının qanuni sərhədləri kimi tanınıb. Müqəddəratı təyinetmə hüququna gəlincə, bu, özündə ayrılma hüququnu ehtiva etmir”.
 
Başqa sözlə, müstəqil dövlətdən “müqəddəratını təyinetmə” bəhanəsilə ayrılmaq dünya dövlətlərinin ərazi bütövlüyünün qəbul edilmiş normalarının, həmçinin beynəlxalq hüququn digər müvafiq prinsiplərinin pozulmasıdır. Münaqişədən öncə Dağlıq Qarabağda ermənilərlə azərbaycanlılar birgə yaşayıblar. Lakin münaqişənin başlaması ilə erməni ordusu azərbaycanlıları regiondan qovub. Demək, bölgə müqəddəratı təyinetmə hüququndan yalnız azərbaycanlıların bu əraziyə qaytmasından sonra yararlana bilər.


 
Bu, “Axillesin qəzəbi” deyil, Azərbaycanın ən çağdaş səfirlərindən birinin qəzəbidir
 
“Bu, qəzəblənməyə başladığım nöqtədir”, - deyə səfir bildirir: “Görünür ki, möhtərəm səfir Xocalı qətliamını, Dağlıq Qarabağda və qonşu rayonlarda yaşayan bütün azərbaycanlıların öz dədə-baba yurdlarında qovulduğunu, bu ərazilərin 30 ildən çoxdur Ermənistanın hərbi işğalı altında olduğunu unudur. Mən isə 1 milyonadək azərbaycanlının öz torpaqlarından, evlərindən didərgin düşdüyü həmin faciəvi dönəmin canlı şahidiyəm. Hələ 2003-cü ildə ENI bu insanlar üçün kənd salmışdı. Onun açılış mərasiminə mən də dəvət almışdım”.
 
“Səfir həmkarım Skapiniyə səslənirəm: “Azərbaycana baş çəkin””


 
Bütün bunlardan sonra Dağlıq Qarabağla bağlı “epistolyar savaş”ın sülhlə başa çatdığını söyləmək mümkündür. Azərbaycan Respublikasının Cenevrədəki fəxri konsulu Bakının düz mərkəzində yerləşən, bu günədək heç bir zərər görmədən qorunub saxlanılan erməni kilsəsini xatırladaraq yazır: “İşğal olunmuş ərazilərdəki Azərbaycan abidələri haqda eyni sözü demək olarmı? Xeyr! Sizə Qafqazı yaxşı tanımanıza kömək edəcək “Əli və Nino” kitabını oxumanızı tövsiyə edir və xoş mütaliyə arzulayıram. Fürsətdən istifadə edərək, sizi Azərbaycana səfər etməyə də çağırıram. Bu möhtəşəm ölkəni ziyarət edəcəyiniz təqdirdə, sizi böyük məmnuniyyətlə müşayiət edə bilərəm”.


 
“Uti possidetis” nədir?
 
Utti possidetis” beynəlxalq ərazi suverenliyi prinsipidir. Latın dilində o, “sahib olduğunuz kimi” mənasını verir. Bu prinsip ərazi üzərində suverenliyin qorunub saxlanmasının vacibliyini ehtiva edir, amma bir şərtlə ki, bu suverenlik əvvəllər də mövcud olsun.
 
Mina Kappussi
UMDI, İtaliya
 


Ana səhifəyə qayıt        Baxış: 5 760          Tarix: 19-05-2020, 00:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma