Almaniyanın Münhen şəhərindəki Təhlükəsizlik Konfransından qayıdan Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibə verib.
Baş nazir müsahibəsində Dağlıq Qarabağ ətrafındakı ərazilərdən danışarkən “Qarabağ klanının” yanaşmasını təkrarlayıb: “Dağlıq Qarabağ ətrafındakı rayonların nəzarət altında saxlanılması bölgədə yaşayan ermənilərin təhlükəsizliyi baxımından vacibdir. Təhlükə Dağlıq Qarabağdan uzaq olmalıdır”.
Modern.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələyə bu cür şərh verib:
“Paşinyan demək istəyir ki, rəsmi Bakı onları “qane edən” təkliflər hazırlamayınca Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacaqlar. “Qaneedici” təkliflər dedikdə isə böyük ehtimalla Dağlıq Qarabağın statusunun bəri başdan müəyyənləşdirilməsini və bölgədə separatçılarla Azərbaycan ordusu arasında sülhəmarlı qüvvələrin yerləşdirilməsini nəzərdə tuturlar.
İkincisi, Nikol Paşinyan martın 31-də Dağlıq Qarabağda keçiriləcək “prezident seçkisində” bölgədə yaşayan ermənilərin doğru qərar verməsini istəyir. “Artsax əhalisi Ermənistanın legitimi hakimiyyətinə qarşı düşmən mövqedə dayanan şəxsə səs verməməlidir” deyən Paşinyan bu sözləri ilə fakitiki 14 “namizəddən” bir neçəsinin onun legitimliyini qəbul etmədiyinə eyham vurur. Paşinyan Dağlıq Qarabağ separatçılarının başında öz adamını otuzdurmaq istəyir. Ancaq Paşinyan kimə üstünlük verdiyini gizlətməyə çalışır. Çünki, Paşinyan anlayır ki, hansı “namizədə” simpatiyasını etiraf edərsə, həmin “namizədin” şansı azalacaq. Paşinyan üçün hazırki şərtlər altında əsas olan Dağlıq Qarabağdakı ermənilərin Robert Köçəryan - Serj Sərkisyan cütlüyünün “namizədinə” səs verməməlidir. Paşinyan əsas qorxusu bununla əlaqədardır. Məsələ burasındadır ki, Ermənistandan fərqli olaraq Dağlıq Qarabağda Köçəryanın və Sərkisyanın mövqeləri güclüdür. Bu, separatçıların “prezident seçkisinin” nəticələrinə təsir edə bilər”.
Siyasi ekspert qeyd edib ki, Paşinyan Münhendə fikirlərini deməyə cəsarət etməyib:
“Beləliklə, Münhendə fikirlərini ingilis dilində izah etməkdə əzab çəkən Paşinyan geri qayıtdıqdan sonra İctimai Televiziyada erməni dilində gen-bol müsahibə verdi. O Münhendə izah edə bilmədiklərini İctimai Televiziyada anlatdı. Bu dəfə işi asan idi. Çünki, qarşısında onun tezislərini əsassız olduğunu izah edən kimsə yox idi. Onun İrəvanda dedikləri danışıqların nəticə verəcəyi ilə bağlı gözləntilərin əsassız olduğunu bir daha göstərdi”.
Paylaş: