Xəbər lenti
Dünən, 21:34
Dünən, 19:39
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 12:15
Dünən, 11:17
Dünən, 10:55
10-10-2024, 23:36
10-10-2024, 22:26
10-10-2024, 21:22
10-10-2024, 20:28
10-10-2024, 19:33
10-10-2024, 18:28
Zaman-zaman iki ən yaxın qardaş arasında da mübahisələrin çıxması mümkündür və bu mübahisələr əslində ümumi işin xeyrinədir. Atalar demişkən, “çəkişməsən, bərkişməzsən”.
Eyni tarixi köklərə, mədəniyyət sahəsinə aid olan, imperialist dövlətlər tərəfindən iki yerə parçalanan İranla Azərbaycan arasında da vaxtaşırı bu cür polemikalar çıxır və aparılan müzakirələr nəticəsində tərəflər öz xarici siyasətlərinə korrektələr edirlər. Nəticədə içimizdə saxlamadığımız etirazlar, şübhələr kinə, nifrətə çevrilmədən öz həllini tapır. Bu mənada yaxın qonşular, qardaş dövlətlər arasında baş verən mübahisələrdən çəkinməməli, əksinə onun faydalarından yararlanmalıyıq.
Son zamanlar iki dövlət arasında Dağlıq Qarabağ məsələsi üzərində yenidən ciddi polemikaların qızışması hər kimə sirr deyil. Müzakirələr nəticəsində bir çox məsələlərə aydınlıq gətirilməsinin yaxın qonşuluq, ortaq dəyərləri paylaşmağımız adına gözəl nəticələrə vəsilə olacağı da şübhəsizdir.
İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mətbuat Xidmətindən Ovqat.com-a göndərilən bir yazını da bu polemikaların müsbət nəticəsi kimi qiymətləndirmək olar.
Qeyd edək ki, İran dini rəhbərinin Ramazanın son cüməsinin Qüds günü elan edilməsi münasibətilə qələmə alınsa da, yazıda daha çox Ayətullah Xamneyinin Dağlıq Qarabağa baxışları öz əksini tapıb.
İran İslam Respublikasının münaqişə ilə bağlı rəsmi mövqeyini əks etdirəm məqaləni olduğu kimi dəyərli oxucularımızın müzakirəsinə buraxırıq.
Allahın adı ilə
Qarabağ və Qüds münaqişələrinin ədalətli həllində İslam həmrəylinin rolu və əhəmiyyəti haqqında İran İslam inqilabı rəhbərinin baxışları
Qarabağ münaqişəsinin Ayətullah Xamneyi üçün əhəmiyyəti
Giriş:
Hazırki təlatümlü dünyada bəşərin müxtəlif sahələrdə möcüzəvi inkişafına rəğmən sanki İslamdan əvvəlki cahiliyyət dövrü yeni bir formada meydana gəlmişdir. Hər gün günahsız insanların qətlə yetirilməsi, köməksiz qadınların və uşaqların didərgin düşməsi, müdafiəsiz müsəlmanların kütləvi şəkildə öldürülməsi və torpaqların işğal olunması haqqında ürəkdağlayan və əzabverici xəbərlər eşitməkdəyik. Təəssüf ki, bu faciələrin əksər qurbanları Suriya, İraq, Yəmən, Əfqanıstan, Bəhreyn, Myanmar və ... kimi İslam dövlətlərinin müsəlmanlarındır ki, İŞİD kimi təkfirçi-sionist qruplar, yaxud Ali-Səud kimi zahirdə müsəlman olan bəzi dövlətlər tərəfindən qana bulanır və öz ev-eşiklərindən didərgin düşürlər.
Bu aci hadisələr elə bir şəraitdə baş verir ki, İslam dünyasının bədənində başqa yaralar, o cümlədən Fələstin, Kəşmir və Qarabağ yaraları da vardır və bu şəraitdə təbiidir ki, İslam ümmətinin dərin yaralarına bir məlhəm olacaq şəfaverici məcun tapmaq lazımdır. Doğrudan da müsəlmanlar arasında vəhdət və həmrəylikdən başqa daha faydalı və təsirli məlhəm tapmaq olarmı?
İran İslam Respublikası yaranandan bəri daim İslam ümməti arasında həmrəyliyin yaranması və möhkəmlənməsi üçün çalışmış və bu yolda əlindən gələni əsirgəməmişdir. Həzrət Peyğəmbərin (s) mövludu günlərinin “Vəhdət həftəsi” adlandırılması, müsəlmanların ilk qibləsini işğal edənlərə qarşı mübarizənin koordinasiya edilməsi məqsədilə İmam Xomeyni (r) tərəfindən mübarək Ramazan ayının son cümə gününün “Beynəlxalq Qüds günü” elan edilməsi, Həzrət Ayətullah Xamneyi tərəfindən “İslam məzhəblərinin yaxınlaşdırılması assambleyası”nın yaradılması və “Beynəlxalq vəhdət həftəsi” konfranslarının müntəzəm şəkildə keçirilməsini təkidlə vurğulaması İran islam Respublikası rəhbərlərinin bu barədə təsirli fəaliyyətlərindəndir. Bundan əlavə, son otuz ilə yaxın dövrdə İranın ali rəhbəri daim İslam dünyasında münaqişələrin həlli və sıxıntıların aradan qaldırılmasına kömək məqsədilə İslam ölkələri arasında həmrəylik və vəhdətin vacibliyini təkidlə vurğulamışdır.
Bu məqalənin “İslam həmrəyliyi və Qarabağ” mövzusunda təqdim olunduğunu nəzərə alaraq Ayətullah Xamneinin bu barədə olan baxışlarını və bəyanatlarını yenidən gözdən keçirmək və onun Qarabağ münaqişəsinin həlli üçün İslam vəhdətinin yaradılması yolunda dəyərli səylərini xatırlatmaq vacib görünür.
İran İslam inqilabı rəhbərinin mövqeyi və baxışı
- Həzrət Ayətullah Xamnei dünyanın ən nüfuzlu dini və siyasi şəxsiyyətlərindən biri kimi İslam ölkələrinin və təşkilatlarının, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının (əvvəllər “İslam Ölkələri Konfransı” adı ilə fəaliyyət göstərirdi) potensialından istifadə edilməsini təkidlə vurğulamışdır. O, 1997-ci il 9 dekabr tarixində İslam İslam Respublikasında keçirilən İslam ölkələri rəhbərlərinin səkkizinci sammitinin açılış mərasimində İslam ölkələrinin yüksək rütbəli şəxslərinin Tehranda olması fürsətindən istifadə edərək özünün mühüm və tarixi çıxışında Qarabağ münaqişəsinə işarə edərək buyurdu: “Qarabağda və dünyanın bəzi başqa yerlərində müsəlmanlar sıxıntıdadırlar. İslam Ölkələri Konfransı xüsusi komitələr vasitəsilə bu işlərə diqqət ayıra və bütün üzvlərin iştirak etdiyi təsirli bir fəaliyyətlə problemi həll edə bilər.”
Göründüyü kimi İranın Ali rəhbəri bu mühüm toplantıda Qarabağ münaqişəsinin həlli üçün konkret bir təkliflə, yəni xüsusi komitələrin təşkil edilməsi və bütün üzvlər arasında birliyin yaradılması təklifi ilə çıxış etmişdir. Bu təklif sonralar müxtəlif formalarda “İslam Ölkələri Konfransı”nın Qarabağ münaqişəsi ilə əlaqədar qətiyyətli mövqe ortaya qoyması ilə nəticələndi.
Ali rəhbərin çıxışından bir gün sonra Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyev 1997-ci il 10 dekabr tarixindı Ayətullah Xamneyi ilə görüşündə onun çıxışını mənalı, müdrik və iftixar edilməli bir çıxış adlandırdı və Azərbaycan Respublikasını İslam dünyasının ayrılmaz hissəsi adlandıraraq dedi: “Biz də öz iranlı qardaşlarımız kimi sionistləri bütün müsəlmanlar üçün təhlükəli bilirik və inanırıq ki, sionizm biz müsəlmanların ümumi düşmənidir.”
2. Həzrət Ayətullah Xamnei Qarabağ münaqişəsi barəsində İslam həmrəylinin yaradılması yolunda İslam ölkələri rəsmiləri ilə görüş fürsətindən də istifadə edirdi. Belə ki, o, 1994-cü il 11 sentyabr tarixində Pakistanın o dövrki prezidenti Faruq Əhmədxan Loğari ilə görüşdə Kəşmir, Fələstin, Bosniya və Qarabağda müsəlmanların hüquqlarının pozulmasına göz yumduqlarına görə ABŞ-ı və insan hüquqları tərəfdarı olduqlarını iddia edən beynəlxalq birliyi pislədi. Təbiidir ki, İslam inqilabı rəhbərinin İslam dünyasındakı nüfuzunu nəzərə alaraq onun Qarabağın müsəlman əhalisinin hüquqlarının pozulamsına diqqət ayırması və bunu Fələstin məsələsi ilə bir sırada səsləndirməsi İslam dünyasının, həmçinin İslam dövlətlərinin ictimai rəyinin Qarabağ məsələsinə yönəlməsində xüsusi rolu olmuşdur. Doğrudur, Ayətullah Xamnei bu sözləri ilə yalnız İslam dünyasını deyil, dolayısı ilə bütün dünya ölkələrini və insan hüquqları təşkilatlarını Qarabaq məsələsində konstruktiv mövqe tutmağa dəvət etmişdir.
3. İran İslam inqilabı rəhbəri Qarabağ münaqişəsinin həlli istiqamətində İslam həmrəyliyinin yaradılması üçün Həcc ziyarəti günlərinə xüsusi önəm vermişdir. O, Həcc ziyarətini Qarabağ müsəlmanlarının məzlumiyyət səslərinin bütün müsəlmanların qulağına çatdırılması üçün münasib fürsət bilmiş və böyük Həcc konqresinə ünvanladığı çoxsaylı müraciətlərində, həmçinin bu İlahi mərasimi təşkil edənlərlə görüşündə Qarabağ münaqişəsi və İslam dünyasının bu məsələyə diqqət ayırmasının vacibliyi barədə çox mühüm sözlər bəyan etmişdir.
3.1. Həzrət Ayətullah Xamnei 1992-ci il 3 iyun tarixində özünün adətən dünyanın önəmli media qurumlarının diqqət mərkəzində olan Həcc ziyarətində olanlara etdiyi xüsusi müraciətində Şərqin super dövləti olan SSRİ-nin süqutuna və ABŞ-ın islamafobiya fəaliyyətinin artmasını qeyd edərək müraciətinin iki ayrı yerində Qarabağ məsələsinə işarə etmişdir. Əvvəlcə o, Qarabağ müharibəsini o dövrün ən acı və qəmli hadisələri sırasında tanıtdırmış, sonra müraciətinin önəmli bir yerində təkidlə vurğulamışdır: “Qafqaz regionunda da bəzi ölkələr azca təzyiqlər göstərməklə Qarabağ müsəlmanlarının qətlə yetirilməsinə mane ola bilərdilər, lakin onlar nəinki heç bir ciddi iş görmədilər, əksinə, İran İslam Respublikasının vasitəçilik səylərini sui-qəsd və müxalifətlə hədəf aldılar və Qafqazın yenicə müstəqillik əldə etmiş xalqların taleyinə etinasız olduqlarını bir daha sübut etdilər.”
SSRİ-nin dağılmasından az sonra qəbul olunan bu müraciətdə Ali rəhbər sionist rejimin cinayətləri, Fələstin xalqı və bəzi rəhbərlərinin vaxtında müqavimət göstərmədikləri nəticəsində Fələstinin başına gələn bəlalara işarə edərək və İslam müqavimətinin sionistlər müqablində şəcaət və fədakarlığını tərifləyərək buyurdu: “Kommunistlərin 70 il anti-islam təbliğatı apardığı yeni müstəqillik əldə etmiş respublikalarda İslam haqqında isti və həyəcanla danışılır, lakin İslama zidd olan qüvvələr bu ölkələrdə İslam funtamentalizmi təhlükəsindən bəhs edir və onların ən şirin bağlılıqlarını təhlükə kimi qələmə verirlər.”
Göründüyü kimi Həzrət Ayətullah Xamnei yenicə müstəqillik əldə etmiş respublikaların problemlərinin həlli üçün İslam həmrəyliyinin formalaşması yolunda maneələrə işarə edərək Fələstin məsələsindən ibrət almağı, anti-islami qüvvələrinin sui-qəsdlərindən xəbərdar olmağı və İslami potensialdan, o cümlədən İslam birliyindən faydalanmağıQarabağ münaqişəsi kimi problemlərin həlli üçün münasib həll yolu olaraq təqdim edir.
3.2. Ali rəhbər 1994-cü il 14 may tarixində də böyük Həcc mərasiminə ünyanladığı müraciətində Qarabağ münaqişəsinə işarə edir və ABŞ kimi bəzi güclərin müsəlmanlara qarşı zahirdə tərəfsiz, əməldə isə düşmənçilik mövqeyini tənqid edərək bildirib: “Məzlum müsəlmanların münaqişənin bir tərəfi olduğu və düşmənlərin zülmünə və təzyiqinə məruz qaldığı bütün münaqişələrdə ABŞ-ın və onun İngiltərə kimi Avropalı müttəfiqlərinin izləri görünür, buna misal olaraq ağrılı Kəşmir və Qarabağ münaqişələrini göstərmək olar.”
3.3. İslam inqilabının rəhbəri 1994-cü il 20 aprel tarixində Həcc ziyarətini təşkil edənlərlə keçirilən görüşdə Qarabağın Azərbaycan məxsus olduğunu vurğulayaraq buyurdu: “Elə bizim öz yaxınlığımızda, Azərbaycan Respublikasının Qarabağ regionunda müsəlmanların başlarına gətirilənlər elə o (serblərin Bosniya və Hersoqoviniyada törətdiyi cinayətlər) faciələr kimidir. ”
4. Ali rəhbər 1993-cü il 26 iyun tarixində Təbrizə səfəri çərçivəsində Qarabağ məsələsinə toxunaraq buyurdu: “Ermənistan dövləti və Qarabağ erməniləri bu regionun müsəlmanlarına zülm və sitəm edirlər. Biz Qarabağ ermənilərinin Ermənistan dövlətinin köməyi ilə etdiyi son əməllərini pisləyirik və gözləntimiz budur ki, bizim ölkəmizin daxilində olan ermənilər də bu əməlləri pisləsinlər.”
5. İslam inqilabının rəhbəri Azərbaycan Respublikasının o dövrkü prezidenti Heydər Əliyevlə görüşdə Azərbaycan Respublikası xalqının öz torpaqlarını təcavüzkarlar qarşısında müdafiə etməyi dini prinsip olaraq vurğulamış və prezident Əliyevə xitabən demişdir: “Azərbaycan Respublikası əhalisi ermənilərin təcavüzünə məruz qalmışdır və Ermənistan dövləti bu hadisədə təcavüzkardır. İran erməniləri də keçmişdə Ermənistan dövlətini bu təcavüzkarlığına görə pisləmişdir. Ümid edirik bu müharibə tezliklə haqq cəbhəsinin qələbəsi ilə sona çatacaqdır.”
Prezident Heydər Əliyev bu görüşdə demişdir: “Azərbaycan Respublikası xalqı 70 il kommunist hakimiyyəti dövründə yaşamasına baxmayaraq heç vaxt öz milli adət-ənənəsini və əqidələrini unutmamış və müqəddəs İslam dinini öz qəlblərində qoruyub saxlamışdır.”
Bu görüş barəsində önəmli olan budur ki, Ali rəhbər Azərbaycan Respublikasının müsəlman və şiə əhalisinin missiyasına təkid edərək onların öz torpaqlarını müdafiə etməsini dini bir vəzifə hesab etmiş və əslində İslam torpağının can qurban etmək və şəhid vermək bahasına da olursa olsun qorumağın vacibliyini qeyd etmişdir. Bundan əlavə, Həzrət Ayətullah Xamnei təcavüzkarın kimliyini bildirməklə və bu işi pisləməklə, həmçinin Azərbaycan Respublikasını haqq cəbhəsi hesab etməklə Qarabağ münaqişəsi barəsində İran İslam Respublikasının mövqeyini açıq şəkildə bəyan etmişdir.
Nəticə:
Qarabağ münaqişəsi SSRİ-nin etnik siyasətinin acı nəticələrindən biri kimi bu regionun sakinləri üçün çoxsaylı maddi və mənəvi faciələrə səbəb olmuşdur. Bu münaqişə yaranandan indiyə qədər müxtəlif səbəblərdən, o cümlədən münaqişə tərəflərinin İran islam Respublikası ilə qonşu olması,tarixi və mədəni ortaqlıqlara malik olmaları və bundan da önəmlisi Ali rəhbərin Qarabağ müsəlmanlarının vəziyyətinə həssaslıqla yanaşması və bundan narahat olması səbəblərindən ölkəmizin xarici siyasətinin diqqət mərkəzində olmuşdur.
İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini rəsmən tanıyan ilk ölkələrdən biri kimi Qarabağ münaqişəsi başlayan andan tərəflər arasında davamlı vasitəçilik fəaliyyəti ilə münaqişənin miqyasının genişlənməsinə mane oldu. Bu səylər 1992-ci ilin 7 may tarixində Tehranda Azərbaycanın və Ermənistanın o dövrkü rəhbərlərinin bəyanat imzalaması ilə nəticələndi. Lakin münaqişənin bitməsi ilə razılaşmayan və İran İslam Respublikasının konstruktiv rol oynamasınaqarşı olan bəzi region ölkələrinin təxribatı səbəbindən İranın bu təşəbbüsü Tehran bəyanatına zidd olaraq Ermənistan tərəfindən atılan addımlardan və Şuşanın işğalından sonra nəticəsiz qaldı. Doğrudur, İslam Respublikası vasitəçilik fəaliyyətinə paralel olaraq Qarabağın müsəlman qaçqınlarının acılarını azaltmaq üçün heç bir köməkliyi əsirgəmədi. Qarabağ qaçqınları üçün 100 min nəfərlik qaçqın düşərgəsinin salınması və onların ilkin ehtiyaclarının və təhlükəsizliklərinin təmin edilməsi, həmçinin İmam Xomeyni (r) İmdad komitəsinin uzun illər ərzində bəzi qaçqınların maddi təminatını təyata keçirməsi İran İslam Respublikasının İslam həmrəyliyi amalına əsasən həyata keçirdiyi dəstək fəaliyyətlərindən bəzi nümunələr hesab olunur.
İran İslam Respublikası dövləti keçən illər ərzində Ali rəhbərin təyin etdiyi siyasətə əsasən daim Azərbaycan Respublikasının ərazi bütövlüyünü, Qarabağ münaqişəsinin beynəlxalq prinsiplər və beynəlxalq sərhədlərin qorunması əsasında ədalətli həl edilməsini təkidlə vurğulamışdır. Ölkəmiz daim beynəlxalq təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir.
Qarabağ və digər beynəlxalq münaqişələrin ədalətli həllinə dəstək üçün İslam həmrəyliyi məsələsinin gündəmdə saxlanılması İran İslam Respublikasının xarici siyasətinin prioritetlərindəndir. İran İslam Respublikasının araşdırma mərkəzləri, elm və mədəniyyət xadimləri müxtəlif elmi konfranslar və toplantılar təşkil etməklə, həmçinin Azərbaycan Respublikasının elm və mədəniyyət mərkəzlərinin təşkil etdiyi toplantılarda iştirak etməklə Qarabağ münaqişəsinin həlli istiqamətində addım atırlar.
İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mətbuat Xidməti
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar