Xəbər lenti
Dünən, 19:25

 
Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakyan Minsk qrupuna həmsədrlik edən ölkələrinin prezidentləri tərəfindən hələ 2009-cu ildə dəstəklənmiş və gələcək sülh razılaşması üçün əsas məqamları özündə əks etdirən “Madrid prinsipləri”nə də qarşıdır. Onun bu mövqeyinin sonradan Ermənistanın digər rəsmiləri tərəfindən təkrarlandığını nəzərə alsaq, ortaya sual çıxır: Ermənistanın xarici işlər naziri son 2 ildə hansı mövzular ətrafında danışıqlar aparıb? 
 
Ovqat.com xəbər verir ki, ilk baxışdan hansısa müxalif liderin sözlərinə bənzəyən bu fikirləri Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “The Washington Times” qəzetində dərc olunan məqaləsində qeyd edib.

Yeri gəlmişkən, nəzərə alsaq ki istənilən danışıqların ən azı iki tərəfi olur, Cənab Elin Süleymanovun bu ritorik sualını digər tərəfə də ünvanlamaq mümkündür.
 
Səfirin münaqişə ilə bağlı mülahizələrinin yer aldığı Pandemiya Dağlıq Qarabağ münaqişəsini ön plana çıxarır sərlövhəli məqaləsini təqdim edirik. 
 
 
 
 
 
Bütün dünyanı bürümüş koronavirus pandemiyası sanki bəşəriyyətə hücuma keçib. O, dövlətlərin iqtisadiyyatına da ziyan vurur. “Merilenddən olan Makiavelli” adını qazanmış Edvard Latvakın qeyd etdiyimi kimi, problemə daha dərindən nəzər yetirsək görərik ki, pandemiya beynəlxalq institutlar və siyasətə dair bir sıra stereotipləri sındırıb, dünyadakı status-kvonu dəyişdirib. Artıq bir tədarükçüdən asılılığın doğru yanaşma olub-olmadığı haqda, həmçinin Avropa institutlarına inamla bağlı suallar meydana çıxıb. Bu dövrdə insanların düzgün pəhrizə belə, marağı artıb.


 
Bu gün Böyük Xəzər dənizi regionunda Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə, həmçinin son dövrlərdə Macarıstanı bir araya gətirən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) səmərəli əməkdaşlıq formatına çevrilib. Bu təsisat ABŞ-ın Mərkəzi Asiya strategiyasının vacib hissələrindən olan Asiya ilə Avropa arasında İpək Yolu boyunca dəmir yolu daşınmalarının həcminin artırılmasında böyük rol oynayır. Bundan başqa, Türk Şurası Azərbaycanın sədrliyilə dövlət başçıları səviyyəsində koronavirus pandemiyası ilə mübarizəyə həsr olunmuş onlayn zirvə görüşü keçirmiş ilk beynəlxalq təşkilatdır.


 
Ümumiyyətlə, Azərbaycan son illər tərəfdaş ölkələrlə birgə idarəçilik sahəsində islahatlar aparır. Məsələn, hökumətdə əsas vəzifələrə nəticəyə can atan kadrlar və yeni texnokratlar gətirilir. Bu, ölkədə siyasi plüralizmin güclənməsinə də töhfə verir.
 
Yeri gəlmişkən, ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevə bu günlərdə ünvanladığı təbrik məktubunda ölkəmizin suverenliyi və müstəqilliyinə güclü dəstəyini ifadə edib.
 
Bütün bunların fonunda koronavirus pandemiyası regionun zəifliklərini, buradakı təhlükələri, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsini ön plana çıxarıb. Məlum olduğu kimi, Fransa, Rusiya və ABŞ-ın həmsədrlik etdikləri ATƏT-in Minsk qrupunun bu problemin həlli üçün 30 ilə yaxındır davam edən vasitəçiliyi nəticə vermir. Amma bu proses pandemiya dövründə də davam edib. Həmsədrlərin vasitəçiliyilə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında videokonfrans keçirilib, daha sonra görüşlə bağlı birgə bəyanat qəbul olunub.


 
Cənubi Qafqaz regionu ətrafında baş verən dəyişiklilərə baxmayaraq, Ermənistan münaqişə bölgəsindəki qeyri-sabit və təhlükəli status-kvonun dəyişməsinə imkan vermir. Üstəlik, ölkənin xarici işlər naziri Zöhrab Mnatsakyan Minsk qrupuna həmsədrlik edən ölkələrinin prezidentləri tərəfindən hələ 2009-cu ildə dəstəklənmiş və gələcək sülh razılaşması üçün əsas məqamları özündə əks etdirən “Madrid prinsipləri”nə də qarşıdır. Onun bu mövqeyinin sonradan Ermənistanın digər rəsmiləri tərəfindən təkrarlandığını nəzərə alsaq, ortaya sual çıxır: Ermənistanın xarici işlər naziri son 2 ildə hansı mövzular ətrafında danışıqlar aparıb? Onlar nazirin qəflətən bəyənmədiyi prinsiplər deyildimi?
 
Yeri gəlmişkən, həmin prinsiplər özündə digər elementlərlə yanaşı, Ermənistan silahlı qüvvələrinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən mərhələli şəkildə çıxarılmasını, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını, Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmalarının təhlükəsizliyinə zəmanəti və onlar arasında iqtisadi əlaqələrin bərpasını da ehtiva edir. İndiyədək tərəflərdən heç biri bu prinsiplərə etiraz etməyib. Bakı da onları bəzi düzəlişlərlə, danışıqlar prosesinin təməli qismində qəbul edib.


 
Bir sözlə, danışıqların başqa formatının olmadığı dövrdə prinsiplərin təkzib edilməsi sülh danışıqlarından ümumiyyətlə imtina anlamına gəlir. Odur ki, Azərbaycan Ermənistanın təcavüzünə, aparılmış etnik təmizləmə nəticəsində 1 milyondan çox vətəndaşının öz doğma torpaqlarından didərgin düşməsinə baxmayaraq, Minsk qrupu tərəfindən aparılan danışıqlara, münaqişənin sülh yolu ilə həllinə sadiqliyini davam etdirir. O, qeyd olunan ümumi prinsipləri hələ də danışıqlar üçün əsas sayır. Müstəqil dövlətlər və beynəlxalq birliyin məsuliyyətli üzvləri, xüsusilə qlobal strateji əhəmiyyətə malik qonşular məhz bu yolu dəstəkləyir.
 
Lakin təəssüf ki, Ermənistan öz formal müstəqilliyini hələ də suverenliyə çevirməyib. Hərbi və iqtisadi baxımdan xaricdən asılı olan bu dövlət özünütəcrid nəticəsində regionun əsas inteqrasiya təşəbbüslərindən kənarda qalıb. Başqa sözlə, o, Azərbaycan torpaqlarının işğalının əsirinə çevrilib. Amma belə olmalı deyil.
 
Monoetnik cəmiyyətə malik, antisemitizmin yüksək səviyyədə olduğu, tarixində etnik və irqi təmizləmələr həyata keçirmiş nasistlərlə əməkdaşlığa dair ziddiyətli məqamlara rast gəlinən Ermənistan üçün qonşulara inanmamaq ən sadə seçim kimi görünə bilər. Lakin bu seçim erməni xalqının gələcəyinə, ölkənin isə davamlı inkişafına maneədir.


 
ABŞ-da müxtəlif böhranlar, ayrı-ayrı mövzularla bağlı siyasi müzakirələr zamanı “təxəyyülün iflası” ifadəsindən istifadə edilir. Bugünkü böhran dövründə təxəyyülün iflası” dövlətlərin öz maraqlarını anlamasına belə, imkan vermir. Odur ki, bu gün davamlı sülhə nail olunması, qonşularla birgə yaşanması, güclü iqtisadi əlaqələrin qurulması, regionun əsas təşəbbüslərində iştirak əslində, sülhü təmin etməyin ən yaxşı yoludur. Bəs bunun alternativi nədir?
 
Azərbaycanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında çalışdığım zaman bir çox məcburi köçkündən bütün əziyyətlərə, torpaqlarından didərgin salınmalarına baxmayaraq, erməni qonşuları ilə yanaşı yaşamağa hazır olduqlarını eşitmişəm. Bunu Dağlıq Qarabağın azərbaycanlı icması da dəfələlərlə bəyan edib. Odur ki, erməni liderlər bu xoş məramdan imtina etməkdənsə, sülh barədə düşünməlidirlər.




Ana səhifəyə qayıt        Baxış: 4 042          Tarix: 21-05-2020, 23:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma