Xəbər lenti

 
“Muxtar respublikanın Nazirlər Kabineti fəaliyyətini gücləndirəcək”.
 
Ovqat.com xəbər verir ki, bu sözləri Naxçıvanın yeni Baş naziri Səbuhi Məmmədov deyib.
 
Məlumata görə, S.Məmmədov bu gün keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında çıxışı zamanı onu da etiraf edib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bu günə kimi durğunluq və ətalət vəziyyətində olub. O, özünün fəaliyyətə başlaması ilə “muxtar respublikanın inkişaf dinamikasına uyğun olaraq çevik və effektiv idarə olunan yuxarı icra orqanı kimi fəaliyyətini gücləndirəcəyinə və verilən tapşırıqları uğurla yerinə yetirəcəyinə  söz verib.
 
Yeni Baş nazirin bu sözləri Ovqat.com-un dünən yaydığı məlumatları bir daha təsdiqləyir. Xatırladaq ki, Ali Məclisin bugünkü toplantısında kimin Baş nazir seçiləcəyi barədə məlumat bizə Naxçıvandan didərgin salınmış köhnə kadrlar tərəfindən verilmişdi. Muxtar Respublikanın Maliyə naziri – MR Baş nazirinin müavini Səbuhi Məmmədovun həqiqətən Baş nazir postuna gətirilməsi mənbənin etibarlılığına şübhə yeri qoymur.
 
Dünənki məlumatda Naxçıvandakı “20 illik daşların” yerindən tərpədilməsinin əsl səbəbinə də aydınlıq gətirmişdik. Bildirmişdik ki, Naxçıvan MR rəhbərliyinin digər rayonların xırda xanları kimi “pis vərdişi”səhətinin bölgədəki idarəetmə orqanlarına tam nəzarəti həyata keçirməyə imkan verməməsi, həmçinin Azərbaycanın, ölkə başçısının təbirilə desək, neft erasından qeyri-neft erasına keçid mərhələsində qarşılaşdığı zərurətlər Muxtar Respublikada bəzi islahatların aparılmasını şərtləndirir. 


 
Digər rayon “xanlarından” fərqli olaraq, Muxtar Respublikada DTX-nın hadisələrə müdaxiləsinə yol vermək istəməyən paytaxt “kiçik torpağ”a bu dəfə də toleranslı yanaşmış, “nə şiş yansın, nə kabab” prinsipinə üstünlük verir. Bəs, həmin prinsip nədən ibarətdir?
 
Gəlin, “təkrar biliyin anasıdır” deyib həmin yazıdan bəzi fraqmentlərə nəzər salaq:
 
"Azərbaycanın bu gün ən mürəkkəb yeri isə Muxtar Respublikadır. Məsələ burasındadır ki, Muxtar Respublikanın indiki rəhbərliyi də dotasiya hesabına başını fırlamağa vərdiş edib. 25 illik vərdişi ona unutdurmaq isə xeyli müşkül məsələdir. Bu isə Naxçıvanda ciddi islahatlar aparılmasını şərtləndirir.

 
 
Digər tərəfdən, Muxtar Respublikanın ali rəhbər şəxsinin səhhətində müəyyən problemlər var. Ağır diabet xəstəliyindən əziyyət çəkən Vasif Talıbov bütün strukturlara əvvəlki kimi nəzarət edə bilmir. Onun ətrafına topladığı insanlar isə sədrlə yerli sakinlər arasında ciddi sədd yaradıblar. Heç kim bu səddi aşıb dərdini sədrə deyə bilmir. Nəticədə ümidi hər yerdən üzülən Naxçıvan əhalisi Muxtar Respublikanı tərk etmək məcburiyyətində qalır. Sədrin bu cür təcrid vəziyyətə salınması da onu üzərinə düşən yorucu səlahiyyətlərin böyük qismindən azad olunmasını tələb edir.
 
Problem həm də orasındadır ki, Muxtar Respublikanın indiki konstitusion quruluşu da nə demokratik dövlət formasına, nə də Azərbaycanın spesifik idarəetmə ənənələrinə uyğun gəlir. Belə ki, demokratik dövlət quruluşlarında hakimiyyət bölgüsü deyilən vazkeçilməz prinsip var. Bu isə o deməkdir ki, hakimiyyətin səlahiyyət və vəzifələri 3 yerə bölünür: Qanunverici hakimiyyət, icraedici hakimiyyət və məhkəmə sistemi. Naxçıvanın indiki strukturunda isə Ali Məclisin sədri həm qanunvericilik, həm də icraedici hakimiyyətin rəhbəridir. Azərbaycanda isə Milli Məclisin öz sədri, hökumətin isə öz prezidenti var. 

 
 
“Naxçıvanda aparılacaq islahatlar üçün “nə şiş yansın, nə kabab” prinsipi ən uğurlu variant kimi seçilib. Bildirilir ki, sabahkı Baş nazir seçkilərindən sonra növbəti addım Muxtar Respublikanın Konstitusiyası Azərbaycan Konstitusiyasına uyğunlaşdırmaq olacaq. Bu zaman Ali Məclis sədrinin icraedici səlahiyyətləri  Baş nazirə tapşırılacaq. Vasif müəllimə isə ildə bir və ya iki dəfə keçirilən Ali Məclisə rəhbərlik etmək missiyası qalacaq...
 
Vasif Talıbovun icraedici fəaliyyətini dövr ediləcəyi şəxsin adı da artıq məlumdur. İndiyədək namizədlər arasında ən çox Mirsənani Seyidovun adı hallansa da, onun namizədliyinə yaşıl işıq yandırılmayıb. Məlumat üçün bildirək ki, Muxtar Respublika Konstitusiyasının 37-ci maddəsinə əsasən, Naxçıvanın Baş nazirini Ali Məclisinin sədri təkbaşına təyin edə bilməz. O, Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən təyin edilir. Məlumata görə, paytaxtda Muxtar Respublikanın Baş Nazirinin müavini - Maliyyə naziri Səbuhi Hidayət oğlu Məmmədovu  bu posta daha layiqli namizəd kimi görüblər. Maraqlıdır ki, Səbuhi Məmmədov 2 il bundan əvvəl indiki postuna təyin olunmuşdu”.  


 
Göründüyü kimi, həqiqətən də Baş nazir postuna Səbuhi Məmmədov gətirildi və o, elə ilk çıxışında bundan sonra MR Nazirlər Kabinetinin fəaliyyətinin artıracağını bəyan etdi. 
 
Bəs, Ali Məclisin sədri Vasif Talıbovun bundan sonrakı vəzifəsi nə olacaq?
 
Sözügedən yazımızda bu müəmmaya da aydınlıq gətirmişdik:
 
“Naxçıvanda hakimiyyət strukturunda islahatlar yeni Baş nazirin xeyrinə aparılacaq. Vasif müəllim isə fəxri istirahətə göndəriləcək”.


 
Dünənki yazımız dərc olunandan dərhal sonra telefonumuz dayanmaq bilmirdi. Hamı bu xəbərin nə dərəcədə əsaslı olub-olmadığıyla maraqlanırdı. Böyük əksəriyyət isə Səbuhi Məmmədovun Ali Məclis sədrinin orbitindən çıxa biləcəyinə inanmırdılar. Halbuki, Naxçıvanda son zamanlar baş verən proseslər bu gün yaşananlara kifayət qədər aydınlıq gətirirdi. Belə ki, cənab Vasif Talıbovun çoxdan arzuladığı varis planı baş tutmamış, ardınca qardaşı Məhərrəm Talıbovun bütün tərəfdarları hakimiyyətdən uzaqlaşdırılmışdı. Bir çoxları bu addımı Talıbovların ailə daxili hesablaşmaları kimi analiz etsə də, bizcə, məsələnin daha dərin kökləri vardı. 
 
Prezidentlə son görüşündən sonra bu hadisələrin baş verməsi, zənnimizcə, təsadüfi deyildi və ona “yavaş-yavaş fəxri istirahətə hazırlaş” tapşırığı verilmişdi. Cənab Sədr isə, sözsüz ki, bu tapşırığa əməl etməməyin nəticələrini dərindən başa düşürdü. Görünür, məhz bu anlayışının nəticəsidir ki, ölkə başçısı onun sinəsinə medal taxıb yola salmışdı. Zira adətən Prezident yollarını xoşluqla ayırdığı insanlara bu iltifatı və nəzakəti göstərir.






 
Üstəlik, ona “fəxri istirahət” haqqının tanınması da, prinsip etibarilə, digər rayon xanlarıyla müqayisədə böyük sayqının göstəricisiydi. 
 
Əslində Naxçıvanda həyata keçirilən hakimiyyət dəyişikliyi bu günün də planı deyil. Xatırlayırsınızsa, bir neçə il əvvəl Muxtar Respublikanın Daxili İşlər nazirinin təyinatı məsələsi çıxmış, daha sonra rəsmi Bakı bu fikirdən vaz keçmişdi. Çünki Konstitusiyaya görə, bu səlahiyyət Muxtar Respublikanın müstəsna hüquqlarındandır. Buna baxmayaraq, paytaxtın qanunən reallaşdıra və belə görünür ki,  Naxçıvanı da buna razı sala bilmədiyi həmin hadisə baş tutmasa belə, ən yüksək səviyyədə dəyişiklik niyyətinin ən bariz göstəricisidir. 
 
Təxminlərimizə görə, yeni Baş nazirin aparacağı ilk kadr dəyişikliyi bütün Nazirlər Kabinetini əhatə edəcək və mümkündür ki, daxili işlər strukturu da bu islahatlardan kənarda qalmasın.
 



Ana səhifəyə qayıt        Baxış: 5 646          Tarix: 23-05-2020, 19:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma