Xəbər lenti

 
Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM, Avropa Məhkəməsi) “Ramil Səfərovun işi”nə baxdığı sıralarda erməni lobbisi də sakit dayanmayıb, dünya mətbuatında Azərbaycana qarşı təbliğat kampaniyasına rəvac verib. İstər məhkəmə prosesi zamanı, istərsə də indi dünyanın bir sıra mətbu orqanlarında Ramil Səfərovun Bakıya gətirildiyi gün dövlət başçısı tərəfindən əfv edilərək azadlığa buraxılması yenidən gündəmə gətirilir, Dağlıq Qarabağ ermənilərinin separatizminə haqq qazandırılır. Erməni və ya ermənpərəst müəlliflərin əsas arqumentləri isə bundan ibarətdir: Rəsmi Bakının ermənilərə göstərdiyi bu düşmən mövqe birgə yaşayış imkanlarını heçə endirir.
 
Sözsüz ki, ölkəmizə qarşı aparılan bu qara piar kampaniyasının qarşısının alınması Azərbaycan diplomatiyasından yüksək çeviklik tələb edir. 
 
Ovqat.com-un məlumatına görə, Azərbaycanın Böyük Britaniyadakı səfirliyi bu işdə xüsusi fəallığı ilə seçilir. 


 
Di gəl ki, Səfir Tahir Tağızadənin “The Guardian”-da dərc olunan məktubu AİHM-nin qərarından 2 gün sonra işıq üzü görüb. Məhz buna görə də dəyərli səfirimizin bu təşəbbüsünü “daldan atılan daş” çevikliyi də adlandıra bilərik. Amma insafən, bunu Tahir Tağızadənin ləngliyi ilə əsaslandırmaq da ədalətsizlik olardı. Sadəcə ermənilər bic tərpənərək özlərinə görə uğurlu zamanlama seçmişdilər və faktiki olaraq bizə məhkəməyə qədər cavab vermək şansı tanımamışdılar. Səfir Tahir Tağızadə də məcbur olub cavabı məhkəmədən sonra vermiş və “toydan sonra nağara” durumu ortaya çıxmışdı
 
Nəşrin 28 may 2020-ci il tarixli buraxılışında dərc olunan məktubda deyilir: 
 
Dağlıq Qarabağ heç də “The Guardian” nəşrində Ramil Səfərovun işilə bağlı bu günlərdə dərc edimiş məqalədə göstərildiyi kimi, “mübahisəli ərazi” deyil. Dağlıq Qarabağ regionu Azərbaycanın ayrılmaz, beynəlxalq səviyyədə tanınmış tərkib hissəsidir. Region Azərbaycanın daha 7 rayonu ilə birlikdə 25 ildən çoxdur ki, Ermənistanın işğalı altındadır. Bu münaqişə nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
 



1993-cü ildə BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib.
 
Konkret olaraq Ramil Səfərov məsələsinə gəlincə, Ramil uşaq yaşlarında hazırda Ermənistanın işğalı altında olan doğma Cəbrayıl rayonundan zorla qovulub. Onun 8 il həbsdə olduğu Macarıstandan Azərbaycana təhvil verilməsisə tam qanuni əsaslarla həyata keçirilib. Bununla yanaşı, istənilən suveren dövlət başçısının vətəndaşını əfv etmək kimi konstitusiyon hüququ var.
Görünən odur ki, Azərbaycanın qaçqın və məcburi köçkünlər üçün ədalət çağırışı etdiyi bir vaxtda, Ermənistan Azərbaycan ərazilərinin işğalını möhkəmləndirmək üçün bütün vasitələrdən və platformalardan istifadə edir”.


 
Qeyd edək ki, səfir Tahir Tağızadənin bu məktubu nəşrin 25 may 2020-ci il buraxılışında dərc olunan “Azərbaycanlı zabit tərəfindən öldürülən erməni yaxınlarının ədalət çağırışı” adlı məqaləyə verilmiş cavabdır. Həmin məqalədə bir gün sonra hökm çıxarmağa hazırlaşan Avropa Məhkəməsinə açıq şəkildə təzyiq edilir və “Ramil Səfərovun işi” ilə bağlı detallar “xırdalanır”.
 
"İdeal olaraq, biz məhkəmənin onu Macarıstana və ya üçüncü bir ölkəyə göndərməsini istəyirik, çünki Ramil Səfərov Azərbaycanda qəhrəman hesab olunur və yerli məhkəmələr onun barəsində ədalətli hökm verə bizməzlər”,-şikayətçilərin vəkili Nazeli Vardanyan “The Guardian”-a açıqlamasında belə deyib.
 
 
Qeyd edək ki, AİHM-in məqalədən bir gün sonra verdiyi qərarda ermənilərin bu tələbləri tam yerinə yetirilməsə də, Azərbaycanın beynəlxalq imicinə kölgə salmağa hesablanmış hökm çıxarılmışdı.
 
AİHM-nin həmin qərarına əsasən, Ramil Səfərovu azadlığa buraxmaqla Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının "yaşamaq hüququ" (2-ci maddə) və "etnik ayrı-seçkiliyin qadağan olunması" (14-cü maddə) maddələrini "pozub": "Azərbaycan etnik nifrət cinayətinə görə xaricdə həbs olunmuş və qaytarıldıqdan sonra əfv olunmuş, vəzifəsi artırılmış və müavinət verilmiş zabitinin həbs cəzasını əsassız icra etməyib. Zabitin hərbi vəzifəsinin qaldırılmasının və ona müəyyən müavinət verilməsinin qanuni bazası yoxdur. Yaşamaq hüququna qarşı törədilmiş cinayətlərdə cəzasızlığın olması dövlətin belə cinayətlərin qarşısını effektiv şəkildə almaq öhdəliyinə uyğun deyil."


 
Məhkəmə qərarında həmçinin "Azərbaycanın cinayətləri aydın və birmənalı olaraq "özününki kimi" "tanımadan" və "qəbul etmədən" öz zabiti tərəfindən şəxsi zəmində törədilən cinayətləri "təsdiq" və "təqdiri" barədə qeydlər edilib…
 
Bütün bunlara baxmayaraq, Azərbaycan diplomatiyası onunla təskinlik tapır ki, məhkəmə əslində Ermənistanın "əsas niyyətini təmin etməyib".
 
Hər halda bunu XİN sözçüsü Leyla Abdullayeva mətbuata verdiyi açıqlamasında deyib. Leyla xanımın fikrincə, "AİHM-in 2015-ci il Çıqarovların işi üzrə qərarının icrası təmin olunmayanadək, rəsmi Yerevanın Azərbaycandan Avropa Məhkəməsi ilə bağlı nə isə tələblər irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur."
 
"Məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən açılmasını tələb etmir. Digər tərəfdən, yaşamaq hüququnun maddi pozuntusu ilə bağlı iddia da rədd edilib", - Leyla Abdullayeva deyib.
 
XİN-nin sözçüsü bildirib ki, məhkəmənin qənaətincə Azərbaycan hökuməti bu əməllərə görə beynəlxalq-hüquqi məsuliyyət daşıya bilməz.
 
"Məhkəmədə Ramil Səfərovun Azərbaycanın işğal olunmuş Cəbrayıl rayonunda anadan olduğunu, yaxın qohumlarını müharibədə itirdiyini, hələ yeniyetmə ikən məcburi köçkün həyatı yaşadığını nəzərə alınmalı idi", - Leyla Abdullayeva əlavə edib.
 
Bir sözlə, AİHM-nin məlum qərarında bizim də təskinlik tapacağımız xeyli məqamlar var. Bu mənada diplomatiyamızın “daldan atılan daş çevikliyinə” sevinə bilərik. Hər halda topuğa dəyən daş heç atılmayan daşdan yaxşıdır.





Ana səhifəyə qayıt        Baxış: 3 478          Tarix: 2-06-2020, 04:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma