Xəbər lenti

 
Rusiya Prezidenti Vladimir Putin nüvə çəkindirməsi ilə bağlı dövlət siyasəti haqqında sənəd imzalayıb.
 
Ovqat.com xəbər verir ki, sənəddə hansı təqdirdə nüvə silahından istifadə edə biləcəyi halları nəzərdə tutulub.
 
 
"Rusiya özünə və ya müttəfiqlərinə qarşı nüvə silahı və ya digər kütləvi qırğın silahları tətbiq edilərsə, nüvə silahından istifadə etməyə hazırdır. Həmçinin, dövlətin varlığını təhdid edəcək konvansional (adı silahlarla –Ovqat) hücum halında belə, nüvə silahıyla cavab veriləcək”,-sənəddə belə deyilir.
 
 
Sənəddə həmçinin vurğulanır ki, Rusiya və ya onun müttəfiqlərinin ərazisinə ballistik raketlərlə hücumların başladılması, nüvə və ya digər kütləvi qırğın silahlarından istifadə ediləcəyi barədə dəqiq məlumatlar olarsa, nüvə silahından istifadə edilə biləcək.
 
Kosmosda raketdən müdafiə sistemlərinin yaradılması və yerləşdirilməsinin də Rusiyanı təhdid edən hərbi ünsürlər olduğu vurğulanan sənəddə Rusiya prezidentinə lazım gələrsə digər ölkələrin hərbi-siyasi idarələrini və beynəlxalq təşkilatları nüvə silahından istifadə etməyə hazır olduğu barədə məlumatlandırmaq səlahiyyəti də verilib.
 
Düşmənin ictimai və ya hərbi obyektlərə müdaxiləsi zamanı Rusiyanın nüvə silahından istifadə etməyə hazır olacağı bildirilən sənəddə ən diqqətə şayan məqam hipersonik, lazer silahları, raketlərlə yanaşı pilotsuz təyyarə (İHA) hücumlarının Rusiyanın nüvə çəkindirməsi halları çərçivəsinə alınmasıdır. Sənəddə qeyd olunur ki, bu hallar potensial düşmənçilik hərəkəti kimi görüləcək.
 
Xatırladaq ki, İdlibdə və Liviyadakı döyüşlərdə Rusiya ordusunun və müttəfiqlərinin konvansional döyüşlərdə Türk silahlı dronlarına qarşı zəifliyi ortaya çıxmışdı. İdlibdə rus əsgərləri ilə birbaşa döyüşə girməyib onun müttəfiqləriylə savaşan Türk ordusunun Liviyada Rusiyanın gizli hərbi qüvvəsi adlanan “Wagner” əsgərlərinə qarşı silahlı dronlarla təchiz etdiyi Milli Konsensus Hökumətinin qazandığı uğur Moskva üçün əsl dərs olmuşdu. ABŞ mətbuatının “Türk dronları Rusiyanı utandırdı” kimi qiymətləndirdiyi həmin döyüşlərdən az sonra Putinin bu sənədi imzalaması təsadüfi görünmür. Belə aydın olur ki, konvansional döyüşdə xeyli geridə qaldığını anlayan Moskva son çarəsinə əl atır və ən adi bəhanə ilə nüvə silahından istifadə edə biləcəyi mesajını verir.
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 4 676          Tarix: 2-06-2020, 22:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma