Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
İran xarici siyasətini müəyyənləşdirən hədəf və qurumlar
Hər bir ölkə kimi İranın xarici siyasəti də müxtəlif ölkə və regionlara görə müəyyən norma və prinsiplər əsasında formalaşır. Lakin bu norma və prinsiplər müxtəlif ölkələrə görə dəyişkənlik göstərir.
Bu cür fərqli davranışlar ölkənin regiondakı milli maraqlarına görə dəyişir. İranın xarici siyasətini formalaşdıran bu norma və prinsiplər içərisində ən əsas faktorlardan biri ölkənin İran İslam İnqilabından gələn şiə-İslam mərkəzli yayılmaçı siyasətidir. Burda göstərilən əsas hədəflər: İslam və şiəlik, ABŞ-ın beynəlxalq arenada, İsrailin isə regional arenada hegemonlugunu qəbul etməmək, məzlum xalqların azadlıq hərəkatını və müsəlmanları bütün dünyada dəstəkləmək, iqtisadi artım və böyümə, suverenliyin və ərazi bütövlüyünün qorunmasıdır. Bu siyasətdə Qərbə qarşı dirəniş olsa da, hədəflər müxtəlif regionlara görə dəyişir və bəzən də bunları inkar edir.
İran xarici siyasətinin formalaşmasında əsas rol alan və təsiredici qurumlar: Prezident, Milli Təhlükəsizlik Şurası, Ali dini rəhbər, Xarici İşlər Nazirliyi, Məclis və məclisin xarici əlaqələr komitəsi və İslam İnqilabı Keşikçiləri Korpusudur. Prezident birbaşa xarici siyasəti təyin edib idarə etmə səlahiyyətinə sahibdir. Milli Təhlükəsizlik Şurası birbaşa prezidentin nəzarəti altında olub, Ali dini rəhbərin də şəxsi nümayəndəsinin iştirak etdiyi qurum olaraq xarici siyasət məsələlərinin müzakirə edildiyi yerdir. Ali dini rəhbər xarici siyasət məsələlərini müzakirə edib, tövsiyələr verə bilən ən önəmli şəxsdir. İran Məclisi və xarici əlaqələr komitəsi Xarici İşlər nazirini birbaşa xarici siyasətlə baglı sorgulaya bildiyindən, xarici siyasətə təsir edə bilən çox önəmli bir qurumdur.
İranın xarici siyasətində Azərbaycan
Azərbaycan Respublikası İran xarici siyasətində önəmli istiqamətlərdən biridir. SSRİ dagılan kimi, İran Azərbaycan da daxil olmaqla, hər üç Zaqafqaziya respublikasının müstəqilliyini ilk tanıyan və diplomatik nümayəndəliklər açan ölkə oldu.
İranın Azərbaycan siyasətinin formalaşmasında bir neçə faktor təsir edir. SSRİ dagılan ərəfədə Azərbaycanın Qarabag bölgəsində baş qaldıran separatizm və nəticədə Ermənistanın Azərbaycana hərbi təcavüzü bölgə dövlətlərin regiondakı siyasətlərinin formalaşmasında önəmli rol oynadı. Rusiya regionda təsirini saxlamaq və enerji resursları ilə zəngin Azərbaycanı təzyiq altında tutmaq üçün Ermənistana hərbi dəstək verən əsas ölkə oldu. Türkiyə region siyasətində etnik kimlik məsələsini ön planda tutaraq, Ermənistanla diplomatik əlaqələrini kəsdi və sərhəd qapılarını bagladı. Azərbaycan əhalisinin böyük əksəriyyətinin şiə müsəlmanları olmasına baxmayaraq, İranın burdakı siyasəti sözügedən faktora söykənmədi.
Müharibənin ilk vaxtlarında İran İnqilab Keşikçiləri korpusunun hərbçiləri Azərbaycan Milli ordusunun əsgərlərinin təlimində rol alsalar da, daha sonralar bu əlaqələr kəsildi. İran Qarabagdan mühasirəyə düşüb qaçan mülkü əhalinin qurtulmasında öz ərazisini istifadəyə icazə verməklə böyük bir qırgının qarşısını aldı. Bununla belə, 1992-ci ildə İran Ermənistan sərhəddinin Nurduz məntəqəsində Araz çayı üzərində pantom körpülərin qurulması ilə Ermənistanın iqtisadi blokadadan (ərzaq və yanacaq) çıxmasına kömək edən əsas ölkə oldu.
Xarici siyasətlərdəki təhdid alqıları
Gələcəkdə də belə bir paradoksal siyasətin formalaşmasında bir çox amillər təsir etmişdi. İlk növbədə müharibənin ilk illərində Azərbaycanda Elçibəyin rəhbərliyində türkçü qrupun hakimiyyətə gəlməsindən sonra, onun Türkiyəyə yaxınlaşması və İranın şimalındakı eyni adlı Azərbaycan bölgələrinə açıq ərazi iddiaları səsləndirməsi iki dövlət arasındakı münasibətlərin gərilməsinə yol açdı. Elçibəy iqtidarının qısa müddətdə devrilməsindən sonra, Heydər Əliyev iqtidarı dönəmində aparıcı neft şirkətlərinin Azərbaycanın karbohidrogen ehtiyatlarının çıxarılmasına cəlb edilməsi ilə Qərb ölkələrinin, özəlliklə ABŞ-ın regionda daha aktiv rol alması İranı qıcıqlandıran digər amil oldu. ABŞ-ın təzyiqi ilə rəsmi Bakı İranı Azərbaycanın neft yataqlarını işlədəcək konsorsiuma daxil etmədi. Bölgənin iri dövlətləri olaraq İran və Rusiya hər ikisi ABŞ və NATO-nun bölgədə varlıgına kəskin etiraz edirlər. Bu baxımdan Qarabag münaqişəsinin dondurulmuş vəziyyətdə qalmasına təsir edən Rusiyanın bölgədə nüfusunun möhkəmlənməsində ən maraqlı dövlətlərdən biri də İran oldu. Bu siyasət ABŞ və NATO-nun bölgədə hərbi bazalarının yaranmasının qarşısının alınmasında bir qarant kimi dəyərləndirilir və İranın bölgədəki əsas strategiyasıdır. Bu strategiya həm də Ermənistanın iqtisadi blokadasının yarılmasında və bölgədə Azərbaycan qarşısında gücünün qorunmasında maraqlıdır. İran bu baxımdan Ermənistan üçün də çox vacib geopolitik əhəmiyyət daşıyır. Məhz bu səbəbdən, münasibətlərin gərginliyi İranın bölgədə regional dövlət rolunun güclənməsində əsas faktordur.
Təhdid alqılarından doğan paradokslar
SSRİ dagılan kimi, Xəzərin statusunun öz lehinə dəyişilməsini tələb edən İranın iddiaları iki ölkə arasında qarşılıqlı etimadsızlıgın daha da güclənməsində önəmli faktora çevrildi. Qərbin Azərbaycanda möhkəmlənən mövqelərinə İran qısqanc yanaşdığı kimi, rəsmi Bakı da İranın Azərbaycandakı şiə qruplarına dini təsirinə də ciddi narahatdır. Bu həssaslıq İranın Azərbaycan siyasətində də nəzərə alınır. Əvəzində isə rəsmi Bakı Qərblə münasibətlərində İranı qıcıqlandırmamaq üçün həssaslıq göstərir. Bu siyasətdə əsas paradoks İranın fars mərkəzli milli maraqlarının dini ideoloji maraqlarını kölgədə qoymasıdır. Halbuki bu siyasət İranın Türkiyə və Azərbaycanla yanaşı, Orta Asiya ölkələri ilə inteqarsiya və dolayısıyla böyümə potensialını zəiflədir.
Ortaq xarici siyasət doktrinası
Nəzərə alsaq ki, Orta Asiya müasir qlobal geopolitikanın mərkəzi nöqtəsinə çevrilir, İranın bu çatışmazlığı həll etməsi günümüzün ən başlıca hədəfi olmalıdır. Üstəlik, Orta Asiyanın yüzillər boyu oturuşmuş məzhəbi-mədəni özəlliyi də şiə islamçılığını rəhbər tutan Tehranın əl-qolunu bağlayır. Zənnimizcə, Tehranın bu zəif nöqtələrini gücləndirmək üçün əlində çox güclü potensialı da var. Söhbət İran əhalisinin əksəriyyətinin mənsub olduğu türk açılımından və milli hüquqların tanınmasını da ehtiva edən demokratik islahatlardan gedir.
Əlbəttə ki, rəsmi Bakı da İranın bəzi təhdid alqılarını diqqətə almalıdır. Unudulmamalıdır ki, uğurlu xarici siyasətlər təkcə milli yox, həm də regional maraqlar nəzərə alınaraq formalaşdırılır. Bu həm də bütün regional güclərin böyüyərək dünya siyasətinin formalaşmasında təsir imkanlarını artırır. Dolayısıyla tarixi və regional maraqlara söykənən ortaq xarici siyasət doktrinası hər kəsin faydasınadır.
Eldəniz Cəfərov
Siyasi ekspert
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar