Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
93-cü ilin 4 iyun hadisələrindən 27 il keçməsinə baxmayaraq bu mövzu aktuallığını itirmir. Amma uzun illərdən sonra həmin vaxt hakimiyyətdə yüksək postlar tutmuş insanların 4 iyunla bağlı verdikləri açıqlamalarda yeni-yeni faktlar ortaya çıxır ki, bu yazıda da həmin faktlardan çıxış edərək əslində 1993-cü ili iyununda nə baş verdiyinə işıq salmağa çalışacam.
İlk olaraq ondan başlayaq ki, nə qədər yeni faktlar açılsa da həmin hadisələrdə AMİP və onun lideri Etibar Məmmədovun ünvanına olan ittihamlar dəyişmir. 1993-cü il, AXC-Musavat hakimiyyətinin süqutu, AMİP-in həmin hakimiyyəti müdafiə etməməsi və s. Bu ittihamlara dəfələrlə tutarlı cavablar verilsə də, bir daha həmin dövrdə AMİP-in və Etibar Məmmədovun tutduğu mövqenin nədən ibarət olduğuna baxaq.
Ondan başlayaq ki, 1992-ci ildə Əbülfəz Elçibəyin prezident olmasına şərait yaradanlardan biri və birincisi elə Etibar Məmmədov olub.
AMİP-i xəyanətdə ittiham etməyə cəhd edənlərin nəzərinə çatdırım ki, AMİP AXC-Musavat hakimiyyətində təmsil olunmayıb və müxalifətdə olub. Müxalif partiya olaraq AMİP 1992-1993-cü illər ərzində dəfələrlə hakimiyətin bu və ya digər sahədəki fəaliyyətini tənqid edən bəyanatlarla çıxış edərək problemlərin aradan qaldırılması istiqamətində qəti addımların atılmasını tələb edib. Lakin Etibar Məmmədovun KQB arxivlərinin açılması, komunistlərin Ali Sovetdən və Hökümətdən uzaqlaşdırılması üçün parlament seçkilərinin keçirilməsi və yeni Konstitusiyanın qəbul ilə bağlı və digər tələbləri cavabsız qalır (AXC-Musavat hakimiyyəti dövründə ölkə hələ də Sovet Konstitusiyası ilə idarə olunurdu).
1993-cü ilin 4 iyunu ərəfəsində, daha konkret desək 2 iyun tarixində Etibar Məmmədov hakimiyətin Gəncədə əməliyyat hazırladığını və bu əməliyyatın yaxşı heç bir nəticə verməyəcəyini bildirir və əməliyyatın dayandırılmasını tələb edir. Hakimiyyət rəsmiləri isə hər hansı əməliyatın hazırlanmadığını bildirərək Etibar Məmmədovu yalan danışmaqda ittiham edirlər. Nəhayət, keçən il Əbülfəz Elçibəy iqtidarında baş nazir postu tutan Pənah Hüseyn 26 may 1993-cü il tarixində keçirilən Dövlət Müdafiə Komitəsinin məxfi iclasının protokolunu yayır. Əbülfəz bəyin həmin iclasdakı çıxışından qısa bir sitatı nəzərinizə çatdırmaq istəyirəm. Əbülfəz Elçibəy: “709-cu briqada dövlətə tabe etdirlməli, törətdiyi cinayətkar əməllərə və fəaliyyətinə görə Surət Hüseynov ya həbs edilməli, ya da məhv olunmalıdır.” Göründüyü kimi, 709-cu briqadanın tərksilah edilməsi ilə bağlı əməliyyat hazırlanıb və nəhayət, həmin əməliyyat 4 iyunda həyata keçirilib.
Əməliyyatın hazırlandığını sübut edən digər fakt. AXCP sədri Əli Kərimlinin keçən ilin 18 iyun tarixində verdiyi video müsahibədən bəzi sitatları nəzərinizə çatdırıram.
Əli Kərimli: “Hələ qiyamdan bir neçə gün əvvəl Dövlət Müdafiə Komitəsinin iclasında bir sıra hərbi hissələrin Sürət Hüseynova sədaqət andı içməsi barədə məlumat vermişəm... Çox təəssüf ki, hərbi hissələrin tərksilah olunması ilə bağlı əməliyyat məndən xəbərsiz baş verib və o əməliyyatı bir başqaları həyata keçirdilər. Onlar bir neçə dəfə toplaşıblar, plan qurublar, əməliyyat keçiriblər və əməliyatı da çox uğursuz həyata keçiriblər. Bütün bunlar mənim iradəmdən kənar baş verib. Həm əməliyyatın keçirilməsi, həm də Heydər Əliyevin Bakıya dəvət olunmasında iştirak etməmişəm....
İyunun 16-da Müdafiə Nazirliyində zabitlər “biz bu işə qarışmırıq” deyəndən, başqa sözlə, Ali Baş Komandan Əbülfəz Elçibəyə itaətsizlik göstərdikdən sonra Əbülfəz bəy ayın 17-də Bakını tərk edəndə də məndən xəbərsiz baş verib hər şey....
Bizim hakimiyyət dönəmində KQB arxivlərinin açılmaması ilə bağlı bildirim ki, mən həmin dövrdə arxivlərin açılmasının tərəfdarı olmuşam. Bizi tənqid edirlər ki, niyə hakimiyyətiniz dönəmində parlament seçkiləri keçirmədiniz. Bildirim ki, mən hələ Prezident aparatında şöbə müdiri olduğum vaxt parlament seçkilərinin keçirilməsini istəmişəm... Mən elə öz hakimiyyətimiz dönəmində də ayrı-ayrı dövlət idarələrində baş verən qanunsuzluqlara, indiki ilə müqayisədə kiçik də olsa korrupsiya əməllərinə çox barışmaz yanaşmışam...
Mən etiraf edirəm ki, həmin dövrdə Prezident Aparatının keçirdiyi bütün sorğular göstərirdi ki, Heydər Əliyevin reytinqi çox yüksəkdir... Prezident aparatının qarşısında bizim hakimiyyətə, Əbülfəz Elçibəyə dəstək mitinqi elan olunmuşdu. Həmin mitinqə cəmi on min ətrafında adam gəlmişdi. Bir il öncə 59% səslə seçdikləri Prezidentin müdafiə olunması üçün cəmi 10 min nəfər adam toplanmışdı”.
Əli Kərimlinin dedikləri ilə aşağıdakı linkdə tanış ola bilərsiz.
İndi isə AXC-Müsavat hakimiyyəti dönəmində KQB arxivlərinin niyə açılmaması, eləcə də 4 iyun ərəfəsində hakimiyyətin doğurdan da məxfi əməliyyat hazırlaması ilə bağlı həmin dövrdə Milli Təhlükəsizlik nazirinin müavini olmuş Sülhəddin Əkbərin müsahibəsinə baxaq. S.Əkbər milli təhlükəsizlik nazirinin birinci müavini təyin olunandan sonra AXC rəhbərliyində olan və hakimiyyətdə vəzifə tutan sovet KQB-si ilə əməkdaşlıq etmiş adamların siyahısını gizli şəkildə hazırladığını və prezident Əbülfəz Elçibəyə şəxsən təqdim etdiyini açıqlayıb. Bu barədə müsahibədə açıqlama verən S.Əkbərin dediyinə görə, aylarla gözləsə də, prezidentin reaksiyası olmayıb və həmin adamlar vəzifədən kənarlaşdırılmayıb.
Sülhəddin Əkbər həmçinin Gəncədə hazırlanan məxfi əməliyyatdan da yalnız bir neçə iclas sonra, faktiki olaraq qərar qəbul olduqdan sonra məlumatı olduğunu bildirib. O öz müsahibəsində bildirir ki: “MTN-nin müavini olmağıma baxmayaraq Müdafiə komitəsində keçirilən iclasdan və daha sonra Müdafiə nazirliyində keçirilən iclasdan ümumiyyətlə xəbərim olmayım. Daha sonra MTN-in binasında növbəti iclas olub və iclas yenə də məndən xəbərsiz olub. Mən yalnız iclas bitəndən sonra təsadüfən Xüsusi Təyinatlı dəstənin komandirindən belə bir əməliyyat hazırlandığını öyrənmişəm. Öyrəndim ki, iclasda Müdafiə naziri, Daxili İşlər naziri və müavini, Baş prokuror, Baş nazir iştirak ediblər. Mən əməliyyatın keçirilməsinə etiraz edərək bildirdim ki, bu əməliyyat ölkədə çevriliş etmək istəyən qüvvələrin hərəkətə keçməsi üçün bəhanə olacaq və bunu etmək olmaz. Lakin təəssüf ki, etirazlarım nəzərə alınmadı.”
Sülhəddin Əkbərin müsahibəsi ilə aşağıdakı linkdə tanış ola bilərsiz.
Göründüyü kimi həmin hakimiyyətdə ən yüksək post tutmuş Baş nazir Pənah Hüseyn, Dövlət katibi Əli Kərimli, MTN-nin müavini Sülhəddin Əkbər illər keçəndən sonra həmin dövrdə Etibar Məmmədovu ittiham edən şəxslərə faktiki olaraq cavab veriblər.
Bəs Sürət Hüseynov kim idi?
Sürət Hüseynov Əbülfəz Elçibəy hakimiyyəti dövründə Azərbaycanın Milli Qəhrəmanı adı almış, Prezident Əbülfəz Elçibəy tərəfindən baş nazirin müavini, Qarabağ və ətraf rayonlarda Prezindentin səlahiyyətli nümayəndəsi təyin olunmuş adam idi.
Qayıdaq 4 iyuna. Beləliklə, 4 iyunda Gəncədə əməliyyat keçirilir və həmin əməliyyat AXC-Musavat hakimiyyətinin süqutu ilə nəticələnir.
Göründüyü kimi, AXC-Musavat hakimiyyətində dövlət katibi postu tutmuş Əli Kərimli və MTN-nin müavini olmuş Sülhəddin Əkbər öz qısa müsahibələrində həmin dövrdə nə baş verdiyini tam çılpaqlığı ilə ortaya qoyurlar. Ölkədə hakimiyyətdən narazılıq, məmur özbaşınalığı və korrupsiya meylləri var (Əli bəy həmin korrupsiya faktlarının bu günki ilə müqayisə olunmayacaq dərəcədə az olduğunu desə də, gəlin, onu da unutmayaq ki, həmin illərdə ölkədə olan maliyə kütləsi də bugünkü ilə müqayisə olunayacaq dərəcədə az idi). Hərbi hissələr bir-birinin ardınca Sürət Hüseynova sədaqət andı içir, Müdafiə Nazirliyi prosesslərə qarışmaqdan imtina edir və faktiki olaraq prezidentə itaətsizlik göstərilir. AXC-Musavat hakimiyyətinin baş prokuroru İxtiyar Şirin Əbülfəz Elçibəyin həbsi ilə bağlı sanksiya verir (Xüsusi olaraq qeyd edim ki, baş prokurorun bu sanksiyasından sonra məhz Etibar Məmmədov həmin sanksiyanın qanunsuz verildiyini və baş prokurorun dərhal vəzifəsindən azad olunmalı olduğunu bəyan edib). Hakimiyyətin qorunması üçün xalqa edilən müraciətdən sonra prezident aparatının qarşısına cəmi on min civarında adam toplaşır ki, bu da xalq kütlələrinin həmin hakimiyyətə inamının olmamasının göstəricisidir. Milli Məclisin sədri İsa Qəmbər, baş nazir Pənah Hüseyn istefa verir, Əbülfəz bəy Bakını tərk edir və ölkə tamamilə başsız qalır.
Bütün bu sadalananlardan sonra həmin hakimiyyətə müxalifətdə olan AMİP-i AXC-Musavat hakimiyyətini qorumamaqda ittiham etmək nə dərəcədə məntiqlidir? Kimlərsə Etibar Məmmədovun Sürət Hüseynovu müdafiə etməsi ilə bağlı sübut olaraq tək bir cümləlik bəyanat və ya fikir ortaya qoya bilərmi? Etibar Məmmədovu Heydər Əliyevi Bakıya dəvət etməkdə günahlandıranlar özləri də kifayət qədər yaxşı bilirlər ki, Heydər Əliyev Naxçıvandan Əbülfəz Elçibəyin, İsa Qəmbərin və Pənah Hüseynin dəvəti ilə gəlib və dəvətdə də məqsəd hakimiyyəti bölüşmək olub. Heydər Əliyevin 1993-cü ilin iyun ayında parlamentdəki çıxışını yəqin ki, xatırlayırsınız. Xatırlamayanlar üçün bir daha xatırladım. Heydər Əliyev: “...Mən Naxçıvandan bura özüm gəlməmişəm. Məni bura dəvət ediblər. Məndən dəfələrlə İsa Qəmbərov, Pənah Hüseynov və Azərbaycanın Prezidenti Əbülfəz Elçibəy xahiş ediblər ki, gəlim və burada vəzifə tutum”.
Çıxışın tam mətni ilə aşağıdakı linkdə tanış ola bilrsiz.
Əbülfəz bəy özü də 1999-cu ilin iyulunda tanınmış yazar, publisist Azər Abdullaya verdiyi və elə dünən moderator.az saytında təkrar yayımlanan müsahibəsində hakimiyyətin niyə məhz Heydər Əliyevlə bölüşdürüldüyünə aydınlıq gətirir. Sitat: “Burda fikirləşirsən ki, kimi seçəsən? Surətimi? Onu öz tərəfimizə çəkdik, nə faydası? Bu adamın nə hakimiyyətdən, nə də dövlətdən xəbəri vardı... Bu adam Moskvanın dediyi ilə oturub-durur. Rəhim Qazıyev də elə... Ayaz Mütəllibov da...
Heydər Əliyev bir qədər Moskvadan küsmüş, incimiş adamdı. İkincisi bir qədər Türkiyəyə meyilli bir adamdı. Üçüncüsü isə... Daha çox nüfuzlu və hardasa dövlət məsələlərini bilən, dövlət prinsiplərini qoruyan bir adamdı...
Bütün bunlar fikir yaradır ki, Heydər Əliyev yuxarıda adlarını sadaladıqlarımdan daha uyğundur...
Və əhalinin içərisində geniş təbliğat aparılırdı ki, Heydər Əiyevi gətirib onun təcrübəsindən istifadə etmirsiniz, ona paxıllığınız tutur və s. Onu gətirdik ki, bizimlə birləşib qiyamın yatırılmasında bizə kömək etsin və ölkənin idarəçiliyində iştirakçı olsun”.
Müsahibənin tam mətni ilə aşağıdakı linkdə tanış ola bilərsiz.
https://www.moderator.az/news/328458.html
Görünən dağa bələdçi lazım deyil. Göründüyü kimi Heydər Əliyevin hakimiyyətə gəlməsində AMİP-i ittiham etməyə cəhd edənlərin növbəti arqumenti də Heydər Əliyev və Əbülfəz Elçibəy tərəfindən təkzib edilir.
Növbəti ittiham Əbülfəz Elçibəyin prezident səlahiyyətlərinə xitam verilməsi ilə əlaqədar qanun layihəsi ilə bağlıdır. Nəzərinizə çatdırım ki, Əbülfəz bəyin Bakını tərk etməsindən sonra ona ilk müraciət edən də məhz Etibar Məmmədov olub. O dəfələrlə Əbülfəz bəyin Bakıya qayıtmasının vacibliyini onun nəzərinə çatdıraraq, təhlükəsizliyi üçün əlində olan bütün imkanlardan istifadə edəcəyini bildirib. Məhz Etibar bəyin bu təşəbbüsündən sonra Parlamentin iclasında Əbülfəz bəyə müraciət ünvanlanır və ondan səlahiyyətlərinin icrasına davam etmək üçün Bakıya qayıtması xahiş olunur. Həmin müraciət lehinə 36, əleyhinə - 0, bitərəf – 2 nəfər olmaqla qəbul edilir. Amma Əbülfəz Elçibəy Bakıya qayıtmaqdan imtina edir.
İndi hörmətli oxucuları həmin dövrü təsəvvürlərində canlandırmağa çağırıram. Ölkədə müharibə gedir, Ermənistan başda olmaqla düşmən qüvvələr ölkəni parçalamaq, “Ləzgistan” , “Talış Muğan respublikası”, Kürdüstan və s. kimi subyektlərə bölmək istəyir. Ölkə isə başsızdır. Etibar Məmmədov nə etməli idi? Müharibə gedən və parçalanmaq təhlükəsi ilə üz-üzə qalan bir ölkənin ana müxalifət partiyası və onun sədri Etibar Məmmədov susub yenicə müstəqiliyini əldə edən Azərbaycanın məhv olmasınımı izləməli idi?
Hakimiyyət boşluğunun aradan qaldırılması vacib və zəruri idi. Etibar Məmmədov da öz fəaliyyəti ilə məhz Azərbaycanın gələcəyini düşünərək ən düzgün addım atıb. Əgər Etibar Məmmədov da bu gün şəxsi və firqə maraqlarından çıxış edənlər kimi düşünsəydi, Heydər Əliyev tərəfindən ona təklif olunan vəzifə təkliflərini qəbul edər və hakimiyyətdə təmsil olunardı.
İndi siz deyin: Etibar Məmmədovun və AMİP-in 1993-cü ildəki fəaliyətində dövlətin və millətin maraqlarına zidd olan hər hansı bir fəaliyyət olubmu? Əksinə Azərbaycanda Xalq Hərəkatı dövründə də, AXC-Müsavat hakimiyyəti dövründə də və elə sonralar da xəyanətlə üzləşən AMİP və onun lideri Etibar Məmmədov olub. Xəyanət - Etibar Məmmədovun Moskvada həbs olunması zamanı AXC İdarə Heyətinin adından Kremlə vurulmuş teleqram idi. Xəyanət - komunistlərlə hakimiyyət bölgüsünə getmək idi. Xəyanət - şəxsi maraqlardan çıxış edərək ölkədə parlament seşkiləri keçirməmək idi. Və ən nəhayət Xəyanət - Azərbaycanın tarixində əvəzsiz xidmətləri olmuş şəxsləri ləkələmək, onları gözdən salmaq üçün aparılan kampaniyaya dəstək verməkdir.
Bu gün dürüstlükdən, qərəzsizlikdən dəm vuran bəzi siyasilərə müraciət edirəm: sizlər heç olmasa bir dəfə də olsun Etibar Məmmədovun Azərbaycanın müstəqillik əldə etməsindəki xidmətləri, onun müstəqilliyimizin tanınmasındakı fəaliyyəti, ordu quruculuğunda və ordunun silahlandırılmasındakı rolu ilə bağlı çıxış etmisinizmi? - Yox. Çünki sizlərin məqsədi ancaq və ancaq başqalarını əsassız ittihamlarla gözdən salmaqla özünü üstün göstərməkdən ibarətdir.
Rəşad Bayramov,
AMİP Siyasi Şura üzvü
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar