Xəbər lenti

 
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla Müdafiə naziri Sergey Şoyqunun Türkiyəyə bu gün gözlənilən səfəri təxirə salınıb.
 
Ovqat.com xəbər verir ki, məlumatı Türkiyə XİN yayıb.
 
Məlumatda deyilir: “Bu gün nazirimizin (Mövlud Çavuşoğlu) Rusiya Federasiyasının Xarici İşlər Naziri cənab Sergey Lavrov ilə telefon danışığı zamanı qərara alındı ki, önümüzdəki dövrdə iki ölkənin nazir müavinləri arasında təmaslar və danışıqlar davam etdirilsin. Nazirlər səviyyəsində görüş isə daha sonrakı tarixdə gerçəkləşdiriləcək”.
 
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti R.T.Ərdoğan arasında telefon danışığının olduğu xəbər verilirdi. İddialar görə, Putin Ərdoğana Liviyada atəşkəs rejiminin tətbiqi barədə təklif vermiş, Türkiyə lideri isə bu təklifi geri çevirmişdi. İki ölkə rəsmilərinin bu gün Ankarada keçirməyi düşündükləri görüşdə də Liviya məsələsinin müzakirə olunacağı gözlənilirdi. Son anda rəsmilərin görüşü təxirə salması fikir ayrılığının ciddiliyindən xəbər verir.


                                                                                 
Müzakirələrdə əsasən Liviyanın gələcək taleyi və strateji önəmə sahib Sitrə bölgəsinin statusunun masaya yatırılması gözlənilirdi. Sirtə bölgəsi, ikiyə bölünməsi ehtimal olunan Liviyanın qərbinə daha yaxındır, inzibati ərazi vahidi olaraq da Tripoliyə bağlıdır. Di gək ki, bölgədə hakim mövqedə olan qəbilənin daha artıq neft payı almaq üçün Həftər ordusuna dəstək verməsiylə vəziyyət dəyişildi və Sirtə Şərqi Liviyanın əlinə keçdi. Qərbi Liviya ordusunun Sirtə bölgəsinin ələ keçirməsi isə hələlik böyük müşkülə çevrilib. Hərbi ekspertlər bunu bölgənin fiziki-coğrafi mövqeyi və Tripolidəki havadanmüdafiə sistemlərinin əhatə dairəsindən kənarda qalmasıyla izah edirlər. 


 
Bildirildiyinə görə, Qərbi Liviyanın havadan müdafiə sistemlərinin qoruya bilmədiyi əsgərlər rahatlıqla Həftər aviasiyasının yeminə çevrilirlər. Nəticədə bölgəyə tam nəzarət çətinləşir.
 
Sitrənin dümdüz səhralıq və yarımsəhralıqdan təşəkkül tapması da piyada qüvvələrinin özlərini qorumasına imkan vermir. Milli Konsesus Hökuməti Sirtə uğrunda döyüşən əsgərlərin etibarlı mühafizəsi üçün havadan müdafiə sistemlərini şərqə daşımalıdır. Bu isə xeyli zaman ala bilər.


 
Rusiya isə Sitrəni özünün “qırmızı cizgisi” elan edib. Ekspertlərin fikrincə, Sitrədə hərbi baza qurmağa çalışan Rusiya son zamanlar Şərqi Avropada möhkəmlənərək onu çevrələyən və dalana sıxışdıran NATO qüvvələrinin arxasına keçmək, özünə qarşı yaradılan təhlükə qövsünü yarmaq istəyir. Sözsüz ki, NATO-nun aparıcı dövlətləri, o cümlədən Türkiyə Rusiyanın bu taktiki üstünlüyünü asanlıqla həzm edə bilməzlər. Məhz bu səbəbdən Sirtə xəmirinin hələ çox su aparacağı gözlənilir.


 
Nəzərə alsaq ki, Sitrə ölkə neftinin 60%-ni öz nəzarətində saxlayan Şərqi Liviya enerji sahəsinin Aralıq dənizinə açılan qapısıdır, bu amil də BMT tərəfindən tanınmasa da ərəb ölkələri və Rusiya tərəfindən dəstəklənən Binqazi hökumətinin gözündə sözügedən liman şəhərinə həyati əhəmiyyət qazandırır.

Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 4 341          Tarix: 14-06-2020, 19:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma