Daha bir siyasi partiya 2020-ci ilin 9 fevralında keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməmək haqda qərar verib.
Strateq.az xəbər verir ki, Elçibəy hakimiyyəti dövründə Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifəsini tutmuş, tanınmış analitik Sülhəddin Əkbərin rəhbərlik etdiyi Azad Demokratlar Partiyasının Ali Məclisinin şənbə günü keçirilən toplantısında seçkidə iştirak etməmək haqda qərar qəbul edilib.
Partiya üzvləri qərarlarını belə əsaslandırıblar ki, mövcud ictimai-siyasi şərait ölkədə demokraik seçkilərə imkan vermir.
Ali Məclisin qərarında ölkədə siyasi azadlıqların məhdudlaşdırıldığı qeyd olunur, o cümlədən 06 iyul 2014-cü ildə təsis edilmiş Azad Demokratlar Partiyasının bugünədək rəsmi dövlət qeydiyyatına alınmadığı və fəaliyyəti üçün şərait yaradılmadığı, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və Avropa Şurasının Venesiya komissiyasının seçkilərlə bağlı təkliflərinin Azərbaycan hakimiyyəti tərəfindən nəzərə alınmadığı xüsusi vurğulanır.
Xatırladaq ki, ölkədəki mövcud siyasi qüvvələrdən hələlik yalnız Milli Şura seçkiləri boykot etdiyini elan edib, MSK-nın rəsmi məlumatına görəsə bugünədək 9 siyasi partiya seçkidə iştirak üçün qeydiyyatdan keçib.
Paylaş: