Xəbər lenti


Baş Prokurorluq KİVDF-yə qarşı cinayət işi açdı. Digər tərəfdən isə bəzi media qurumlarında Ramiz Mehdiyevin sərt şəkildə tənqid edildiyinin şahidi oluruq. Ədalət partiyasının sədr müavini Heydər Oğuzla söhbətimizdə məhz bu məsələlərə aydınlıq gətirməyə çalışdıq. Şair-publisistin “Xural”-a müsahibəsini təqdim edirik:

– Bu həftə ən çox müzakirə olunan mövzulardan biri Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının Ramiz Mehdiyev haqqında yazdığı məqalə oldu. Məqalədə Ramiz Mehdiyevi “boz kardinal” adlandıran deputat onu “5-ci kolon”un rəhbəri və bütün bəlaların səbəbkarı kimi təqdim etdi. Fəzail müəllimin birdən-birə bu cür çıxış etməsini nə ilə bağlayırsınız?

– Əslində, Fəzail Ağamalı bilinməyən bir sirrin üstünü açmadı, uzun illər bəhs olunan bir mövzunu yenidən gündəmə gətirdi. Onun “görünən kəndə bələdçiliyinin” cəmiyyətdə yaratdığı heyrət Ramiz Mehdiyevin siyasi kimliyinin ifşa olunmasından irəli gəlmirdi. Bilinənlərin məhz Fəzail Ağamalı tərəfindən dilə gətirilməsi təəccüb doğururdu. Çünki Azərbaycan ictimaiyyəti Fəzail Ağamalını Ramiz Mehdiyevə bağlı, onun hesabına Milli Məclisin indiyədək dəyişilməyən siması statusu qazanan biri kimi tanıyırdı. Məhz bu səbəbdən də partiya sədrinin etirafları bəzi suallara yol açırdı. Üstəlik, Fəzail bəy son məqaləsində “cavan kadr” deyib öyə-öyə göylərə qaldırdığı Samir Nuriyev barədə o, yeni vəzifəyə təyin olunmamışdan bir neçə ay əvvəl sərt müsahibə vermişdi. Həmin müsahibədə Samir Nuriyev yerdən-yerə vurulurdu. Prezident Administrasiyasındakı məlum dəyişiklikdən sonra Fəzail Ağamalının 180 dərəcəli “U” dönüşü həqiqətən bir çoxlarının heyrətə salmalı idi və saldı da. Mən isə təəccüblənmədim. Ona görə ki, siyasət mümkün olanın dalınca düşmək sənətidir. Uçuruma yuvarlananın ətəyindən yapışıb qalmaqla onu həyatda tuta bilməzsən. Çünki ətəyindən yapışdığın adam səndən ağır çəkilidir və bu cür israrçılıq səni də onunla bərabər uçuruma yuvarladar. Siyasətşünaslıq elmi sübut edir ki, ağıllı siyasətçi yapışdığı ətəyi vaxtında ötürməyi bacaran insandır. Fəzail müəllim də bu işi yaxşı bacarır, bu səbəbdən də dediyiniz kimi, indiyədək parlament partiyasının rəhbəri ola bilib. Mən bu amilləri hesab qatdığımdan onun həmin yazısına təəccüblənmədim.

Zaman sürətlə dəyişilir. Zamanla ayaqlaşanlar növbəti mərhələyə vəsiqə əldə edəcəklər. Darvinin məşhur kəlamlarıyla desək, həyat uğrunda mübarizəni nəhəng dinozavrlar yox, mutasiya prosesini rahat keçirən kiçik canlılar qazanırlar. Mən bu sözləri deyərkən Fəzail bəyi kiçiltmək niyyətində deyiləm. Fakt budur ki, o, bu mübarizədə qazanan tərəfdədir və qaliblər heç vaxt mühakimə olunmurlar. Güc nəhəngliklə deyil, həyat uğrunda mübarizəni qazanmaqla ölçülür. “Ana Vətən” partiyasının sədri hələ də ayaqdadırsa, deməli güclüdür.

– Fikrinizdən belə çıxır ki, Ramiz Mehdiyev dinozavrdır?

– Yox, elə demirəm. Ramiz Mehdiyevin kim olduğuna onu hər kəsdən, o cümlədən məndən yaxşı tanıyan Fəzail Ağamalı qiymət verib. Hansısa ölkənin “5-ci kolonu” olmaq fərdi gücün göstəricisi deyil. O gücü kimdən alırsansa, sən də onun parçasına çevrilirsən. Fərdi çəkini itirib başqa dövlətin gücünə çevrilirsən. Bu baxımdan, Ramiz Mehdiyev əgər həqiqətən də, deyildiyi kimi, “5-ci kolon”un rəhbəridirsə, onun bir fərq olaraq gücündən danışmağa dəyməz. O bir silahdır və silah kimi iradəsi öz əlində deyil. Sahibi onun çaxmağını çəkib və ya fitilini yandırıb partlada da, bir kənara ata da bilər. Silahların gücü sahibinin döyüş qabiliyyəti ilə ölçülür. Nə zamana qədər ki aləti olduğu güc mərkəzi ayaqdadırsa, o da qalibdir. Nə zaman sahibinin gücü zəifləyir, silahın da kəsəri azalır. Bu ona bənzəyir ki, iki döyüşən tərəf eyni markalı silahdan istifadə edir. Belə vəziyyətlərdə tərəflərdən birinin qazanması onun silah gücünə görə digərindən üstünlüyü mənasına gəlmir. Döyüşənlərdən birinin daha təcrübəli və ağıllı mavevrlər etmək qabiliyyəti savaşın taleyini müəyyənləşdirir. Yəni burada üstün tərəf silahlar yox, silahlılardır. Bu mənada güc anlayışı Ramiz Mehdiyevə dəxli olmayan məfhumdur.

– Ramiz Mehdiyevin əsasən Rusiyanın adamı olduğu bildirilir. Sizin dediyinizdən isə belə çıxır ki, Ramiz Mehdiyevi hakimiyyətdən uzaqlaşdırmaqla faktiki Rusiyanın təsir dairəsi zəiflədilir?

– Mən Ramiz Mehdiyevin hakimiyyətdən uzaqlaşdırıldığına inanmıram. Əksinə, fikirləşirəm ki, Ramiz Mehdiyev əgər həqiqətən də “5-ci kolon”un rəhbəridirsə, onun AMEA-nın prezidenti təyin edilməsi arxasında dayanan güc mərkəzinini hələ də təhlükə mənbəyi olmaqdan çıxarmır. Sadəcə silahın yeri dəyişdirilib. Buna hərbi sistemdə dislokasiya hərəkəti deyirlər. Bilirsiniz, hərbi sistemdə ağır silahlar həmişə eyni yerdə tutulmazlar. Bəzən mərkəzə, bəzən cinahlara yerləşdirilirlər. Ramiz Mehdiyev də indi cinaha çəkilib. Bu mənada onun Prezident Administrasiyasındakı mövqeyi ilə AMEA-dakı mövqeyi arasında heç bir fərq yoxdur. O, hətta hansısa JEK-in müdiri vəzifəsinə təyin olunsa da təhlükə mənbəyi kimi mövcudluğunu qoruyacaq. Söhbət əgər “5-ci kolon”dan gedirsə, bu zümrənin yeri azadlıq ola bilməz. Onlar ən yaxşı halda qollarına qandal vurulub, başqa dövlətin imperialist maraqlarının təmsilçisi kimi dörd divar arasına göndərilməlidirlər, özü də ömürlük. Amma nədənsə Azərbaycanda bu cür insanlar öz layiqli cəzalarını almırlar. Keçmiş MTN naziri Eldar Mahmudovu götürək; adam bu qədər cinayət əməlində ittiham olunur. Di gəl ki, ona “gözün üstə qaşın var” deyən tapılmır. Yaxud Əli Həsənov. Baş Prokurorluq onun rəhbərliyi altında aparılan mətbuat siyasətində kifayət qədər mənimsəmə faktı aşkarlayıb. O isə hələ azadlıqdadır. Və yəqin ki, cinayət işi çərçivəsində Əflatun Amaşov, Vüqar Səfərli və bir-iki onlar kimi insanları cəzalandıracaqlar. Əli Həsənova toxuna biləcəklərmi, bilmirəm.

– Yeri gəlmişkən, Baş Prokurorluğun Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna qarşı cinayət işi açmasına necə baxırsınız?

– Əlbəttə ki, müsbət addımdır. Baş prokuror Kamran Əliyevin fəaliyyətinə bu işlə başlamasını Əli Həsənov “çetesinin” mətbuata dəstək adı altında böyük miqyaslı dələduzluqla məşğul olmasının dövlət tərəfindən, nəhayət, dərk edilməsinin əlaməti hesab edirəm. Ümidvaram ki, uzun illər davam edən bu dələduzluq hadisəsi tam mənasıyla araşdırılacaq və haqq öz yerini tapacaq.
Açıq danışaq, Əli Həsənovun bu zamanadək yürütdüyü media siyasəti tək Azərbaycan jurnalistikasına ağır zərbə vurmaqla qalmayıb, həm də bir çox vicdanlı jurnalistləri dövlətdən və onun rəhbərliyindən küsdürüb. Bir çoxları təqibdən, qarşılarında yaradılan maneələrdən qaçıb Avropa ölkələrinə sığınıb, indi həmin ölkələrdən dövlət rəhbərliyinə qarşı informasiya müharibəsi elan ediblər. Əli Həsənovun yaltaqlaşdıraraq ictimaiyyət qarşısında gözdən saldığı yerli media qurumları isə bu xarici hücumlar qarşısında duruş gətirə bilmirlər. Çünki həmin media qurumlarında çalışanların cəmiyyətdə zərrə qədər də nüfuzları qalmayıb. Halbuki onlar peşəkarlıq qabiliyyətlərinə görə xaricdəkilərdən geri qalmırlar. Fəqət Əli Həsənovun nüfuzlu qələm sahiblərini nüfuzsuzlaşdırma siyasəti onların sözünün kəsərini azaldıb. Mən əhvalatlarla fikrimi ifadə etməyi çox sevirəm. İstərdim ki, bu fikrimi də bir əhvalatla izah edim.

– Buyurun.

– Bir gün bir padşaha münəccimləri deyir ki, sənin ölümün suda boğulmaqla olacaq. Nəbadə, gəmiyə minəsən. Padşah bir gün xarici səfərə yola çıxmalı olur. Münəccimlərinin sözünü yadına salıb, özəl gəmiylə deyil, adi sərnişin gəmisiylə səfərə çıxır. Düşünür ki, bir mənə görə Allah gəmidəki yüzlərlə sərnişinin canına qıymaz. Az keçməmiş dənizdə fırtına qopur və Əzrail şahın qarşısında peyda olur. Şah deyir: “Cənab Allah adildir. Bir mənə görə gəmidəki yüzlərlə adamın canını almaz.” Əzrail gülərək cavab verir: “Alar, zati-aliləri, alar. Gəmiyə toplananların hamısının alnına sənin kimi suda boğulmaq yazılıb. Mən də neçə aydır sizin hamınızı bu gəmiyə toplamaq üçün əlləşirəm. İndisə növbəniz gəlib, hamınız bir ağızdan kəlimeyi-şəhadətini gətirin.”
Əli Həsənov da Azərbaycan mətbuatının Əzrailidir. O da ən müxtəlif hiyləgərliklərlə əksər yaxşı jurnalistləri bir neçə mətbu orqanına toplayıb, hamısını birlikdə məhv etdi. İndi də özü bu siyasətin qurbanına çevrilir.

– Gözəl bənzətmədir. Amma istərdim ki, konkret faktlardan danışaq. Əli Həsənovun “çetesi” dediyiniz Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu hansı əməllərində qanunsuzluğa yol verib?

– Hansı qanunsuzluqlara yol verildiyini Baş Prokurorluq rəsmi açıqlamasında qeyd edib: “dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunsuz verilməsi” və s. Bunların hamısı faktdır və dəfələrlə müxtəlif media qurumlarında dilə gətirilib. Bilirsiniz ki, real satışı heç 3-lü rəqəmlərə belə çatmayan qəzetlərə hər il yüzminlərlə manat vəsait ayrılırdı. Həmin qəzetlər zorla dövlət müəssisələrinə satılsa belə, tirajlarının sayı aldıqları manat qədər deyildi. Elə qəzetlərin bu cəmiyyət üçün nə faydası var? Əvvəl Kəmaləddin Heydərovun salfetka fabrikləri olmayanda bəlkə işə yarayardı. İndi şükür Allaha, Kəmaləddin müəllimin sayəsində Azərbaycanda tualet kağızından tutmuş sulu salfetkaya qədər hər cür keyfiyyətdə salfetka istehsal olunur. İndi həmin qəzetlər heç taxta yeşiklərdə meyvələrin altına da sərilmir. Çünki taxta yeşiklər də sıradan çıxır. Bu gün dərc olunan qəzetlər boş-boşuna istehsal olunub dövlətdən pul silmək üçün kağız tullantısına çevrilir. Jurnalistlərə hədiyyə edilən evlər, mükafatlar haqqında isə heç danışmağa dəyməz. Harda “sözəbaxan” jurnalist tapırlar, sinəsinə medal taxıb ev hədiyə edirlər. Hətta jurnalist adıyla öz katibələrinə, qohumlarına ev verdikləri də olub. Mən bu barədə çox danışmaq istəmirəm.

– Niyə danışmaq istəmirsiniz? Axı siz də jurnalistsiniz. Yeri gələndə sizin də hüququnuz tapdalanıb.

– Bilirsinizmi, mən ilk gündən jurnalistlərə ev verilməsinə qarşı çıxmışam. Çünki bunu dövlətin jurnalistləri satın alması kimi qiymətləndirmişəm. Mənim fikrimcə, jurnalistə elə şərait yaradılmalı idi ki, evini öz alın tərinin hesabına qazansın. Bu isə ölkədə azad rəqabətin formalaşdığı mühitdə mümkündür. Qəzetlər reklamla maliyyələşdikləri üçün daha çox oxucu qazanan qəzetlər daha çox reklam ala, daha yaxşı qazanmaq imkanı əldə edə bilirlər. Azərbaycanda isə bütün iqtisadi sistem ağır inhisarçılıq altındadır. Dolayısıyla iri inhisarçı məmurlara məxsus olan şirkətlər reklama ehtiyac duymurlar. Bunun ağır nəticəsini isə ilk növbədə media qurumları görürlər.
Medianın normal yolla özünü dolandırma qapıları bağlanıbsa, dövlət isə onu maliyyələşdirməklə və jurnalistlərə ev verməklə problemi kompensasiya etməyi uyğun görübsə, niyə o evlər kimlərinsə qohumlarına çatmalı, ölkənin tanınmış jurnalistləri kənarda qalmalı idi? Yenə deyirəm, söhbət məndən getmir. Baxmayaraq ki, mənim də yeri gələndə evə ehtiyacım var. Söhbət ədalətli bölgüdən gedir.

– Konkret olaraq, kimlərə ev verilməsini istərdiniz?

– Mən çox adamların adını çəkə bilərəm. Məsələn, son ev bölgüsündə mənim yaxından tanıdığım yaxşı qələm sahiblərindən heç birinə mənzil verilmədi…

– Konkret kimləri nəzərdə tutursunuz?

– Məsələn, Elxan Şükürlü, Zülfüqar Hüseynzadə, Anar Həsənli, Elnur Məhərrəmli, Əvəz Zeynallı, Ləman Əliəşrəfqızı, Məhəmmədəli Qəribli və s. Mənim ən çox ev verilməsini arzuladığım və üzərində xüsusilə dayanmaq istədiyim jurnalistlərdən biri də Rusvat Bayramovdur. Mənim kimi bir çox jurnalistlərin yetişməsində əvəzsiz xidmətləri olan Rusvat Bayramovu 1997-ci ildən tanıyıram. O vaxt “Hürriyyət” qəzetində redaktor işləyirdi. Mən də Türkiyədən yeni qayıtmış həmin qəzetdə ştatdankənar fəaliyyət göstərirdim.

Rusvat müəllim 1980-ci illərdən başlayaraq ölkənin ən aparıcı mətbu orqanlarında – “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat”, “Hürriyyət”, “Gündəlik Azərbaycan”, “Unikal” və s. qəzetlərdə məsul vəzifələrdə çalışıb. “Azərbaycan” qəzetinin baş redaktor müavini, “Respublika” qəzetinin baş redaktoru işləyib. Müxtəlif vaxtlarda Azərbaycan Respublikası Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri və Ədalət Partiyasında mətbuat və informasiya məsələləri üzrə sədr müavini-mətbuat katibi olub. 1000-dən çox publisistik məqalənin, ən müxtəlif problemlərə aid yüzlərlə araşdırma materiallarının müəllifi, bir neçə kitabın isə həmmüəllifi, müəllifi və redaktorudur. Onun yetirmələri neçə illərdir ki, müxtəlif yazılı və elektron KİV-də çalışır, bəziləri hətta aparıcı, rəhbər vəzifələr tuturlar.
Daha bir vacib məqam: özünün bir çox yaşıdlarından fərqli olaraq, o bu gün də Azərbaycan mətbuatının ön sıralarındadır. Ölkənin ən nüfuzlu, sayılıb-seçilən, ictimai rəyə çox böyük təsir göstərən Virtualaz.org analitik-informasiya portalı yaranandan (iyun, 2013-cü il) onun informasiya redaktorudur. Həmişə olduğu kimi, bu gün də Azərbaycan həqiqətlərinin oxuculara çatdırılması, milli jurnalistikamızın inkişafı və gənc kadrların peşəkar kimi yetişdirilməsi üçün yorulmadan, əzmlə çalışır.

Bunlar da hamısı deyil. Yadımdadır, 1998-2002-ci illərdə Azərbaycanın özünü müstəqil adlandıran bəzi mətbuat orqanlarında İlham Əliyev barəsində xoşagəlməz yazılar dərc olunurdu. Onu hansısa xoşagəlməz vərdişlərə aludəçilikdə, pis əməllərdə ittiham edirdilər. Ən maraqlısı isə o idi ki, sonradan İ.Əliyevin prezidentliyə namizədliyi məsələsi gündəmə gələndə həmin mətbuat Heydər Əliyevi də hədəfə alır, onu oğlunu öz yerinə hazırlamaq cəhdində qınayır və bütün bunları qabardaraq ortaya sual qoyurdu: heç elə adamdan, üstəlik Heydər Əliyevin oğlundan da prezidentliyə namizəd, prezident olar?

Bax, həmin dövrdə-Heydər Əliyevin çörəyini yeyən, onun qayğısından geninə-boluna yararlananların əksəriyyətinin səsi belə çıxmadığı bir dönəmdə məhz Rusvat Bayramov öz sinəsini qabağa verərək, İlham Əliyevə yönəlik bütün ittihamları absurd adlandırır, o cür iddiaların tam əsassız olduğunu məntiqi arqumentlərlə alt-üst edirdi.

Bəs bütün bunları niyə xatırladıram? Məsələ burasındadır ki, vaxtilə Heydər və İlham Əliyevlərə qarşı o cür qara piar kampaniyası aparan qəzetlərin əksəriyyətinin rəhbərləri sonradan donlarını dəyişib, Əli Həsənovun vasitəsilə respublikada mətbuatı yönləndirən qurumların rəhbərliyinə gətirildilər və bu gün də oradadırlar. Neçə illərdir ki, Prezidentə fəxri ad, mənzil üçün göndərilən jurnalist siyahılarını çox vaxt məhz onlar tərtib edirlər. Və bütün bu illər ərzində Rusvat Bayramov bir dəfə də yada düşməyib, adı heç bir siyahıya salınmayıb. Baxmayaraq ki, mənzilə hamıdan çox ehiyacı, fəxri ada yenə də hamıdan çox haqqı olanlardan biri də məhz odur və bu gün də elədir.

Bütün bunlardan sonra ortaya məntiqi bir sual çıxır: bu adam jurnalistika sahəsində daha hansı etapları keçməli və daha nələri etməlidir ki, başqa vaxtlar cəhənnəm, ən azı özünün və ya mətbuatın yubileyi günlərində bir dəfə də olsa yada düşsün?!

Deyə bilərlər ki, bizlik bir şey yoxdur, indiyədək onun qarşısını Əli Həsənov kəsirdi (Yeri gəlmişkən, söhbətlərimizdə bunu Rusvat müəllim özü də dəfələrlə təsdiq edib və biz çalışacağıq ki, həm bu məsələ, həm də ölkə mətbuatının mövcud vəziyyəti ilə bağlı ondan geniş müsahibə alaq). Yaxşı, tutaq ki, elə idi. İndi ki, Əli Həsənov yoxdu? Bəs R.Bayramov indi niyə yada düşmür? Sualı birbaşa Mətbuat Şurasının sədri Əflatun Amaşova, eləcə də Şuranın Ağsaqqallar Məclisinin rəhbəri Məzahir Süleymanzadəyə ünvanlayıram. Məhz onların adlarını çəkməyim təsadüfi deyil. Hələlik çox dərinə getmək istəmir, bircə məqamı xatırladıram. Onlar təkcə bu il ərzində 50, 55, 60, 65, 70 və daha çox yaşı tamam olanlarla bağlı müxtəlif tədbirlər keçirib, ən azı onları, necə deyərlər, rəsmi şəkildə təbrik ediblər. R.Bayramov isə yada düşməyib: nə əvvəllər-50, 55, 60, nə də indi-65 yaşı tamam olanda. İndiyədək ona nəinki ev, fəxri ad, heç yubiley günlərində quru təbrik məktubu da göndərməyiblər. Baxmayaraq ki, bu komandadan əvvəl hər dəfə ən müxtəlif mükafatlara layiq görülürdü. O, 1992-ci ildə Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə “Dan ulduzu”, 1993-cü ildə “Qızıl qələm” mükafatları, “Kamil sənətkar” diplomu və Fəxri fərmanlarla təltif olunub. Amma bütün bunların Əli Həsənovdan və Əflatun Amaşovun Mətbuat Şurası yaranandan xeyli əvvəl olub. Necə olur ki, adam 1993-cü ilə qədər mükafatlar alır, 1993-cü ildən sonra adi xəbər yaza bilməyənlərin mətbuata nəzarəti ələ keçirdikdən sonra bu adam unudulur. Görünür, ona görə ki, Əli Həsənovun “çetesi” həqiqi jurnalistləri yox, İlham Əliyevi yaxşı söyənləri mükafatlandırırdı.

Bu məsələni məhz indi gündəmə gətirməyim təsadüfi deyil. Qarşıdan həm də Azərbaycan mətbuatının 150 illik yubileyi gəlir. Tam əminəm ki, həmişə olduğu kimi, əlində imkan və səlahiyyət olanlar, o cümlədən yuxarıda adını çəkdiyim müvafiq qurumların rəhbərləri bu dəfə də özlərinə yaxın adamları qabağa verəcəklər. Versinlər, eybi yox. Yəni mən desəm də, deməsəm də onlar onsuz da bildiklərini edəcəklər. Amma, necə deyərlər, insaf da dinin yarısıdır. Heç olmasa, bu dəfə haqqı olanların haqqını yeməsinlər.

– Sizcə, Əli Həsənovun komandası layiqliləri yox, layiq olmayanları mükafatlandırırdı?

– Görünür, Əli Həsənov prezidentə təzyiq edə biləcək komandanı öz ətrafına toplamaqla hakimiyyətə iki mesaj verirdi. Əvvəla, özünü elə göstərmək istəyirdi ki, sizin düşmənlərinizi zərərsizləşdirirəm. İkincisi isə, lazım olarsa, yaxşı söyüş söyənləri açıb ötürərəm, sizdə islahat qoymazlar deyirdi. Yəni ölkə başçısını şantaj və təzyiq altında saxlayırdı. Daha sonra yaxşı söyüş söymək qabiliyyətinə malik həmin komandadan müxalifəti təhqir etmək üçün istifadə etdi. Müxalifət də bunun cavabını ölkə rəhbərinə təhqiramiz sözlər ünvanlamaqla verdi. Bundan da öz mənafeyi üçün istifadə edərək “mən olmasam, söyüş müxalifətinə cavab verən tapılmaz” arqumenti ilə özünü prezidentə sevdirməyə çalışdı. Başqa sözlə desək, özünün söyüş mexanizminə münbit şərait yaratmaqla əvəzedilməzlik statusu qazanmağa çalışdı. Bu qarşılıqlı söyüş kampaniyasının qəliblərinə sığmayanlar isə mətbuatdan uzaq tutuldu. Onun söyüş duellasında nə qədər maraqlı olduğu uzaqdan seçilirdi. Zənnimcə, ölkə rəhbəri də bunu sezdi və Əli Həsənovun kitabını bağladı. İndi də onu keçmişdəki əməllərinin vəbalını ödəməyə hazırlayırlar.
 
Xural.com



Ana səhifəyə qayıt        Baxış: 6 295          Tarix: 22-06-2020, 11:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma