Xəbər lenti

 
Azərbaycan Müdafiə naziri Zakir Həsənov ordumuzun gücündən danışarkən aprel döyüşlərini xatırladıb. Onun sözlərinə görə, erməniləri bu çətin vəziyyətdən Rusiyanın Müdafiə naziri Sergey Şoyqu qurtarıb. Belə ki, ermənilər yalvararaq, Şoyqudan müharibəni dayandırmağı xahiş edib. Soyqu da Zakir Həsənova telefon açıb və ermənilərin xahişini çatdırıb. Beləcə döyüş dayanıb.
 
Bəs döyüşün şıdırğı vaxtında torpağını işğal edən düşmənin xahişini qeydsiz-şərtsiz nəzərə almaq nə dərəcədə doğrudur? 
 
Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovla söhbətimizdə bu suala cavab axtardıq. 
 
Partiya sədrinin Ovqat.com-a müsahibəsini təqdim edirik.
 
-İlyas müəllim, dünən Azərbaycan Müdafiə naziri Zakir Həsənov Dağlıq Qarabağla bağlı növbəti bəyanatını verdi. Onun sözlərinə görə, 2016-cı ildə ermənilər rəsmən etiraf olunanlardan 10 dəfə çox itki veriblər. Əsas itkiləri isə hərbi texnika sahəsində olub. Cənab nazirin bu sözləri istər-istəməz insanın beynində bəzi suallara yol açır: Belə güclüyüksə, 2016-cı ildə başlatdığımız bu işi niyə davam etdirmədik. İndi niyə hərbi əməliyyatlar aparmırıq?
 
-Haqlı suallardır. Amma bu sualların ünvanı mən deyiləm. Mən də sizin suallarınızı eynilə başda Zakir Həsənov olmaqla, Azərbaycan rəhbərliyinə ünvanlayıram. Buyurun, cavab verin, cənablar! 27 ildir hakimiyyətdəsiniz. Bu müddət ərzində ordu quruculuğuna milyardlarla dollar xərcləyibsiniz. Hətta ölkə rəhbəri dəfələrlə verdiyi açıqlamalarda Azərbaycanın müdafiə büdcəsinin Ermənilərin milli büdcəsindən iki dəfə artıq olduğunu bildirib. Amma torpağının beşdə birini itirən də bizik. Ölkəmizin dilbər guşələrindən olan Qarabağda ermənilər at oynadır. Yeni yaşayış məskənləri salırlar. Dağlıq Qarabağı turizm cənnətinə çeviriblər. Bizimkilər isə, uzaqdan-uzağa ermənilərə barmaq silkələməklə məşğuldurlar...
 
-Sözünüzə qüvvət, mənim bu barədə bir beytim var:
“Qorxaq el gendə durub düşmənə min hərbə gələr,
Düşmənin üstə igid ölkəsə cəngiylə gedər”. 
Sizə elə gəlmirmi, bizim gendə durub hərbə-zorba gəlməyimiz uzaqdan qorxaqlığımız kimi görünür?
 
-Bəli. Məncə də elə görünür. Tez-tez Dağlıq Qarabağ ermənilərinə “hazırlaşın, sizi vuracağıq” bəyanatı verməklə müdafiə siyasəti yürüdülməz. Ən yaxşı müdafiə siyasəti heç nə demədən düşmənə gözləmədiyi cinahdan ağır zərbə endirib onu pərən-pərən salmaqla həyata keçirilir. Hərb tarixi bu cür təcrübələrlə doludur. Mən həmin təcrübələrdən danışıb sözü uzatmaq istəmirəm. Sadəcə onu demək istəyirəm ki, ölkə rəhbərliyinin tez-tez altı boş bəyanatlar verməsi yaxşı hal deyil. O bəyanatlarda dilə gətirdiyini etməsən, sözünün çəkisi qalmaz. Hər hansı sözün arxasında real faktlar dayanmalıdır. Bu günün reallığı isə bundan ibarətdir ki, ermənilər bizim torpağı alıb və Azərbaycana meydan oxuyurlar. Ötən il Ermənistan Müdafiə naziri David Tonoyanın ölkəmizin hərbi qüdrətini heçə sayan bəyanatıyla yəqin siz də tanışsınız. Tonoyan “yeni müharibə - yeni ərazi mənasına gəlir” deyəcək qədər özünü güclü görür. Azərbaycan ordusu məhz bu sözü əsas götürüb, ermənilərə layiq olduğu cavabı verməli idi. Çünki Tonoyanın bu sözləri açıq-aşkar “biz sizin torpaqları işğal etmişik” demək idi. Azərbaycan da beynəlxalq güc mərkəzlərinin qarşısına bu hədyan çıxışı qoyub erməni işğalına son vermə əməliyyatına başlamalı idi.
 
-Özünüz də etiraf edirsiniz ki, Dağlıq Qarabağda hərbi əməliyyat keçirmək üçün gərək beynəlxalq güc mərkəzlərinin razılığı alına. Bəlkə beynəlxalq razılıq alınmadığı üçün rəsmi Bakı bu əməliyyatlara başlaya bilmir?
 
-Əvvəla, mən demirəm ki, hərbi əməliyyatlara başlamaq üçün beynəlxalq qüvvələrin razılığı alınmalıdır. Mənin fikrimcə, Dağlıq Qarabağ və işğal olunmuş 7 rayon Azərbaycanın ərazi bütünlüyünə daxildir və orda suverenliyimizi bərpa etmək üçün hərbi əməliyyatlara başlamaq bizim ən təməl haqqımızdır. Necə ki, Rusiya bunu Çeçenistanda etdi. Müstəqillik uğrunda vuruşan çeçen separatçılarını tamamilə təsirsiz hala gətirdi və yerli xalqa toxunmadı. Biz də ordakı dinc erməni əhalisinə, öz vətəndaşlarımıza zərər vurmadan Dağlıq Qarabağı işğaldan azad etməliyik. Dünya birliyi etiraz edərsə, o zaman Azərbaycan diplomatiyası dövrəyə girib Ermənistanın işğalçılıq siyasətinin bütün detallarını olduğu kimi ortaya qoymalıdır.
 
İkincisi, 1990-cı illərdə yaradılan Minsk qrupu 30 ilə yaxındır ki, problemi sülh yolu ilə həll edə bilmir və bilməyəcək də. Çünki onun xüsusyyətləri də bu problemi həll etməyə imkan vermir. Bilirsiniz ki, bu qurum tövsiyəçi xarakterə malikdir. Onun tövsiyəsini tərəflərdən biri qəbul etməyəndə imperativ tədbirlər görmək səlahiyyəti və imkanı yoxdur. Ermənilər isə danışıqlar müddətində dəfələrlə təklif və tələblərlə razılaşmadıqlarını ortaya qoyublar. Faktiki problemin sülh yolu ilə həlli qapısı bağlanıb və bunu beynəlxalq qüvvələr də görürlər. Hətta iddialara görə, Paşinyan hakimiyyətə gələrkən Sank-Peterburqda keçirilən görüşlərdə Dağlıq Qarabağ məsələsində güzəştə gedəcəyini öhdəsinə götürüb. Rusiya Xarici İşlər naziri də bu yaxınlarda Paşnyana bunu xatırlatdı. O isə yerini möhkəmlətdikdən sonra müxtəlif nağıllar danışır. Gah hansısa utopik “inqilabi dəyişiklik” nəzəriyyələrindən bəhs edir, gah da ictimaiyyəti buna hazırlamaq üçün vaxt istəyir. Vaxt isə ermənilərin xeyrinə işləyir. Qarabağda quruculuq işləri görür və güclü lobbiləri vasitəsilə özlərini dünya dövlətlərinə tanıtdırmağa çalışırlar. Bu gün heç bir ölkənin qondarma Dağlıq Qarabağ Respublikasını tanımaması ilə arxayınlaşmaq olmaz. Zaman keçdikcə, dünya dövlətləri də bu qeyri-müəyyənlikdən bezib Dağlıq Qarabağın faktiki vəziyyətilə razılaşa bilərlər. 
 
Bir zamanlar fələstinlilər də torpaqlarının böyük hissəsinin yəhudilər tərəfindən özününküləşdiriləcəyinə inanmır, Təl-əvivi belə, yəhudilərə vermək istəmirdilər. İndisə Fələstinin əksər yerlərini ələ keçərən yəhudilər müsəlmanların ikinci Kəbəsi sayılan Qüdsü öz paytaxtlarına çevirməyə çalışırlar. ABŞ prezidenti Donald Tramp artıq Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. Yəqin ki, bir müddətdən sonra dünyanın bir çox ölkələri də eyni addımı atacaqlar. Bənzər taleni Azərbaycan da yaşaya bilər. Necə ki, bu il “seçki”də qalib gələn  “DQR”-ın “prezidenti” adiçmə mərasimini Şuşada keçirdi. Bununla da Şuşanı Dağlıq Qarabağın paytaxtı elan etdi. Qarabağ zamanında alınmasa, Ermənistanın da paytaxtı Şuşaya köçürülə bilər.
 
Digər tərəfdən, beynəlxalq hüquq normaları və onu tənzimləyən qurumların qətnamələri də Azərbaycanın xeyrinədir; Dağlıq Qarabağ BMT tərəfindən Azərbaycan ərazisi kimi tanınıb, BMT TŞ-nın Dağlıq Qarabağla bağlı 4 qətnaməsi var. Beynəlxalq birlik bizim üçün daha nə etməlidir? Bizim əvəzimizə gəlib Qarabağda döyüşəcəklərini düşünürsünüzsə, yanılırsınız. Ümumiyyətlə sülhməramlı hərbi qüvvələrin Azərbaycan torpaqlarına yerləşdirilməsinə ilk növbədə rəsmi Bakı imkan verməməlidir. Bu, təkcə Dağlıq Qarabağın deyil, Azərbaycanın da işğalı demək olar. İndiki şəraitdə Azərbaycanın qarşısında yeganə yol var: BMT TŞ-nın qətnamələrini və beynəlxalq hüququn prioriteti hesab olunan ərazi toxunulmazlığı prinsipini əldə rəhbər tutub hərbi əməliyyatlara başlamaq. 
 
-Dedikləriniz nəzəri olaraq doğrudur. Amma reallıqda bunun əksini görürük. Azərbaycan rəsmiləri müharibə çağırışları edən kimi, dünyanın dörd tərəfindən sülhə dəvət olunuruq. Rəsmi Bakı hərbi əməliyyatlara başlayarsa qarşısında böyük gücləri görəcəyindən çəkinib istər-istəməz yumşalır...
 
-Bu da Azərbaycanın dişsiz xarici siyasətindən qaynaqlanır. Ümumiyyətlə, beynəlxalq güc mərkəzləri bir yerdə konfliktin davam etməməsini arzulayırlarsa, güzəştə meylli tərəfə yüklənirlər. Bütün güzəştləri ondan gözləyirlər. Azərbaycan hakimiyyəti müxalifəti məhv etməklə və özü ölkənin yeganə söz sahibi kimi dünyaya göstərməklə indiki ağır vəziyyətə yol açıb. Dünya görür ki, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağda istənilən razılığa gedərsə, yarana biləcək ictimai narazılığı yerindəcə boğa bilər, ona görə də güzəşti bizdən gözləyir. Ermənilər isə dəfələrlə heç bir güzəştə hazır olmadıqlarını nümayiş etdiriblər. Xatırlayırsınızsa, 1999-cu ildə Azərbaycanla qarşılıqlı güzəştə hazırlaşan Ter-Petrosyan hakimiyyəti dərhal devrildi. Terrorçular Ermənistan parlamentinə hücum edərək, o zamankı spiker Karen Dəmirçiyan və bir neçə tərəfdaşını güllə-baran etdi, bununla bütün danışıqlar pozuldu. Azərbaycanda isə müxalif qüvvələr məhv edildiyindən hakimiyyətin Dağlıq Qarabağla siyasətinə  qarşı çıxan tapılmır. Ötən il bir neçə müxalif təşkilatın təşəbbüsü ilə keçirilən Qarabağ mitinqlərinə bir əlin barmaqları qədər insan toplanmışdı. Hakimiyyət heç olmasa, Dağlıq Qarabağa görə ölkədəki demokratik təsisatları qoruyub saxlamaqda maraqlı olmalıydı. Onlar isə öz korrupsioner hakimiyyətlərini bütün milli dəyərlərdən üstün tuturlar. 

Siz özünüzü qoyun beynəlxalq güc mərkəzlərinin yerinə; torpaq üstündə dava edən iki qonşunun arasına girirsiniz və onları ayırmağa çalışırsınız. Qonşulardan biri digərinin başına döyə-döyə sıxışdırıb torpağının 20 faizindən çıxarıb. Döyülən qonşu sizdən imdad diləyib və sülh danışıqları ilə mübahisəni həll etmək istəyir. Üzünü tutub sizə deyir ki, ona tapşırın, torpağımı qaytarsın. Siz bu sözü qarşı tərəfə deyirsiniz və onu zorla bəzi güzəştə razı salırsınız. Qonşunun uşaqları bunu eşidib atalarını valideynlikdən çıxarırlar və “yeni savaş-yeni ərazi” deyib digər tərəfə təhdid yağdırırlar. Digər tərəf isə uzaqda dayanaraq “mənim yumruğum sənin başın boydadır” deyib öz-özünə danışır (ayıb çıxar deyə, “donquldanır” demirəm). Adamın övladları isə öz işlərindədir, dədələrinin qorxusundan başlarını qaldırıb cınqırlarını da çıxarda bilmirlər. Tərəflər arasında mübahisələr illərlə davam edir və mənzərə dəyişmir. Siz bu vəziyyətdə nə edərsiniz? Əlbəttə, əzilə-əzilə mağmın gününə salınan tərəfdən güzəştə getməyi gözləyərsiniz. Təəssüf ki, indiki hakimiyyət ölkədəki demokratik dəyərləri məhv edərkən, milləti də bu cür məzlum gününə qoyub. İndi də üzünə “sən dovşansan” deyir. Bu iqtidarın öz millətinin başına gətirdiklərini görəndə adamın ayağının altından yer qaçır. Ürəkləri heçmi bu dövlətə, bu millətə acımır? Heçmi canlarında vətəndaşlıq vicdanı, vətənpərvərlik hissi yoxdur?  
 
-Amma gəlin, onu da unutmayaq ki, koronavirus pandemiyasının yayıldığı indiki məqamda Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamaq Azərbaycanı ağır qınaq qarşısında qoyar.
 
-Razılaşmıram. Əksinə, deyəsən, elə sizin saytdan oxudum. Dünyanın bir çox ölkələri başlarının koronavirusa qarışdığı indiki zamanda Azərbaycanın hərbi əməliyyatlara başlayacağını gözləyirmişlər. Hətta niyə başlamadığımıza heyrənləndiklərini  belə, açıq-açığına yazır, gizlətmirlər. Dünya belə bizim səbrimizə təəccüblənirsə, deməli, hərbi əməliyyatlara da normal baxacaqdı. 
 
-Amma, İlyas müəllim,  koronavirus başlayandan dünyanın 25-dən çox konflikt bölgəsində müharibələr dayandırılıb. Bütün bunlar beynəlxalq güc mərkəzlərinin təzyiqləriylə baş tutub. Beynəlxalq birlik diqqətlərin pandemiya ilə mübarizədən uzaqlaşdırılmasını istəmir.
 
-Konflikt bölgələrində döyüşlərin dayandırılmasının koronavirus pandemiyasına dəxli yoxdur. İnsanlar döyüşdən yorulanda atəşin dayandırılması üçün əsaslı səbəb, yaxud bəhanə axtarırlar. Koronavirus da, görünür, əsaslı səbəb kimi qəbul olunub və dərhal atəşkəsə gedilib. Biz isə 27 ildir dincəlirik. Qazan xan demişkən yata-yata böyrümüz ağrıyır. Durub bir də koronavirusun keçməsini gözləsək, Dağlıq Qarabağı əbədi itirə bilərik. Çünki bu bəla hələ uzun illər bəşəriyyətlə qalacaq. Digər tərəfdən, dünyanın başı koronavirusa qarışdığı bir zamanda həmlə edib torpaqlarımızı işğaldan qurtarsaq, daha az itkiylə problemin öhdəsindən gələ bilərik. 

Söhbətləşdi: Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 11 003          Tarix: 23-06-2020, 12:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma