Xəbər lenti
Dünən, 19:25

 
Müasir tarixə nəzər yetirdikdə görərik ki, Türkiyə-Rusiya münasibətləri heç vaxt sabit olmayıb. Çünkü hər 2 ölkənin hədəfləri və hadisələrə baxış bucaqları fərqlidir. Suriya böhranında Türkiyə və Rusiya maraqları kəskin toqquşurdu. Həmçinin Liviya məsələsində əks qütbdə yer almışdılar. 
 
Düzdür, son illər Türkiyə-Rusiya ticarət əlaqələrin yüksək səviyyədə inkişaf edir. Həm də Amerikanın təzyiqlərinə baxmayaraq S400 ZRK alınması, Suriya da Fərat çayının qərbində terror qruplaşmalarına qarşı əməliyyatlar, əlbəttə ki, iki ölkəni bir-birinə çox yaxınlaşdırmışdı. Bu ilin əvvəlindən etibarən iki ölkə arasında münasibətlər yenidən soyumağa başladı.
 
Liviyada son həftələrdə yaranmış gərgin vəziyyət öz aktuallığına görə Suriya müharibəsini də kölgədə qoyub. COVİD-19 kimi qlobal pandemiya virusun zərbə vurduğu iqtisadiyyatla bərabər Liviya məsələsi də dünya gündəminin üst sıralarında yer alır. İndiki yazıda Liviyada baş verən hadisələri analiz etməyə çalışacağıq.                                                                                                           


Qısa xatırlama:

2011-ci ildə devrilən Müəmmar Qəddafidən sonra mərkəzləşdirilmiş hökümət vahid idarə sistemi qurula bilmədi və nəticədə ölkədə ayrı-ayrı silahlı qruplar və qəbilələr ortaya çıxdı. Bəzən də qəbilələr arasında silahlı insident olurdu. Ölkənin qərbində yerləşən Tripolidə Milli Razılıq Höküməti (MRH)  yer alır. Ölkənin şərqi isə Liviya Nümayəndələr Palatasına (LNP)  məxsusdur (bəzən Tobrok höküməti də deyilir). LNP-ni Liviya Milli Ordusu (LMO) dəstəkləyir. LMO-na General Həftər başçılıq edir. 


 
 
 
MRH 2015-ci ilin dekabrın 17-de Liviyadakı müxtəlif qüvvələr arasında Mərakeşin Şirat şəhərində bağlanmış müqavilə ilə yaradılıb. MRH Liviyanın legitim hakimiyyəti kimi tanınır və hökümətə Faiz Sərrac başçılıq edir. LNP əvvəlcə bu hökuməti qəbul etsə də, qısa müddət sonra onu tanımadığını elan edib. O vaxtdan bəri ölkədə ikihakimiyyətlilik bərqərar olub. 2017-ci ilin mayında Abu-Dabi şəhərində daha sonra iyulda Parisdə Həftər və Sərrac arasında müəyyən razılaşmalar olsa da, onları həyata keçirmək mümkün olmayıb. Sərrac hökümətini BMT tanısa da, Həftər və LNP-a bir çox dünya ölkələri dəstək verir. Ən başda da Rusiya öz aktivliyi ilə seçilir. Rusiya “Vaqner”-ə bağlı müzdlu döyüşçülərini Liviyaya göndərib. Bununla da faktiki müharibənin tərəflərinə qoşulub. “Vaqner” qruplaşmasına Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (məşhur QRU) keçmiş zabiti Dmitri Utkin rəhbərlik edir və bu qurum “Putinin aşpazı” kimi tanınan, Rusiya prezidentinə yaxın iş adamı Yevgeni Priqojin tərəfindən maliyyələşdirilir.
 
MRH isə Fransa istisna olmaqla, Qərb dövlətləri tərəfindən siyasi, Türkiyə və Qatardan isə hərbi və maddi yardım alır. 2019-cu ilin 27 noyabr tarixində Türkiyə və Liviya höküməti arasında Təhlükəsizlik və Hərbi Əməkdaşlıq haqqında müqavilə imzalanıb. 2020-ci lin yanvar 2-də isə Türkiyə parlamenti Liviya ya hərbi qüvvə göndərməyə icazə verib. Türkiyənin yerli istehsalı olan dronlarla Həftər ordusuna havadan vurulan zərbələr və MRH silahlı qüvvələrinə verilən təlimlər sayəsində müharibədə vəziyyəti Sərrac hökümətinin xeyrinə dəyişdi.
 
    
2020-ci ilin aprelin 28-də Həftər özünü Liviyanın qanunu rəhbəri elan etdi və Şirat anlaşmasından çıxdığı barədə bəyanat verdi. Bir qədər sonra MRH əks-hücuma keçdi. Əməliyyat hücumu nəticəsində Həftərın ordusu Tripolidən uzaqlaşdırıldı. 
 
Tripolinin 130 km cənub qərbində yerləşən və LMO-nun plasdarm kimi istifadə etdiyi Vatiyyə aviabazası Sərrac ordusunun əlinə keçdi. Daha sonra paytaxtın 81 km cənubunda yerləşən Tarhuna şəhəri, Bəni Vəlid şəhərində yerləşən hava limanı, eləcə də qərbdə yerləşən Misratan Tunis sərhədinə qədər olan ərazi də MRH-nin nəzarətinə keçdi. Bununla da Tripoli üzərindəki təhdid aradan qalxdı və hərbi-psixoloji üstünlük tamamilə qanuni hökumətə keçdi. 
 
Türkiyə dronlarının Rusiya istehsalı olan çoxlu sayda Pantsir hava hücumundan müdafiə qurğularını sıradan çıxarması əməliyyatların diqqət çəkən epizodlarından biridir. Həftərın qərb cəbhəsində aldığı sarsıdıcı məğlubiyyətlərdən sonra Rusiya gizli şəkildə Liviyaya hərbi təyyarələr göndərdi. Bu barədə ABŞ-ın Afrika komandanlığı dəlil-sübutlar təqdim etdi. Misir isə tərəfləri atəşkəsə çağırdı.


       
Rusiya Suriyada möhkəmləndikdən sonra  Aralıq dənizində söz sahibi olmaq istəyir. Bu siyasətə Rusiyanın imperiya keçmişindən qalan isti dənizlərə çıxmaq strategiyasının davamı kimi baxmaq lazımdır. 2014-cü ildə Krımın ilhaqı və militarizasiyası ilə Qara dənizdə mövqelərini gücləndirən Rusiya bu siyasətin davamı kimi Aralıq dənizində də möhkəmlənir. Aralıq dənizini Atlantik okeanla birləşdirən Cəbbültariq boğazının geostraji əhəmiyyəti böyükdür. NATO-Rusiya müharibəsi baş verərsə, Rusiya Türk boğazlarında möhkəmlənməyi və Amerikanın Avropanın cənub boğazına hərbi qüvvə göndərməyinin qarşısın almağı planlaşdırır. Bu səbəblə, Aralıq dənizində donanma saxlamaq çox vacibdir (Xatırlatmaq yerinə düşər ki, hələ 1768-1774-cü illər Rus-Türk müharibəsi zamanı Rusiya donanması Balkanların xristian xalqlarının Osmanlıya qarşı üsyanlarına dəstək vermək, onların müstəqil dövlətlər qurmasına yardım etmək və Dardanel boğazı vasitəsilə arxadan Konstantinopola yaxınlaşıb, Türkləri təslim olmağa məcbur etmək üçün Aralıq dənizinə ilk ekspedisiyaya çıxıb.)


 
Türkiyəyə gəldikdə isə, Aralıq dənizi Ankaranın da maraq dairəsindədir. Şərqi Aralıq dənizində böyük qaz yataqları kəşf olunub. Qaz yataqlarının hansı dövlətin daxili sularında olması və istismarı baxımından mübahisə yaranıb. Xüsusilə Türkiyə və Yunanıstan arasında gərginlik artıb. Yəni dəniz sərhədlərinin delimitasiyası müəyyən qədər mübahisə mövzusudur. 2019-cu ilin yanvarında Yunanıstan, Kipr, Misir, İsrail, İtaliya, İordaniya və Fələstinin iştirakı ilə Qahirədə Şərqi Aralıq Qaz Forumu yaradıldı. EastMed layihəsinin (İsrail-Kipr-Yunanıstan qaz boru xətti) həyata keçirilməsi istiqamətində işlər də sürətləndi. Qaz borusunun uzunluğu 1872 km olacaq və il də 10 milyard kubmetr İsrail qazı ixrac edəcək. Bu barədə rəsmi anlaşma 2020-ci il yanvarın 2-də Afinada imzalandı. 
 
Türkiyə bu addımlara qarşı hələ 2019-cu il noyabrın 27-də Liviya MRH ilə dəniz sərhədlərinin delimitasiyası haqqında müqavilə bağlayıb. Bu sənədlə Yunanıstanın Krit adasının şərq hissəsi Türkiyə və Liviya ərazi sularına aid edilir. Müqaviləyə görə, EastMed boru kəməri məhz buradan keçərək Yunanıstan torpaqları üzərindən İtaliyaya uzanmalıdır. Türkiyə Aralıq dənizində 161 min kv. km ərazi sularına iddia edir və Liviya ilə imzaladığı müqavilə nəticəsində rəqiblərinin onu cəmi 41 min kv. km-lik dar sahəyə sıxışdırmaq planlarını əngəllədiyini düşünür.


      
Hazırda Tripoli müharibəsini qazanan MRH-nin hədəfi Sirt şəhəri və cənubda yerləşən Cufra aviabazasıdır. Sirt liman şəhəridir, Qəddafi burada doğulub və elə burda da öldürülüb. Həftər bu ilin yanvar ayında yerli qəbilənin ona dəstək verməsindən sonra şəhəri ələ keçirib. Sirt-Əcdəbiyyə-Benqazi xətti Liviyanın  neftlə zəngin olan ərazisidir. Liviyada istehsal olunan neftin 58%-i burada istehsal olunur və neftayırma zavodları fəaliyyət göstərir. Hazırda Həftar burada neft istehsalını dayandırıb. Ərdoğan Sirt və Cufranı geri aldıqdan sonra neft yataqlarını da nəzarətə götürəcəklərini açıq bəyan edib. 
 
Belə olduqda Həftərın ən böyük dəstəkçisi olan Rusiyanı narahat olmaya bilməzdi. Artıq Rusiyanın Liviyaya göndərdiyi 14 ədəd MiQ-29 və Su-24 hərbi təyyarəsi hazırda Cufradadır, vaqnerçilər isə Sirtə toplaşıb. Kremlin Cufra aviabazasını Suriyadaki Hmeymim bazası kimi istifadə etmək istədiyi bilinir. 


 
Gümanlar özünü doğruldarsa, Rusiya NATO-nun cənubunda möhkəmlənmiş olacaq, bu isə ittifaqın və onun lideri ABŞ-ın maraqlarına təhlükədir. ABŞ məhz buna görə də Liviyada Türkiyəni müdafiə edir. Məsələnin səhnəarxası qaranlıq məqamları bundan ibarətdir.
 
Heydər Abdullayev,
Türkiyənin Sakarya Universitetinin tələbəsi


Ana səhifəyə qayıt        Baxış: 3 625          Tarix: 23-06-2020, 19:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma