Xəbər lenti
Bu gün, 21:39
Bu gün, 20:06
Bu gün, 13:22
Bu gün, 12:26
Bu gün, 11:35
Bu gün, 10:46
Bu gün, 09:16
Dünən, 23:09
Dünən, 22:16
Dünən, 20:13
Dünən, 18:25
Dünən, 17:22
İran Hörmüz boğazına ehtiyac duymadan öz neftini Oman körfəzindən dünya bazarına çıxara biləcək.
Ovqat.com xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani 1000 km-lik Görə-Cask boru xəttinin açılışında deyib.
İran dövlət televiziyasının məlumatına görə, Ruhani bu layihə sayəsində ölkəsinin tez-tez regional gərginlik mərkəzinə çevrilən Hörmüz boğazından artıq asılı olmayacağını bildirib. O, həmçinin qeyd edib ki, İran mart ayından etibarən Oman körfəzi sahilindəki Cask limanından gündə 1 milyon barel xam neft ixrac etməyi planlaşdırır və bu kəmər təkcə iqtisadi deyil, həm də milli təhlükəsizlik baxımından ən vacib layihələrdən biridir: “Beləliklə, müştərilərimiz əmin ola bilərlər ki, Hörmüz boğazı bağlansa belə, onlar istənilən halda bizdən neft ala biləcəklər".
Xatırladaq ki, Görə-Cask boru xətti Həsən Ruhaninin 2013-cü ildə hakimiyyətə gəldiyi zaman həyata keçirməyə başladığı ilk böyük layihədir. 2014-cü ildə təməlləri atılan bu boru xəttinin başlıca məqsədi, İran prezidentinin son çıxışında da qeyd etdiyi kimi iqtisadi deyil. İran indiyədək olduğu kimi, bundan sonra da öz neftini Fars körfəzindən sata bilərdi. Təhlükəsizlik məsələlərini gözardı edərsək, Fars boğazında çıxarılan neftin Oman körfəzinə nəqli üçün 1000 km uzunluğunda boru xətti çəkmək sağ qulağı sol əllə qaşımaq qədər mənasız göründüyü kimi, əlavə xərclər də tələb edir. Deməli, burdan belə nəticə çıxır ki, İranın əsas məqsədi hasil etdiyi neftin müştərilərə axışının təhlükəsizliyinə nail olmaqdır. Həsən Ruhaninin özü də kəmərin açılışında bunu gizlətmir və Hörmüz boğazından asılılıqdan xilas olduqlarını bütün dünyaya bəyan edirdi.
Sual oluna bilər: Hörmüz boğazından asılılıqdan xilas olmaq İrana niyə lazımdır?
Zənnimizcə, Tramp administrasiyası 2018-ci ildə İrana qarşı sərt sanksiyalara start verəndə rəsmi Tehranın səsləndirdiyi bəyanatlar bu suala kifayət qədər aydınlıq gətirir. Xatırlayırsınızsa, ABŞ Dövlət Departamentinin Siyasi Planlama direktoru Brayan Huk sanksiyaları şərh edərkən demişdi ki, məqsəd İranın neft gəlirlərini sıfırlayaraq, geri addım atmasına nail olmaqdır. Hukun bu sözlərinə cavab verən İran prezidenti Həsən Ruhani səfərdə olduğu İsveçrədə media qarşısına çıxıb demişdi: “İranın Fars körfəzindəki neft hasilatı fəaliyyətini dayandırmaq istəyənlər bu addımı atarkən digər bölgə ölkələrin rahatlıqla öz işlərinə davam edəcəyinimi düşünürlər? İran neft ixrac edə bilməsə, bölgənin heç bir dövləti neft ixrac edə bilməyəcək. Buna təşəbbüs etsəniz, nəticəsinə də qatlanarsınız”.
İran Prezidentinin bu çıxışından sonra SEPAH komandanı İsmayıl Kövsəri də bənzər açıqlama verərək, neft hasilatı məsələsində teokratik iradənin də rəsmi Tehranla eyni mövqedə olduğunu ortaya qoymuşdu. Bu isə İranın Hörmüz boğazını bağlaya biləcəyi anlamına gəlirdi. Görə-Cask boru xətti İran üçün məhz bu baxımdan əhəmiyyət daşıyır və onun ABŞ hücumlarına qarşı ən ciddi strateji silahıdır.
Bildiyimiz kimi, Fars və Oman körfəzini birləşdirən Hörmüz boğazı dünyada enerji sənayesi üçün böyük strateji əhəmiyyətə malikdir. ABŞ-ın Enerji İnformasiya İdarəsinin məlumatına görə, 2018-ci ildə Hörmüz boğazından hər gün 21 milyon barel xam neft keçirilib. Bu rəqəm dünya neft istehlakının 21 faizinə bərabərdir.
Ən əsası isə Səudiyyə Ərəbistanından tutmuş Küveytə, İraqa qədər bütün körfəz dövlətləri neft ixracında Hörmüz boğazından asılıdırlar. Bu boğaz bağlanarsa, onların neft və qaz ixracatında başqa alternativləri yoxdur. Yalnız Səudiyyə Ərəbistanının neft hasilatının sadəcə 15-20%-nin Qırmızı dəniz, İraq neftinin isə 40%-nin isə Türkiyə üzərindən Aralıq dənizi vasitəsilə nəql olunmaq imkanı var. Digər dövlətlərin isə ümumiyyətlə Fars körfəzindən kənara çıxmaq şansları yoxdur. Odur ki, İranın Hörmüz boğazını bağlaması neft zəngini olan körfəz ölkələrinin iqtisadi cəhətdən tamamilə çökməsi anlamına gəlir. İranın özü isə Görə-Cask boru xəttini inşa edərək neft ixracatının 80%-nin keçdiyi Hörmüz boğazına asılılıqdan canını qurtarmışa bənzəyir.
Cask limanı İranın cənub-şərqində Oman körfəzində yerləşir. Bu limandan Çin, Hindistan və digər Uzaq Şərq ölkələrinə neft nəqli daha da asanlaşmış olacaq. Sözgedən layihə işə düşərsə və Hörmüz boğazının bağlanma təhlükəsi artarsa, Uzaq Şərqin ən böyük sənaye ölkələri öz enerji ehtiyaclarının böyük qismini İran vatisəsilə təmin edə bilərlər. Bu isə yaxın gələcəkdə digər körfəz ölkələrinin bazar payının İranın əlinə keçməsinə yol açar. Məsələyə bu məntiqlə yanaşsaq, Hörmüz gərginliyinin artmasının əslində İranın iqtisadi maraqlarına cavab verdiyi anlaşılar.
Odur ki, növbəti sual ortaya çıxır: İran Görə-Cask boru xəttini çəkməklə Hörmüz boğazını bağlamağamı hazırlaşır?
Sözsüz ki, bu, düşünüldüyü qədər də asan məsələ deyil. İranın bu təşəbbüsü ABŞ-İran münasibətlərini daha da gərginləşdirər və hətta böyük savaşa yol aça bilər. Savaşda digər dünya güclərinin, xüsusilə Rusiya və Çinin hansı mövqedə dayanacağı isə bəlli deyil. Orası bəllidir ki, bu savaş neftin qiymətlərini astronomik ölçüdə artıracağından Moskvanın işinə yarayır. Çin isə öz enerji ehtiyaclarının böyük qismini Fars körfəzindən qarşıladığından Hörmüz gərginliyində maraqlı deyil. Məhz bu səbəblərdən də regionda marağı olan Rusiya və Çinin ABŞ-İran savaşına qatılmasalar da, gizlində Tehranı dəstəkləməsi mümkündür. Nəticədə ABŞ-dan nə qədər zəif görünsə belə, savaş çıxacağı təqdirdə, İranın müqavimətini gözlənilməz dərəcədə davam etdirmə ehtimalı var və bu səbəbdən əslində Vaşinqton da bu savaşı istəmir. Digər dövlətlərin də sülhpərvər müdaxiləsi ilə gərginliyin savaş həddinə yüksəlmədən dayandırılacağı şübhə doğurmur.
Əlbəttə ki, dünyanın ən qüdrətli hərbi gücüylə öz torpaqlarında qarşı-qarşıya gəlməyi ən çox istəməyən dövlət İrandır. Bununla belə, sanksiyaların bu şəkildə davam etməsi və Brayan Hukun təbirilə desək, İranın neft ixracatını sıfırlayacaq qədər böyüməsi rəsmi Tehranı Hörmüz boğazını bağlamaq məcburiyyətində qoya bilər. Açığı, hazırda bunun iqtisadi əsasları da yaranıb. 2 ildir tətbiq olunan ağır sanksiyalar nəticəsində İranın neft ixracı tam sıfırlanmasa da, böyük ölçüdə azalıb və bu qonşu dövlətdə sosial narazılığın artmasına gətirib çıxarır. Tehran bu problem tez bir zamanda həll etməsə, narazılıqların sosial partlayışlara çevrilməsi heç də uzaq ehtimal deyil.
İranın Büdcə və planlaşdırma Agentliyinin prezidenti Məhəmməd Bağır Nobaxtın 2 iyun tarixində parlamentə təqdim etdiyi hesabat da sanksiyaların ölkə iqtisadiyyatına necə böyük zərbə vurduğundan xəbər verir. M.B.Nobaxt həmin hesabatda 2011-ci ildə 119 milyard dollarlıq neft və qaz gəlirlərinin ötən il 8.9 milyard dollara qədər endiyini bildirib. 83 milyon əhalisi olan və eyni anda bir neçə cəbhədə döyüşən ölkə üçün 8.9 dollarlıq illik gəlir, əlbəttə ki, ixracatda sıfıra yaxınlaşmaqla eyni mənaya gəlir. Nəzərə alsaq ki, İranın dövlət gəlirlərinin 80-90%-i neftdən asılıdır, 119 milyarddan 8.9 milyarda qədər (hardasa 92.5%) kiçilmə istənilən dövlət üçün ölüm-qalım məsələsidir və onu ən ciddi risklərə getməyə vadar edər. Bu mənada İranın Hörmüz boğazını bağlamaq ehtimalı istisna deyil və Görə-Cask kəmərinin ən ağır iqtisadi şəraitdə başa çatdırılması da bu ehtimalı gücləndirir.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar