Xəbər lenti

 
Cavid Vəliyev
BMTM-in şöbə müdiri
 
 
2020-ci ilin may ayında Türkiyə Enerji Planlama və Tənzimlənməsi Təşkilatı (EPDK-Türkiyə Enerji Planlama ve Denetleme Kurumu) mart ayı üçün Türkiyənin təbii qaz sektoru haqqında hesabatını açıqladı. Hesabata əsasən, 2019-cu ilin mart ayı ilə müqayisədə 2020-ci ilin mart ayında Türkiyənin təbii qaz idxalında maye qazının (LNG) faiz nisbətinin artması və Türkiyənin boru xətti vasitəsilə idxal etdiyi ölkələr arasında Azərbaycanın, Rusiya və İranı keçərək birinci olması Türkiyə mətbuatı və ekspertlərin diqqətini çəkən iki məqam oldu. EPDK-nın bu hesabatı Türkiyənin həm enerji, həm də xarici siyasəti baxımından da müzakirələrə səbəb oldu.
 
Müzakirələrin səbəbi uzun illərdir Türkiyənin təbii qaz ehtiyacının qarşılanmasında birinci yerə sahib olan Rusiyanın ikinci yerə keçməsi və uzun illərdir Türkiyənin enerji ehtiyacının qarşılanmasında üçüncü yerdə olan Azərbaycanın birinci yerə keçməsi oldu. Belə ki, Azərbaycan, Türkiyənin boru xətti vasitəsilə təbii qaz idxalatında 2019-ci ildə İranı geridə qoyaraq 2-ci yerə, bu ilin mart ayında isə birinci yerə keçdi.


 
Bəzi ekspertlərə görə, təbii qaz bazarında Azərbaycanın rolunun artması, o cümlədən Rusiya və İranın rolunun azalması siyasi səbəblərdən irəli gəlir. Son illərdə təbii qazın Rusiya-Ukrayna, Rusiya-Avropa münasibətlərində geosiyasi mübarizə vasitəsinə çevrildiyini müdafiə edən ekspertlər, Suriya və Liviyada Türkiyə-Rusiya münasibətlərində yaşanan hadisələri nümunə göstərərək Türkiyənin Rusiya təbii qazından asılılığını azaltmaq istədiyini qeyd etdi. Son illərdə Ağquyu atom elektrik stansiyasının tikintisinin Rusiyaya verilməsi və Türk Axımı boru xəttinin açılması ilə birlikdə Türkiyənin Rusiyaya enerji sahəsində asılılığının artacağı və bunun da Türkiyə üçün siyasi nəticələrinin olacağı istiqamətində də iddialar artmışdı.
 
İranın Türkiyə təbii qaz bazarında rolunun azalmasını ABŞ-ın tətbiq etdiyi sanksiya nəticəsində ortaya çıxdığını müdafiə edənlər də var. Digər tərəfdən, ABŞ maye qazının Türkiyə bazarında faizinin artmasını son 2 ildir Ankara-Vaşinqton arasında davam edən siyasi müzakirələrin nəticəsi kimi qiymətləndirdilər.
 
Türkiyənin təbii qaz mənbələri və Azərbaycan
 
EPDK-nın 2019-cu il Türkiyə təbii qaz bazarı haqqında hesabatına görə, ölkə 45 milyard 285 milyon 498 min m3 təbii qaz istehlak edib. Bu miqdarın cəmi 473 milyon 87 min m3-i Türkiyədə çıxardılıb,  45 milyard 211 milyon 47 min m3-ni isə idxal edilibdir. Türkiyə idxal etdiyi təbii qazın bir hissəsini boru xətti vasitəsi ilə, bir hissəsini isə maye qaz olaraq idxal olunub. Türkiyənin 2019-cu ildə idxal etdiyi qazın 71.29%-i boru xəttiylə idxalın payına düşür. Müqayisə üçün demək olar ki, boru xətti ilə idxal olunan qazın miqdarı 2018-ci ilə görə, 5.7 % azalıb, maye qazın miqdarı isə təxmini bir o qədər artıb.  Boru xətti vasitəsilə alınan qaz 2019-cu ilin mart ayında Türkiyə qaz idxalının 69.92%-ni təşkil edirdisə, 2020-ci ilin mart ayında bu miqdar 37.69% azalaraq ümumi qaz idxalının 47.50%-ni təşkil etmişdir.

2019-cu ildə boru xətti vasitəsilə idxal olunan qazın 33.61 %-i Rusiyanın, 21,20 %-i Azərbaycanın və 17.11 %-i İranın payına düşmüşdür. 2018-ci il ilə müqayisədə Rusiyanın payı təxmini 13.5 % azalmış, Azərbaycanın payı təxmini 5.3 %, İranın isə payı təxmini 1.5 %, artmışdır. Ümumilikdə, aşağıdakı qrafikdən də göründüyü kimi, 2009-2017-ci illərlə müqayisədə Rusiya və İrandan gələn təbii qazın Türkiyənin ümumi idxalında faiz nisbəti azalmış, Azərbaycanın payı isə artmışdır.


 
CƏDVƏL 1: 2009-2019-cu illərdə təbii qaz idxal miqdarları (milyon Sm3)
 

Türkiyənin idxal etdiyi maye qaz (LNG) həcmi
 
2019-cu ildə Türkiyənin təbii qaz idxalatının  28.08 %-ni isə maye qazı təşkil edib. 2019-cu ildə Türkiyənin maye qaz idxalatında aparıcı ölkələr Əlcəzair (12.56%) və Nigeriya (3.88%) olmuşdur.  Lakin 2020-ci ilin mart ayı hesabatına görə, Türkiyənin idxal etdiyi maye qazın miqdarı daha da artmışdır. EPDK-nın 2020-ci ilin mart ayı hesabatına görə, 2019-cu ilin mart ayında Türkiyənin idxal etdiyi LNG miqdarı onun idxalatının 30.08 %-ni təşkil edirdisə, 2020-ci ilin mart ayında bu miqdar 60% artaraq 52.50%-ə çıxmışdır.


 
CƏDVƏL 2. 2013-2019-cu illər arasında, təbii qaz növünə görə idxalatın miqdarı (milyon sm3) və paylar (%)
 
Qaz tədarükündə dəyişikliklərin 3 səbəbi və qarşılıqlı etimad
 
Son illərdə Türkiyənin idxal etdiyi maye qazının miqdarını artırmasını bir neçə səbəblə izah edirlər ki, bunlar arasında Azərbaycanı da yaxından maraqlandıran məqamlar var. Ümumiyyətlə son illərdə dünya təbii qaz bazarında maye qazına tələbatın artdığı müşahidə olunur.  Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu il maye qaza sərmayə yatırımı baxımından rekord il olmuşdur. BP-nin 2015-ci il hesabatına görə, dünya enerji bazarının gələcək 20 il üçün diqqətə almalı olduğu məsələlərdən biri də LNG-nin qlobal səviyyədə istifadəsinin yayqınlaşması və qlobal səviyyədə qaz qiymətlərinə təsir göstərməsidir. Bu şərh xüsusən boru xətti vasitəsilə qaz satan ölkələr üçün xəbərdarlıq xarakteri daşıyır.
 
Bu mənada, 2013-cü ildə Türkiyənin idxal etdiyi təbii qazın 87.08 %-ini boru xətti qazı, cəmi 12.92 %-ni maye qaz təşkil edirdi. 2019-cu ildə isə Türkiyənin idxal etdiyi boru xətti qazı təxmini 15 % azalaraq 71.92 %, maye qazı isə 15 artaraq 28.08 % olmuşdur. Yəni boru xətti qazı nə qədər azalmışdırsa, maye qazı idxalı təxmini o qədər artmışdır. EPDK-nın 2019-cu il hesabatında Türkiyənin maye qaza üstünlük verməsinin səbəbləri 2006-cı ildə Rusiya-Ukrayna arasında yaşanan təbii qaz böhranı, İranın hər dəfə fərqli səbəblərdən xüsusən qış aylarında Türkiyəyə verdiyi qazı kəsməsi və Türkiyənin boru xətti qazını saxlayacaq anbarların olmaması kimi səbəblərlə izah olunur. Lakin yuxarda sadalanan hallar arasında Azərbaycanın adının hallanmaması müsbət haldır. Bu o deməkdir ki, Azərbaycan-Türkiyə enerji münasibətlərində qarşılıqlı siyasi etimadın rolu böyükdür.


 
Niyə məhz LNG?
 
Digər tərəfdən, maye qazının Türkiyə təbii qaz bazarında rolunun artmasını daha 2 şəkildə izah etmək mümkündür. 
 
Birincisi, ABŞ-Türkiyə ticarət həcmini artırmaq üçün LNG-yə üstünlük verilməsi. Bilindiyi kimi, Donald Trampın Türkiyə ilə münasibətlərində əsas hədəflərindən biri ticarət həcmini 100 milyard dollara çıxartmaqdır. Bunun üçün isə, ABŞ-ın Türkiyəyə maye qazına ixracatına üstünlük verdi. Hətta 2019-cu ilin sonunda Türkiyə-ABŞ arasında 1-ci LNG forumu keçirilməliydi. Lakin forumun bu il 2020-ci ildə keçirilməsi planlaşdırılır. Türkiyənin forumdan əvvəl ABŞ-dan aldığı LNG miqdarını artırması diqqətçəkicidir. Hal-hazırda Türkiyə Avropada ABŞ LNG-sinin ən çox 2 -ci alıcı ölkəsidir. Bu mənada istər LNG alımının artması, istərsə də təbii qaz mənbələrinin artması Türkiyənin qiymət məsələsində əlini gücləndirir.


 
Digər tərəfdən, LNG-nin təbii qaz bazarında həcminin artması onun qiymətinin düşməsinə səbəb oldu ki, bu da Türkiyənin maye qazına üstünlük verməsinə səbəb oldu. Bloomberg Türkiyənin məlumatına görə, Türkiyə Rusiyadan aldığı təbii qazın hər 1000 m3 -nə 230 dolar ödəyir. Halbuki, LNG-nin hər 1000 m3-nə 80-100 dollar ödəyir.  Bu səbəbdən Türkiyə maye qazına üstünlük verdi. Türkiyənin rəsmi xəbər agentliyi Anadolu Agentliyinin xəbərinə görə, Qatar və ABŞ-dan idxal olunan maye qazı ilə birlikdə Azərbaycan qazı Türkiyənin digər mənbələrdən aldığı qaz qiymətlərinin aşağı çəkilməsinə kömək göstərir.
 
Azərbaycan və Türkiyənin təbii qaz bazarı
 
Azərbaycanla Türkiyə arasında ilk təbii qaz müqaviləsi 2001-ci ildə imzalandı və 2007-ci ildən etibarən Azərbaycan Türkiyəyə təbii qaz ixrac etməyə başladı. 2007-2020-ci illər ərzində Azərbaycan Türkiyəyə ən ucuz qaz satan ölkə oldu. Bu illər ərzində Azərbaycan Rusiya və İrandan sonra Türkiyəyə qaz ixrac edən üçüncü ölkə oldu. Lakin Cənub Qaz Dəhlizinin Türkiyə hissəsi olan Trans-Anadolu Boru Xəttinin 2018-ci il iyun ayının 12-də Əskişəhərdə açılması Türkiyə təbii qaz bazarında Azərbaycanın rolu artırdı. 2019-cu ilin may ayında Azərbaycan İranın önünə keçdi və Türkiyəyə 770 milyon m3 təbii qaz ixrac edərək ikinci ən çox təbii qaz satan ölkə oldu. Birinci yerdə Rusiya 894 milyon m3 və üçüncü yerdə İran 543 milyon moldu.


 
2019-cu il noyabr ayının 30-da isə TANAP-ın Avropa bağlantısının Ədirnə şəhərində açılışının olmasından sonra Şahdəniz qazı Türkiyənin Qərb bölgələrinə ixrac olunmağa başladı. Nəticədə 2020-ci ilin mart ayında Türkiyənin ümumi qaz ixracı 8.27 % azalsa da, Azərbaycanın payı artaraq birinci yerə çıxdı. Mart ayı etibarı ilə Türkiyənin qaz idxalatında 23.45 % Azərbaycan, 19.95 % Qatar, 14.15 % İran, 13.69 % Əlcəzair, 9.89 Rusiya % və 9.38 % ABŞ oldu.
 
Əlbəttə Türkiyənin Rusiya ilə imzaladığı müqaviləyə əsasən, əvvəlcədən təsdiq olunan təbii qazın 75%-ni almalıdır. Müqavilədə yer alan “al ya ödə” (take or pay) şərtinə görə, Ankara bu miqdarı almasa belə, pulunu Rusiyaya ödəməlidir. Lakin hal-hazırda bu şərtləri dəyişdirmək üçün, yəni 75 %-i aşağı çəkmək üçün Ankara Moskva ilə müzakirələr aparır. Bu müzakirələr yekunlaşmadığı üçün 2020-ci ilin sonunda yəni qışa yaxın aylarda LNG-nin idxalatdakı payının azalacağı və boru xətləri vasitəsilə qazın daha çox alınacağı düşünülür.


 
Digər tərəfdən Tramp administrasiyası İrana qarşı sanksiyaları Türkiyə-İran enerji münasibətlərinə mənfi təsir göstərdiyi görülür. İran tərəfinin iddiasına görə, 2020-ci ilin mart ayında PKK terror təşkilatı tərəfindən partladıldığı üçün zərər görən Türkiyə-İran təbii qaz boru xəttinin təmir olması fikri Türkiyə tərəfindən müsbət qarşılanmır. Bu isə Türkiyənin İrandan təbii qaz idxalatını daha da azaldacaqdır. Lakin onu da qeyd etmək lazımdır ki, Türkiyənin İranla imzaladığı təbii qaz müqaviləsi da “al ya ödə” cinsindəndir.

Nəticə
 
Nəticədə bir tərəfdən regionda baş verən geosiyasi hadisələr, digər tərəfdən dünya enerji bazarında baş verən hadisələr və Azərbaycan-Türkiyə enerji layihələrinin tamamlanması Türkiyə təbii qaz bazarında Azərbaycanın rolunu mərhələli şəkildə artırdı. 2020-ci ilin sonuna doğru Türkiyənin digər təbii qaz mənbələrindən aldığı qazın miqdarını artırması səbəbilə Azərbaycan təkrar ikinci yerə keçə bilər. Bununla belə, son illərin rəqəmləri göstərir ki, Azərbaycanın Türkiyəyə hər il satdığı qazın miqdarı artır.


 
Azərbaycan qazının Türkiyəyə artmaqdakı səbəbləri isə Azərbaycandan aldığı təbii qazın qiyməti Türkiyə sərhədində daha ucuz qiymətə olmasıdır. BOTAŞ-ın 30 % hissəsinin olduğu TANAP-ın açılışının tamamlanması ilə Azərbaycanın Türkiyəyə təbii qaz ixracatı artmışdır. Bundan başqa, iki ölkə arasında münasibətlərin strateji ortaqlıq səviyyəsində olması, bir-birilərini xarici siyasət və təhlükəsizlik məsələlərində qarşılıqlı-dəstək və hətta koordinasiyası enerji münasibətlərinə də müsbət təsir göstərir. Əlbəttə, Azərbaycan enerji siyasətində heç bir zaman qazı bir geosiyasi vasitə olaraq istifadə etmədiyi kimi, qaz ixrac etdiyi ölkələrin qazını kəsməməsi vaxtında təmin etməsi Türkiyə üçün etibarlı tərəfdaş olmağına səbəb olmuşdur.


Ana səhifəyə qayıt        Baxış: 5 726          Tarix: 27-06-2020, 11:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma