Xəbər lenti


“Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev yaxşı diplomat kimi, ölkəsinin və vətəndaşlarının maraqlarını qorumaq üçün çalışır. Bununla yanaşı, o, ölkəsini daha geniş tarixi və geosiyasi kontekstdə təqdim edir”.
 
Ovqat.com xəbər verir ki, Fransanın “L’essentiel” nəşri Azərbaycanın bu ölkədəki səfirindən aldığı müsahibədə onu belə təqdim edib.
 
 Rəhman Mustafayevin nəşrə verdiyi müsahibəsini  təqdim edirik.
 
-Cənab səfir, Fransada Azərbaycan tarixini bilmirlər. Sizin kitabınız bu problemə çarə ola bilər. Orada Azərbaycan demokratiya baxımından qabaqcıl ölkə kimi təqdim olunur. Bu Cümhuriyyətin demokratikliyinə hansı faktlar dəlalət edir?
 
-Haqlısınız. Birinci respublikanın 1920-ci il yanvarın 10-da məhz Parisdə böyük müttəfiqlər tərəfindən de-fakto tanınmasına, onun nümayəndə heyətinin Fransada keçirilmiş Paris Sülh Konfransında böyük səylər göstərdiyinə, parlamentin sədri, Parisdəki nümayəndə heyətimizin rəhbəri Əlimərdan bəy Topçubaşovun Paris yaxınlığındakı Sən-Klu qəbiristanlığında dəfn olunmasına baxmayaraq, fransızların Azərbaycan haqqında bilikləri azdır.
İlk respublika qısa müddət ərzində – 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək, yəni Qırmızı ordu tərəfindən işğal olunanadək yaşayıb. Lakin qısa, cəmi 23 ay ömür sürməsinə baxmayaraq, o, müstəqil Azərbaycan dövləti ideologiyasının formalaşmasına ciddi təsir göstərib. Azərbaycan müsəlman Şərqində ilk parlamentli dünyəvi respublika olub. O zaman onun daxili və xarici siyasəti XX əsrin əvvəlindəki mütərəqqi prinsiplərdən – azadlıq, humanizm və qanun qarşısında bərabərlik prinsiplərindən ilhamlanmışdı.



Fəaliyətə 1918-ci il dekabrın 7-də başlamış ilk parlamentinin tərkibi də ölkə rəhbərlərinin siyasi yetkinliyini əks etdirirdi. 1918-ci il noyabrın 20-də qəbul olunmuş “Azərbaycan Parlamentinin yaradılması haqqında” qanuna əsasən, parlamentdə yalnız ölkədə fəaliyyət göstərən siyasi partiyalar deyil, həm də Azərbaycan ərazisində yaşayan əsas milli azlıqları təmsil edən 11 qrup da yer alırdı – rus cəmiyyətinin parlament qrupu, iki erməni qrupu, həmçinin yəhudi, alman, gürcü, polyak və Ukrayna icmalarının deputatlarını bir araya gətirmiş vahid milli azlıqlar qrupu.
Respublikanın beş kabineti koalisiyon hökumət şəklində fəaliyyət göstərib. Parlament sədri və hökumətin ilk başçısı isə heç bir partiyaya mənsub olmayıblar. Bütün bunlar ölkənin siyasi sisteminin dərin demokratik xüsusiyyətinə dəlalət edən faktlardır.
 
-Monoqrafiyanızda qeyd edirsiniz ki, birinci respublikanın tarixi nailiyyətlərindən biri qadınlara seçki hüququnun Fransadan belə, çox-çox əvvəl verilməsidir (Fransada bu, 1944-cü ilə təsadüf edir). Bu, nədən irəli gəlirdi?
 


-Bu, reallıqdır və təsadüf deyil. Azərbaycan milli hərəkatının liderləri bu məsələni Rusiyada 1917-ci ilin fevral inqilabından dərhal sonra demokratik proqrama daxil etmişdilər. Azərbaycan qadınının hüquqları ilə bağlı qətnamə Qafqaz Müsəlmanlarının 1917-ci il aprelin 15-dən 20-dək Bakıda keçirilmiş I Qurultayında, Azərbaycan demokratik hərəkatının rəhbərlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə qəbul edilib. Qətnamə Azərbaycan qadınlarının siyasi və vətəndaş hüquqları baxımından kişilərlə bərabər olmasının vacibliyini təsdiqləyirdi. Həmin qurultayın işində iki qadın da iştirak edirdi. Bu, Rusiya imperiyasında ilk dəfə müsəlman qadının siyasi səhnədə ictimaiyyət qarşısına çıxması idi.
Cümhuriyyətin elan edilməsindən sonra, 1919-cu il iyulun 21-də isə “Cümhuriyyətin  Müəssislər Məclisinə seçkilər haqqında” Əsasnaməyə qadın-kişi bərabərliyi prinsipi daxil olunub. Bu prinsipə əsasən, cinsindən, dilindən və etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin yaşı 20-dən yuxarı olan hər bir vətəndaşına bərabər hüquqlar verilib. O zaman seçki sistemində qadın-kişi bərabərliyi prinsipi yalnız Avropanın ən qabaqcıl bir neçə ölkəsində tətbiq olunurdu. Müsəlman ölkələrində bundan söhbət belə, gedə bilməzdi. O dövrün ən qabaqcıl ölkələrindən olan Böyük Britaniya qadınların seçkilərdə iştirak hüququ (o da yalnız 30 yaşdan yuxarı olanlar üçün) yalnız 1918-ci il dekabrın 14-də, yəni Azərbaycan Xalq Cümhuriyyətindən cəmi 7 ay əvvəl qəbul etmişdi.
 
-Beləliklə, 1918-ci ildə Azərbaycan müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika kimi tarixə düşüb. Ənənəvi müsəlman cəmiyyətində dünyəvi respublikanın qurulması necə mümkün olmuşdu?
 
-Azərbaycanlıların Rusiya imperiyası məkanına inteqrasiyası Azərbaycan cəmiyyətinin modernləşməsi, Rusiyanın “mədəni vasitəçiliyi” sayəsində Avropanın təhsil və dəyərlərini, demokratik prinsiplərini mənimsəyən, öz konfessional və etnik xüsusiyyətlərini qoruyub saxlaya bilən milli ziyalı təbəqənin yaranması ilə nəticələnmişdi. XIX əsrin ortalarından etibarən məhz bu ziyalılar (çarizmin onların dövlət qulluğuna, xüsusən də Orduya, İmperiyanın və Qafqazın idarəçiliyinə giriş imkanlarını məhdudlaşdırmasına rəğmən) Azərbaycan mədəniyyətinin və incəsənətinin, dilinin və jurnalistikasının inkişafına töhfə verməyə, milli şüuru oyatmağa başlamışdılar. Bunun nəzərəçarpan müsbət nəticələri arasında qadınlar üçün Şərqdə ilk təhsil müəssisəsinin Bakıda açılmasını (1847-ci il), Azərbaycan dilinin yeni əlifbasının yaradılmasını (1873-cü il), teatrın və milli dramaturgiyanın əsasının qoyulmasını (1873-cü il), ilk milli demokratik qəzetin (“Əkinçi”, 1875-ci il) nəşrə başlamasını göstərmək olar. 1908-ci ildə gənc Azərbaycan bəstəkarı (sonradan müstəqil parlamentli respublikasının himninin müəllifi olacaqdı) Üzeyir Hacıbəyov Şərqin lirikasına çevriləcək “Leyli və Məcnun” operasını yaratmışdı. Azərbaycandakı intellektual partlayışın dərəcəsini və sürətini qiymətləndirmək üçün 1905-1907-ci illərdə Bakının artıq Rusiyada müsəlman jurnalistikasının paytaxtına, Çar imperiyasında müsəlman mədəni və siyasi həyatının mərkəzinə çevrildiyini söyləmək kifayətdir.
XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətindəki məhz bu müasirləşmə meyilləri ciddi dünyəvilik layihəsinin, yəni dünyəvi respublikanın yaranmasına gətirib çıxarıb. Cümhuriyyətin rəhbərləri Rusiya və Avropanın ən yaxşı universitetlərində təhsil almış, Rusiya imperiyasının və Rusiya Demokratik Respublikasının (1917-ci il fevral-oktyabr) parlamentində, həmçinin digər dövlət qurumlarında siyasi iş təcrübəsi qazanmışdılar. Onlar XX əsrin əvvəllərində mütərəqqi Avropa ideyalarından ilhamlanmışdılar, inkişaf etmiş liberal demokratik prinsiplərə, milli ənənələrə bağlı idilər. Azərbaycanın ənənəvi müsəlman cəmiyyətində islahatların promouteri rolunu məhz bu dünyəvi düşüncəli elita oynayırdı. Onlar respublika ideologiyasını da məhz bu dünyəvilik, müasirlik əsasında onlar yaradıblar. “Müəssislər Məclisinə seçkilər haqqında” Əsasnaməyə görə, ibadət yerlərində seçki təbliğatının aparılması qadağan edilmişdi. Bu prinsipi parlamentdə islamçı “İttihad” partiyasının hücumlarından qoruyan, Əsasnamənin müəlliflərindən olan Rəsulzadə deyirdi ki, “yeni təməllər üzərində qurduğumuz dövlət teokratik deyil, demokratikdir. Din və məscid müqəddəsliyini siyasətdən qorumalıdır”.
Məhz bu hüquqi qayda Azərbaycanı müsəlman Şərqinin ilk dünyəvi respublikasına çevirib. Burada din və məscid dövlətdən ayrı tutulub, müsəlman şəxsiyyətinə hörmət təsdiq edilib, lakin din Cümhuriyyətin qurulması prosesindən kənarda olub.
Həqiqətən, birinci respublika mövcudluğu və fəaliyyətilə demokratiya ilə İslamı dünyəvi bir dövlət çərçivəsində ahəngdar şəkildə birləşdirərək, ənənəvi müsəlman cəmiyyətində parlamentli sistemin yaradılmasının mümkünlüyünü nümayiş etdirib. Bu, bizə XX əsrin əvvəllərində verilmiş, haqqında bu gün də düşünülməli olduğumuz tarix dərsidir!


 
- Azərbaycan mətbuat azadlığı baxımından da öncül ölkə olub. Bəs bu gün bu sahədə vəziyyət necədir?
 
- Bəli, birinci respublikada mətbuat azadlığı tam təmin olunmuşdu: müxtəlif partiyaların və milli azlıqların öz dillərində yayımladığı onlarla qəzet və jurnal mövcud idi. O zaman hər hansı mətbuat orqanı yaratmaq üçün yalnız mətbuat üzrə baş müfəttişə bu haqda məlumat vermək kifayət idi. Fəaliyyətdə olan nəşr yalnız məhkəmə qərarı ilə cinayət məsuliyyətinə cəlb edilə bilərdi.
Müasir Azərbaycandakı vəziyyətə gəlincə, bəzi faktları nəzərinizə çatdırmaq istərdim. Dünya Bankının 2018-ci il statistikasına görə, ölkə əhalisinin 80%-nin (8 milyon nəfər) internetə sərbəst çıxışı var. Qonşularımız olan Gürcüstanla Ermənistanda bu göstərici müvafiq olaraq, 64-65%, Fransada 82%-dir. Bu gün Azərbaycanda bütün sosial şəbəkələr sərbəst fəaliyyət göstərir və 3 milyon insan onlardan istifadə edir. Müxalifət “Azadlıq”, “Amerikanın səsi” radiolarına, “Meydan TV” televiziya kanalına, “Turan” xəbər agentliyinə, həmçinin bütün müxalifət partiyaları üçün nəşriyyat şirkətlərinə, “Azadlıq info” onlayn qəzetinə nəzarət edir. Hökumətin əleyhdarları “Turan TV”, “Osmanqızı TV”, “Kanal13” kimi internet telekanallarına sahibdirlər. Bütün bu media orqanları sərbəst, məhdudiyyətsiz yayımlanır.
 
- Monoqrafiyanızda qeyd edirsiniz ki, Cümhuriyyət tarixə Avropa yönümlü respublika kimi düşüb. Bəs bu gün Avropa İttifaqı Azərbaycan üçün hansı rolu oynayır?
 
- İkinci respublikamızın 30 illik müstəqil inkişaf təcrübəsi göstərib ki, Azərbaycanın xarici siyasətinin yeganə məqbul yolu əsas regional aktorlar – Rusiya, ABŞ, Aİ, Türkiyə, İran və digər qonşu ölkələrlə balanslaşdırılmış siyasət strategiyasıdır. 1918-1920-ci illərdə belə tarazlıq mümkünsüz, hətta ağlasığmaz idi – Azərbaycana qarşı müharibə aparılırdı. Müasir şəraitdə Azərbaycan Aİ və onun aparıcı ölkələri, ilk növbədə, Fransa ilə münasibətlərdə bu strategiyadan çıxış etməyə, hərtərəfli əməkdaşlığa çalışır. Bu, ən vacib elementdir.
Aydındır ki, Aİ və onun aparıcı ölkələrilə möhkəm siyasi və iqtisadi əlaqələr olmazsa, bu tarazlıq da mümkün olmayacaq. Xüsusən nəzərə alsaq ki, Avropa bazarı Azərbaycanın xarici ticarətinin 40%-dən çoxunu təşkil edir. Həmçinin yadda saxlamaq lazımdır ki, Aİ standartlarına uyğunlaşma Azərbaycan iqtisadiyyatının modernləşməsinə, ixracyönümlü sənayenin inkişafına, yüksək keyfiyyətli mal və xidmətlərin yaradılmasına, ümumilikdə milli iqtisadiyyatın regional bazarın dar çərçivəsindən kənarda inkişafına əhəmiyyətli dərəcədə töhfə verir.



Aİ ilə dəyərlər sahəsində yaxınlaşma da Bakı üçün eyni dərəcədə əhəmiyyətlidir. İnsan hüquqları, ictimai və siyasi həyatın demokratikləşməsi, iqtisadiyyatın liberallaşdırılması, fundamental hüquq və azadlıqların təmini sahəsində Avropa standartları dövlətimizin inkişafının, təhlükəsizliyinin möhkəmlənməsi üçün vacibdir.
Öz növbəsində, Azərbaycan da Aİ və onun xarici siyasəti üçün maraq kəsb edir. Birincisi, Azərbaycan bölgənin ən böyük iqtisadiyyatına malikdir, proqnozlaşdırıla bilən və siyasi baxımdan sabit ölkədir. Azərbaycan Aİ-yə üzv ölkələrin əksəriyyəti üçün Cənubi Qafqaz regionunda prioritet ticarət və investisiya tərəfdaşıdır.
İkincisi, Aİ enerji təhlükəsizliyini məhz Azərbaycan vasitəsilə gücləndirməyə ümid edir. 2020-ci ildə “Cənub Qaz Dəhlizi” ilə Avropa istehlakçılarına ilk qazın çatdırılması nəzərdə tutulub. Layihədə iştirak edən ölkələr – Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya isə artıq infrastrukturun inkişafına investisiya qoyuluşu, yeni iş yerlərinin yaradılması kimi real fayda əldə edir.
Nəhayət, dediyimiz kimi, siyasi cəhətdən sabit, tolerant və xarici dünyaya açıq dünyəvi müsəlman ölkəsi olan Azərbaycan ekstremizmin, dini və etnik dözümsüzlüyün yayıldığı geniş müsəlman bölgəsində Aİ üçün yaxşı nümunədir.
 
- Kitabınızda 1918-1920-ci illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs edirsiniz. Bu münaqişə 1987-1988-ci illərdə yenidən alovlanıb. Hazırda vəziyyət necədir? Minsk qrupu problemin həllində irəliləyişə nail ola bilirmi?
 
- İndi olduğu kimi, 1918-1920-ci illərdə də Ermənistanla qarşıdurma ərazi iddiaları üzündən baş qaldırmışdı. O zaman respublikanın müstəqilliyini itirməsinə səbəb olmuş amillərdən biri məhz bu münaqişə idi. Kitabımda Qırmızı ordunun 1920-ci ilin mart-aprel aylarında Azərbaycanın şimal sərhədlərinə yürüşünün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ, Zəngəzur və Naxçıvan mahallarında apardığı hərbi əməliyyatlarla tam koordinasiya şəraitində həyata keçirildiyini nümayiş etdirən faktlar yer alıb.
Azərbaycan bu gün də eyni təhdidlə, eyni risklərlə üz-üzədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və səbəbləri dəyişməyib. Azərbaycan ərazisinin 20%-i Ermənistanın hərbi işğalı altındadır. 1990-cı illərin əvvəllərində silaha əl atan Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edib. Nəticədə yüz minlərlə azərbaycanlı bu münaqişənin qurbanına, qaçqın və məcburi köçkünə çevrilib. 1992-1993-cü illərdə 600 min azərbaycanlı deportasiya olunub, o cümlədən 40 mindən çox insane Dağlıq Qarabağdan qovulub. Bu, orada yaşayan əhalinin 24%-i deməkdir.



Münaqişənin həlli üçün hüquqi baza da dəyişməyib. Bu, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdir ki, onlar da Azərbaycana qarşı təcavüzlə bağlı beynəlxalq birliyin aydın və birmənalı mövqeyini əks etdirir. Bu sənədlərdə Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə, suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə olunur, erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasının vacibliyi bildirilir. Sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmış əhalinin öz doğma yurdlarına qayıtmaq, orada yaşamaq hüququ da təsdiqlənir. Bizim mövqeyimizin əsasını da məhz bu prinsiplər təşkil edir – Azərbaycanın ərazi bütövlüyü kompromis, müzakirə mövzusu deyil və olmayacaq!
Minsk qrupuna gəldikdə, onun fəaliyyəti Azərbaycan cəmiyyətində dərin məyusluq yaradır. Bu gün – qeyd etdiyim qətnamələrin qəbulundan 27 il, Minsk qrupunun yaradılmasından 25 il sonra hər kəsə, o cümlədən həmsədrlər olan Rusiya, ABŞ və Fransaya aydındır ki, Ermənistan bu münaqişənin sülh yolu ilə həllini istəmir, sözügedən qətnamələrin müddəalarını tətbiq etməkdən, qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmaqdan boyun qaçırır. Bu ölkə Ermənistan-Azərbaycan sərhədində silahlı qarşıdurmalara səbəb olur, işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimi hər vasitə ilə legitimləşdirməyə çalışır, orada qanunsuz iqtisadi fəaliyyət göstərir, Yaxın Şərqdən gələn erməni qaçqınların orada yerləşdirilməsini davam etdirir.
Həmsədrlər beynəlxalq hüququn normalarını ciddi şəkildə pozan bu halları laqeydcəsinə izləməməlidir. Onlar 1995-ci il martın 23-də əldə etdikləri mandata uyğun olaraq, siyasi razılaşmaya çalışmalı, bu məqsədlə münaqişə tərəflərilə danışıqlar aparmalı, fəaliyyətlərində ATƏT-in, BMT Nizamnaməsinin norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş müvafiq qətnamələrini rəhbər tutmalıdırlar. Biz Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir, onların çətin şərtlərlə üz-üzə olduqlarını başa düşürük. Lakin onların mandatlarına uyğun olaraq, daha konkret, daha təsirli tədbirlər görməsini istəyirik. İşğalın qurbanı olan, bir milyon vətəndaşına qarşı etnik təmizləmənin aparıldığı ölkə kimi, Azərbaycan münaqişənin mümkün qədər tez həll edilməsində ən çox maraqlı olan tərəfdir.
Münaqişənin həllində Fransanın üzərinə xüsusi məsuliyyət düşür. Biz Fransadan Avropanın aparıcı gücü, BMT Təhlükəsizlik Şurasının üzvü statusuna uyğun obyektiv yanaşma, daha ciddi səylər gözləyirik. Paris dünyanın bütün digər ölkələrində suverenlik prinsiplərinə, sərhədlərin toxunulmazlığına və insan haqlarına gösrətdiyi dəstəyi Azərbaycana, onun vətəndaşlarına da qarşı da göstərməlidir. “İkili standartlar”dan çıxış olunması qəbuledilməzdir. Azərbaycanlı qaçqın və köçkünlərin hüquqları artıq təqribən 30 ildir pozulur və artıq buna dözmək olmur. Onların Dağlıq Qarabağ bölgəsindəki doğma evlərinə, kəndlərinə və şəhərlərinə qayıtmaq hüquqlarına hörmət edilməli və bu, Avropa İttifaqındakı tərəfdaşlarımızın, o cümlədən Minsk qrupunun həmsədri kimi, Fransanın diqqət mərkəzində olmalıdır.


 
- Fürsətdən istifadə edərək, Fransa-Azərbaycan münasibətləri haqda da fikirlərinizi bilmə istərdik.
 
- Azərbaycan Fransanın Cənubi Qafqaz regionundakı əsas iqtisadi tərəfdaşı olub və indi də belədir. 2018-ci ildə Fransanın regionumuzla ticarət dövriyyəsinin 62%-i Azərbaycanın payına düşüb. Həmin dövrdə Fransa bölgəyə yatırdığı investisiyanın 64%-ni Azərbaycan iqtisadiyyatına qoyub.
Ölkəmiz Fransa ilə bir çox sahələrdə – böyük infrastruktur və ətraf mühitin qorunması layihələrindən, frankofoniya, daha geniş regional təhlükəsizlik layihələrindən (o cümlədən Afrikada) tutmuş, beynəlxalq humanitar layihələrə və təşəbbüslərədək bütün sahələrdə əməkdaşlığa hazırdır.
Bizim ümumi vəzifəmiz bu əməkdaşlığa iqtisadiyyatımıza, müasir beynəlxalq və regional vəziyyətin tələblərinə cavab verən yeni məzmun və keyfiyyət qazandırmaqdır. İkitərəfli münasibətlərin dinamik inkişafında fransalı tərəfdaşlarımızın dəstəyinə inanırıq.
 
Kleman Ero



Ana səhifəyə qayıt        Baxış: 3 865          Tarix: 29-06-2020, 23:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma