Xəbər lenti

 

 
Salam, əziz Ovqat.com izləyiciləri. Ovqat.com olaraq sizləri Naxçıvan MR Sədərək rayonundan salamlayırıq.
 
Budur biz artıq Sədərək ərazisinə daxil oluruq. Göründüyü kimi yol boyu yeni əkilmiş ağaclar var və biz bu ağacların arasından keçirik. Bu rayona səfərimizin əsas məqsədi də məhz bu ağaclardır.
 
Məlum olduğu kimi,  iki gün əvvəl Sədərəkdən redaksiyamıza şikayət məktubu daxil olmuşdu. Məktuba Sədərəkdən çəkilmiş bir video da əlavə edilmişdi.
 
Həmin videoda şikayətçi vaxtilə Sədərək ətrafında erməni hücumlarına qarşı təbii istehkam kimi istifadə olunan çoxillik ağacların kəsilməsindən bəhs edir və bu yaşıl soyqırımın səbəbini anlamadığını bildirirdi. Şikayətçinin sözlərinə görə, 1988-90-cı illərdə Sədərəyə erməni hücumları zamanı əhali həmin ağacların altına sığınmış və orada çadır quraraq yaşamış, ermənilərə qarşı vuruşmuşdu. İndisə  rayonun icra başçısı Həbib İbrahimov 60-70 yaşları olan ağacları kəsir.



 
Biz də bu iddianı araşdırmaq üçün Ovqat.com-un Muxtar Respublika nümayəndəsini Sədərəyə göndərmişik. Nümayəndəmiz rayon mərkəzinin girişində yeni salınmış ağaçlıqla qarşılaşıb. Biz də onun çəkdiyi videonu sizinlə paylaşırıq. Amma təəssüf edirik ki, bizim bu videomuzu Sədərək və ümumiyyətlə Naxçıvan Muxtar Respublika əhalisi görə bilməyəcək. Çünki yazılarımız Muxtar Respublika rəhbərliyinin xoşuna getmədiyi üçün kiçik torpaqda Ovqat.com-a giriş məhdudlaşdırılıb. Halbuki biz öz səhifələrimizdə bütün fikirlərə yer verir, şikayətləri də, qarşı tərəfin mövqeyini də işıqlandırırıq. Sədərəyə bu səfərimizin də dediklərimizə sübutdur.
 
Göründüyü kimi, Sədərəyin girişi həqiqətən də yeni əkilmiş ağaclarla əhatələnib. Bu, rayonda yaşıllaşdırma işlərinin aparıldığını göstərir. Bununla belə, adının  açıqlanmasını istəməyən şikayətçinin iddialarını təkzib etmir. Ona görə ki, şikayətçi 60-70 il əvvəl əkilmiş ağacların qırıldığından bəhs edirdi. Üstəlik, onun fikirlərindən belə anlaşılırdı ki, Sədərəyin ermənilərlə sərhəd olan hissəsində ağaclar kəsilib. Biz isə rayon mərkəzinin girişini lentə ala bildik. Ümidvarıq ki, rayon rəhbərliyi iddialarla bağlı bizi şəxsən məlumatlandıracaq və Sədərəyin şimal hissəsinin də videosunun çəkilməsində bizə öz köməkliyini əsirgəməyəcək. Bununla belə, Sədərəyin yaşıllaşdırılması işinə diqqət ayırdığına görə, Ovqat.com adından Həbib müəllimə təşəkkürümüzü bildiririk.


 
Amma üzgünük ki, o da bizim təşəkkürümüzü eşitməyəcək. Səbəb yenə eynidir: Muxtar Respublika rəhbərliyi saytımızda çıxan iddialara aydınlıq gətirmək əvəzinə bizim Naxçıvanda görünməmizə qadağan qoymuşdur. Yəni saçdakı kəpəyi təmizləmək zəhmətinə qatlanmaq istəmədiyindən başın kəsilməsinə qərar vermişdi.
 
Sonda onu da qeyd edək ki, material dərcə hazırlanarkən Sədərəkdən yeni məlumat aldıq. Bildirildiyinə görə, yazımızdan narahat olan Sədərək İcra hakimiyyəti bizə məlumat ötürən və məlum videonu çəkən adamın axtarışına başlayıb. Şübhəlilərdən biri polis idarəsinə çağırılıb və təhdid olunub. Ümidvarıq ki, Naxçıvan Muxtar Respublika rəhbərliyi Sədərəkdə baş verən bu hadisələri nəzarətə götürəcək və insanların informasiya almaq və yaymaq hüququnun məhdudlaşdırılması cəhdinin qarşısını alacaq. 



Aldığımız digər bir məlumata görə, Sədərəkdəki yaşıl soyqırımı ilə bağlı işıqlandırdığımız informasiya Muxtar Respublika rəhbərliyini hərəkətə gətirib və Naxçıvanın Ekologiya və Təbii Sərvətlər nazirinə töhmət verilib. Nazir də Vasif Talıbovun bu qulaqburmasından sonra Sədərəyin icra başçısından hüquq-mühafizə orqanlarına şikayət edib. Belə görünür ki, Həbib müəllimin işi göydə Allaha, yerdə Vasif müəllimə qalıb. 
 
Biz Muxtar Respublika rəhbərliyinə icra başçısı barədə tədbir görərkən tələsməməyi tövsiyyə edirik. Çünki onun fəaliyyəti barədə xeyli məlumatımız olacaq. Hamısını toplayıb bir yerdə tədbir görülsə, hüquq mühafizə orqanlarına da çox yük düşməz.
 
Hələlik.


Ana səhifəyə qayıt        Baxış: 6 194          Tarix: 2-07-2020, 13:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma