Xəbər lenti

 
 
“Son illər Azərbaycanda prezident İlham Əliyev tərəfindən ciddi struktur islahatları aparılır. Burada əsas məqsədlərindən biri dövlət qurumlarının fəaliyyətinin yenilənməsi, gənc mütəxəssislərin inzibati işlərə cəlbilə yanaşı, həm də ölkədə sosial-siyasi sabitliyin qorunmasıdır”.
 
Ovqat.com xəbər verir ki, İranın “Khabarban” nəşri “Azərbaycanda struktur islahatları” sərlövhəli məqaləsində belə deyir. 
 
DTX-nın apardığı əməliyyatlardan da bəhs edən məqaləni təqdim edirik:
 
 
Beynəlxalq arenada kifayət qədər fəal ölkə olan Azərbaycan regional münasibətlərin, ayrı-ayrı dövlətlərlə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətilə yanaşı, daxildə də sosial-siyasi sabitliyi qorumağa çalışır. 10 milyon əhalisi, 86,6 min kvadrat kilometr ərazisi olan Azərbaycan istər siyasi, istərsə də iqtisadi baxımdan Cənubi Qafqaz regionunun əsas ölkəsi sayılır.
 
Son illər Azərbaycanda prezident İlham Əliyev tərəfindən ciddi struktur islahatları aparılır. Burada əsas məqsədlərindən biri dövlət qurumlarının fəaliyyətinin yenilənməsi, gənc mütəxəssislərin inzibati işlərə cəlbilə yanaşı, həm də ölkədə sosial-siyasi sabitliyin qorunmasıdır.
 
Sosial-siyasi vəziyyət
 
Müstəqilliyinin ilk illərindən Ermənistanla Dağlıq Qarabağ bölgəsi üstündə müharibə vəziyyətində olan Azərbaycan, həmin dövrdə Xalq Cəbhəsinin bir illik hakimiyyəti nəticəsində daxili siyasi böhranla da üzləşmişdi. Ölkə bu vəziyyətdən yalnız 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsilə xilas ola bilib. Böyük təcrübəyə malik keçmiş sovet siyasətçisi Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda iğtişaşlara son qoymağı, ölkədə sosial-siyasi sabitliyi bərpa etməyi bacarıb.
 
Ermənistanla Azərbaycan arasında 1994-cü ildə imzalanmış atəşkəs sazişindən sonra yenə də Heydər Əliyev Xəzər dənizinin neft-qaz ehtiyatlarının işlənilməsi məqsədilə bir sıra transmilli korporasiyalarla müqavilələr imzalayıb, bu da növbəti mərhələlərdə ölkənin sosial-iqtisadi inkişafına ciddi təkan verib.
 
2003-cü ildə Azərbaycan prezidenti seçilmiş İlham Əliyev həm xarici, həm də daxili siyasətdə atası Heydər Əliyevin strategiyasının davam etdiriləcəyini bəyan edib. Nəticədə sonrakı illərdə Xəzərin neft yataqlarının işlənməsindən əldə olunan böyük gəlirlər Azərbaycan dövlətinə müxtəlif iqtisadi və sosial layihələri həyata keçirmək, mövqeyini möhkəmləndirmək imkanı yaradıb.
 
Artıq qeyd etdiyimiz kimi, Azərbaycan müstəqilliyinin ilk illərindən bu gün də ölkənin əsas problemi sayılan Dağlıq Qarabağ münaqişəsilə üz-üzə qalıb. İlk illərdə bu problemin həllində Qərbə böyük ümidlər bəslənsə də, illər keçdikcə Azərbaycan xalqı və rəsmi dairələri Qərbin ikili siyasət yürütdüyünün, əslində, Qarabağ probleminə biganəliyinin fərqinə varıb. Nəticədə Azərbaycan cəmiyyətində Qərblə bağlı məyusluq o qədər artıb ki, xüsusilə müstəqilliyin ilk dövrlərində nüfuza sahib olmuş Qərbyönümlü siyasi partiya və təşkilatlar bu gün demək olar ki, mövcudluğunu itirib. Bundan başqa, ölkə rəsmiləri Qərbyönümlü siyasi qüvvələri zaman-zaman “Qərbə bağlı beşinci kolon” adlandırır, onları müxtəlif təxribatlarda, ölkədə ictimai sabitliyi pozmaq cəhdində ittiham edir.
 
Hazırda Azərbaycanda yeganə güclü siyasi qüvvə sayılan Yeni Azərbaycan Partiyası bu ilin fevralında keçirilmiş parlament seçkisində ölkənin 125 yerlik parlamentində mütləq çoxluğa sahib çıxıb. Müxalifət qüvvələri seçkidə qanun pozuntularına yol verildiyini, dövlətin inzibati resurslarından hakim partiyanın lehinə istifadə olunduğunu iddia etsə də, rəsmilər bu iddiaları qəbul etmir.
 
Korrupsiya ilə mübarizə
 
Qeyd etdiyimiz kimi, son dövrdə Azərbaycanda struktur islahatları aparılır. Hökumət bu islahatların məqsədlərindən birinin korrupsiya ilə übarizə olduğunu bildirir. Məsələ ondadır ki, Azərbaycanda korrupsiya və rüşvətxorluqla mübarizənin vacibliyi bir sıra beynəlxalq təşkilatların hesabatlarında da əksini tapıb.
Hər halda, Azərbaycan prezidenti İlham Əliyev dövlət orqanlarında aparılan struktur islahatları çərçivəsində korrupsiyaya qarşı mübarizəni əsas prioritetlərdən elan edib. Bunun ardınca Əbülfəs Qarayev rəhbərlik etdiyi Mədəniyyət Nazirliyinin bir sıra yüksək vəzifəli şəxsləri həbs olunub, nazir isə vəzifəsindən azad olunub. Azərbaycan Mədəniyyət Nazirliyinin bir sıra yüksək vəzifəli məmurları Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məhz korrupsiya, rüşvətxorluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə saxlanılıblar.
 
Amma görünən odur ki, bu, hələ son deyil. Hər halda, prezident İlham Əliyev son çıxışlarında dövlət orqanlarında çalışan vəzifəli şəxslərə və məmurlara davamlı olaraq xəbərdarlıq edir, dövlətin korrupsiya ilə mübarizə aparmaq əzmində olduğunu, heç kəsin bu işdən kənarda qala bilməyəcəyini bildirir.
 
Bundan başqa, son bir neçə ayda Azərbaycanın beş rayonunun – Ağstafa, Yevlax, Biləsuvar, Neftçala və İmişli – icra hakimiyyətinin başçıları korrupsiya, rüşvətxorluq və mənimsəmə ittihamları ilə həbs ediliblər.
 
Azərbaycanın əsas problemi – Dağlıq Qarabağ münaqişəsi
 
Azərbaycan cəmiyyəti üçün ən ağrılı və həssas məsələlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20%-i Ermənistan tərəfindən işğal olunub və artıq təxminən 30 ildir ki, Bakı həmin ərazilərə nəzarət etmir. İşğalın bu qədər uzanması Azərbaycan xalqının haqlı narahatlığına səbəb olur.
 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb, 1992-ci ildə hərbi qarşıdurmaya çevrilib. Müharibə nəticəsidə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu Ermənistan tərəfindən işğal edilib. 1994-cü ilin mayında tərəflər arasında atəşkəs sazişi imzalansa da, münaqişənin sülh yolu ilə nizamlanmasına vasitəçilik edən, Rusiya, Fransa və ABŞ-ın həmsədri olduğu ATƏT-in Minsk qrupunun səyləri bu günədək heç bir nəticə verməyib. Münaqişənin həllinə Ermənistanla Azərbaycanın mövqelərində ciddi fərqlərin olması imkan vermir. Dağlıq Qarabağ münaqişəsinin həllini xarici siyasətinin prioriteti elan etmiş Azərbaycan hesab edir ki, problem onun ərazi bütövlüyü əsasında çözülməlidir. Bakıda hesab edirlər ki, beynəlxalq hüququn normalarına uyğun həll yolu məhz budur.
 
Ermənistan isə problemin xalqların öz müqəddəratını təyin etməsi hüququ əsasında həll edilməli olduğunu bildirir. Bu isə ölkələrin ərazi bütövlüyü prinsipilə tam ziddiyyət təşkil edir.
 
Məhz bu fikir ayrılığı bölgənin əsas probleminin həllinə ümidləri azaldır. Bununla yanaşı, mütəxəssislər hesab edir ki, problemin həllinə tərəflər arasında etimadın olmaması, hər iki ölkədə qarşılıqlı nifrətin aşılanması da mane olur.
 
Bir sözlə, Ermənistan öz qüvvələrini Dağlıq Qarabağdan çıxarmaqdan imtina edir, Azərbaycan isə ərazisinin bir hissəsinin işğalı ilə heç vaxt barışmayacağını bildirir. Münaqişəsinin sülh yolu ilə həllində konkret nəticənin olmaması isə Azərbaycan cəmiyyətində beynəlxalq vasitəçilərə inamsızlıq yaradır.
 
Koronavirus pandemiyası
 
Bu gün bir çox ölkə kimi, Azərbaycan da koronavirus pandemiyası ilə mübarizə aparır. Hökumət virusun yayıldığı ilk günlərdən onun ölkə iqtisadiyyatına mənfi təsirlərini minimuma endirmək məqsədilə 2,5 milyard manat (1,7 milyard dollar) vəsait ayırmışdı. Bundan başqa, Azərbaycan hökuməti ölkədə ümumilikdə 300 min işsiz insana hər ay 190 manat (110 dollar) yardım ödəyir. Yerli iqtisadi ekspertlərin fikrincə, ölkədə koronavirusun ən çox zərbə vurduğu sahə turizm sektorudur. Pandemiyanın ixraca vurduğu zərər isə o qədər də ciddi deyil. Azərbaycada ixracın böyük hissəsini neft və neft məhsullarının təşkil etdiyini nəzərə alsaq, ölkənin iqtisadi durumu daha çox beynəlxalq neft bazarındakı vəziyyətdən asılıdır. Ölkənin 2020-ci il dövlət büdcəsində bir barel neftin qiyməti 55 dollar göstərilib.
 
Lakin koronavirus pandemiyası istənilən halda, regional iqtisadi münasibətlərə mənfi təsir göstərib, region ölkələri arasında iqtisadi münasibətlərdə müəyyən problemlər yaradıb. Bununla yanaşı, region ölkələri arasında əldə olunmuş razılığa əsasən, tranzit daşımaları davam edir.
 
Hər halda, digər ölkələr kimi, Azərbaycan da koronavirusla karantin rejiminin tətbiqilə mübarizə aparır. Son ay ərzində ölkədə koronavirusa yoluxma hallarının artması nəticəsində iyunun 21-dən etibarən Bakıda və daha 7 rayonda 2 həftəlik sərt karantin rejimi tətbiq edilir. Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, Bakı, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Abşeron, Gəncə və Masallı şəhərlərində iki həft ərzində sərt karantin rejimi davam edəcək. Bu 2 həftədə sözügedən şəhərlərə giriş-çıxış qadağandır. Bundan başqa, həmin rayon və şəhərlərdə insanlar evlərini yalnız Daxili İşlər Nazirliyinin elektron sistemi vasitəsilə icazə alaraq tərk edə bilər. O da yalnız 2 saat müddətinə. Bu müddətdə həmin şəhər və rayonlarda aptek, tibb mərkəzləri və ərzaq mağazalarından başqa bütün ticarət və xidmət mərkəzləri bağlıdır.
 
Azərbaycanın müvafiq qurumları son bir ayda ölkə vətəndaşları arasında koronavirusa yoluxma hallarının artmasından narahatlığını ifadə edir. Ölkədə koronavirus xəstəsi olan 17 554 nəfərin yarısından çoxu məhz son həftələrdə xəstələnib. Bu üzdən sərt karantin rejiminin müddəti davamlı olaraq uzadılır. Karantin rejiminə uyğun olaraq, Azərbaycanın dövlət sərhədləri də ən azı avqustun 1-dək bağlı qalacaq. Məhdudiyyət yalnız yük maşınlarına, o cümlədən tranzit daşımaları ilə məşğul olanlara aid deyil.
 
Bu günədək Azərbaycanda 9 715 koronavirus xəstəsi müalicə alaraq, xəstəxanadan evə buraxılıb, 213 nəfər həyatını itirib. Xüsusi xəstəxanalarda 7596 nəfərin müalicəsi davam edir.


Ana səhifəyə qayıt        Baxış: 3 894          Tarix: 7-07-2020, 19:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma