Xəbər lenti

Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” adlı məqaləsi cəmiyyətdə geniş rezonans doğurub. Məqaləni İlham Əliyevin yaxın 7 illik hakimiyyət dönəmi üçün nəzərdə tutduğu “yol xəritəsi” hesab edənlər az deyil.

Xatırladaq ki, R.Mehdiyevin məqaləsində yeni mərhələdə həyata keçiriləcək kadr, struktur islahatları ilə bağlı ciddi siqnallar əksini tapıb.

PA rəhbərinin  üzərində dayandığı vacib məqamlardan biri struktur islahatlardır: “Dövlət idarəetmə sistemində islahatlar ağrılı və çətin prosesdir. Lakin siyasi hakimiyyəti güclü və sabit olan ölkələrdə iqtisadi islahatlar və struktur dəyişiklikləri rəvan bir şəkildə həyata keçirilir. Çünki hakimiyyətin siyasi gücü həmin islahatların aparılması yolunda qarşıya çıxan ”maneələri” asanlıqla dəf etməyə imkan verir”.

Qeyd edək ki, PA rəhbəri barəsində çoxdan danışılan iqtisadi sferadakı bir-birini təkrarlayan dövlət qurumlarının ləğv ediləcəyinin anonsunu da verib. Məqalədə deyilir ki, iqtisadi yönümlü dövlət orqanlarının bir çoxunun fəaliyyətində bir-birini təkrarlayan funksiyalar və vəzifələr mövcuddur. R. Mehdiyevin məqaləsində struktur islahatlarında büdcəyə daxilolmalara ciddi önəm veriləcəyinə mesajlar var.

Administrasiya rəhbərinin ciddi siyasi platforma xarakterli məqaləsini dəyərləndirən politoloq Qabil Hüseynlinin fikrincə, məqalədə Azərbaycan dövlətçiliyinin gələcək inkişaf yolları əsasən 3 istiqamətdə cəmləşdirilib: “Bunlar kadr siyasəti, struktur islahatları və dövlət vəsaitlərinin qənaətlə xərclənməsi, onlardan səmərəli istifadə məsələləridir. Doğrudan da, ölkədə prezident İlham Əliyevin vahid komanda prinsipi ilə işləyən komandası formalaşıb. Lakin bu komandanın təkmilləşməyə, gəncləşməyə, yeni təcrübəli, savadlı, gözü-könlü tox adamlarla zənginləşdirilməsinə böyük ehtiyac var. Ramiz Mehdiyev də öz fikirlərini bu istiqamətdə cəmləşdirib. Doğrudan da bütün dövrlərdə hər şeyi kadrlar həll edir. İndiki dövrdə də kadr siyasətindən dövlətin uğurlu inkişafı asılıdır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, yeni formalaşdırılacaq kadr korpusu günün tələblərinə, beynəlxalq ölçülərə, əsas standartlara cavab verəcək, əqli-mənəvi cəhətdən təmiz və öz dövlətini sevən, vətənpərvər insanlardan ibarət olacaq”.

R.Mehdiyevin məqaləsində vurğulanan ikinci məqama-struktur islahatlarına gəlincə, Q.Hüseynlinin sözlərinə görə, onların aparılması zəruridir: “Çünki keçmiş sosialist respublikalarının bir çoxunda sovet dövründən qalma idarəçilik təcrübəsi, idarəetmə metodları, eləcə də bu metodları həyata keçirən idarəçilik strukturları qalmaqdadır. Müstəqil dövlətin öz müstəqil dövlətçilik prinsipləri olmalıdır. Bu prinsiplər idarəetmə aparatının, bürokratiyanın bütün istiqamətlərinə öz təsirini göstərməlidir. Zənnimcə, struktur islahatlarına artıq İlham Əliyev tərəfindən başlanılıb. Yenidən seçildikdən sonra bu islahatların daha dəqiqliklə, son məqama qədər, riskli addımlar atılmaqla həyata keçirilməsi, fikrimcə, idarəetmə aparatının sadələşdirilməsi, ucuzlaşdırılması, həm də idarəetmənin keyfiyyətinin yüksəldilməsinə gətirib çıxara bilər”.

Politoloq onu da deyir ki, dövlət vəsaitlərindən qənaətlə və səmərəli istifadə məsələsi də hazırda Azərbaycan üçün aktual istiqamətlərdən biridir: “Bu, çox ciddi əhəmiyyət kəsb edən məsələdir. Belə ki, artıq neft erasının elə bir mərhələsinə gəlib çatmışıq ki, dövlət vəsaitlərinə, büdcə pullarına ciddi qənaətlə yanaşmalı, hər qəpiyin qədrini bilməliyik. Xüsusən də bu sahədə olan dələduzluq, talançılıq, dövlət vəsaitlərinin mənimsənilməsi kimi hallara yol verilməməlidir. Bu prinsiplərin Ramiz Mehdiyev tərəfindən önə çəkilməsi mühüm məsələdir”. (Musavat.com) 

 




Ana səhifəyə qayıt        Baxış: 908          Tarix: 20-04-2018, 13:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma