Xəbər lenti

 
Ermənistan-Azərbaycan münasibətlərini istər tarixi kökləri, istərsə də geosiyasi nöqteyi-nəzərdən Türkiyədən ayrı təsəvvür etmək mümkün deyil. Bununla yanaşı, tarixin təkrarlamaq kimi xüsusiyyəti, maraqları dövlətlər üçün isə tarixin təkrarlanmasından çıxarılacaq dərslər var. İşin içərisində Türkiyə də varsa, qlobal güclər və beynəlxalq təşkilatların tarixin bu səhifələrini öz maraqlarına uyğun oxumaq cəhdləri daha aydın hiss olunur.
 
Ovqat.com xəbər verir ki, Türkiyənin “Habertürk” nəşrinin müəllifi Kürşad Zorlunun qələmə aldığı “Diqqət! Zəngəzur dəhlizini xatırlayırsınız?” sərlövhəli məqaləsində belə deyilir.
 


Müəllifin fikrincə, Azərbaycanın Tovuz rayonunda baş verənlərin bu konteksdə təhlil edilməsi çox vacibdir: “Çünki beynəlxalq sistemin, yaxud sistemsizliyin hər ölkə üçün eyni dərəcədə ədalətli olduğunu söyləmək mümkün deyil. Məsələn, belə olsaydı, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı hələ 1993-cü ildə qəbul etdiyi qətnamələr, daha sonra isə Ermənistanın Qarabağdan çəkilməli olduğuna dair saysız-hesabsız bəyanatları “dalanına dirənməz”, real nəticə verərdi.
 
Həqiqət ondan ibarətdir ki, Türkiyə ilə Azərbaycanın ərazi bütovlüyü, təhkükəsizliyi və sabitliyi məsələsi qarşılıqlı olaraq, hər iki ölkənin şah damarına çevrilib. İndi, bu məsələ hətta özündə 200 milyondan artıq insanı birləşdirən Türk dünyasının gələcəyi baxımından da çox vacibdir.
 
Məhz bu kontekstdə Türkiyə-Rusiya münasibətləri çox qarışıq və riskli təsir bağışlayır. Son 3 əsrə nəzər saldıqda görürük ki, bu iki dövlət bir-birilə münasibət qurmaq məcburiyyətində qaldıqları qədər, hər zaman bir-birinə zidd şərtlərə, amillərə sahib olublar. Enerji layihələri, turizm potensiyalı və ya xarici ticarət statistikası nə vəziyyətdə olursa olsun, Avrasiya coğrafiyasında dəyişməz, bir-birinə zidd maraqlar hər zaman qalmaqdadır. Rusiya prezidenti Vladimir Putinin xarici siyasətdə I Pyotr və ya Stalin üslubuna bənzər üslub nümayişi də təsadüf deyil. Uzağa getməyək, biz təhlükəsizlik sahəsindəki boşluqları doldurmaq üçün Moskvadan “S-400”-lər alan zaman belə, ruslar üçün əsas hədəf başqa idi: Türkiyəni NATO-dan uzaqlaşdırmaq, yeni çoğrafiyalara yönəlmək üçün Ankaradan tramplin kimi istifadə etmək.


 
Liviyada, Suriyada, Kiprdə, Krımda yaşananlara baxdıqda da bütün səylərin Türkiyənin əl-qolunu bağlamağa yönəldiyini görürük. Bu siyasətə görə, Türkiyə yalnız onların icazə verdiyi qədər və razılaşdığı şərtlərlə irəliləyə bilər.
 
Bu gün baş verənləri işıqlandırmaq üçün bir tarixi hadisəni də yada salmaq istərdim.
 
Zəngəzur dəhlizi…
 
Söhbət Azərbaycanın cənub-şərqinədəki rergiondan gedir. Ruslar 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra oranı addım-addım Ermənistana təslim etməyə başlamışdılar. Onlar əvvəlcə bölgənin demoqrafik tərkibini dəyişdi, sonra isə işğala dəstək oldular. Elə həmin dövrdə ermənilər Osmanlı imperiyasına qarşı da silahlandırılır, burada hakimiyyət boşluğunun yaradılmasına çalışılırdı. Ermənilərdən bir tərəfdən Anadoluda istifadə olunur, digər yandan onlar Qafqazdakı oyunun bir parçası halına gətirilirdilər.
 
O dövrdə Zəngəzur dəhliz olaraq, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında sanki bir sədd idi. Təsəvvür edin ki, Zəngəzur bölgəsi Azərbaycanın ərazisi kimi qalsaydı, Türkiyə ilə Azərbaycan az qala birləşmiş vəziyyətdə olacaqdı...
 
Bununla kifayətlənməyən eyni qüvvələr Ermənistana Qarabağın işğalında da açıq şəkildə dəstək verib. Beləliklə, Azərbaycanla Naxçıvan arasındakı xətt yox edilib, Türkiyə ilə Azərbaycan arasındakı çoğrafi divar isə daha güclü hala gətirilib. Bununla da Türkiyə və Türk dünyasının inteqrasiyası pozulub.


 
Ermənistanın son bir həftədir hücumlara məruz qoyduğu Tovuz rayonu da dəmir yolu və boru kəmərlərinin keçdiyi önəmli bölgədir. Başqa sözlə, o, Türk Şurasının çox müzakirə etdiyi “Orta dəhliz”in tam ortasındadır.
 
Bəli, bu gün Türkiyə üçün diplomatiya prioritet olmalı, sülh və barış ilk yerdə gəlməlidir. Lakin Zəngəzuru unutsaq, bu acı nümunəni Tovuzda da yaşaya bilərik!


Ana səhifəyə qayıt        Baxış: 5 979          Tarix: 20-07-2020, 06:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma