Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
“Azərbaycan artıq “kiçik” deyil, “orta miqyaslı” bir dövlət kimi tanınmalıdır”.
Ovqat.com xəbər verir ki, bu iddianı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərova Avropa Birliyinə məxsus Moderndiplomacy.eu saytında dərc olunan məqaləsində irəli sürüb.
“Azərbaycan artıq “orta miqyaslı” bir dövlətdirmi?” sərlövhəli məqalədə bu mülahizə bir neçə arqumentlə əsaslandırılır. Başlıca amil kimi isə uğurlu regional enerji və infrastruktur layihələri ilə regionun və Avropanın enerji təhlükəsizliyinə və davamlı inkişafına töhfə göstərilir.
Müəllifin fikrincə, ölkəmizin multikulturalizm və dözümlülük; çoxtərəfli diplomatiyanın və beynəlxalq əməkdaşlığın təşviqi; beynəlxalq təşkilatların gücünə olan inam və bu xüsusda BMT Təhlükəsizlik Şurasında 2012-2013-cü illərdə qeyri-daimi üzv kimi xidmət etməsi, Türk Şurası, GUAM və TRACECA-da 2020-ci ildə, Qoşulmama Hərəkatında 2019-2022-ci illərdə sədrlik etməsi və bu təşkilatların forumundan istifadə etməklə birlik; əməkdaşlıq, davamlı inkişaf və bu kimi dəyərləri təşviq etməsi; eləcə də rəqib siyasi güclər – Rusiya və NATO arasında dialoqun aparılmasında dəfələrlə vasitəçi kimi çıxış etməsi də “orta miqyaslı” dövlət meyarlarına tamamilə cavab verir.
Bəs, “orta miqyaslı” dövlət nə deməkdir?
Esmira Cəfərovanın mülahizələrinə keçmədən əvvəl, hesab edirik ki, bu suala aydınlıq gətirməyə ehtiyac var.
Bəzi siyasi nəzəriyyələrə görə, beynəxalq münasibətlərə təsir imkanı baxımından dövlətləri 4 yerə bölmək olar: kiçik dövlətlər, orta dövlətlər, böyük dövlətlər və super güc.
Kiçik dövlətlər beynəlxalq münasibətlərə hər hansı təsir gücünə malik olmadıqları üçün böyüklər qarşısında müxtəlif güzəştlərə gedərək, ya da onların maraqlarına uyğun balanslaşdırılmış siyasətlər apararaq öz mövcudluqlarını qoruyurlar. Azərbaycan müstəqilliyinin ilk illərindən son zamanlara qədər balanslaşdırılmış xarici siyasət kursu tutarkən məhz bunu edirdi.
Orta miqyaslı dövlətlər beynəlxalq münasibətlərdə müəyyən təsir gücü qazanmış güclərdir. Onlar bəzən qonşu və ya iqtisadi əməkdaşlıq etdiyi dövlətdəki bir sıra təsir imkanlarından faydalanaraq, böyüklər arasında körpü rolu oynaya bilir, bu özəllikləriylə dünya siyasətinin formalaşmasına təsir göstərirlər. Onların ən çox istifadə etdikləri “silah” isə yuşmaq gücləridir. Xarici ölkələrdəki lobbiçilik fəaliyyətləri, diaspora ilə iş və onların təşkilatlandırılması, mədəni-dini fəaliyyətlər, iqtisadi güc və s. kimi amillər bu qəbildən olan dövlətlərin əsas siyasi təsir alətinə çevrilə bilər.
Azərbaycan da istər Türkiyə, istər Rusiya, istər İran, istərsə də Gürcüstan kimi qonşu dövlətlərlə münasibətlərdə kifayət qədər yumşaq güc potensialına malikdir. Bu potensialından faydalanaraq, bir-biriylə ciddi rəqabət aparan həmin dövlətlət arasında körpü rolu oynamaq, vasitəçilik etmək potensialımız var və bəzən bu potensialdan da istifadə olunur.
Esmira Cəfərovanın sözügedən yazısında da Azərbaycanın son zamanlar bu istiqamətdə böyük məsafələr qət etdiyi iddia olunur.
Müəllifin fikrincə, orta miqyaslı dövlətlər beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə, eyni zamanda da müəyyən normaların təbliğinə həsr etdikləri qüvvə və sədaqətlərinə görə beynəlxalq sistemin əhəmiyyətli parçası olurlar: “Belə dövlətlər nə kiçik, nə də böyük dövlətlər sayılırlar və onların beynəlxalq aləmdəki təsir gücləri təkcə fiziki göstəriciləri ilə ölçülmür. Bir sıra beynəlxalq münasibətlər üzrə alimlər (məs: Marijke Breuning və Karsten Hobrad) bu gücləri/dövlətləri təsvir edərkən onların müəyyən normaları təşviq edən, davamlı inkişaf, sabitlik naminə çalışan və eyni zamanda da böyük güclər arasında gərginliyin azaldılması və dialoqun əldə edilməsində vasitəçi rolunu oynayan dövlətlər kimi tərif ediblər”.
Məqalədə bir sıra alimlərin əsərlərindən sitatlar gətirilməklə bildirilir ki, Azərbaycan da artıq “kiçik” deyil, “orta miqyaslı” bir dövlət kimi tanınmalıdır. Belə ki, müəllifi olduğu uğurlu regional enerji və infrastruktur layihələri ilə Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinə və davamlı inkişafına töhfə verir.
Müəllid qeyd edir ki, Azərbaycan ərazisinə görə kiçik olmasına baxmayaraq, apardığı uğurlu xarici siyasət və bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə artıq inamlı bir şəkildə özünü “orta miqyaslı” bir dövlət kimi sübut etməkdədir.
Yazı tərcümə olunaraq dərcə hazırlanır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar