Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Nail Əliyev
Şərqşünas
Tarix üzrə fəlsəfə doktoru
Araz - Türk Respublikasının tarixi yeni elmi problemlərdən biri olduğu üçün bu istiqamətdə aşağıdakı mühüm cəhətlərin araşdırılması və bir sıra məsələlərə aydınlıq gətirilməsi çox önəmlidir. Ərazimizin 20 faizini işğal altında saxlayan ermənilər yenidən sayıqlama azarına tutularaq bildiriblər ki, Naxçıvan və Türkiyənin 6 vilayəti erməni torpaqlarıdır və daşnaklar həmin ərazidən əl çəkməyəcəklər.
Bu da bir həqiqətdir ki, uzun müddət sovet tarixşünaslığında Şərqi Anadolu erməni torpaqları kimi təqdim olunmuşdur. Erməni saxtakarlığı sərhədsizdir, hətta antik tarixçilərin əsərlərini tərcümə edərkən özlərinə sərf etməyən səhifələrin üstündən xətt çəkirlər.
Dünya elminin qəbul etdiyi fikir budur ki, Şərqi Anadoluya Səlcuqlar dövründə köçürülən ermənilərin bir neçə kəndi mövcud olmuş və onlar 1915-1918-ci illərdəki hadisələrdən sonra oranı tərk etmişlər. O ki qaldı Naxçıvana, yenə də tarixə, lap yaxın keçmişə müraciət edək.
Rusiyanın təhriki ilə qızışdırılan Balkan müharibəsinə qədər nə erməni məsələsi, nə də ermənilərin ərazi iddiaları olmuşdur. Ara-sıra olan təşəbbüslər isə “ana bətnində” boğulmuşdur. Ermənilərin ümidləri Balkan müharibəsində puç olduğundan onlar bütün arzularını Birinci Dünya savaşına bağladılar, onu səbirsizliklə gözlədilər, müharibənin geniş miqyas alması üçün dəridən-qabıqdan çıxdılar.
Belə ki 1914-cü il avqustun 5-də erməni katalikosu Qafqaz canişininə bəyan edir ki, onlar Türkiyə hökuməti ilə əlaqələrini tamam kəsiblər, arzu edir ki, Anadolunun ayrı-ayrı vilayətlərində vahid erməni vilayətinin yaradılması vəzifəsini öz öhdəsinə götürsünlər. Beləliklə, Türkiyəni arxadan vurmaq üçün xüsusi hərbi dəstələr yaranır. Çar II Nikolay ermənilərə muxtariyyət verməyi vəd edir. Çarın vədini Sovet Rusiyası 29 dekabr 1917-ci il tarixli dekretiylə “qanuniləşdirir...”
1918-ci il mayın 26-da Zaqafqaziya Seymi öz səlahiyyətlərini yerə qoydu və üç müstəqil respublika yarandı. Dəyişən zaman siyasətin, strateji məqsədlərin də dəyişməsini tələb edirdi. Azərbaycanın digər bölgələrindən fərqli olaraq 1917-1921-ci illərdə Naxçıvan və Zəngəzur rayonlarında yerli əhalinin vəziyyəti dözülməz olmuşdu ki, bu da daşnak Ermənistanın ekspansionist siyasətindən irəli gəlirdi.
Təəssüf ki, bu illərdə Naxçıvan və Zəngəzur bölgələrində siyasi-hərbi vəziyyət və xarici dövlətlərin mövqeyi ilə əlaqədar problemlər sovet tarixşünaslığında ciddi təhrif olunmuşdur.
Dörd ölkənin qovuşuğunda yerləşən Naxçıvan mahalı böyük iqtisadi və geosiyasi əhəmiyyət kəsb etdiyindən yaxın və xarici dövlətlərin diqqət mərkəzində olmuşdur. Bu strateji dəhlizi əldə etmək üçün Qərb diplomatları, Rusiya və İran çox işlər görmüş və bu, öz əksini elmi ədəbiyyatda genişliyi ilə tapmışdır. Başqa dövlətlərdən fərqli olaraq Rusiya və İran Naxçıvan, Zəngəzur bölgələrinə özlərinin “tarixi torpaqlarına geri qaytarılması” kimi yanaşırdılar. Məhz buna görə Rusiya növbəti dəfə “Böyük Ermənistan” ideyasının reallaşması məsələsinə üstünlük verərək erməniləri Naxçıvan, Zəngəzur ərazi iddialarının irəli sürülməsinə həvəsləndirərək, yenə də Naxçıvan- Zəngəzur hərbi əməliyyat meydanına çevirdilər.
Sovet Rusiyası rəhbərlərindən xeyir-dua və təminat alan Andranikin silahlı quldur dəstələri 1918-ci il iyunun 20-də Naxçıvan sərhədini keçərək Culfaya daxil olur. Həmin ilin iyun-iyul aylarında Aleksandropol (Gümrü) ərazisindən təcavüzkar imperialist qoşunlar, digər tərəfdən Xoy-Culfa istiqamətində Amerika-İngiltərə komandanlığının göndərdiyi basqınçı batalyonlar Vedi-Naxçıvan, Zəngəzur və Dərələyəz kəndlərini viran qoyur, günahsız əhalini qılıncdan keçirir, var-yoxunu talayıb aparırdılar. 1917-ci ilin payızında Tiflisdə keçirilmiş “Ümummilli erməni konfransı” açıq səslənən ərazi iddiaları bolşeviklərin fitvası ilə həyata keçirilməyə başlayır. 1917-ci ilin sonu - 1918-ci ilin əvvəllərində bağlanan Ərzincan, Trabzon, Brest, Litovsk, Batum sazişlərinə məhəl qoymayan ermənilər terror və zorakılıqlarını genişləndirirlər. Türkiyənin Azərbaycana, o cümlədən Naxçıvana siyasi-hərbi yardımı olmasaydı, yerli əhalinin onsuz da ağır olan vəziyyəti daha da fəlakətli ola bilərdi.
Osmanlı qoşunlarının Naxçıvana gəlişi Bakı Xalq Komissarları Sovetini, xüsusən S.Şaumyanı bərk narahat etmiş və dərhal Leninə məlumat vermişdi. Mudros sazişi Azərbaycan Respublikasını daha bir ciddi sınaq qarşısında qoydu: Türkiyə qoşunlarının çıxarılması əhalini birbaşa təhlükə ilə qarşılaşdırdı.
Naxçıvan-Araz Türk Respublikası belə bir ağır şəraitdə yarandı. Belə bir dövlət qurumunun yaranmasını həyat özü tələb edirdi. Bu, Naxçıvan ictimaiyyətinin apardığı mübarizənin nəticəsi idi.
Əmir bəy Əkbərzadənin sədrliyi ilə elan olunan Araz-Türk Respublikasının yaradılması məlum araşdırmalarda iyun-noyabr ayları arasında qeyd olunur. Hərbi müdafiə problemləri ilə bağlı bu cəhət də hökmən qeyd olunmalıdır ki, Araz- Türk Respublikasının rəhbərliyi bu məsələnin həllində Türkiyənin yardımından istifadə etmişdir. Türkiyə dövlətinin Araz Respublikası yanında daimi hərbi müşaviri Xəlil bəy idi. Müdafiə komitəsinin sədri isə Kalbalı xan Naxçıvanski idi. ADR hökuməti ona general-mayor hərbi rütbəsi vermişdi. Məsələ heç də bunda deyil. Əsas odur ki, güclənən düşmən hücumlarının qarşısını almaqda bu dövlət qurumu əhəmiyyətli işlər görmüşdü. Türkiyənin yardımlarından istifadə edən Araz-Türk Respublikasının rəhbərliyi ilk gündən hərbi quruculuğa əsas əhəmiyyət verərək respublika ərazisində fəaliyyət göstərən çoxsaylı silahlı dəstələri bir neçə taborda birləşdirir.
Bu vəzifələrin yerinə yetirilməsində yüksək rütbəli türk zabiti, dövlət qurumunda müşavir kimi çalışan Xəlil bəyin də əməyi yüksək qiymətləndirilməlidir.
Araz-Türk Respublikası yarandığı ilk gündən ADR-i özünə arxa bilmiş, bölgədə baş verən hadisələri Azərbaycan Parlamentinə çatdırmışdı. Onun nümayəndələri (Bəhram xan Naxçıvanski, Hüseyn Cavid, Əli Səbri Qasımov və s.) Bakıda F.X.Xoyski və Tomsonla danışıqlarda iştirak edərək Naxçıvana ciddi yardım edilməsini xahiş etmişlər. Danışıqların nəticəsi kimi Azərbaycan hökuməti Araz-Türk Respublikasına polkovnik Ququşovun başçılığı ilə 10 zabit göndərir. ADR təmsilçiləri Teymur bəy Makinski, R.İsmayılov, doktor Qənizadə Naxçıvan, Şərur, Sürməli, Vedibasar bölgələrində əhali ilə çoxsaylı görüşlərdə iştirak edir, qaçqınların vəziyyəti ilə tanış olur, ölkə parlamentinə real vəziyyəti çatdırırdılar.
Türk generalı Kazım Qarabəkir paşa
Qərb diplomatiyası isə fəndgirliyini davam etdirməkdə idi. Onlar bir tərəfdən Naxçıvanı Azərbaycanın bir hissəsi kimi tanıyır, maliyyə və silah vəd edir, digər tərəfdən, Naxçıvanın daşnak Ermənistanının hakimiyyətinə verilməsi təklifini irəli sürürdülər. Olduqca qısa müddətdə Naxçıvanda amerikalı, ingilis qubernatorluğu biri digərini əvəz etmişdi.
Britaniyadan təminat alan Ermənistan daşnak hökumətinin başçısı Q.Xatisov Araz-Türk Respublikası hökumətinə teleqramla bildirir ki, Ordubad və Naxçıvan Ermənistanın tərkibinə daxil edilib. 1919-cu il mayın 1-də rəsmi məlumatda bəyan edilir ki, Şərur-Vedibasar və Ordubad Ermənistan Respublikasının inzibati idarəsinə verilmişdir.
İki gün sonra Naxçıvana gələn general Devi və Ermənistanın baş naziri Q.Xatisov yerli əhalinin ciddi müqaviməti ilə qarşılaşırlar. Naxçıvan ictimaiyyətinin fikri birmənalı və qəti idi - xalq azərbaycanlı general-qubernatorundan başqa heç kimi tanımaq istəmir. Naxçıvan ictimaiyyətinin etirazları müxtəlif ünvanlara, o cümlədən ADR-nin Xarici İşlər Nazirliyinə göndərilir.
Əli Səbri Qasımov, Ordubadlı Ələsgərov, Şərurdan və Sürməlidən hərəsindən bir nəfər nümayəndə 1919-cu il sentyabrın 9-da Tiflisdə olub, Naxçıvanın neytral zona elan olunmasına etirazını bildirərək, 17 maddədən ibarət tələbləri polkovnik Haskelə təqdim edirlər. Bildirirlər ki, “əgər bu tələblər qəbul olunmasa, naxçıvanlılar öz istiqlaliyyətlərini əldə silahla qoruyacaqlar. Öldü var-döndü yox!”
1920-ci il iyunun 28-də Naxçıvanda sovet hökuməti qurulsa da, vəziyyət yenə də gərgin olmaqda davam edirdi. Bolşeviklərin Naxçıvandan türk polkunu çıxarmaq niyyəti ictimaiyyətin ciddi narazılığına səbəb olur. Naxçıvan şəhərindən Məmmədrahim, Qaraçuxdan Əli Pəpiş, Aslan Çavuş, Şahbuzdan qaçaq Əsəd, Ordubad inqilab komitəsinin sədri Sadıq Məmmədov hərbi hissələrdə təbliğat işini genişləndirirlər. Ələ keçirilən Məmmədrəhim, Əli Pəpiş və Aslan Çavuş bolşeviklər tərəfindən güllələnirlər. Ədib bəy Naxçıvan fövqəladə komissarı B.Vəlibəyovu türk polkunun Naxçıvandan çıxarılması tərəfdarı kimi təhqir edir və N.Nərimanovun vasitəsilə onu Naxçıvandan uzaqlaşdırır. Sonralar Orconikidzenin əli ilə B.Vəlibəyov yenidən rəhbər vəzifəyə bərpa edilir və Naxçıvanda Tırkeşdə, Keçilidə, Culfada və Ordubadda erməni müstəntiqi X.Orbeliyanın əli ilə cəza tədbirlərini həyata keçirir.
Azərbaycanda sovet hakimiyyəti qurulduğu ilk gündən ermənilərin ərazi iddiaları yenidən qızışır. 1920-ci il noyabrın 30-da Sərkisin, Y.Stasovun, Q.Kalinskinin, N.Nərimanovun, Ə.Qarayevin, M.Hüseynovun iştirakı ilə keçirilən iclasda Zəngəzurun Sovet Ermənistanının tərkibinə daxil edilməsi barədə qərar çıxarılır.
Dekabrın 1-də Zəngəzurun Ermənistana verilməsi açıqca elan edilir. 1921-ci il oktyabrın 13-də qədim türk şəhəri Qarsda bağlanan müqavilə Naxçıvanı xilas edir. Təsadüfi deyil ki, Naxçıvan MR-nin təhlükəsizliyi təhdid olunanda Qars müqaviləsi mühüm tarixi sənəd olmaqla onun taleyinin qarantı kimi gündəliyə gəlir.
Etiraf edək ki, Naxçıvanın itirilməməsi, Azərbaycanın tərkibində qalması yalnız Türkiyə diplomatiyasının uğuru və güzəştsiz səyləri nəticəsində mümkün olmuşdur. Zəngəzuru Sovet Rusiyası ermənilərə pay verdi. Məcburiyyət qarşısında qalan Ermənistan qara niyyətlərindən əl çəkmirdi. Buna Moskvadakı himayədarlarının köməyi ilə 1929-cu ildə nail oldular. Həmin ildə MİK-in qərarı ilə Naxçıvanın 657 kvadratkilometr ərazisi – Şərur dairəsinin Qurtqulaq, Xaçik, Horadiz, Aqxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad dairəsinin Qorqevan, Kilind kəndləri Ermənistana verildi. 1930-cu ildə isə Aldərə, Lehvaz, Astazur, Nüvədi Ermənistana verilmiş və həmin ərazidə Mehri rayonu yaradılmışdır.
“Böyük Ermənistan” iştahasında olanlar bu gün ərazimizin 20 faizini işğal altında saxlamaqdadır və çoxdan diş qıcadığı Naxçıvana və Türkiyənin 6 vilayətinə diqqətini yönəldib.
Keçmiş ola!
Bölünməz, bütöv Azərbaycanın qeyrət qalası Naxçıvanın basılmazlığına, qəhrəmanlığına ermənilər ötən əsrdə dəfələrlə şahid olublar.
İştahanı bas!
Torpaq – Anadır, Torpaq – doğma yurd-yuvadır, biz isə onun balaları
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar