Xəbər lenti
 
 
“Paşinyanın özü ilə bağlı ciddi korrupsiya iddiaları səsləndirilir. Deyilənə görə, o, siqaret və almaz qaçaqmalçılığı ilə məşğuldur və hətta bu işdə dövlətə məxsus təyyalərdən belə, istifadə olunur”.
 
Ovqat.com xəbər verir ki, bu iddianı Türkiyənin “Hürriyet” qəzeti irəli sürüb.
 
Nəşrin ünlü yazarlarından Musa Keslerin Azərbaycan-Ermənistan arasında baş verən son döyüşlərlə bağlı qələmə aldığı Paşinyan niyə “ilişdi””? sərlövhəli yazını təqdim edirik.
 
 
 
Ermənistanın hücumu Cənubi Qafqazı yenidən qarışdırıb. Əsəblər gərilib, emosiyalar coşub.
 
Lakin bu dəfə gərginlik yalnız cəbhə bölgəsilə məhdudlaşmır. İndi, bölgədəki enerji xətlərindən tutmuş, Suriyadan Liviyaya qədər geniş coğrafiya diqqət mərkəzindədir. Doğrudur, Ermənistanla Azərbaycan arasında lokal qarşıdurmalara zaman-zaman rast gəlinir. Xüsusilə, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində bu, tez-tez təkrarlanır. Lakin bu dəfə vəziyyət bir az fərqlidir.
 
Azərbaycanın hücuma məruz qalmış Tovuz rayonu Qarabağ bölgəsindən uzaqdadır. O, ölkənin qərbində, Gürcüstan sərhədi yaxınlığında yerləşir. Bu bölgədə isə tərəflər arasında heç bir sərhəd mübahisəsi yoxdur. Yəni, bura qaynar münaqişə nöqtəsi deyil.
 
Əvəzində, Tovuz Azərbaycanın enerji xətlərinin keçdiyi əsas rayonlardan biridir. Transanadolu boru xətti (TANAP), Cənubi Qafqaz Boru Kəməri, Bakı-Tbilisi-Ceyhan neft borusu məhz buradan keçir. Yəni bura sıradan bir bölgə deyil. Son toqquşmalarla bağlı əsas diqqət çəkən məqamlardan biri məhz budur. İndiyədək ermənilərin hücumlarına hər zaman Qarabağ məruz qalırdısa, bu dəfə niyə məhz Tovuz seçilib? Burada məqsəd nədir?
 
Bölgədəki vəziyyəti yaxından izləyən müşahidəçilər Ermənistanın bugünkü daxili siyasi vəziyyətinə də diqqət çəkir. Odur ki, bu amilə bizim də diqqət çəkməmiz yerinə düşər…
 
Nikol Paşinyan hakimiyyətə 2018-ci ildə gəlib. Amerikasayağı “rəngli inqilab”ın bənzəri olan küçə hərəkatı ilə. Ondan əvvəlki hakimiyyət, o cümlədən sabiq prezident Robert Koçaryan korrupsiyada ittiham edilirdi. Bu, küçə hərəkatının hərəkətverici amillərindən idi. Nəticədə, Nikol Paşinyan hakimiyyətə gələr-gəlməz, Koçaryan həbs edilib.
 
Lakin indi, Paşinyanın özü ilə bağlı ciddi korrupsiya iddiaları səsləndirilir. Deyilənə görə, o, siqaret və almaz qaçaqmalçılığı ilə məşğuldur və hətta bu işdə dövlətə məxsus təyyalərdən belə, istifadə olunur.
 
Bu arada, Rusiya prezidenti Vladimir Putin Koçaryanı həbsdə olduğu vaxtda belə, unutmur. Bu müddət ərzində o, Koçaryana 2 dəfə ad günü təbriki ünvanlayıb. Bu, əlbəttə ki, adi təbrik deyil. Nəhayət, Koçaryan təxminən 1 ay əvvəl həbsdən azad olunub.
 
Beləliklə, Paşinyan son dövrləri ciddi siyasi gərginlik içərisində keçirir. Son bir neçə ayda Silahlı qüvvələrin Baş qərargah rəisi, ardınca isə daxili işlər naziri istefa verib. Bu azmış kimi, ölkənin kəşfiyyat orqanı olan Milli Təhlükəsizlik Xidməti son 2 ayda 2 rəhbər dəyişib. Üstəlik, Ermənistanın müxalifət liderlərindən biri “vergidən yayınma” ittihamı ilə həbs olunub.
 
Bütün bunlara əlavə olaraq, ölkə koronavirus pandemiyasından da ciddi əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının bu yaxınlarda açıqladığı məlumata görə, pandemiya ilə bağlı vəziyyətin ən pis olduğu 10 ölkə arasında Ermənistan da var.
 
Ümumiyyətlə, statistikaya görə, Ermənistan Azərbaycandan demək olar ki, bütün sahələrdə 5 dəfə geridədir. Ölkə iqtisadiyyatı bərbad vəziyyətdədir və xalq bundan təbii ki, narazıdır. Üstəlik, Paşinyan çox arxalandığı Los-Angeles lobbisindən də gözlədiyi dəstəyi ala bilməyib. Nəticədə, o, güman ki, yenidən Rusiyaya üz tutub. Hər halda, Paşinyanın bu günlərdə Rusiyaya səfər edəcəyi haqda xəbərlər boş yerə yayılmayıb.
 
Beləliklə, Ermənistanda vəziyyət gərgindir. Bu vəziyyətdə olan ölkə isə xüsusilə kritik sayılan bölgəyə hərbi hücum etmək gücündə ola bilməz. Lakin belə ölkələrdə hər şey təbii ki, daxili şərtlərə bağlı deyil.
 
Yeri gəlmişkən, ermənilərin onsuz da sadəcə, “kəşfiyyat döyüşü” apardıqları iddia olunur. Hər halda, Azərbaycanın son döyüşlərdə verdiyi şəhidlər arasında Silahlı qüvvələrin 3-cü Ordu Korpusunun Qərargah rəisi Polad Həşimov da var. Bu korpus sərhəd təhlükəsizliyinə cavabdehdir. Həşimov isə korpusda ikinci adam idi.
 
Bu arada, Qarabağ bölgəsinə 2-ci Ordu Korpusu nəzarət edir.
Bütün bunları nəzərə aldıqda, son hadisələrin əsas amilləri və aktorları sanki aydın olur…
 



Ana səhifəyə qayıt        Baxış: 3 441          Tarix: 22-07-2020, 23:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma