Xəbər lenti

 
İordaniyanın dünyaca ünlü alimi, akademik Mərvan Sudah Azərbaycan-Ermənistan sərhədlərində baş verən toqquşmalarla əlaqədar maraqlı məqalə qələmə alıb. Ölkənin “Əl-Dustur” nəşrində dərc olunan məqalə “Unudulmuş işğal” adlanır.
 
Ovqat.com həmin məqalənin tərcüməsini olduğu kimi təqdim edir.
 
.
 
2020-ci il iyulun 12-də dünya Ermənistanın Azərbaycana, xüsusilə sərhəddə yerləşən Tovuz rayonuna geniş hücumu ilə bağlı xəbərlərdən şokda idi, donub qalmışdı. Bu gözlənilməz hücum 5 gündən çox davam etdi. Ermənistan silahlı qüvvələri istifadəsində olan topları, müxtəlif növ silahları Azərbaycan torpaqlarına tuşlanmışdı. Azərbaycan dövlətinin əraziləri ağır silahlardan – toplardan, artilleriyadan, minaatanlardan atəşə tutulurdu.
 
Bu qızğın toqquşmalar sanki unudulmuş müharibəni bəşəriyyətin yadına salıb. Həmin müharibə Ermənistanın Azərbaycan ərazisinin 20%-ni işğal etməsilə yadda qalıb. Vahid, müstəqil, azad Azərbaycanın torpağı dünyanın gözü qarşısında beynəlxalq qanunlara, BMT Nizamnaməsinə zidd olaraq, zor gücünə və sui-qəsd nəticəsində işğal edilib. Ermənistan dünya dövlətlərinin Azərbyacana təcavüzü dayandırmaq, işğal etdiyi Qarabağı və ona bitişik rayonları azad etmək tələblərinə məhəl qoymur. Nəticədə təəssüf ki, məzlum Azərbaycana qarşı təcavüz və müharibə davam edir, Yerevan bu qonşusunun qanuni haqqını tanımaqdan boyun qaçırır.
 
Son toqquşmalarda Azərbaycan yenə şəhidlər verib, torpaqları zəbt olunmuş dost Azərbaycanda şəhid ailələrinin sayı artıb.
 
Ermənilər silahlı qüvvələrini Azərbaycana hələ Qorbaçovun daxildəki alçaqlar və xaricdəki ağaları ilə birlikdə hazırlayıb irəli sürdüyü “yenidənqurma” əməliyyatından sonra yönəltmişdi. Göz yaşlarına, axıdılan qanlara şahid olan Fələstinimizi itirdiyimiz kimi, Azərbaycan da o zaman (1990-cı illərin əvvəllərində) Qarabağını itirib.
 
Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaqdan hələ də imtina edir. Beynəlxalq birliyin, o cümlədən, ərəb və İslam aləminin çağırışları qulaqardına vurulur, BMT-nin və regional təşkilatların, o cümlədən 57 İslam ölkəsinin üzv olduğu, özünü İslam dünyasının vahid səsi hesab edən, 1,6 milyarda yaxın müsəlmanın maraqlarını qorumağa çalışan İslam Əməkdaşlıq Təşkilatının qətnamələri yerinə yetirilmir.
 
Ermənilərin son qəfil təcavüzündən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhidlərin qanının yerdə qalmayacağını, onların intiqamının alınacağını bəyan edib. Əliyev ölkənin müdafiəsi uğrunda şəhid olmuş hərbçilərin qəhrəmanlığını yüksək qiymətləndirib, bildirib ki, Azərbaycan xalqının işğal edilmiş torpaqların geri qaytarılması ilə bağlı tələbi tam qanunidir. Bu tələblər BMT-nin bütün müvafiq sənədlərində, hüquqi aktlarda da öz əksini tapıb.
 
Rusiya və digər dövlətlər tərəfləri müharibəni dayandırmağa çağırıb. Onlar Azərbaycanın hüquqlarının bərpası üçün vasitəçilik etməyə də çalışır. Lakin Ermənistan Azərbaycanla sərhəddə atəşkəsi durmadan pozur. Yalnız iyulun 18-də Ermənistan tərəfi atəşkəsi düz 53 dəfə pozub.

 120 dövləti özündə birləşdirən Qoşulmama Hərəkatına üzv dövlətlərin Koordinasiya Şurası da Ermənistanın Azərbaycan mövqelərinə qarşı hərbi təxribatlarını pisləyən bəyanat yayıb. Bəyanatda Ermənistanın Azərbaycan ərazilərini artilleriya atəşinə məruz qoyması pislənir. Vurğulanır ki, bu, hərbi gərginliyi artırıb və çoxlu insanın ölümünə səbəb olub. Koordinasiya Şurası münaqişənin BMT TŞ qətnamələri əsasında nizamlanmasına çağırıb, Azərbaycan Respublikasının müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyini bəyan edib. Hərəkat üzvləri Azərbaycan Respublikasının öz torpaqlarını geri qaytarmaq istəyilə həmrəy olduqlarını bəyan ediblər.
 
Mərvan Sudah 
Akademik
 


Ana səhifəyə qayıt        Baxış: 3 268          Tarix: 24-07-2020, 09:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma