Xəbər lenti



 
Macarıstanın “DAILY NEWS HUNGARY” qəzeti iyulun 12-də Azərbaycan-Ermənistan sərhədlərində başlayan döyüşlər barədə yazıb. 
 
Ermənistan artilleriyası Azərbaycanın mövqelərini atəşə tutub” sərlövhəli məqaləni Ovqat.com oxucularının diqqətinə çatdırırıq.
 
“Ermənistan ordusu iyulun 12-də Azərbaycanın Tovuz rayonunda yerləşən mövqelərini artilleriyadan atəşə tutub. Azərbaycan hərbçilərinin cavab atəşi ermənilərin irəliləməsinə imkan verməyib. Nəticədə Ermənistan hərbçiləri heç bir ərazi tutmadan geri çəkilməyə məcbur olub. Azərbaycan Silahlı Qüvvələri operativ vəziyyətə nəzarət edir.
 
Xinhua”nın məlumatına görə, Ermənistanla Azərbaycan arasındakı hərbi toqquşmaların ilk günlərində 4 azərbaycanlı hərbçi həyatını itirib. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda deyilir ki, Ermənistan ordusunun Azərbaycanın Tovuz istiqamətindəki mövqelərini artilleriya atəşinə tutması nəticəsində bazar günü 3, bazar ertəsi isə 1 əsgər şəhid olub.
 
Ermənistan Müdafiə Nazirliyi isə həmin günlərdə 2 polisin yaralandığı haqda məlumat yayıb. Hər iki tərəf atəşkəsin pozulması və hərbi əməliyyatın başlamasında bir-birini günahlandırır.


 
İki ölkə arasında toqquşmalar bazar günü başlayıb. Bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupunun həmsədri kimi, vəziyyətin gərginləşməsindən narahat olduğunu bildirib və hər iki tərəfi təmkinli davranmağa çağırıb.
 
Azərbaycan prezidenti İlham Əliyev isə Təhlükəsizlik Şurasının iclasında deyib: “Dünən və bu gecə düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaq. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik”.
 
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə bildirib ki, Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüz, güc tətbiq etmək aktı və növbəti təxribatdır. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində təxribatların qarşısının alınması və gərginliyə səbəb ola biləcək halların aradan qaldırılması üçün Qazax və Tovuz rayonları boyunca Azərbaycan tərəfindən dövlət sərhədinin xeyli hissəsinə Dövlət Sərhəd Xidmətinin bölmələri yerləşdirilib: “Bunun əksinə olaraq, Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədinin hərbiləşdirilməsi və qəsdən mülki insanların hədəfə alınması sistematik şəkildə davam etdirilir”.


 
Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatlar, həm də Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir”, - deyə Hikmət Hacıyev vurğulayıb.
 
Ermənistan Müdafiə Nazirliyi mülki əhalinin yaşadığı kəndləri atəşə tutduqları haqda xəbərləri inkar edir. Mediada dərc edilmiş fotolar isə bunun əksini göstərir.
 
H.Hacıyev Ermənistanın BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəlikləri kobud şəkildə pozaraq, Azərbaycana qarşı hərbi təcavüz həyata keçirdiyini, onun Dağlıq Qarabağ bölgəsini və daha 7 rayonunu işğal etdiyini xatırladıb: “BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir”.


 
“Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmadığının növbəti sübutudur. Dünya birliyinin COVID-19 ilə mübarizə apardığı bir vaxtda, Ermənistan belə bir hücum və təxribat törədilir. Bu hal və Ermənistanın davamlı olaraq atəşkəsi pozması bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVID-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyil”, - deyə Hikmət Hacıyev qeyd edib.
 
O, deyib ki, Bakı “beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin qınamağa çağırır”.
 
Cənab Hacıyev sonda vurğulayıb ki, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.
 
Ermənistan ordusunun atəşi nəticəsində Azərbaycan tərəfdə mülki insanların evlərinə ciddi zərər dəyib, körpə uşaq da daxil olmaqla, mülki vətəndaşlar yaralanıb, mal-qara tələf olub, kənd təsərrüfatı texnikalarına ziyan vurulub.
 
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə Dağlıq Qarabağ regionu üzündən başlayıb. Tərəflər 1994-cü ildə atəşkəs müqaviləsi imzalayıb və o vaxtdan sülh danışıqları aparılır. Lakin zaman-zaman sərhəd boyu kiçik toqquşmalar baş verir.
 


Ana səhifəyə qayıt        Baxış: 3 425          Tarix: 16-07-2020, 14:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma