Xəbər lenti
Bu gün, 21:44
Bu gün, 19:25
Bu gün, 18:39
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Ermənistan ordusunun sərəncamında olan Rusiya istehsalı “İskəndər” operativ taktiki raket kompleksləri Azərbaycanın neft-qaz komplekslərindən tutmuş, Mingəçevir SES-ə qədər bir çox strateji hədəflərə təhlükədir... Azərbaycan da bu səbəbdən İsrail istehsalı olan, 400 kilometr məsafədən zərbə endirmək gücünə malik yüksək dəqiqlikli LORA raketləri və Belarus istehsalı olan 300 kilometr mənzilli “Polonez” raketləri ilə silahlanıb. Ermənistanın atəşinə cavab olaraq, bu raketlər Yerevanın cəmi 30 kilometrliyində yerləşən Atom Elektrik Stansiyasını məhv edə bilər.
Bu günlərdə, konkret desək, iyulun 12-dən Azərbaycanla Ermənistanın sərhədində hərbi qarşıdurma yenidən qızışıb. Sərhəddə ağır artilleriya dinc sakinlərin evlərini atəşə tutur, insanlar ölür. Belə bir vəziyyətdə Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq, İsrailin Azərbaycana ən müasir silahlar satdığı haqda yeni sübutlar əldə etdiyini açıqlayıb.
Ovqat.com xəbər verir ki, Ermənistan XİN-in bu bəyanatı İsrailin “Detali” nəşrinin gözündən yayınmayıb.
Nəşrin “Qarabağ: Cənubi Qafqazın barıt çəlləyi” sərlövhəli məqaləsində bildirildiyinə görə, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, İsrail Azərbaycana ən müasir silahları satır və Ermənistan bu məsələni dünya birliyi qarşısında bütün səviyyələrdə qaldıracaq: “Yəni, həmişəki kimi, yenə də yəhudilər günahkarmış...
Bəs orada – İsraildən uzaqda nələr baş verir?
Dağlıq Qarabağ hər zaman Azərbaycanın tərkib hissəsi olub. 1988-ci ildə Ermənistan tək orada deyil, Azərbaycanla bütün sərhəd boyu hərbi qarşıdurmaya başlayıb. Onun hərbi təcavüzü nəticəsində Azərbaycanın 20%-ə yaxın ərazisi Yerevanın və “Dağlıq Qarabağ Respublikası”nın nəzarətinə keçib. 1994-cü ildə cəbhədə nisbi sakitlik yaranıb. Dünyanın heç bir ölkəsi “DQR” adlı qurumu tanımasa da, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmaq istəmir. Nəticədə münaqişə daim “közərir”. Başqa sözlə, istənilən qığılcım bütün bölgəyə təhlükə saçan bu alovu yenidən qızışdıra bilər.
İndi, gəlin, pandemiya dövründə zorakılığı qızışdırmağın kimə sərf etdiyini və İsrailin nə üçün günahlandırıldığını aydınlaşdırmağa çalışaq.
Bu və ya digər ölkədə hakimiyyətin sabitliyi təhlükə altına düşürsə, insanların diqqətinin daxili problemlərdən yayındırılması, diqqətin ümumi düşmənə yönəldilməsi sınanmış vasitədir. Bu gün Ermənistanda baş nazir Nikol Paşinyanın komandası ilə onu devirmək istəyən müxalifət arasında qızğın savaş gedir. Paşinyan hökuməti sabitliyi əldən verməkdədir. Ermənistan KİV-nə inansaq, o, hakimiyyəti əlində çətinliklə saxlayır. Üstəlik, Ermənistanın koronavirusdan zərər çəkmiş əhaliyə kömək etmək üçün kifayət qədər imkanı yoxdur, bundan istifadə edən müxalifət isə öz gücünü artırır, vətəndaşların narazılığını böyük məharətlə hökumətin əleyhinə yönəldir.
Digər tərəfdən, Azərbaycanda neft satışından əldə edilən büdcə ehtiyyatları və dövlət resursları hökumətin koronavirusdan zərər çəkmiş insarnlara kömək etməsinə şərait yaradır. Azərbaycanda hakimiyyət sabitdir, fəal müxalifət isə yoxdur. Demək, münaqişəni qazışdırmaqla vətəndaşların diqqətini xarici düşmənə yönəltmək daha çox Ermənistan hakimiyyətinin maraqlarına cavab verir. Ermənistan hakimiyyəti bununla siyasi mövcudluq problemini həll etməyə çalışır.
Diqqət çəkən məqamlardan biri də odur ki, hərbi əməliyyatlar Qarabağ ərazisində deyil, cəbhədən uzaqda yerləşən Tovuz rayonunda gedir. Məhz bunun fonunda Ermənistan, döyüşlər qızışar-qızışmaz, Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) məsələyə müdaxilə etmələrini istəyib. KTMT ilə bağlı razılaşmaya görə, bu bu pakta daxil olan ölkələrin birinə qarşı təcavüz olarsa, digər üzvlər onun köməyinə gəlməlidir. Lakin blok üzvləri əvvəllər də Ermənistanla Azərbaycan arasında gedən döyüşlərə qarışmaqdan qəti imtina edib. Onlar Qarabağı Azərbaycana məxsus olan və Ermənistan tərəfindən işğal edilmiş ərazi sayırlar.
Lakin artıq qeyd etdiyimiz kimi, Tovuz rayonu Qarabağ deyil və burada təcavüz varsa, blok öz tərəfdaşına dəstək verməlidir. Atışmaların məhz Tovuzda getməsi Ermənistanın KTMT-yə müraciət etməsina imkan yaradırdı və o, ləngimədən bu imkandan istifadə edib. Lakin KTMT-nin reaksiyası heç də erməni tərəfinin gözlədiyi kimi olmayıb: üzv ölkələrin heç biri Ermənistana dəstək verməyib, onlar sadəcə, hər iki tərəfi atəşi dayandırmağa çağırıb.
Bunun ardınca Ermənistanın baş naziri Nikol Paşinyan dəstək üçün Moskvaya müraciət edib. Rusiya bölgənin nüfuzlu oyunçusudur və özünü bu münaqişədə vasitəçi sayır. Lakin bu dəfə Moskva da Ermənistanın tərəfini tutmağa tələsmir. Üstəlik, bu günlərdə Dövlət Dumasının Komitə sədri Leonid Kalaşnikov birmənalı şəkildə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edib. O, sadə azərbaycanlıların ölkənin ərazi bütövlüyünün pozulması ilə bağlı keçirdiyi acını anladığını deyib.
Bəlkə də Moskvanın mövqeyinə Paşinyanın son aylar Rusiyaya qarşı demarşları da təsir edib. Hər halda, su içdiyin quyuya tüpürürsənsə, suyun təmiz qalmacağını gözləmək olmaz. Bu mənada, baş verənlərə Kremlin “Rusiya Today” telekanalının baş redaktoru Marqarita Simonyanın reaksiyası çox şeydən xəbər verir. Onun Ermənistan hakimiyyətinə ünvanladığı müraciətdə deyilir: “Siz ölkənizi Rusiya əleyhinə çalışan QHT-lərlə doldurmusunuz. Onlar gənclərə Rusiyada hakimiyyəti devirməyin yollarını öyrədir. Siz Qafqazda antirusiya qüvvələri üçün meydana çevrilmisiniz… Siz Rusiyanın erməni mənşəli iş adamlarını qovmusunuz. Siz ölkənizdə Rusiya ilə bağlı heç nəyin olmasını istəmirsiniz… Sizin media və sosial şəbəkələriniz Rusiyaya, Putinə, onu dəstəkləyənlərə, xüsusilə Rusiya ermənilərinə (məsələn, mənə) qarşı çirkab yağdırır”.
Bütün bunlardan və başqa antirusiya əməllərindən sonra Ermənistan hakimiyyəti Rusiyanın dəstəyinə ümid edə bilərmi? İnandırıcı görünmür...
Ermənistanın təcavüzünü Qoşulmama Hərəkatına üzv dövlətlər də pisləyib. Odur ki, əgər doğrudan da bu təxribat münaqişəyə üçüncü tərəfi cəlb etmək üçündürsə, bu cəhdlər iflasa uğrayıb.
Dünya birliyi narahatdır və vəziyyəti nizamlamaq üçün böyük səylər göstərir. Həm BMT, həm Avropa İttifaqı, həm Rusiya, hətta Roma Papası belə, münaqişə tərəflərini atəşi dayandırmağa çağırıb. Ermənistanın baş nazirinin hərəkətlərisə göstərir ki, onu gərginliyin azaldılması deyil, beynəlxalq birliyin və ya KTMT-yə üzv dövlətlərdən birinin münaqişəyə qarışaraq, Yerevanın tərəfini tutması maraqlandırır. Yəni söhbət döyüşlərin dayandırılmasından yox, münaqişəyə yeni iştirakçıların cəlb edilməsindən, onun daha da qızışdırılmasından gedir.
Hər iki tərəf kifayət qədər silahlanıb. Özü də bu, ən müasir silahlardır. Ermənistan ordusunun sərəncamında olan Rusiya istehsalı “İskəndər” operativ taktiki raket kompleksləri Azərbaycanın neft-qaz komplekslərindən tutmuş, Mingəçevir SES-ə qədər bir çox strateji hədəflərə təhlükədir. Təbii ki, belə təhlükəyə layiqli cavab vermək lazımdır və Azərbaycan da bu səbəbdən İsrail istehsalı olan, 400 kilometr məsafədən zərbə endirmək gücünə malik yüksək dəqiqlikli LORA raketləri və Belarus istehsalı olan 300 kilometr mənzilli “Polonez” raketləri ilə silahlanıb. Ermənistanın atəşinə cavab olaraq, bu raketlər Yerevanın cəmi 30 kilometrliyində yerləşən Atom Elektrik Stansiyasını məhv edə bilər.
Tərəflər arasında 2016-cı ildə baş vermiş gərginlik zamanı Ermənistan öz raketlərini Qarabağa gətirsə də, onlardan istifadə etməmişdi. İndi, bu alovu qızışdırmaq istəyən siyasətçilərin düşünülməmiş əməllərinin nə ilə nəticələnəcəyini təsəvvür etmək belə, dəhşətlidir. Müharibəni başlamaq asandır, bitirmək çətin. Közərən münaqişənin qorxu saçan barıt çəlləyisə hər an partlaya bilər. Münaqişə nəzarətdən çıxarsa, bütün bölgə təhlükə altında qalacaq.
İki dəfə İsrailin müdafiə nazirinin müavini olmuş, daha sonra səhiyyə və nəqliyyat naziri vəzifəsində çalışmış ehtiyatda olan briqada generalı Efraim Sne baş verənləri belə qiymətləndirir: “Dünya birliyinin mövqeyi birmənalıdır: Ermənistanla Azərbaycan arasındakı münaqişənin sülh yolu ilə həllinə nail olmaq lazımdır. Bunun üçün Ermənistan suveren Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməlidir. İsraillə Azərbaycan strateji tərəfdaşlardır, bu iki müasir dövlətin xeyli ortaq maraqları var. Yəhudi və Azərbaycan xalqları arasında çoxəsirlik dostluq ənənələri mövcuddur və biz hər zaman Azərbaycana öz ərazi bönövlüyünü və suverenliyini qorumaqda kömək edəcəyik”.
Dünya ölkələri etiraf edir ki, Ermənistan Azərbaycan ərazisinin 20%-ni işğal edib. Bəs ötən 30 ildə münaqişənin həlli üçün nə edilib? Demək olar ki, heç nə! Bölgənin bütün xalqları və gələcək nəsillər naminə münaqişə nə qədər tez həll olunarsa, işğal nə qədər tez başa çatarsa, o qədər yaxşı olar.
Roman Qureviç (politoloq)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar