Xəbər lenti

 
Rusiyanın Belarusdakı səfiri Dmitri Mezentsev Minskdə saxlanılan və “Vaqner” döyüşçüləri olduqlarından şübhələnilən ruslarla bağl açıqlama verib. 
 
Ovqat.com-un məlumatına görə, səfir həmin adamların üçüncü ölkəyə gedən sərnişinlər olduqlarını bildirib.
 
“Onlar uçuşa gecikiblər, buna görə də "Belarusiya" sanatoriyasında yerləşməyə qərar veriblər”, - səfir belə deyib.
 
Diplomat bir sıra KİV-lərin rusiyalıların Belorusiyanın daxili işlərinə müdaxilə etmək cəhdi ittihamlarının heç bir əsasın olmadığını, müttəfiq dövlətin düşmənlərinin qardaşlıq münasibətlərinə xələl gətirməsinə kömək etdiyini diqqətə çatdırıb. Dmitri Mezentsev qeyd edib ki, saxlanılanların qonşu ölkədə siyasi vəziyyətlə bağlı baş verən hadisələrə aidiyyətləri yoxdur.
 
Onun iddiasına görə, saxlanılan ruslar iyulun 25-də Minskdən İstanbula uçmağı planlaşdırırmışlar. Təyyarəyə gecikdiklərindən  daha sonra Belarus dövlətinin ərazisindən keçməklə Moskvaya qayıtmağa hazırlaşıblar.


 
Dmitri Mezentsev, saxlanılanlar Belarus ərazisində qeydiyyatdan keçmiş kommersiya şirkətlərindən biri ilə bağlanmış müqaviləyə əsasən bu ölkəyə gəliblər: “Onların hər birinin əlində əmək müqaviləsi var”. 
 
Bununla yanaşı, səfir diqqəti ona yönəldib ki, rusiyalıların guya özəl mühafizə müəssisəsinin əməkdaşları olduqları, xaricdə enerji infrastrukturunun və resursların mühafizəsini həyata keçirdikləri barədə informasiyanı dəqiqləşdirmək lazım gələcək.
 
Diplomat bəyan edib ki, səfirlik Rusiya vətəndaşlarının hüquqlarının müdafiəsini təmin etmək istəyir. Bunun üçün isə konsulluq əməkdaşlarının saxlanılanlara çıxışı operativ şəkildə təmin olunmalıdır. Səfir bu barədə müvafiq notanın artıq Belarusun xarici siyasət idarəsinə ünvanlandığını deyib.


 
Dmitri Mezentsev ümid etdiyini bildirib ki, jurnalistlər Rusiya və Belarusun müttəfiq münasibətlərinə xələl gətirə biləcək informasiyadan çəkinəcəklər. Onun fikrincə, saxlanılanların əynində kamuflyaj formasının olması da qərar vermək üçün yetərli dəlil deyil və KİV-in hadisəyə bu qədər diqqət ayırması üçün əsas vermir. 
 
Diplomatın şərhi Rusiyanın Belarusdakı səfirliyinin saytında dərc olunub.
 
Qeyd edək ki, bu gün Belarusun dövlət informasiya agentliyi BELTA paytaxt Minsk şəhəri yaxınlığında xarici özəl hərb şirkətlərindən birinin 30-dan çox döyüşçüsünün yaxalandığı barədə xəbər yaymışdı. Az sonra agentlik dəqiqləşdirmişdi ki, söhbət Rusiyanın məşhur “Vaqner” şirkətinin əməkdaşlarından gedir. 


 
Məlumatda bildirilirdi ki, Belarus Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” xüsusi təyinatlı dəstəsi OMON-un köməyi ilə “vaqnerçi”ləri zərərsizləşdirmək üçün xüsusi əməliyyat keçirib. Onlardan 32-si Minsk ətrafındakı sanatoriyada, 1-i isə ölkənin cənubunda yaxalanıb.
 
İddialara görə, rusiyalılar iyulun 24-dən 25-nə keçən gecə Minskə gələrək otellərdən birinə yerləşiblər, lakin ayın 27-də paytaxt yaxınlığındakı sanatoriyaya gediblər. “Gəlmələr rusiyalı turistlər üçün xarakterik olmayan davranışları və hərbi stildə, eyni tipdə geyimləri ilə diqqəti cəlb ediblər. Spirtli içki qəbul etməyiblər, əyləncə məkanlarına baş çəkməyiblər”, – deyə xəbərdə bildirilirdi.
 
Ardından Belarus Prezidenti Aleksandr Lukaşenko da bu məlumatı təsdiqləmiş və Rusiyadan özəl hərbi muzdlulardan ibarət “Vaqner” döyüşçülərinin Minskdə nə iş gördükləri məsələsinə aydınlıq gətirməsini tələb etmişdi.


 
Lukaşenkonun bu tələbinə  Vladimir Putinin mətbuat katibi Dmitri Peskov cavab vermiş və bildirmişdi ki, Rusiyada özəl hərbi şirkət anlayışı yoxdur. Yəni bütün hərbi quruluşlar dövlətə bağlıdır və bunun adı rus ordusudur. Kremlin nümayəndəsi qeyd etmişdi ki, insanın xarici görünüşü və davranışı onun qanunsuz bir işlə məşğul olması haqda düşünməyə əsas vermir. Peskov həmçinin Belarusiyada saxlanılan şəxslərin bütün hüquqlarının tam şəkildə qorunacağını da fikirlərinə əlavə etmişdi.
 
Peskov məsələ dəqiqləşdirildiyini bildirərək demişdi ki, Kreml Rusiyanın Belarusdakı səfirindən və xüsusi xidmət orqanlarından ətraflı məlumat gözləyir. Səfir Dmitri Mezentsev isə ondan gözlənilən “ətraflı məlumatı” axşam saatlarında verdi. Amma bu məlumat media qurumlarını Rusiya-Belarus əlaqələrinə xələl gətirməməyə çağırışdan başqa yeni heç nə ehtiva etmir.


 
Xatırladaq ki, Lukaşenko son zamanlar ABŞ-a yaxınlaşmaq xətti tutmuş və öz qaz tələbatını ödəmək üçün okeanın o tayındakı şirkətlərlə müqavilələr imzalamışdə. Bu da Rusiyada xoş qarşılanmamışdı. Gələn ayın 9-da isə Belarusda prezident seçkiləri keçiriləcək. Rusiyanın bu seçkilərdə Lukaşenkonu devirəcəyi gözlənilirdi. Seçkilərə 15 gün qalmış rus hərbi muzdlularının Minskdə görünməsi bu mənada təsadüfi deyil. 





Ana səhifəyə qayıt        Baxış: 3 496          Tarix: 30-07-2020, 22:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma