Xəbər lenti
 
 
 
 
Ermənistan-Azərbaycan münaqişəsi
 
  
Ermənistan-Azərbaycan böhranı yenidən təhlükəli mərhələyə qədəm qoyub. Fransalı oxucular bu haqda mediadan daha çox erməni tərəfinin mövqeyini oxuyur. Obyektivlik və dürüstlük isə qarşı tərəfə də söz haqqı tanıyır. Oxucuda baş verənlərlə bağlı dolğun rəyin formalaşması üçün bu, vacibdir.
 
Ovqat.com xəbər verir ki, Fransanın “AgoraVox” nəşrinin bu gözəl təşəbbüsünə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov müsbət cavab verib. Üstəlik, nəşrin suallarını elə fransızca cavablandırıb. 
 
Müsahibəni Azərbaycan oxucularının diqqətinə çatdırırıq.


 
- Bir neçə gündür ki, Azərbaycan-Ermənistan sərhədində böhran yaşanır. Hər iki tərəfdən itkilər də var. Hərbi əməliyyatların yenidən başlaması və hazırki vəziyyət haqda nə deyə bilərsiniz?
 
- Ermənistan silahlı qüvvələri iyulun 12-də atəşkəs rejimini pozaraq Azərbaycanın sərhəddəki Tovuz rayonunu atəşə tutmağa başlayıblar. Nəticədə biri general olmaqla, 11 hərbçimiz və 1 mülki vətəndaşımız qətlə yetirilib. Sonda erməni qoşunlarının hücumu Silahlı qüvvələrimizin cavabı, əks-hücum tədbirlərilə dəf edilib.
Ermənistanın budəfəki silahlı təxribatında məqsəd yeni mövqelərin ələ keçirilməsi, işğal zonasının genişləndirilməsi, sərhəd zonasında mülki əhalinin qorxudulması, onların da zorla öz yurd-yuvasından didərgin salınması olub.
Digər tərəfdən, bu qanlı təcavüz aktında məqsəd erməni xalqının diqqətinin Ermənistan hakimiyyətinin ölkəni saldığı, COVID-19 pandemiyası ilə daha da ağırlaşan sosial-iqtisadi böhrandan yayındırılması idi.
Bu da son deyil. Yerevan Ermənistan-Azərbaycan münaqişəsinə regionun digər ölkələrini, özünün də üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) cəlb etməyə çalışırdı. Lakin onlar buan nail ola bilmədilər.
Beləliklə, Azərbaycan ərazisinin 20%-ni 30 ildir işğal altında saxlayan Ermənistan son cinayət əməllərilə işğalçılıq siyasətini davam etdirmək niyyətini bir daha ortaya qoyub. Odur ki, biz beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini, o cümlədən sərhəddəki son təxribatlarını sərt şəkildə pisləməyə çağırırıq. Bu cür təxribatların məsuliyyəti tamamilə Ermənistan rəhbərliyinin üzərinə düşür. Yaşananlar göstərir ki, Ermənistan hakimiyyətinin məqsədi sülh danışıqlarına nəyin bahasına olursa-olsun mane olmaq, Azərbaycan ərazilərini azad etmək öhdəliyindən yayınmaqdır.
 
- Ümumiyyətlə, son illərdə Ermənistanla Azərbaycan arasında şiddətli döyüşlərə tez-tez rast gəlinir. Bu da hər dəfə çoxsaylı itkilərə səbəb olur. Bu haqda nə deyə bilərsiniz və ümumiyyətlə, iki keçmiş Sovet respublikası arasındakı qarşıdurmanın əsasında nə dayanır?
 
- Bu suala cavab vermək üçün tarixə nəzər yetirmək lazımdır. Qarabağ bölgəsi ta qədimdən XIX əsrin əvvəllərində baş vermiş Rusiya işğalınadək müxtəlif Azərbaycan dövlətlərinə məxsus olub. XVIII əsrin ikinci yarısında Azərbaycan kiçik dövlətlərə, xanlıqlar və sultanlıqlara bölünüb. O vaxt bu parçalanmadan istifadə edən Rusiya və Fars imperiyaları 1813-cü ildə “Gülüstan”, 1828-ci ildə isə “Türkmənçay” müqavilələrilə Azərbaycanı iki hissəyə bölüblər (Şimali və Cənubi Azərbaycan). Şimali Azərbaycanın işğalından sonra çar rejimi əldə etdiyi bu torpaqlarda mövqelərini möhkəmləndirmək üçün orada erməniləşdirmə siyasəti aparıb. Beləliklə, sözügedən 2 müqavilə ilə Azərbaycan torpaqlarında ermənilərin kütləvi şəkildə məskunlaşdırılmasına başlanılıb. “Türkmənçay” müqaviləsinin 15-ci maddəsi İrandan ermənilərin kütləvi şəkildə rusların nəzarətində olan Şimali Azərbaycan ərazilərinə köçürülməsini nəzərdə tuturdu. Nəticədə yalnız 1828-1911-ci illərdə İran və Türkiyədən 1 milyondan çox erməni Rusiya tərəfindən Qafqaz regionuna, o cümlədən Azərbaycan torpaqları olan İrəvanla Qarabağa köçürülüb. 1914-16-cı illərdə isə Dağlıq Qarabağ bölgəsinə daha 350 min erməni köçürüblər.
Bundan başqa, 1905-1907-ci illərdə ermənilər azərbaycanlılara qarşı miqyaslı qətliamlar törədib. O vaxt vəhşiliklər Bakı daxil olmaqla, bütün Azərbaycan ərazisində, o cümlədən hazırki Ermənistan ərazisində yerləşən Azərbaycan kəndlərdə həyata keçirilib, yüzlərlə yaşayış məntəqəsi dağıdılaraq xəritədən silinib, minlərlə mülki şəxs qətlə yetirilib.



Daha sonra Birinci Dünya müharibəsindən sonra yaranmış vəziyyətdən istifadə edən ermənilər Rusiyada 1917-ci ilin fevral və oktyabr inqilablarından da yararlanaraq, öz planlarını əks-inqilabla mübarizə bəhanəsi adı altında həyata keçirməyə başlayıb. Bu zaman da mülki əhali qırğına məruz qalıb, kəndlər yandırılıb, milli mədəni abidələr məhv edilib.
Nəhayət, 1918-ci il mayın 28-də təxminən 100 illik rus əsarətindən sonra Azərbaycan xalqı Şimali Azərbaycanda suveren dövlət – Azərbaycan Xalq Cümhuriyyətini elan edib. 1918-1920-ci illərdə o, dünyanın müxtəlif dövlətlərilə diplomatik əlaqələr qurub, 16 dövlət Bakıda diplomatik missiyasını açıb. Həmin dövrdə Ermənistan da müstəqilliyini elan edib və dərhal Qarabağın ilhaqı məqsədilə Azərbaycana qarşı ərazi iddialarına başlayıb. Belə olan təqdirdə Azərbaycan hökuməti Qarabağda müvəqqəti general qubernatorluq təsis edib və 1919-cu ilin aprelində müttəfiq dövlətlər bu general qubernatorluğu Azərbaycanın yurisdiksiyasında tanıyıblar. 1919-cu ilin avqustunda isə Dağlıq Qarabağın erməni milli assambleyası rəsmi olaraq Azərbaycanın hakimiyyətini qəbul edib. Odur ki, erməni tərəfinin iddia etdiyi kimi, o dövrdə Dağlıq Qarabağın nə hüquqi, nə də siyasi müstəqilliyi olub. Bu, tamamilə yalandır!
Ermənistanla Azərbaycan arasında bu gün davam etməkdə olan silahlı münaqişəyə gəlincə, bu da ermənilər tərəfindən 1987-ci ilin sonlarında Xankəndidə (sonradan adı dəyişdirilərək Stepanakert olub) azərbaycanlılara qarşı törədilmiş təcavüzlə başlayıb. Həmin təcavüz nəticəsində Ermənistanda yaşayan azərbaycanlılar oradan kütləvi şəkildə qovulub, qaçqın və məcburi köçkünə çevriliblər. Son olaraq, 250 min Ermənistan azərbaycanlısı ölkədən qovulub.



1988-ci il fevralın 20-də Dağlıq Qarabağın erməni icmasının nümayəndələri bölgənin Azərbaycan SSR-dən ayrılaraq, Ermənistan SSR-ə birləşdilirməsinə çağıran qətnamə qəbul edib. Nəticədə münaqişə hərbi müstəviyə keçib. Bu, 1991-ci ilin sonu, 1992-ci ilin əvvəllərinə təsadüf edir. Bunadək ermənilər hələ 1988-ci il fevralın 22-də Xandəndini Ağdamla birləşdirən magistral yolun kənarındakı Əsgəran düşərgəsində dinc etiraz aksiyası keçirən azərbaycanlılara atəş açıb. Nəticədə iki azərbaycanlı gənc həlak olub. Bu münaqişənin ilk qurbanları məhz onlardır.
Artıq qeyd etdiyim kimi, münaqişə 1991-ci ilin sonu, 1992-ci ilin əvvəlində hərbi mərhələyə keçib. Bu dəfə Sovet İttifaqının dağılması nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edən Ermənistan xaricdən də hərbi dəstək alaraq, Dağlıq Qarabağda döyüş əməliyyatlaırna başlayıb. Ermənistanın Azərbaycana qarşı ilk hücumlarından biri 1992-ci ilin fevralında həyata keçirilib. Nəticədə Azərbaycanın Xocalı şəhəri işğal olunub, şəhər sakinləri misli görünməmiş qətliama məruz qalıb. Xocalıda minlərlə azərbaycanlı qətlə yetirilib və ya əsir götürülüb, şəhər tamamilə dağıdılıb. Bu haqda ortada hesabatlar var və onlar erməni silahlılarının Xocalıda törətdiyi vəhşiliyin miqyasını göstərir.
Beləliklə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan ərazisinin 20%-nin işğalı ilə nəticələnib. Bu müharibə nəticəsində Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon Ermənistan tərəfindən işğal olunub, Azərbaycanda hər 9 nəfərdən biri qaçqın və ya məcburi köçkünə çevrilib. Bu gün bizim bir milyondan artıq qaçqın və məcburi köçkünümüz var: 750 min azərbaycanlı Dağlıq Qarabağ və ətraf rayonlardan, 250 min nəfər isə Ermənistandan qovulub.


 
- Beləliklə, Dağlıq Qarabağ özünü müstəqil elan edib. Ölkənizin buna reaksiyası necə olub və bu istiqamətdə vəziyyət necədir?
 
- Bu gün Azərbaycan Respublikasının ərazisinin 20%-i, o cümlədən Dağlıq Qarabağ bölgəsi Ermənistanın işğalı altındadır. Ermənistan həmin ərazilərdə marionet rejim yaradıb. Onun mülki azərbaycanlı əhalinin kütləvi qətliamı ilə müşayiət olunmuş etnik təmizləmə kimi ağır cinayətlər törətmiş rəhbərləri də məhz Yerevan tərəfindən təyin olunur.
Bir sözlə, Ermənistan təxminən 30 ildir ki, beynəlxalq hüququ, o cümlədən Azərbaycan Respublikası sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyün, bir milyon insanın fundamental hüquqlarını, o cümlədən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinin hüquqlarını kobudcasına pozmaqdadır. Dağlıq Qarabağ regionunun azərbaycanlı icmasının 50 min üzvü doğma yurdundan didərgin salınıb. Onlar özlərinə respublikanın müxtəlif bölgələrində sığınacaq tapıblar. Odur ki, nə sürgündə yaşamağa məcbur edilmiş icmanın mövcudluğunu, nə də onların pozulmuş fundamental hüquqlarını heç kəs unutmamalıdır.
Bütün bunlara baxmayaraq, Azərbaycan münaqişənin sülh və anlaşma yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların qəbul etdiyi müvafiq sənədlər əsasında həllinə sadiqdir. Yeri gəlmişkən, bu prosesdə ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransa da iştirak edir. Parisin bu münaqişə ilə bağlı mövqeyi birmənalıdır: Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır. Yeri gəlmişkən, onu n müstəqilliyini Ermənistanın özü də daxil olmaqla, heç bir dövlət tanımır.
Odur ki, Ermənistan bir həqiqəti dərk etməlidir: o, özünü bütün tarixi həqiqətlərin əksinə olaraq, münaqişə qurbanı kimi təqdim etməyə çalışmaqla Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və digər torpaqlarının qanunsuz işğalını davam etdirə bilməz.


 
- Keçmişdə Azərbaycan ərazisində ermənilərlə azərbaycanlılar birlikdə, anlaşma şəraitində yaşayıblar. Bəs bu düşmənçilik nədən yarandı?
 
- Bu münaqişənin, düşmənçiliyin səbəbi Ermənistanın Azərbaycan torpaqlarını ilhaq siyasəti, ölkəmizə qarşı təcavüzüdür. Ermənistanla münaqişəyə baxmayaraq, bu gün Bakıda və Azərbaycanın digər şəhərlərində təxminən 30 min erməni əsilli insan təhlükəsiz şəraitdə yaşayır. Təəssüf ki, eyni sözləri münaqişədən əvvəl Ermənistanda yaşamış azərbaycanlılar haqqında demək olmur. Bizim üçün Dağlıq Qarabağda erməni və azərbaycanlı icmaların birgə yaşamasında heç bir problem yoxdur. Erməni liderlərsə əsassız, təhlükəli bəyanatlar verir, iki millətin birlikdə dinc yaşamasının mümkün olmadığını deyir, irqçi fikirlər səsləndirir. Buna yol verilməməlidir!
Azərbaycan çoxmillətli və çoxkonfessiyalı, dünyaya açıq, dinindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarının fundamental hüquq və bərabərliyini təmin edən ölkədir. Dünyəvi dövlət prinsipinə, dini tolerantlığa və multikulturalizmə sadiq olan Azərbaycan bu gün dünya tərəfindən mədəniyyətlərarası dialoq platforması kimi qiymətləndirilir.
 
- Beynəlxalq instansiyalar, BMT kimi böyük təşkilatlar, həmçinin Avropa qurumları işğal edilmiş torpaqların Azərbaycana qaytarılmasını tələb edən çoxsaylı qətnamələr qəbul edib. Lakin bunlar heç bir nəticə vermir. Buradan hansı nəticəyə gəlirsiniz? Fransanın da həmsədri olduğu, iki ölkə arasındakı böhranın həlli yolunun tapılmasına kömək etməsi üçün yaradılmış Minsk qrupundan nə gözləyirsiniz? Ticarət tərəfdaşınız da olan Fransadan siyasi məsələlərdə nə gözləyirsiniz?
 
- Başa düşmək lazımdır ki, güc yolu ilə ərazi əldə edilməsi beynəlxalq ictimaiyyət tərəfindən heç vaxt qəbul edilməyəcək. Dünya birliyi Ermənistanın Azərbaycana qarşı hərbi güc tətbiq etməsini, torpaqlarımızı işğalını dəfələrlə pisləyib. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiqləyən, həmçinin işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib.
Avropa İnsan Hüquqları Məhkəməsi erməni hərbi qüvvələrinin azərbaycanlı mülki əhaliyə qarşı əməllərini müharibə cinayətləri və ya insanlığa qarşı cinayət kimi qiymətləndirib. Qurumun 2015-ci il 16 iyun tarixli qərarında deyilir ki, Dağlıq Qarabağ və ətraf ərazilər işğal altındadır, bu ərazilərə Ermənistan nəzarət edir.
Azərbaycan ərazilərinin işğalını Avropa Parlamenti də açıq şəkildə qınayıb. O, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən qətnamələrində münaqişənin həllilə bağlı mövqeyini açıq şəkildə ifadə edib, problemin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında çözülməli olduğunu bildirib.
ATƏT-in Minsk qrupuna gəlincə, o, 28 illik vasitəçiliyi dövründə işğal olunmuş ərazilərdə status-kvonu dəyişdirə bilməyib. Halbuki, bütün zorakılıqların, gərginliyin kökündə erməni işğalı nəticəsində yaranmış qəbuledilməz, yolverilməz status-kvo dayanır. Ermənistan davamlı təxribatları ilə, Azərbaycanın işğal olunmuş ərazilərində hərbi mövcudluğunu gücləndirməklə, həmçinin bu ərazilərin demoqrafik, mədəni vəziyyətini qanunsuz şəkildə dəyişməklə, təhlükəli status-kvonu möhkəmləndirməyə çalışır.



Yerevan danışıqlar prosesini pozmaq üçün davamlı olaraq Minsk qrupu həmsədrlərinin bütün təşəbbüslərindən imtina edir. Bu, bir daha sübut edir ki, əslində Yerevan münaqişənin siyasi yolla həllində qətiyyən maraqlı deyil. Müxtəlif bəhanələrlə danışıqlar prosesinə zərbə vuran Ermənistanın bu mövqeyi sülh prosesini iflasa uğradıb. Bütün bunlar isə müharibənin yenidən başlanması riskini artırır.
Odur ki, Minsk qrupunun həmsədrləri, o cümlədən Fransa Yerevandan BMT TŞ-nin qətnamələrinə əməl olunmasını, konstruktiv mövqe nümayişini tələb etməlidir. Dağlıq Qarabağ münaqişənin yeganə həlli beynəlxalq hüququn norma və prinsiplərinə hörmətdən keçir.
 
- Söhbətimizin sonunda Azərbaycan ərazisinin 20%-nin işğalının iqtisadi və mənəvi fəsadlarından da danışaq. Bu günlərdə Bakıda Ermənistana qarşı sərt siyasət tələbilə nümayiş keçirilib. Bu haqda nə düşünürsünüz?
 
- Əslində, bu nümayiş xalqın səbrinin tükəndiyini göstərdi. Onlar hüquqlarımızın pozulmasına, beynəlxalq ictimaiyyətin buna laqeydliyinə etiraz edirdilər. Odur ki, xalqımızın yaşamaq, inkişaf etmək hüququnun davamlı pozulmasına imkan verə bilmərik. Təəssüf ki, bütün bunlar Minsk qrupunun və beynəlxalq ictimaiyyətin gözləri qarşısında baş verir.
2018-ci ildə çevriliş nəticəsində hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyan torpaqlarımızı işğal etmiş dövlətin başçısı kimi, məsuliyyətdən qaçmağa çalışır, konstruktiv danışıqlardan yayınır. Yerevanın simasını son qanlı olaylar bird aha ortaya qoyub. Daha neçə günahsız qurban olmalıdır ki, Ermənistan hakimiyyəti hüquqa və ədalətə hörmət etməyin vacibliyini anlasın?
Ermənistan hakimiyyətinin bu əməlləri müharibə təhlükəsini artırır. Azərbaycanın səbri həqiqətən tükənmək üzrədir. BMT Nizamnaməsi bizə özümüzü qanunsuz işğaldan qorumaq, ərazilərimizi azad etmək haqqı tanıyır. Odur ki, Yerevan Azərbaycanın öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyini anlamalıdır. Mövcud vəziyyəti nəzərə alsaq, Ermənistanın səbrimizi sınağa çəkməməsi daha yaxşı olardı.
 
Alən Rumestan


Ana səhifəyə qayıt        Baxış: 4 704          Tarix: 5-08-2020, 18:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma