Xəbər lenti


Türkiyə Oruc Rəis seysmik tədqiqat gəmisini 10-23 avqust tarixləri arasında araşdırmalar aparmaq üçün Aralıq dənizinin şərqinə göndərib və “Navteks” elan edib.

“Navteks” – ərazilərə digər gəmilərin girməsini qadağan edən beynəlxalq xəbərdarlıqdır. Bu xəbərdarlığın tələblərinə əsasən, tədqiqat işləri aparan gəmilərə 6 dəniz mili qədər məsafədə dayanmalısan. Başqa gəmilər bu qadağanı pozarsa, onların təhlükəsizliyinə təminat verilmir və Dəniz hüququna görə, “Navteks” elan edən ölkənin əraziyə icazəsiz girən gəmilərin qarşısını almaq hüququ var.

Türkiyənin Aralıq dənizində “Navteks” elan etməsinin səbəbi təkcə elmi tədqiqat məqsədi daşımır. Başlıca səbəblərdən biri də Yunanıstanla başqa dövlətlər, xüsusilə Misir arasında Kipr yaxınlığında qaz yataqlarının araşdırmasının və istismarının qarşısını almaqdır.

Bəs Türkiyə niyə və nəyə etiraz edir?

Məsələ burasındadır ki, öz enerji tələbatının böyük qismini idxal edən Avropa ölkələri (o cümlədən Türkiyə) və İsrail getdikcə geopolitik problemə çevrilən bu məsələni daxili resursları hesabına çözməyə çalışırlar. Avropa ölkələrinin quru sərhədlərində isə nəzərəçarpacaq miqyasda karbohidrogen ehtiyatları yoxdur. Ümid dənizlərdə tədqiqatlar aparmağa qalmışdı və qitənin əhatə olunduğu əsas su hövzələrindən biri isə Aralıq dənizidir. Aralıq dənizinin coğrafi olaraq dünyanın ən zəngin qaz və neft yataqlarına sahib bölgəsi Yaxın Şərqə yaxınlığı bu ərazilərdə enerji mənbələrinin mövcuqluğu ehtimalını artırırdı. Məhz bu səbəbdən 2000-ci ildən etibarən Ağ dənizin şərqində karbohidrogen ehtiyatları axtarışına başlanılmışdı.

İlk on il ərzində ciddi nəticə verməyən axtarışlar 2009-cu ilin sonlarında ümid işığını şölələndirmişdi.  Məlumata görə, son 10 ildə demək olar ki, hər il Aralıq dənizinin şərqində çox önəmli qaz yataqları kəşf edilmiş və onun istismarı məsələsi region dövlətləri arasında ciddi mübahisələrin yaşanmasına yol açmışdı. Xüsusilə Kirp adası sahillərində kəşf olunan yataqlar mübahisələri daha da gücləndirmiş və gücləndirməkdədir.



Şərqi Aralıqda ilk qaz yataqlarını 2009-cu ildə İsrail kəşf etdi. Bölgədəki ilk böyük təbii qaz ehtiyatı İsrailin Hayfa limanından təxminən 90 kilometr məsafədə yerləşən iqtisadi zonada aşkarlanıb. Tamar adlanan həmin ərazinin 1700 metr dərinliyində 280 milyard kub metr təbii qazın olduğu təxmin edilir.

Üzərindən bir il keçəndən sonra bölgədə daha böyük qaz yatağı kəşf olundu və bununla da region dövlətləri arasında ilk mübahisələr ortaya çıxdı. İsrailin Tamardan bir qədər aralıda Aralıq dənizinin Leviathan adlanan yerində kəşf etdiyi bu qaz yatağının həcminin 622 milyard kub metr olduğu bildirilir. Hayfadan 130 kilometr uzaqlıqda və 1500 dərinlikdə yerləşən həmin təbii qaz ehtiyatı İsrailin 40 illik ehtiyacını ödəyə biləcək qədər həcmdədir. Di gəl ki, Leviathan qaz sahəsinin bir qismi Livan ərazisinə düşür və bu da iki düşmən dövlət arasında mübahisələri daha da qızışdırır.

2011-ci ildə Kirp adası yaxınlığında Afrodita sahəsinin kəşfi Türkiyənin də iddiaçılar sırasına qoşulmasına səbəb oldu. Sahənin əsas qaz yatağı sayılan Limassol Leviathan sahəsindən 160 kilometr cənubda, Afrodita adasının 30 kilometr qərbində yerləşir. 2010-cu ildə İsrail ilə Kipr arasında əldə olunan razılaşmaya əsasən, aparılan tədqiqatlar nəticəsində bölgədə 129 milyard kub mert qaz ehtiyatı aşkarlandı. Türkiyə ilə dəniz sərhədinin müəyyən edilməməsi, Şimali Kipr Türk Cümhuriyyətinin yurisdiksiyasına məhəl qoyulmaması Ankaranın həmin anlaşmanı etibarsız elan etməsiylə nəticələndi. Beləcə, Şərqi Aralıq dənizinin qaz ehtiyatlarına ilk dəfə iddiasını ortaya qoyan Ankara daha sonra tədqiqat işləri Türkiyə dəniz sularına yaxınlaşdıqca daha ciddi şəkildə proseslərə müdaxilə etməyə qərar verdi.

2015-ci ildə Misir də Şərqi Aralıqda qaz axtarışına başladı. Bölgədə indiyədək ən böyük kəşf də elə Misirə aiddir. Misir sahillərindən 150 kilometr məsafədə yerləşən Zöhr yatağında təbii qaz ehtiyatının 849 milyard kubmetr həcmində olduğu təxmin edilir. Azərbaycanın ümumi qaz rezervlərinin 2.5 trilyon kub metr olduğunu nəzərə alsaq, təkcə Zöhr yatağı bizim təbii qaz ehtiyatımızın 1/3-i qədərdir. Həcmin böyüklüyü digər Avropa dövlətlərinin də diqqətini Zöhr yatağına cəlb edə bildi.  İtaliyanın ENI şirkəti ilə Misir dövləti arasında yatağın birgə istismarı ilə əlaqədar müqavilə imzalandı. Müqaviləyə əsasən, 2019-cu ilin sonunda həmin sahədə hasilata başlamaq və ildə 30 milyard kubmetr təbii qaz çıxarmaq nəzərdə tutulurdu. Di gəl ki, sahə həm də Liviya və Türkiyənin dəniz sərhədləri yaxınlığında yerləşdiyindən iki dövlətin də etirazlarına yol açdı. Türkiyə ilə Tripoli hökuməti arasında bağlanan və qardaş ölkənin Liviyaya hərbi dəstəyinə səbəb olan hadisənin də mərkəzində məhz bu qaz rəqabəti dayanır.



2019-cu ildə yenə Kiprdə kəşf edilən Qlaukus-1 yatağı da Türkiyənin iddia etdiyi bölgələrdəndir. Ərazi Türkiyəyə daha yaxın olmasına baxmayaraq, Cənubi Kirp Respublikasını bəhanə edən Yunanıstan həmin sahəni özününkü sayır. Türkiyə isə sahədə həm də Şimali Kipr Türk Respublikasının olduğunu Afinaya xatırlatsa da, qarşı tərəf bununla razılaşmır. Çünki Şimali Kipr Avropa tərəfindən tanınmır. Türkiyə isə həmin dövlətin qarantoru kimi proseslərə müdaxilə etməyi özünün hüququ sayır.

Qeyd edək ki, Exxon və Qatar Petroleum ortaqlığı nəticəsində kəşf edilən Qlaucus-1 adlı yataqda 142 və ya 227 milyard kub metr həcmində qaz ehtiyatı olduğu güman edilir.  Şimali Rum Respublikası rəhbərliyinin verdiyi açıqlamaya görə, bu sahə Kipr sahillərində tapılmış ən böyük yataqdır.

Ötən ay Yunanıstanın bu yatağın istismarı ilə əlaqədar Misirlə danışıqlar apardığı xəbərləri yayılanda Türkiyə ilk dəfə Oruc Rəis adlı gəmisini sahəyə göndərmiş, Yunanıstanın 180 km uzaqlığında yerləşən Meis adasında “Navteks” elan etmişdi. Məsafədəki təyinat iki ölkə arasında problemlərə yol açmış, tərəfləri qarşı-qarşıya gətirmişdi. Sonunda Almaniyada kansleri Angela Merkelin vasitəçiliyi ilə gərginlik səngimiş, tərəflər məsələni sülh yoluyla həllini dəstəkləmişdilər.

Bir neçə gündür ki,  Yunanıstanla Misirin yenidən bu qaz sahəsi ilə bağlı müzakirələrə başladığına dair xəbərlər dolaşır. Görünür, məhz bu səbəbdən də Türkiyə Oruc Rəis gəmisini bu gün yenidən “tədqiqat” sahəsinə göndərib.

Mütəxəssislərin fikrincə, Ankara ən azı həmin sahədən çıxarılan qazın öz ərazisindən nəqlinə nail olmaq istəyir. Beləcə, Aralıq dənizinin qaz nəqlini də öz nəzarətinə almaq istəyən Türkiyə Avropanın enerji təminatında əsas fiqurlardan birinə çevrilə və bu sövdələşmələrdən ciddi tranzit gəlirləri əldə edə bilər.
 
Heydər Oğuz
Strateq.az



Ana səhifəyə qayıt        Baxış: 5 369          Tarix: 10-08-2020, 21:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma