Xəbər lenti

 
 
"NATO rəhbərliyi bizi yeni seçkilər keçirməyə çağırır. Əgər biz gedib onlara bağlansaq, dövlət kimi həlak olarıq".
 
Ovqat.com xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Minskdə Hökumət Evinin qarşısında tərəfdarlarının keçirdiyi mitinqdə bu sözləri dilə gətirib.
 
Lukaşenko bildirib ki, o, küçə aksiyalarının tərəfdarı deyil, amma indi insanları köməyə çağırmağa məcbur olub: "Mən vaxtilə ölkədə meydanlara çıxmağa imkan verməməyə and içmişəm. Mənim günahım deyil ki, bu gün sizi köməyə çağırmalı oldum".
 
O, müxalifəti həkimlərə və jurnalistlərə toxunmamağa çağırıb: "Bir şey olacaqsa, özünüz cavabdehlik daşıyın! Dinc və firavan ölkəni rüsvay etməyin!"
 
Lukaşenko prezident seçkisinin saxtalaşdırılması iddiası ilə də razılaşmır: "80%-dən artıq nəticə ilə tamamlanan seçkilərin saxtalaşdırılması mümkün deyil. Mən burada özümü Allah qarşısında dayanmış kimi hiss edərək deyirəm: seçkilər baş tutub".


 
O, hakimiyyətdən dördəlli yapışmadığını desə də istefa verməyəcəyini də gizlətməyib: "Mən əsrin dörddə biri boyunca bütün gəncliyimi – ömrümün ən yaxşı illərini sizə və vətənimizə xidmət etmək üçün verdim. "Siz 26 il əvvəl məndən, tamamilə təcrübəsiz bir gəncdən xalqı uçurumdan uzaqlaşdırmağı xahiş etdiniz,. Biz bunu etdik, sələflərimizin xəyallarını reallaşdırdıq. İndi isə onlar (müxalifət) mənə " Get!" deyirlər. Məsələ deyil! Məsələ deyil! Prezidentlər gəlib gedəndirlər. Amma sabah kimləri burada görəcəyik? Kimlərə sabah yem olacağıq?"
 
Prezident bildirib ki, ölsə belə, ölkəni "əldən verməyə" niyyətində deyil: "Biz bu ölkəni sizinlə birlikdə qurmuşuq. Bütün çətinliklərinə, nöqsanlarına baxmayaraq, Belarus gözəl ölkədir. İndi onu kimə vermək qərarına gəldiniz? Əgər kimsə ölkəni kiməsə vermək istəyirsə, mən ölsəm delə, sizə bu icazəni verməyəcəyəm".
 
Prezidentin sözlərinə görə, Qərb ölkələri respublikanın sərhədlərində hərbi güclərini artırırlar: "Tank və təyyarələr sərhədlərimizdən 15 dəqiqəlik zaman məsafəsindədir". O bildirib ki, belə ağır zamanda ölkəni təcrübəsiz əllərə vermək olmaz.
 
Dövlət başçısı bildirib ki, xarici "kuklaoynadanlar" Belarusun sərhədlərini Minskə köçürmək istəyirlər: "Bu, baş tutmayacaq. Biz hamımız Brest qalasına çevriləcəyik. Ölkəni verməyəcəyik".


 
Qeyd edək ki, Lukaşenko Hökumət evi qarşısında öz tərəfdarlarına bu sözləri söyləyərkən on minlərlə belarus Minskin başqa bir səmtinə - Qələbə və Marşov  prospektlərinin kəsişməsində yerləşən “Minsk - Qəhrəman Şəhər" abidəsinə doğru axışır və “Get!” şüarı səsləndirirdilər. Hazırda 100 mindən artıq etirazçı həmin meydanda mitinqlərini davam etdirir.


Ana səhifəyə qayıt        Baxış: 3 595          Tarix: 16-08-2020, 17:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma