Xəbər lenti
Bu gün, 19:25

 
“Aleksandr Lukaşenko bundan sonra bir müddət də bu cür - süngü üzərində hakimiyyətdə qala bilər, lakin onun uzunmüddətli dövr üçün  öz vəzifəsini davam etdirməsi mümkün deyil. “Batka”nın siyasi ömrünə saylı günlər qalıb”. 
 
Ovqat.com xəbər verir ki, bu proqnozu verən Belarus politoloqu və publisisti Kirill Averyanov-Minskiydir.
 
Publisist-politoloqun URA.ru saytına verdiyi proqnozda Lukaşenkonun hakimiyyətdən sonrakı dövrü heç ürəkaçıcı deyil. Politoloqun fikrincə, onu ya ölkədən qaçmaq, ya da intihar gözləyir. 
 
Bəs yaxşı ehtimalı nəzərə alsaq, Lukaşenko hansı ölkəyə qaça bilər? Axı Qərb 26 il Belarus xalqına qan udduran, demokratik dəyərləri rəsmən düşmən kimi qəbul edən bu adama, çətin ki, sığınacaq verə. Siyasi hakimiyyətinin son aylarında Lukaşenko Rusiyaya da arxa çevirmişdi, hətta onu Kremlə xəyanətdə günahlandırırdılar. Moskva isə klassik üslubla desək, xainlərin “göz yaşlarına inanmır” və onları heç vaxt bağışlamır.
 
Belarus politoloqun bu çətin suala cavabı:
 
"Çinə qaça bilər. Çinlə yaxşı əlaqəsi olduğunu söyləyirdi. Venesuela da onun pənah apara biləcəyi son qalası ola bilər. Çavezlə (keçmiş president) çox yaxın dostluq münasibətləri vardı. Rusiyaya buraxılacaqmı? Bu versiya böyük bir sual altındadır. Mən onun yerinə olsam, uzun illər aldadığım, rəhbərliyini alçaltdığım və təhqir etdiyim Rusiyanın qonaqpərvərliyinə ümid bağlamazdım", — deyə publisist qeyd edib. Onun sözlərinə görə, Lukaşenko üçüncü dünya ölkələrinə də qaça bilər. Konkret olaraq hara? Bu, bəlli deyil.
 
“Amma Belarus lideri üçün ən pis ssenari intihardır”,- Averyanov-Minskiy bunu da istisna etmir. "Lukaşenko özünə qəsd də edə bilər. Onun üçün hakimiyyətdən uzaqlaşmaqdan asan deyil. Bu adam hakimiyyətlə böyüdü və onun üçün hakimiyyətdən kənarda həyat yoxdur”, — deyə Belarus politoloq bildirib.
 
Qeyd edək ki, bu gün Belarus Hökumət evinin qarşısında çıxışı zamanı Lukaşenko heç hara getməyəcəyini və ölənə qədər dirənəcəyini demişdi. Özünü hətta I Dünya savaşında həm faşist, həm də sovet ordusundan minlərlə əsgərin qurban getdiyi Brest qalası ilə müqayisə etmişdi.


Ana səhifəyə qayıt        Baxış: 4 850          Tarix: 16-08-2020, 22:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma