Xəbər lenti
Bu gün, 19:25
Bu gün, 18:39
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Belarusdakı prezident seçkilərindən sonra xalqın qəti şəkildə etirazlarına baxmayaraq, Aleksandr Lukaşenkonun hakimiyyəti əldən verməməklə bağlı israrçı mövqeyi proseslərin dinc müstəvidən çıxıb bloklararası hərbi hesablaşmaya çevrilmə ehtimalını artırır. Ölkənin 26 illik diktatoru da bir müddət əvvəl media orqanlarına verdiyi açıqlamalarda bu ehtimalı istisna etmir, xalqın dinc etirazlarını xarici müdaxilələrin nəticəsi kimi qələmə verir və “yadelli” təzyiqlərə Brest qalası kimi dəyanətlə duruş gətirəcəyini vurğulayırdı.
Brest qalasının 1941-ci ildə alman faşistlərinin SSRİ-yə hücumu zamanı ilk döyüş meydanı olduğunu və ciddi dirəniş göstərdiyini, hər iki tərəfdən minlərlə əsgərin öldüyünü nəzərə alsaq, Lukaşenkonun nə demək istədiyini anlaya bilərik. Bununla Lukaşenko sanki Qərbə öz hakimiyyəti uğrunda minlərlə belarusun canına qıya biləcəyi mesajını verdi. Zira 79 il əvvəl Brest uğrunda mübarizədə 8 gün müqavimət göstərən sovet ordusunun minlərlə əsgəri öldürülmüş, bir o qədər də hərbçi əsir götürülmüşdü. Məlumata görə, qala işğal olunanda almanlar 7 mindən artıq sovet əsgərinin meyiti ilə qarşılaşmışdılar. Almanlar da təxminən bir o qədər itki vermişdilər. Görünür, “Batka” da əllərində güllə meydana çıxan sivil etiraçıların öz hakimiyyət hərisliyinin girovu olduqlarını “xarici düşmənlər”ə Brest bənzətməsiylə çatdırmaq istəyib.
“Batka” çıxışlarında onu da vurğulayıb ki, Rusiyaya ilk müraciətində Moskva hərbi qüvvələrini Belarusa göndərməyə hazırdır və rəhbərlik etdiyi ölkə Rusiyanın ön cəbhədə ilk qalasıdır. Yəni eynilə 1941-ci ilin iyun ayının son həftəsində olduğu kimi, Belarus Qərb dövlətləri tərəfindən “işğal” olunarsa, cəbhə xətti Rusiyanın sərhədlərinə, hətta içərisinə qədər geri çəkilə bilər. Bu fikir də I Dünya müharibəsinin o məşum günlərini ağla gətirir. Belə ki, alman faşistləri Bresti aldıqdan sonra rahatlıqla Moskva yaxınlığına qədər irəliləyə bilmişdilər. Rusiyanı həmin dövrdə xilas edən sərt rus qışı olmuşdu.
Brest mesajından sonra Belarus liderinin rusiyalı həmkarı ilə dəfələrlə telefonla danışıqlar apardığı, Putindən hərbi yardım istədiyi barədə məlumatlar gəlməyə başladı. Başqa sözlə desək, “Batka”nın xaricdəki rəqiblərinə hədə-qorxu kimi gəldiyi müraciətini artıq etdiyi bildirilir. Məhz bu müraciətdən sonra Belarusun həm şərq, həm də qərb sərhədlərinə hərbi texnikaların toplandığına dair məlumatlar var. Sözsüz ki, şərqdə rus əsgərləri, qərbdə isə NATO qüvvələri.
Belarus diktatorunun Rusiyaya müraciəti iki dövlət və digər 4 post sovet ölkələri arasında bağlanmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsinə əsaslanır. Nizamnamənin 4-cü maddəsinə görə, üzv dövlətlərdən birinə edilmiş hücum bütün subyektlərə hücum kimi qiymətləndirilir və BMT Müqaviləsinin 51-ci maddəsinə əsasən, onların birgə özünümüdafiə haqqı doğur.
KTMT Nizamnaməsinin 4-cü maddəsindən də göründüyü kimi, Rusiya yalnız xarici hərbi müdaxilə zamanı Belarusa əsgər göndərə bilər. Minskdə və digər şəhərlərdə keçirilən etiraz aksiyaları isə kifayət qədər dinc xarakter daşıyır və nümayişçilər əllərində silah yox, çiçək tuturlar. Bununla belə, ABŞ-ın Almaniyadan çıxardığı qoşun hissələrini Polşada yerləşdirməsi Lukaşenkonun əlində bəhanəyə çevrilib və NATO qüvvələrinin ölkəyə hücum edəcəyi ehtimalına söykənərək Kremldən yardım istəyir.
Məlumatlara görə, Rusiya da Lukaşenkonun bu müraciətini ciddi qəbul edib və iki ölkə liderlərinin telefon danışıqlarından sonra Belarusla sərhəd bölgələrində hərbi hərəkətlənmə müşahidə olunur.
Qərb ölkələri isə Rusiyanın KTMT Nizamnaməsini əsas götürüb Belarusa hərbi qüvvələr yeritməsini işğal faktı kimi qiymətləndirəcəyini açıq bəyan ediblər. Avropa parlamentinin deputatları Belarusdakı seçkilərin nəticələrini tanımadıqlarını bildiriblər. Məlumata görə, onlar Aleksandr Lukaşenkonu persona non qrata elan ediblər. Bu isə Lukaşenko Belarusu ilə diplomatik münasibətlərin dayandırılması mənasına gəlir və diplomatik əlaqələr dayandırıldığı yerdə müharibə ssenariləri işə düşür.
Avropadan gələn bu təpkilərdən sonra Lukaşenko geri addım atıb seçkiləri yenidən keçirə biləcəyini açıqlayıb. Amma o, növbəti şərtini irəli sürüb: seçkilərdən əvvəl Konstitusiya indiki şəraitə uyğunlaşdırılmalı, bunun üçünsə referendum keçirilməlidir. İstər referendumun, istərsə də təkrar seçkilərin ən azı 3 ay çəkəcəyini nəzərə alsaq, Lukaşenkonun bu güzəştinin əslində 6 ay vaxt qazanmaqdan bir şey olmadığı ortadadır. Görünür, Belarus diktatoru “6 aya ya xan ölər, ya eşşək” məntiqinə əsasən gərginliyin səngiməsini, bundan sonra ölkəni əvvəlki kimi idarə etməyə ümid bağlayır.
Artıq iki gündür ki, Qərblə Rusiya arasında ritorik savaşın əməli tədbirlərə çevrilməsinin ilk təzahürləri görünməyə başlayıb. Məlumata görə, avqustun 16-da Lukaşenko ilə Putin arasında telefon danışığından sonra axşam saatlarında Sankt-Peterburqdan Pskov şəhərinə hərbi texnikaların hərəkəti müşahidə olunub. Sankt-Peterburq mərkəzli “Fontanka” nəşri dünənki buraxılışında Belarusdan 100 km aralıda yerləşən Smolensk yaxınlığında başqa bir hərbi kolonun da sərhədə doğru hərəkət etdiyindən bəhs edilib. Mənbə kolonda 30-40 ədəd “Ural” markalı nömrəsiz hərbi maşınların olduğunu xəbər verib. Nəşrə məlumatı verən mənbənin bildirdiyinə görə, hərbi kolonda “Hammer” markalı maşınlar da varmış. Rusiya ordusunun Qərb Hərbi Dairəsi bu məlumatı təsdiqləsə də, hərbi kolonun silah daşımadığını vurğulayıb. Müşahidəçilərin fikrincə, bu, “Rosgvardiya”nın hissələri ola bilərdi.
Bu faktlar sübut edir ki, Rusiyanın müxtəlif yerlərindən Belarusa hərbi texnikalar göndərilir. Hərbi aktivliyin iki ölkə liderlərinin telefon danışıqlarından sonra baş tutması xüsusilə narahatlığı artırır. Kremlə yaxın mənbələrin məlumatı da Rusiyanın Belarusa hərbi müdaxilə ehtimalını gücləndirir. Məlumata görə, liderlər KTMT Nizamnaməsinə əsasən Rusiyanın “müttəfiq dövlətin təhlükəsizliyini təmin etmək” və xarici təhdidləri qorumaq üçün Belarusla birgə addımlar ata biləcəyi qənaətinə gəliblər.
Belarusun qərb sərhədlərində də vəziyyət düşünüldüyü qədər stabil deyil. Məlumata görə, Prezident Donald Tramp Polşadakı Amerika hərbi kontingentini 4,5 mindən 5,5 minə qədər genişləndirib. Xatırladaq ki, Almaniyadan çıxarılmış Amerika hərbi korpusunun bir hissəsini əvvəlcədən Polşaya göndərmişdi. Moskva bu plana yeni silahları qərb sərhədlərinə daşımaqla cavab vermişdi. Rusiya Müdafiə Nazirliyi isə ABŞ-ın hərəkətləri “son dərəcə təhlükəli” adlandırmış və gözlənilməyən nəticələrin hərbi münaqişəyə səbəb olacağı barədə xəbərdarlıq etmişdi.
Rusiyanın bu təhdidkar açıqlamalarının artıq işə yaramadığı görünür. Belə ki, ABŞ Rusiyanın bu təhdidindən sonra nəinki geri çəkilmədi, əksinə Almaniyadan çıxarıb Polşaya yerləşdirdiyi hərbi qüvvələrini daha da artırdı. Nəticədə ABŞ əsgərləri hesabına öz müdafiə gücünü artıran Polşa belə indi Rusiya ilə daha ötkəm danışmaqdan çəkinmir.
Varşava Rusiyanın Belarusa hərbi müdaxiləsi baş verərsə və ya rəsmi Minsk dinc etirazçılara qarşı güc istifadə edərsə, bu ölkənin qərb bölgələrini öz protektoratlığına ala biləcəyini açıq şəkildə dilə gətirir. Bu isə Brest və Qrodno bölgələrinin ilhaqı anlamına gəlir. Polşanın bu hərəkətinə Rusiyanın səbrlə yanaşması mümkün deyil və qarşılıqlı cavablar hərb dalğasının bütün Avropanı bürüyəcəyi təhlükəsinə yol açır.
Maraqlıdır ki, Rusiyanın Şərqi Avropadakı əsas müttəfiqi Serbiya da artıq ondan üz döndərənə oxşayır. Məlumata görə, Rusiyadan S-400 havadanmüdafiə sistemləri almağa hazırlaşan Serbiya indi fikrini dəyişib. Belqrad artıq rus havadanmüdafiə sistemlərini Çin FK-3 sistemləriylə əvəzləməyə üstünlük verir. Baxmayaraq ki, Rusiya öz S-400-lərini Serbiyaya həm ucuz qiymətə, həm də kreditə verirdi. Üstəlik, Çinin FK-3 sistemi nə mənzil, nə hündürlüyə qalxma, nə də dəqiq nişanalma yarışında S-400-lərlə yarışa bilməz. Məhz bu səbəbdən də Belqradın verdiyi bu qərarın hərbi yox, siyasi olduğu güman olunur. Belə çıxır ki, ətrafındakı bütün ölkələrin “palaza büründüyünü” görən Belqrad da “ellə sürünməyə” üstünlük verir.
Belarusun şimalında yerləşən Baltikyanı dövlətlər də Lukaşenko əleyhdarlarına açıq şəkildə dəstəkləyirlər. Litva rəsmiləri Belarusa Rusiya tərəfindən gözlənilən hərbi yardımı “işğal“adlandırıb. Ölkənin xarici işlər naziri Linas Linkyaviçyusun sözlərinə görə, Rusiya ciddi risk edir. “O başa düşməlidir ki, işğal nə hüquqi, nə mənəvi, nə də siyasi baxımdan ona heç nə qazandırmayacaq”, – deyə Linkyaviçius bildirib.
Rəsmi Vilnusun Rusiya əleyhdarlığı təkcə sözlə yekunlaşmayıb. O, açıq şəkildə Belarusdakı prosesləri dəstəkləyir və ölkədəki rus uzantılarına qarşı sivil mübarizənin ön cəbhəsində dayanır. Təsadüfi deyil ki, müxalifətin vahid namizədi Tixanovskaya seçkilərdən sonra məhz Litvaya sığınmış və dünən bu ölkədə Belarusun milli lideri olmaq məsuliyyətini boynuna götürmüş, xalqı qanuni hakimiyyəti ələ keçirməyə çağırmışdı.
Belarusun Janna Darkının bu sözlərinin ölkədə ciddi əks-səda doğurduğu xəbər verilir. Dünən Belarusun müxtəlif şəhərlərində keçirilən etiraz aksiyalarında iştirakçıların sayının dəfələrlə artdığı müşahidə edilib. Vəziyyət artıq o həddə çatıb ki, Lukaşenkonun sabit elektoradı sayılan müəssisələrin kollektivləri belə, diktatordan üz döndəriblər. Ötən gün bir neçə zavodda zəhmətkeşlər qarşısına çıxmağa çalışan “Batka” “Get!” şüarları ilə qarşılaşıb və böyük xəyal qırıqlığı yaşayıb. Dövlət televiziyasının əməkdaşları belə, əks tərəfə keçiblər.
Bir sözlə, hər keçən gün “Batka” öz sivil dəstəyini daha çox itirir və bu da onu xalqa qarşı hərbi gücə əl atmağa vadar edir. Görünür, bu “zərurət”in nəticəsidir ki, Belarus Daxili Qoşunları Minskə gətirilib. Bu isə hər an mülki vətəndaşları zərərsizləşdirmək tədbirlərinin həyata keçirilməsi ehtimalını artırır və barıt çəlləyi üzərində oturan Belarus üçün qorxunc qığılcım effekti yarada bilər.
Heydər Oğuz
Strateq.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar