Xəbər lenti
Bu gün, 21:42
Bu gün, 19:19
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Bünyamin Qəmbərli
Səhər-səhər ağlını, məntiqini, məsələlərə yanaşma tərzini, jurnalist fəaliyyətini və yaradıcı təxəyyülünü yüksək qiymətləndirdiyim Əvəz Zeynallının Xural tv-dəki son çıxışlarından birini (siyasət meydanı #412) izlədim. Çıxış bütövlükdə xoşuma gəldi. Əvəz bəyin çıxışı xoşuma gəlməklə yanaşı, həm də ciddi suallar doğurdu.
Düşünürəm ki, hakim komandanın keçmiş və indiki fəal üzvləri, hansı ki onların içərisində keçmişdə və indi hakimiyyətin ən yuxarı pillələrində yer tutan Ramiz Mehdiyev, Əli Əsədov və Səbinə Əliyeva da var, bu hərəkətləri ilə pandemiyaya görə qoyulmuş qaydaları pozaraq sadəcə istəklərini həyata keçirmədilər. Onların bu hərəkətləri qaydaları əhalinin gözündən salmaqla əhəmiyyətsizləşdirilməsinə, vətəndaşlarda hakimiyyətə qarşı inamsızlıq yaradılmasına və özlərinin toxunulmaz olduqlarını göstərməyə xidmət edir.
Ən əsası isə bu hərəkətlər və son dövrdə bəzi qüvvələrin fəallaşması Azərbaycan dövlətinə və mövcud hakimiyyətə meydan oxumaq kimi görünür. Kimlərsə deyə bilər ki, məsələlərə belə yanaşmaq doğru deyil və ya toy məsələsinin siyasətə nə dəxli var. Amma KİV-lərdə və sosial şəbəkələrdə aparılan müzakirələrdən də aydın olur ki, məsələyə sadəcə toy kimi baxmayanlar mütləq əksəriyyət təşkil edir.
Son dövrün məsələlərini yan-yana qoyanda fərqli bir tablo alınır. Ermənistanın Azərbaycanın Tovuz bölgəsinə hərbi təcavüzündən tutmuş 14-15 iyul yürüşü və ondan sonra baş verənlər, Türkiyə-Azərbaycan hərbi təlimləri, bu təlimlərə Azərbaycan əhalisinin müsbət yanaşmasına hakimiyyətdə olanlar da daxil olmaqla müəyyən qüvvələrin sistemli, düşünülmüş və incə ayarlı əks təbliğatı, E. Həsənovun saxlanılması, rus donanmasının Azərbaycan əhalisində ciddi narazılıqlar yaradacaq şəkildə qarşılanması, Kürdəmirdəki həbslər və ən nəhayət toylar, fikrimcə, heç də bir-birindən əlaqəsiz, müstəqil məsələlər deyil, əksinə bir zəncirin müxtəlif həlqələridir.
Mən düşünürəm ki, 14-15 iyul yürüşü və ondan sonra baş verənlərdən həm dövlətçilik, həm də mövcud hakimiyyətin xeyrinə yararlanmaq mümkün olduğu halda nədənsə həbslərə üstünlük verildi və bu insanlar həbs olunarkən KİV-lərdə, xüsusilə hakimiyyətin tabeliyində olan KİV-lərdə hər bir yürüş iştirakçısının siyasi mənsubiyyəti qabardılaraq həm daxili auditoriyada, həm də dünya ictimayətində sanki bu həbslərin baş verən hadisələrə görə deyil, siyasi mənsubiyyətə görə olduğu fikri formalaşdırılırdı. Bizim hakimiyyətə yaxın şəxslərlə müəyyən görüşlərimizdə ciddi etirazlarımızdan sonra bu dayandırıldı.
Yaxud Türkiyə-Azərbaycan hərbi təlimlərinin Azərbaycan əhalisində coşqu və inam yaratdığı bir dövrdə Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzinə rəhbərlik edən Zahid Oruc görüntüdə Əbülfəz Elçibəyi nüfuzdan salmağa xidmət edən “Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə:...” adlı yazısı ilə bir tərəfdən Azərbaycanın neft strategiyasının yanlış olduğunu, bunun vasitəsi ilə həm Əbülfəz Elçibəyin, həm Heydər Əliyevin və həm də İlham Əliyevin yanlış siyasət yürütdüyü fikrini formalaşdırmağa, Azərbaycan dövlətinin neft strategiyasını həyata keçirməkdə mühüm həlqə olan BP-ni qaralayaraq narazı salmağa və bu strategiyanın doğruluğuna və davamlılığına şübhə yaratmağa xidmət edirsə, digər tərəfdən Rusiyanın Azərbaycana son 30 ildə etdiklərinin üstündən keçərək və Qafqazın işğalını, eyni zamanda Azərbaycanın şimalının işğalını həyata keçirməklə Azərbaycanın bölünməsinə səbəb olan İvan Paskeviçi xatırladaraq qorxu yaratmaqla Rusiya xilaskarlığını təbliği nəyə xidmət edir? Zahid Orucun Azərbaycan dövlətçiliyinə zərər verən bu yazısından bir-iki gün sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Prezidenti V. Putinə etirazları da Zahid Orucun ya siyasəti bilmədiyini, ya siyasi möhtəkirlik etdiyini, ya da açıq şəkildə 5-ci kolona xidmət etdiyini ortaya qoyur. Zahid Orucu Azərbaycan dövlətçiliyinə zərərli yazılarına rəğmən müdafiə edənlərə isə bir sualım var: Nədən siz Azərbaycan dövlətçiliyinə zərər verdiyinə, bu dövlətə rəhbərlik edən və sizlərə hər cür şərait yaradan mövcud hakimiyyətin neft siyasəti əleyhinə çıxdığına və zamanla lider kimi qəbul etdiyiniz (bu gün lider kimi qəbul etdib etmədiyinizi bilmirəm) Əbülfəz Elçibəyin qərəzli və səviyyəsiz şəkildə gözdən salınmasına görə Zahid Orucu qınamır, ən azından məsuliyyətsizlikdə günahlandırmır, əksinə müdafiə edirsiz?
Mən düşünürəm ki, bu hakimiyyət də mənim bu sualımı ciddi düşünməlidir. Hakimiyyət bilməlidir ki, dünən lider bildiyi Əbülfəz Elçibəyi müdafiə etməyən və onda olub olmamasından asılı olmayaraq müəyyən qüsurları deyərək onu gözdən salmaqla bu hakimiyyətə xoş gəlməyə çalışanlar zamanı gəldikdə bu haimiyyəti də müdafiə etməyəcək və bu hakimiyyətin də müxtəlif qüsurlarını deyərək ZAMANIN HAKİMİNƏ xoş gəlməyə çalışacaqlar. Elə burdaca Azərbaycanın mövcud hakimiyyətini Azərbaycana qarşı qüvvələrin birləşməsini, fəallaşmasını və gücünü, eyni zamanda hakim komandada olub olmamasından asılı olmayaraq özünü hakimiyyətə yaxın göstərən qüvvələrin etibarsızlığını nəzərə almağa və Azərbaycanın azadlığı və müstəqilliyi yolunda heç nədən çəkinməyərək mübarizə aparan, bugünədək cox ciddi məhrumiyyətlərlə üz-üzə qalsa da Azərbaycan yolundan dönməyən, sevdasından usanmayan Azərbaycan dövlətçiliyini hər zaman bütün varlığı ilə qoruyacaq olan milli qüvvələrlə danışıqlara və işbirliyinə getməyə çağırıram.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar