Xəbər lenti

 
Hər bir xain hakimiyyət öz xəyanətini əsaslandırmaq üçün müxtəlif “səbəblər” tapa bilir. Müasir çağımızda bu “səbəblər” milli maraqlara qənim kəsilmiş hökumətlərə yaxın media qurumları və jurnalistləri tərəfindən irəli sürülür və təbliğ edilir.
 
Bildiyimiz kimi, ərəb ölkələrinin də hakimiyyətləri bir sıra məsələlərdə islam ümmətinin əleyhinə mövqe sərgiləyir və bəzən açıq şəkildə düşmən tərəfin yanında yer alırlar. Bunun ən bariz nümunəsi Fələstin məsələsinə yanaşmada özünü büruzə verir. Bütün müsəlman dünyası Fələstin məsələsinə görə İsrailə qarşı mövqe tutduğu halda Təl-əvivlə ilk körpüləri bərpa edən yenə ərəblər oldu. 1979-cu ildə Misir, 1994-cü ildə İordaniyadan sonra bir müddət əvvəl BƏƏ də İsraillə sülh müqaviləsi bağladı. 
 
Təsadüfi deyil ki, öz ərəb qardaşına belə arxadan zərbə vuran bu hakimiyyətlər İslam dünyasının digər problemlərinə ümumiyyətlə diqqət ayırmaq fikrində deyillər. İslam dünyasının isə Fələstin kimi Dağlıq Qarabağ və Kəsmir məsələləri var. İslam dövlətlərinin bu məsələlərə qarşı birgə mübarizəsini təşkil etməli olan beynəlxalq qurumların başında İslam Əməkdaşlıq Təşkilatı gəlir. İƏT-nı maliyyələşdirən əsas dövlətlərdən biri isə Səudiyyə Ərəbistanıdır. Di gəl ki, rəsmi ər-Riyad məsələyə “şabaşı kim verib, o  da oynayacaq” prinsipi ilə yanaşır və adətən, rəqsi də havaya uyğun şəkildə yox, sümüyünə düşüdüyü tərzdə icra edir. 


 
Aparıcı islam ölkələri bədəvi şeyxlərin siyasi alverlərinin qarşısını almaq üçün İƏT-ni ərəb təsirindən xilas etməyə çalışırlar. Bunun ən optimal yolunu isə İƏT-ə alternativ qurum yaratmaqda görürlər. 
 
Ötən il Malayziya Baş naziri Mahathir Məhəmməd tərəfindən ortaya atılan, Türkiyə və Pakistan tərəfindən  dəstəklənən bu ideyaya ən çox qarşı çıxanlar isə yeni ərəb ölkələridir. İslam ölkələrinin öz başının çarəsinə baxmasını belə istəməyən bədəvi şeyxlər bunun üçün milyardlarla pullarını əsirgəmirlər. Əllərində isə yaxşı bəhanələri var: İƏT-na alternativ qurum Çin tərəfindən yaradılır, məqsəd isə islam dünyasında ərəb təsirini qırmaqdır.
 
Livanlı analitik jurnalist Hüda Huseyninin qələmə aldığı və “Şərqül-Əvsat” nəşrində yayımlanan “Türkiyə yalnızdan qurtulmaq üçün Pakistanla ittifaq qurur!” sərlövhəli məqalə də ərəb şeyxlərinin məsələyə ideoloji yanaşmasını əks etdirir.  Məqalənin tərcüməsini Ovqat.com oxucularının diqqətinə çatdırırıq.


  
Pakistan nə istəyir və nə axtarır? Axtardığını Türkiyə, Malayziya və İranda tapa biləcəkmi?
 
Kəşmir davasını Asiya qitəsinin cənubundakı Fələstin davasınamı çevirmək istəyir?
 
Bu ayın əvvəlində Pakistanın Xarici İşlər Naziri Şah Mahmud Qureyşi İslam Əməkdaşlıq Təşkilatına Kəşmir məsələsi ilə əlaqədar çağırışından sonra bəyanat verərək bildirib: "Əgər təşkilat öz üzvlərini bu məsələnin müzakirəsinə cəlb etməsə, İslamabad özü hərəkətə keçəcək və İslam ölkələrinin Xarici İşlər nazirlərini görüşə çağıracaq”.
 
Bu bəyanat avqustun 5-də Hindistanın uzun illərdən sonra Cammu-Kəşmirin muxtariyyət statusunu ləğv etməsinin birinci ildönümündə səsləndirilib. Ərəb ölkələrinə təhdidkar bir üslubla müraciət edən Qureyşi qeyd edib ki, "İslam Əməkdaşlıq Təşkilatı bu çağırışı rədd edərsə, Pakistanın Baş naziri İmran Xan vasitəsilə yanımızda durmaq və öz görüşümüzü təşkil etmək istəyən ölkələri bir araya gəlməyə çağıracağıq”


 
Təşkilatda bir qrup var ki, "ərəblər İslam Əməkdaşlıq Təşkilatına rəhbərlik edir, ona görə də ərəb hökmranlığından qurtulmaq üçün özümüzə alternativ bir təşkilat quracağıq" deyə düşünürlər.
 
Hekayə keçən il Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclaslarından birində başladı. İmran Xan Malayziyanın o zamankı Baş naziri Mahathir Məhəmməd və Prezident Rəcəb Tayip Ərdoğanla görüş keçirdi. Daha sonra Mahathir noyabr ayında Kuala Lumpurda İslami bir sammit təşkil etmək üçün Pakistan, Türkiyə, Qətər, İran və İndoneziyanı ölkəsinə dəvət etdi və bunu "Müsəlman qitəsinin yenidən qurulması üçün böyük bir ilk addım" olaraq qiymətləndirdi. Ancaq son anda İslamabad bu sammitdən ayrıldı. Bundan sonra Ərdoğan Səudiyyə Ərəbistanına hücum edərək, ər-Riyadın Pakistan Mərkəzi Bankına verdiyi yardımı əsas gətirib İslamabada təzyiq göstərməkdə günahlandırdı. Ardınca Türkiyə mediası Ər-Riyadın Avropadan pul istədiyi zaman qaçqınları sərbəst buraxacağını təhdid etdiyi kimi, İslamabada da Pakistan işçilərini Səudiyyə Ərəbistanından ölkələrinə geri göndərməklə təhdid etdiyini bildirdi.


 
İslam Əməkdaşlıq Təşkilatına 57 üzv ölkə daxildir. Pakistan bu təşkilatın qurucu üzvlərindən biridir, lakin Səudiyyə Ərəbistanı bu təşkilatın demək olar ki, bütün xərclərini ödəyir. Səudiyyə Ərəbistanı güclü ordusu və nüvə gücü olan yeganə müsəlman ölkəsi olan Pakistana hörmət edir və İƏT Pakistanın Kəşmir məsələsinə daima məsuliyyətli münasibət göstərir.
 
Bu müddət ərzində Körfəz ölkələri Hindistanla əlaqələrini regional siyasi dəyişikliyə görə gücləndirdilər və bu çərçivədə Səudiyyə Ərəbistanı da ötən il Hindistanla Strateji Əməkdaşlıq Təşkilatı qurdu. Hindistan Hörmüz boğazından istifadəyə icazə verilməsi üçün Oman ilə müqavilə imzaladı.
 
Getdikcə daha güclü bir iradə ilə Pakistan Kəşmir məsələsində özünü dəstəkləyəcək müsəlman ölkələri arasında yeni müttəfiqlər tapmaq arzusundadır. Əlbəttə, bu çağırışa ən sürətli cavab verən Türkiyə oldu. Zatən  tarix boyu Türkiyə Hindistana qarşı Pakistanı dəstəkləyib, lakin bu dəstək həmişə ritorikadan o tərəfə keçməyib. Fəqət Türkiyə məsələyə indiyədək nə qədər təmkinli yanaşsa da, Ərdoğan bu ilin əvvəlində Pakistan parlamentindəki çıxışı zamanı Kəşmirdəki vəziyyəti Birinci Dünya Müharibəsində Osmanlı imperiyasının yaşadığı əzablara bənzətdi. Ancaq bu, xoş bir bənzətmə deyildi. Nədən ki, Osmanlı imperiyası 1918-ci ildə Birinci Dünya Müharibəsinin sonunda dağılmağa başlamışdı. Ərdoğan da Osmanlı ordusu ilə müttəfiq güclərinin Geliboluda qarşı-qarşıya gəldiyi zaman türklərin köməyinə gələn kəşmirliləri xatırlatdı və Türkiyənin İstiqlal savaşı ilə Kəşmir problemini müqayisə edərək dedi: "Bizim üçün Çanaqqala və Kəşmir arasında heç bir fərq yoxdur! Türkiyənin zülmə qarşı səsi hər zaman yüksək olacaq”.
 
Ərdoğanın Kəşmir məsələsinə münasibətinin və Pakistanla “eşqbazlığının” (flort) səbəbini başa düşmək çətin deyil. Pakistan nüvə gücünə sahib yeganə müsəlman ölkəsidir. Orta Şərqdən təcrid olunmuş Türkiyənin isə Ərəb Birliyi və ya İslam Əməkdaşlıq Təşkilatı kimi ərəb ölkələrinin güclü kökləri olan qurumlarda danışmaq haqqı yoxdur . Bu səbəbdən də Ərdoğan Pakistanla ittifaqlar quraraq bu tənhalıqdan qurtulmağın yollarını axtarır.


 
Türkiyə bir tərəfdən İslamabada yaxınlaşarkən, digər  tərəfdən isə gözünü ər-Riyadla əlaqələrə dikir. Çünki bu yaxınlarda Ər-Riyad Kipr rum tərəfinə aid olan və Türkiyənin gözünün qoyduğu bir adanı yunan adası kimi tanıdığını bəyan etdi.
 
Bundan əlavə, Riyad Ərdoğanı Liviyada müşahidə edir. Pakistana yaxınlaşmaqla Səudiyyə Ərəbistanını təcrid edə biləcəyini düşünən Ərdoğan Kəşmir məsələsindən faydalanaraq onun İslamabad üzərindəki təsirini azaltmağa çalışır. 
 
Mahathir Məhəmmədin münasibətlərini möhkəmləndirməyə çalışdığı digər ölkə İrandı, amma ənənəvi olaraq İran Ankara və İslamabadla münasibət qura bilmir. Ancaq İranın da Türkiyə kimi gözü Ər-Riyadda. Buna görə hər iki ölkə ilə münasibətlərini yaxşılaşdırmağa çalışır. Tehran və Ankara arasındakı yeganə strateji yaxınlıq Suriyadakı kürdlərə düşmənçilikdir. Bu iki ölkənin Bəşər Əsədin fövqündə olan uzaq məqsədləri var, məhz bu səbəbdən Tehran da Kəşmir davasını dəstəkləyir. Əli Xamenei Kəşmir məsələsində Hindistanı sərt tənqid edənlərdən biridir. Xamenei Yeni Dehlidən Kəşmirə qarşı ədalətli siyasət aparmasını istədi. İranlı millət vəkilləri Hindistanın Kəşmir xalqına münasibətini "kobud və çirkin" adlandırdılar. Bəlkə də öz ölkələrindəki xalqla rəftarlarından ilhamlanaraq bu istilahlardan istifadə etdilər.
 
İran mollalarının açıqlamaları Tehranın prioritetlərinə işarə edir; açıq-aşkar Kəşmir məsələsinə dəstək verməklə Pakistanla münasibətlərini gücləndirməyə çalışır. Bu da İran, Türkiyə və Pakistan əlaqələri arasında yaxınlaşmanı artıraraq, ona təşkilati sima qazandırır. Bu, əslində Çin uzaqgörənliyinin bir hissəsidir.


 
Bu üç ölkə əslində Çinin “Kəmər və Yol” (Yeni İpək yolu) proyektinə daxil olan və Asiya, Avropa və Afrika ölkələrini əhatə edən 70 ölkələr topluluğu içində yer tutur. Bu ölkələr arasında Pakistan və İran əsasən Çin hökumətindən kredit aldı. Bundan əlavə, Çin bu günə qədər Pakistanla ticari yol tikintisi üçün 60 milyard dollar sərmayə qoyub və hesabata görə, Çin İrana 400 milyard dollar dəyərində investisiya layihəsi təklif edib. Ayrıca, Türkiyə və Orta Asiya üçün də planlaşdırılan sərmayələrin olduğunu bilirik. Çin bu bölgədəki iqtisadi və strateji varlığını gücləndirmək üçün indiyədək dörddə bir (0,25) trilyon dollar xərcləyib.
 
Pakistanın İordaniya və Qətərin keçmiş səfiri Arif Kamal bir müsahibəsində deyib: "Çinin maliyyə dəstəyi ilə bu ölkələr arasında tərəfdaşlıq strategiyası yaxınlaşma yaradacaq.  Bir Çin projesi olan "Kəmər və Yol"-a qatılan ölkələr arasında güclü bir əlaqə yaranacaq və bu səbəbdən də həmin ölkələr bölgdəki sülh və sabitlik baxımından ortaq maraqlarda birləşəcəklər. Gözlənilən tərəfdaşlıq bölgədə mövcud olan stereotipləşmiş müstəmləkə mexanizmlərinin pozulmasında təsirli olacaq."
 
Pakistan səfirinin fikrincə, Türkiyə və İran kimi bölgədəki digər güclər də bu proyektdə iştirak edəcəklər. Səfir tarixi və coğrafi köklərə söykənərək inkişaf və davamlılığı təmin edəcək "Kəmər və Yol" layihəsini dəstəklədiyini söyləmişdi.
 
Heç kim bu üç ölkənin ciddi maliyyə və iqtisadi problemlərinin olması barədə danışmır və Çinin hətta bir dəfə də olsa “pulsuz yemək” ismarlamamasından bəhs etmir. Çindən aldığı borcları ödəyə bilməyən Şri Lanka limanına nə olduğunu soruşan yoxdur. Yenə də Çinin kreditlərini ödəyə bilməyən Afrika ölkələrinə müstəmləkə kimi baxması faktından bəhs edilmir və heç kim Çinin Beyrut fəlakətinə görə Livana yalnız 1 milyon dollar yardım göstərdiyini dilə gətirmir.


 
Pakistan hələ də Körfəz Əməkdaşlıq Şurasından ən çox dəstək alan ölkə olsa da, İslam Əməkdaşlıq Təşkilatına alternativ olaraq formalaşdırılması düşünülən qurumun harasında yer alır?
 
Pakistan Hindistanı 1 nömrəli düşmən olaraq gördüyü müddətcə İran və Türkiyə Kəşmir problemindən faydalanmağa davam edəcəklər. Bəs təcavüzkar bir güc olaraq Çin bu ölkələri borc bataqlığında qərq edərək mühasirəyə alanda necə, Kəşmir davasına indiki kimi baxacaqlarmı? Pakistan "Kəmər və Yol" layihəsinin ölkəsindən keçməsinə qarşı olan Hindistanla digər ölkələrin əlaqələr qurmasını əngəlləyə bilməz.
 
Pakistan bu gün öz dilindən əlavə daha üç dili yaxşı öyrənməlidir: çincə, türkcə və farsca..."




Ana səhifəyə qayıt        Baxış: 4 220          Tarix: 28-08-2020, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma