Xəbər lenti
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Asiyadan Avropaya quru yoluyla enerji və ticarət nəqlinin yalnız 3 mümkün yolu var: İran, Rusiya və ya Azərbaycan üzərindən keçməklə. Qərbin Moskva və Tehranla münasibətləri kəsiləndən yüz milyard dollarlıq qlobal ticarət üçün yalnız bir həyati keçid yolu qalır - kiçik Xəzər dövləti olan Azərbaycan.
Ovqat.com xəbər verir ki, “Foreign policy” nəşrinin iki il əvvəl dərc etdiyi “Qərbin niyə Azərbaycana ehtiyacı var” sərlövhəli məqaləsi bu gün Ermənistanla sərhədlərimizdə yaşananlara kifayət qədər işıq tutur.
Ermənistanın Azərbaycan ərazisinin təxminən beşdə birini işğal etdiyi xatırladılan məqalədə iddia olunur ki, Qərb və Şərq arasında beynəlxalq quru ticarətinin ən optimal variantı Azərbaycan sərhədlərində 60 millik ensiz zolağın ümidinə qalıb:
“Biz bu ticarət nöqtəsini "Gəncə keçidi" adlandırırıq - Azərbaycanın böyüklüyünə görə ikinci şəhəri olan və bu dar keçidin ortasında yerləşən Gəncənin adı ilə. 1980-ci illərin sonlarında — 1990-cı illərin əvvəllərində qanlı Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandırmaq üçün ruslar Azərbaycanla rəqabət aparan qonşu Ermənistanda kifayət qədər təsirə malik idilər ki, bu da onlara Gəncə keçidini təhdid etmək üçün təhlükəli fürsət verirdi.
Vaşinqton Avropanın rus neft və qazından asılılığını azaltmağa çalışır. Bu, Rusiyanın Almaniyaya çəkilməsi nəzərdə tutulan və Avropanın Moskvadan enerji asılılığını artıracaq “Şimal Axını-2" qaz kəmərinin getdikcə daha yaxın reallığa çevrildiyi bir vaxtda xüsusilə vacibdir. Avropanın 40 faizi Rusiyanın təbii qazından asılıdır. Ümumilikdə, hazırda Avropada hasilatın azalması və tələbatın artması ilə əlaqədar Rusiyadan hər il təxminən 200 milyard kubmetr təbii qaz idxal edilir.
Rusiyanın enerjidən təcavüz vasitəsi kimi istifadə etmək təcrübəsi var və Avropanın Azərbaycandan, Qazaxıstandan və ya Türkmənistandan ala biləcəyi hər bir barrel neft və hər kub metr qaz Rusiyadan asılılığı azaldır. Hazırda regionda Rusiya və İrandan yan keçən üç böyük neft və qaz boru kəməri fəaliyyət göstərir və bu kəmərlər 60 mil enində olan Gəncə zolağından keçir: Azərbaycandan Gürcüstana və Türkiyəyə, ordan isə Aralıq dənizi vasitəsilə xarici dünyaya açılan Bakı-Tbilisi-Ceyhan boru kəməri; Xəzər neftini bu su hövzəsindən Qara dənizə, sonra isə dünyaya çatdıran Bakı-Supsa boru kəməri və Azərbaycandan Türkiyəyə gedən və tezliklə Xəzər qazını İtaliyaya, sonra isə digər Avropa ölkələrinə çatdırılması üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizinə qoşulacaq Cənubi Qafqaz Boru Kəməri.
Cənub Qaz Dəhlizi mühüm enerji ehtiyatlarının Xəzər regionundan Gəncə keçidi vasitəsilə nəqli məqsədi daşıyır. Bu tədarüklər Cənub-Şərqi Avropa üçün faydalı olacaq; hansı ki, hazırda Rusiyanın boru kəmərlərindən hardasa 100 faiz asılıdır.
Təkcə neft və qaz kəmərləri Avropanı Asiyanın ürəyi ilə birləşdirmir. Qərbi Avropanı Xəzər regionu ilə birləşdirən fiber-optik kabellər də Gəncə zolağından keçir. Fransanın Atlantika sahillərindən yerləşən Brest şəhərini Qırğızıstanın Çin sərhəddindəki İrkeştam əyalətilə birləşdirən və Avropanın ikinci ən uzun avtoyolu sayılan E60, Cənubi Qafqazda Şərq-Qərb dəmir yolu əlaqəsinin mühüm hissəsi sayılan Bakı-Tbilisi-Qars dəmir yolu Gəncə şəhərindən keçir. Və bunlar həyati əhəmiyyətli əlaqələr üçün planlaşdırılıblar.
Əfqanıstanda davam edən mübarizə də Amerika və NATO qoşunlarının ehtiyatının artırılması baxımından Gəncə keçidinin nə dərəcədə əhəmiyyətli olduğunu təsdiqləyir. Müharibənin qızğın çağında yanacaq, ərzaq və geyim kimi qeyri-ölümcül hərbi təchizatların üçdə birindən çoxu Gəncə vasitəsilə ya qurudan, ya da havadan daşınırdı.
Tramp administrasiyasının Əfqanıstan strategiyasının əsas elementi Pakistana təzyiqdir ki, o, Taliblərə və digər qruplaşmalara dəstəyini dayandırsın. İslamabada bu cür təzyiqlərin nəticəsində mümkündür ki, ABŞ-ın Əfqanıstana tədarükünün böyük hissəsinin asılı olduğu Pakistan ərazisindən keçən mövcud yerüstü və hava yolları ixtisar olunsun və ya ümumiyyətlə dayandırılsın. İslamabad bu tədarük yolunun qarşısını artıq bir dəfə alıb: 2011-ci ilin səkkiz ayı ərzində Amerika qoşunları Taliblərlə atışmada Əfqanıstanla sərhəd boyunca səhvən 28 pakistanlı əsgəri qətlə yetirdikdən sonra. Gürcüstan və Azərbaycandan keçən marşrut üzərində yerləşən Gəncə keçidinin genişləndirilməsi Vaşinqtonun hərbi resurslarının Əfqanıstana göndərilməsində Moskva və İslamabaddan asılılığını azaldardı.
Bütün bunlar o deməkdir ki, Rusiya Qərbin Gəncə keçidindən istifadə etməsini çətinləşdirmək üçün əlindən gələni edəcəkdir. Rusiyanın Cənubi Qafqaza təsir üsullarından biri dondurulmuş müxtəlif qondarma münaqişələrdir. Dağlıq Qarabağ uğrunda Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlamışdır. O zaman Ermənistan Azərbaycanın tərkibində olan, lakin əsasən etnik ermənilər yaşayan bölgəyə qarşı ərazi iddiaları irəli sürürdü. Bu mübahisə tezliklə qanlı müharibəyə çevrildi və nəticədə, təxminən, 30 000 nəfər həlak oldu və yüz minlərlə insan məcburi köçkünə çevrildi. 1992-ci ildən erməni qoşunları və İrəvanın dəstəklədiyi separatçılar Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazisinin demək olar ki, 20 faizini - Dağlıq Qarabağ və digər yeddi vilayətini işğal etdilər.
Gəncə zolağından keçən və Xəzər enerjisini Avropaya daşıyan magistral neft və qaz kəmərlərinin əksəriyyəti Dağlıq Qarabağ münaqişəsinin cəbhə xəttinin yaxınlığında yerləşir. Moskva bilir ki, hər hansı böyük qarşıdurma dalğası bu boru kəmərlərinin həyat qabiliyyətini təhlükə altına salacaq. Rusiyanın Ermənistana təsir imkanını nəzərə alsaq, yeni hərbi əməliyyatlar yaratmaq üçün o qədər də çox vaxt lazım olmaya bilər.
Qərbin Ermənistanda təsir rıçaqları nisbətən məhduddur. Sabiq prezident Serj Sarqsyanın baş nazir postundakı ikinci müddəti başa çatdıqdan sonra hakimiyyətdə qalmaqallı şəkildə qalmağa çalışması kütləvi etirazlara səbəb oldu və nəticədə müxalifət lideri Nikol Paşinyan hakimiyyətə gəldi. Lakin bu hakimiyyət dəyişikliyinə baxmayaraq, Ermənistanın iqtisadiyyatı və təhlükəsizlik mexanizmi hələ də Rusiyanın nəzarəti altındadır. Bütün populist ritorikasına baxmayaraq, Paşinyan da İrəvanın Moskva ilə möhkəm ittifaqa sədaqətini təsdiqləyib.
Ermənistanda baş vermiş dəyişiklikləri 2003-cü ildə Gürcüstanda olduğu kimi rəngli inqilablarla və ya Ukrayna 2014-cü ildə yaşadığı Maydan hadisəsi ilə qarışdırmaq olmaz. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin Paşinyanı taxt-taca sahib olması münasibətilə təbrik edən ilk dünya liderləri sırasında idi. Rusiya Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfinə silah satsa da, Moskvanın simpatiyasının Ermənistanın tərəfində olduğu aydındır. Odur ki, Ermənistanın Qərbə doğru fundamental addım atacağını heç kəs gözləməməlidir.
Həqiqətən də, Moskvanın İrəvanla, Birləşmiş Ştatlar və Avropa ilə əlaqələrinin dərəcəsini nəzərə alsaq, Avrasiya qitəsinin Şərq və Qərb arasında ən mühüm ticarət, enerji və iqtisadi əlaqələrində Bakı ilə münasibətlərə üstünlük vermək lazımdır. Qərb Ermənistanla səmimi münasibətlərə çalışmalıdır, lakin Amerika Birləşmiş Ştatları regionda strateji prioritetlərinin müəyyənləşdirilməsində diqqətli və realist olmalıdır. Ermənistan böyük ölçüdə itilmiş tərəfdir, Azərbaycan isə hətta bütün nöqsanları ilə belə, ondan ən yaxşı vəziyyətdədir.
ABŞ-ın 2017-ci ildə hazırlanmış milli təhlükəsizlik strategiyasının ilk səhifəsində qeyd olunan "prinsipial realizm" prinsipi mahiyyət etibarilə Gəncə keçidinin qorunub saxlanılmasını tələb edir. Azərbaycan dünyada yeganə ölkədir ki, Rusiya və İranla da həmsərhəddir. Tehran, Moskva və Vaşinqton arasında tarazlığı saxlamaq, eyni zamanda, ölkənin suverenliyini qoruyub-saxlamaq cəhdləri çox vaxt Azərbaycana rəhbərlik edənlər üçün çətin vəzifəyə çevrilir. Lakin Amerika-Ermənistan münasibətlərindən fərqli olaraq, Amerika-Azərbaycan münasibətləri 1990 — cı illərin əvvəllərindən etirbarən bir sıra istiqamətlərdə, ilk növbədə, enerji əməkdaşlığı, 2001-ci ilin 11 sentyabrdan isə terrorizmə qarşı mübarizə sahəsində inkişaf etmişdir. Azərbaycan hətta son zamanlar Əfqanıstan əməliyyatının insan resurslarına da öz töhfəsini artırıb. Azərbaycanın Əfqanıstandakı 120 hərbçisi ona NATO-nun bəzi üzvlərindən, o cümlədən İspaniya (səkkiz), Niderland (100) və Norveç (54) kimi ölkələrdən daha çox əsgər göndərən tərəf özəlliyi qazandırır.
Amerika-Azərbaycan münasibətlərində əvvəlki kimi kəskin nöqtələr var. İnsan hüquqları məsələləri daimi problem olaraq qalır və son illərdə məşhur jurnalistlərin bir sıra səs-küylü həbsi mətbuat azadlığı ilə bağlı narahatlığı artırıb. Vaşinqton insan hüquqları sahəsində vəziyyətin yaxşılaşması üzərində təkidlə dayanmağa davam edərsə də, Amerikanın siyasət qurucuları bu yeganə məsələnin Birləşmiş Ştatların regionda daha geniş maraqlarına xələl gətirən birtərəfli xarici siyasət yaratmasına yol verə bilməzlər.
Birləşmiş Ştatlar bütün dünyada vacib nöqtələrdən keçməklə beynəlxalq ticarətin fasiləsiz və təhlükəsiz axınını təmin edən ən mühüm dünya dövlətidir. Amerika ixracatı da daxil olmaqla, dünya ticarətinin sərbəst axını yalnız qlobal iqtisadiyyata deyil, nəticədə həmçinin onun öz iqtisadiyyatına böyük faydalar verir. ABŞ-ın geostrateji prioritetləri baxımından Gəncə keçidi ən vacib məsələlərdən biri olmalıdır.
Tramp administrasiyasının Milli Təhlükəsizlik Strategiyası sabit müttəfiqlərlə yaxşı münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayır. Bu, xüsusilə Cənubi Qafqaz üçün keçərlidir. Regionda gərginliyin azalması həyati əhəmiyyətli enerji, kommunikasiya və ticarət dəhlizlərinin təhlükəsizliyini təmin etməyə kömək edəcək.
Ticarət və kommersiya mənbəyi olan Gəncənin tarixi bir zamanlar Avrasiyanı dolaşan Böyük İpək Yoluna qədər gedib çıxır. Hətta bu gün də dirçəlməkdə olan Rusiyanı, daralmış İranı və iqtisadi cəhətdən genişlənən Çini nəzərə alan istənilən böyük strategiya bu kiçik 60 millik keçid nəzərə alaraq hesablanmalıdır.
Tərcümə Ovqat.com-undur
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar