Xəbər lenti

 
30 ilə yaxındır Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında İslam irsinə, mədəni abidələrə qarşı məhvetmə siyasəti aparılır. Və 30 ilə yaxındır ərəb-islam dünyası bunu susqunluqla müşahidə edir. İşğalçı Ermənistan dövləti bütün vasitələrlə ictimai rəyi çaşdırmağa, beynəlxalq məsuliyyətdən qaçmağa çalışır.
 
Ovqat.com xəbər verir ki, Mərakeşin “Danapress” nəşri Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında İslam irsini məhv edir” sərlövhəli məqaləsində bu acı reallıqdan bəhs edib.
 
Məqalədə qeyd olunur ki, Azərbaycanın işğal edilmiş torpaqlarında tarixi abidələrin salındığı vəziyyət, başqa sözlə, erməni təxribatı sənədlərlə, fotolarla çoxdan sübuta yetirilib. Həmin ərazilərdə bəşər sivilizasiyasının ayrılmaz hissəsi olan Azərbaycan xalqının müsəlman kimliyini göstərən, mədəni irsini təşkil edən yüzlərlə tarixi abidə dağıdılıb. Halbuki, Azərbaycan Respublikası ərazilərində də tarixi, mədəni abidələrin qorunmasına görə beynəlxalq birlik məsuliyyət daşıyır. Bununla bağlı bir çox konvensiya mövcuddur. “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il Avropa Konvensiyası, UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” 1972-ci il Konvensiyası belə sənədlərdəndir.
 
Faktlar göstərir ki, işğalçı dövlət Azərbaycanın işğal olunmuş ərazilərində 738 tarixi abidə, 83500 tarixi arxeoloji etksponatın yer aldığı 28 muzey, 4 rəsm qalereyası, 1107 mədəniyyət mərkəzini dağıdıb və talan edib. Bundan başqa, Cəbrayıl rayonunda 17-ci əsrə aid məscid kompleksi, Şuşa şəhərində 18-ci əsrə aid Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri dağıdılıb, XIX əsrə aid Ağdam məscidi və Dəmirbulaq məscidi nəinki dağıdılıb, həm də talan edilib, donuz və mal-qara tövləsinə çevrilib. İşğalçı ölkə Göy məscidin orijinallığını dəyişmək məqsədilə onu “təmir edib”.
 
Hesabatda İrəvan şəhərində XIX əsrin ikinci yarısına aid Hacı Novruzəli məscidinin, Xan sarayı kompleksinin dağıdıldığı da bildirilir. İşğalçı Ermənistanın paytaxtı olan İrəvanın mərkəzindəki Sərdar məscidi də sistemli dağıntıya məruz qalıb və 2014-cü ildə tamamilə məhv edilib.
 
Azərbaycan mütəxəssisləri bir sıra tarixi-memarlıq və mədəniyyət abidəsini, eləcə də Azərbaycanın işğal edilmiş ərazilərindəki tarixi arxeoloji abidələri məhv olunma təhlükəsilə üzləşmiş İslam mədədəniyyəti abidəsi kimi qeydiyyata alıb. Azərbaycanın tarixi və mədəniyyət abidələrinin qorunması ilə məşğul olan təşkilatı işğal altındakı ərazilərdə 4500 dini və mədəniyyət abidəsindən 2550-nin eksklüziv fotolarını əldə edib. Onların konkret coğrafi mövqeyi, həmçinin bu abidələrlə bağlı bir çox digər mühüm informasiyalar da əldə olunub.
 
Qurumun hesabatında deyilir ki, Kəlbəcər tarix-diyarşünaslıq muzeyindən 13000-ə yaxın, Laçın tarix-diyarşünaslıq muzeyindən isə 5000-dən çox qiymətli və nadir əşya Ermənistana daşınıb. Təkcə Şuşa şəhərində milli, dini və mədəni irsə külli miqdarda ziyan dəyib, şəhərdəki 8 muzey, 31 kitabxana, 8 mədəniyyət evi məhv edilib. Şuşa tarix-diyarşünaslıq muzeyindən təxminən 5000 əşya, Azərbaycan Xalçaçılıq və Xalq Tətbiqi Dövlət Muzeyinin Şuşa filialı və Dövlət Qarabağ Tarixi Muzeyindən isə təqribən 1000 əşya oğurlanıb.
 
Bütün bunlarla yanaşı, işğalçı Ermənistan faktları bu və ya digər şəkildə saxtalaşdıraraq, həmin əraziləri erməniləşdirməyə, guya öz tarixi məskənləri kimi təqdim etməyə çalışır. Hərbi təcavüz nəticəsində işğal edilmiş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları qəsdən dağıdılıb. Hazırda onlardan hərbi məqsədlərlə istifadə olunur.
 
Ermənilər regionda mövcud olan xüsusilə İslam abidələrini yer üzündən silməkdədir. Onlar Şuşa tarixi-memarlıq qoruğunun ərazisində Aşağı və Yuxarı Gövhərağa, Mərdinli, Cümə məscidlərini, Natəvanın saray kompleksini, eləcə də Ağdamda Pənah xan sarayını, dağıdılmış Laçın rayonunda Həmzə Sultan, Sultan Əhməd kimi abidələri dağıdıblar. İşğalçı ölkə həmin ərazilərdə qanunsuz şəkildə geniş arxeoloji qazıntılar da aparır, tapıntıları talan edərək, Ermənistana daşıyır.
 
Bütün bunlar azmış kimi, ermənilər azərbaycanlı əsir və girovları işğal olunmuş ərazilərdə dini və  mədəni abidələri dağıtmağa məcbur edib və bir çox belə hal əsirlərin övladlarının gözü qarşısında baş verib.
 
Bütün bu faktlar əsasında Azərbaycan Respublikasının Mədəniyyət və Xarici İşlər nazirlikləri ayrı-ayrı hesabat hazırlayıb. Birinci hesabat Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində İslam dinilə bağlı dini və tarixi irsin Ermənistan tərəfindən məhv edilməsi haqdadır. İkinci hesabatda isə Ermənistanın Azərbaycan Respublikasına qarşı davam edən təcavüzkarlığı nəticəsində Azərbaycanın mədəni və tarixi irsinin dağıdılmasından danışılır. Nazirlik hər iki hesabatını bir sıra beynəlxalq təşkilata, o cümlədən BMT, UNESCO, ATƏT, Avropa Şurası, İƏT, ISESCO və s. göndərib. İƏT-də Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı sənədlər, işğalçı ölkənin vəhşiliyini, cinayətkar əməllərini pisləyən bir neçə qətnamə qəbul olunub. Bu qəbildən olan qətnaməlar İƏT XİN Şurasının 2015-ci ildə Küveytdə, 2016-cı ildə Özbəkistanda, 2017-ci ildə Kot-Divuarda keçirilmiş konfranslarında qəbul edilib. İƏT XİN Şurasının 2019-cu il martın 1-2-də Əbu Dabidə keçirilmiş 46-cı konfransında qəbul edilmiş qətnamədə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi bütün vəhşiliklər, İslam tarixi və mədəniyyət abidələrini, müqəddəs məkanları məhv etməsi pislənir.
 
Beləliklə, aydındır ki, Ermənistanın bu kimi əməlləri “Silahlı münaqişə zamanı mədəni və təbii irsin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasının və ona dair 1999-cu il tarixli İkinci Protokolun kobud şəkildə pozulmasıdır. Sonuncunun 9-cu maddəsinə görə, işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin, arxeoloji abidələrin xaricə daşınması, ticarəti, mədəni sərvətlərin mədəni, tarixi və ya elmi xarakterinin, xüsusiyyətlərinin məqsədli şəkildə, bilərəkdən dəyişdirilməsi qadağandır. Beynəlxalq Cinayət Hüququna görə bu, hərbi cinayət sayılır.
 
Beləliklə, Ermənistan beynəlxalq institutların üzvü olaraq, Azərbaycanın dini və mədəni abidələrinə qarşı törətdiyi dağıdıcılıq əməllərinə görə məsuliyyət daşıyır.
 
Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının 18-ci Sammitində bu mövzuya da toxunmuşdu: “Bizim bütün tarixi abidələrimiz, məscidlərimiz, məzarlıqlarımız və muzeylərimiz erməni vandalları tərəfindən dağıdılıb”. O, Azərbaycanın işğal olunmuş ərazilərindəki muzeylərin, maddi və qeyri-maddi irsin talan edildiyini, Ermənistanın Azərbaycan toponimlərini, abidələrini erməniləşdirdiyini söyləmişdi. Prezident hesab edir ki, burada məqsəd həmin ərazilərdə Azərbaycana aid izləri yox etməkdir.
 
Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti də aparır, işğal altındakı rayonlarda qeyri-qanuni iqtisadi fəaliyyət həyata keçirir. Bütün bunlar isə humanitar və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
 
Qeyd edək ki, ermənilər özlərini Birinci Dünya müharibəsi zamanı etnik təmizləməyə məruz qalmış qurban kimi təqdim edir. Bununla yanaşı, onlar Şərqdə və Qərbdəki əlaltılarının və ağalarının dəstəyilə ən ali bəşəri dəyərləri tapdayır, mehriban qonşuluq və sülh şəraitində birgəyaşayış prinsiplərini pozur, qonşularının torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq iddiasından əl çəkmir.
 
Rəşid Maulid


Ana səhifəyə qayıt        Baxış: 3 922          Tarix: 31-08-2020, 18:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma