Xəbər lenti

 
 
Rusiya-Ermənistan: sabitliyi pozan əlaqələr
 
Rusiya prezidenti Vladimir Putin Ermənistanı Azərbaycana qarşı kütləvi şəkildə silahlandırmaqla məşğuldur. Rusiyadan Yerevana külli miqdarda silah tədarükü Cənubi Qafqazda yeni müharibə ilə nəticələnə bilər...
 
Ovqat.com xəbər verir ki, bu önəmli xəbərdarlığı amerikalı publisist-yazar  Nurit Qrincer qələmə alıb.
 
Yazarın “News blaze” nəşrinin bugünkü buraxılışında dərc olunan “Rusiya-Ermənistan: sabitliyi pozan əlaqələr” sərlövhəli məqaləsində deyilir:
 
 
“Postsovet ölkələri müstəqilliyi Sovet İttifaqının təxminən 30 il əvvəl, daha dəqiq desək, 1991-ci ildə dağılması ilə qazanıb. Onların arasında Azərbaycanla Ermənistan da var.
 
Lakin rus siyasi liderlər elə o vaxtdan SSRİ-nin dağılmasına görə təəssüfləndiklərini və qəzəbli olduqlarını gizlətmirlər. Bu gün eyni şeyi Vladimir Putin də deyir. O, bildirir ki, “Sovet İttifaqının dağılması XX əsrin ən böyük geosiyasi fəlakətlərindən biridir”. Lakin istənilən halda, postsovet ölkələri artıq müstəqildir. Buna baxmayaraq, Moskva SSRİ-nin dağılması ilə meydana gəlmiş yeni müstəqil dövlətlərlə bağlı siyasətində neoimperialist yanaşmadan əl çəkmir. O, Cənubi Qafqazı, yəni Azərbaycan, Gürcüstan və Ermənistanı bu gün də özünün müstəsna təsir zonası hesab edir. Avropa İttifaqı (Aİ) və ABŞ-ın Qafqazda fəal olmamasından da istifadə edən Rusiya regionda təcavüzkar siyasət yürüdür. Bu siyasəti xüsusilə Ermənistanla Azərbaycan arasında uzun müddətdir davam edən münaqişədə müşahidə etmək mümkündür. 


 
Münaqişə haqqında
 
Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərində başlayıb. Həmin vaxt Ermənistan Rusiyanın köməyilə Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayonu işğal edib, bu ərazilərdə etnik təmizləmə aparıb. Nəticədə 1 milyona yaxın azərbaycanlı doğma torpaqlarını tərk etmək məcburiyyətində qalıb. Onlar bu gün də məcburi köçkün kimi, Azərbaycanın digər ərazilərində məskunlaşıblar.
 
BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə (822, 853, 874 və 884) Ermənistanın işğalçı siyasəti qınanır, bütün erməni hərbi birləşmələrinin Azərbaycanın işğal altındakı ərazilərindən dərhal çıxarılması tələb olunur. Lakin Yerevan bu qətnamələrə məhəl qoymur. Beləliklə, o, Azərbaycanın suveren ərazisinin 20%-ni hələ də işğal altında saxlayır. Nəticədə təəssüf ki, azərbaycanlı məcburi köçkünlər az qala 30 ildir doğma torpaqlarına qayıtmaq üçün Ermənistanın icazəsini gözləyir.
 
Azərbaycan hər şeyə rəğmən irəliləyir
 
Ermənistan Azərbaycan ərazilərini Rusiyanın hərbi və maliyyə yardımı hesabına işğal edib. Demək, bu işğalı Azərbaycanın müstəqillik qarşılığında ödədiyi “haqq” kimi də qiymətləndirmək olar. Bu məqamda olduğunu da xatırlatmaq yerinə düşər.


 
90-cı illərin əvvəllərində ərazisinin bir hissəsini işğal etmiş Ermənistanla mübarizə aparan, Dağlıq Qarabağdan məcburi köçkün düşmüş vətəndaşlara qayğı göstərən Azərbaycan bu gün Cənubi Qafqazın ən böyük iqtisadiyyatına çevrilib. O, həm də Qərbin bölgədəki vacib müttəfiqi və tərəfdaşıdır. Ermənistandan fərqli olaraq, Bakı Rusiyanın rəhbərlik etdiyi hərbi-iqtisadi ittifaqlara üzv olmaqdan da imtina edib.
 
Rusiya-Ermənistan əlaqələri
 
Beləliklə, Moskvanın Ermənistanı 30 ildir silahlandırmasının səbəbləri tamamilə aydındır. Bu gün Ermənistanda Rusiyanın 5 min hərbçinin xidmət etdiyi hərbi bazası belə, varBu, dünyanın ən böyük hərbi bazalarından biridir. Ermənistanın sərhədlərini, hava məkanını da Rusiya hərbçiləri qoruyur.
 
Bundan başqa, Ermənistan iqtisadiyyatının 80%-i Rusiya şirkətlərinin əlindədir. Yerevan Rusiyanın rəhbərlik etdiyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adlanan, NATO-ya qarşı yaradılmış hərbi blokun, eyni zamanda, yenə də Moskvanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqının üzvüdür.
 
Son hərbi gərginlik
 


Bu il iyulun 12-də Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin ölkənin şimal-qərb sərhədindəki mövqelərini ağır artilleriyadan atəşə tutub. Bu, son illərdə iki ölkə arasında atəşkəsin ən ciddi pozulması halıdır. Nəticədə 15 azərbaycanlı hərbçi və əlil olan 76 yaşlı dinc sakin həyatını itirib.
 
Maraqlıdır ki, bu dəfə Ermənistanın Azərbaycana hücumu işğal altındakı Qarabağ bölgəsindən xeyli uzaqda, iki ölkənin dövlət sərhədində, Azərbaycanın Tovuz rayonu istiqamətində baş verib. Tovuz rayonu strateji əhəmiyyətə malikdir. Azərbaycanın strateji əhəmiyyətə malik bir neçə neft-qaz kəməri məhz bu rayonun ərazisindən keçir. Söhbət həm Azərbaycanın suverenliyinin qorunması, iqtisadiyyatının inkişafı, həm də, Avropa və ABŞ üçün mühüm əhəmiyyət kəsb edən layihələrdən gedir. Üstəlik, strateji nəqliyyat marşrutları da bu bölgədən keçir. Tovuz rayonundan keçən daha bir önəmli layihə Aİ üçün mühüm əhəmiyyət kəsb edən “Cənub Qaz Dəhlizi”dir. Yeri gəlmişkən, onun yaxın aylarda tam gücü ilə işə düşəcəyi gözlənilir. Layihənin bir hissəsi olan və Tovuz ərazisindən keçən Cənubi Qafqaz Boru Kəməri Azərbaycan qazını Gürcüstan, Türkiyə və Cənubi Avropadan keçən Transanadolu boru xətti (TANAP) və Transadriatik qaz kəməri (TAP) vasitəsilə Avropa bazarlarına çatdırmalıdır. Məsələ ondadır ki, bu dəhliz Rusiya və İrandan yan keçir, Avropaya İran və Rusiya qazını deyil, alternativ Azərbaycan qazını daşıyır. Başqa sözlə, bu layihə Avropanın Rusiya qazından asılılığını azaldacaq, onun enerji mənbələrini şaxələndirməyə yardım edəcək.
 




Avropaya enerji tədarükünə nəzarət etməyə çalışan Moskva təbii ki, belə bir layihənin həyata keçirilməsinə sevinmir. Bütün bunları nəzərə alaraq, belə bir nəticəyə gəlmək olar ki, Ermənistanın Azərbaycana məhz Tovuz rayonu istiqamətində hərbi hücumu, üstəlik, bunun strateji əhəmiyyətli qaz layihəsinin tam istismara verilməsinə bir neçə ay qalmış təşkil olunması heç də təsadüfi deyil.
 
Rusiyadan Ermənistana silah axını
 
Bir sözlə, Rusiya müttəfiqi Ermənistanı fəal şəkildə dəstəkləyir, onu hücum silahları ilə belə, təhciz edir. Moskva Yerevanı iyulda baş vermiş hərbi qarşıdurmadan sonra da silahlandırmaqdadır. Hər halda, Azərbaycan xüsusi xidmət orqanları bu il iyulun 17-də, yəni son hərbi toqquşmanın qızğın vaxtında Rusiyadan Ermənistana hərbi texnika və döyüş sursatlarının tədarük olunduğu haqda məlumat yayıb. Məlumata görə, həmin günlərdə Rusiyadan Ermənistana təxminən 500 ton hərbi təyinatlı yük daşınıb.
 
Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefon danışığı zamanı bundan hiddətləndiklərini deyib, məsələyə aydınlıq gətirilməsini istəyib.
 
Həqiqətən də, Dağlıq Qarabağ münaqişəsini həll etməli olan ATƏT-in Minsk qrupuna həmsədrlik edən Rusiyanın münaqişə tərəflərindən birini intensiv şəkildə silahlandırması qəbuledilməzdir. Moskvanın bu əməli nəinki gərginliyi azaltmır, əksinə “stavka”nı daha da artırır.
 
Maraqlıdır ki, Rusiya Ermənistana silah tədarükünü Xəzər dənizi və İran ərazisindən keçən marşrutla həyata keçirib. Məlumata görə, son dövlərdə demək olar ki, hər gün Rusiyanın “İL-76” təyyarələri böyük həcmdə hərbi yüklərlə Yerevana enir. Demək, Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlanır.


 
Yeri gəlmişkən, İran hər zaman Azərbaycandakı dünyəvi idarəçiliyə böyük şübhə ilə yanaşıb. Bundan başqa, o, Bakının ABŞ və İsrailin strateji tərəfdaşı olduğunu hər zaman xüsusi vurğulayır. Demək, Qafqazdakı təhlükəli oyunların iştirakçıları arasında İranın da yer aldığı istisna deyil.
 
Ermənistan Suriya münaqişəsində Rusiyanın tərəfində olduğu məlumdur. Azərbaycan dəfələrlə Yerevanın Suriyaya hərbi qüvvə göndərdiyini də bəyan edib. Başqa sözlə, Yerevan Suriya münaqişənin də fəal iştirakçısıdır. Onun Suriya “qara bazar”ından silah aldığına dair də iddialar var.
 
Qısası, Cənubi Qafqazdakı son hadisələr, xüsusilə Rusiyanın neoimperialist siyasəti və onun Ermənistana silah tədarükü narahatlıq yaradır. Odur ki, ABŞ və Avropa Azərbaycanın geostrateji, geoiqtisadi əhəmiyyətini, onun Mərkəzi Asiya ilə Qərb arasındakı əlaqələrdə vacib rolunu nəzərə alaraq, yaranmış durumdan narahatlığını ifadə etməlidir. Əgər proseslərə diplomatik müdaxilə olmazsa, Cənubi Qafqaz regionu qarışa bilər. Bundan qazanan isə yalnız Rusiya olacaq”.
 


Ana səhifəyə qayıt        Baxış: 4 117          Tarix: 3-09-2020, 20:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma