Xəbər lenti
 

Gülnara İnanc, 
“Etnoqlobus” Beynəlxalq onlayn analitik mərkəzinin direktoru, ekspert
 
Sentyabrın 6-da İranın  Norduz sərhəd keçid məntəqəsindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması barədə yayılan və fotolarla müşaiyət olunan məlumatı  ayın 7-də İranın Azərbaycandakı səfirliyi təkzib edərək informasiyanın yalan və əsassız olduğunu bildirib.  Xatırladaq ki, Ermənistanın Azərbaycana qarşı təxribatı nəticəsində baş verən iyul döyüşləri zamanı Qazaxstan, Türkmənistan və İran üzərindən Ermənistana silah-sursat daşınması ölkəmizin rəsmi qurumları tərəfindən təsdiqlənmiş, adı çəkilən ölkələrə etiraz bildirilmişdi.
 
Avqustun 12-də Azərbaycan prezidentinin  rusiyalı həmkarı ilə telefon danışığında   Rusiyanın 17 iyuldan başlayaraq Ermənistana 400 tondan artıq hərbi yük daşınmasının Azərbaycan ictimaiyyətini narahat etməsi və ciddi suallar doğurması diqqətə çatdırılmışdı. 


 
İran üzərindən Ermənistana hərbi yüklərin daşınması ilə bağlı məlumatın bir daha gündəmə gəlməsinin İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvinin ölkə başçısına və xarici işlər nazirinə etimadnaməsinin təqdimi ilə üst-üstə düşməsi və bu mövzuya toxunulmaması diqqət çəkir. 
 
Ölkə başçısının  İranın yeni səfiri ilə görüşdə  xarici siyasətdə ölkələrimizin bir-birini dəstəkləməsi və  Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatının çox səmərəli olması barədə dedikləri rəsmi Bakının prioritetlərini ortaya qoyur. Rəsmi Bakı  bölgədə stabilliyi qorumaq və transmilli layihələri reallaşdırmaq üçün üçtərəfli əlaqələrin  perspektivinə diqqət çəkir. Azərbaycanın Rusiya ilə Türkiyə arasındakı gərginlik dövründə vasitəçi rolunda uğurla çıxış etməsi də deyilənləri təsdiqləyir.
 


Prezidentinin başqa bir fikri də Azərbaycan hökumətinin İranla münasibətlərin perspektivinə daha geniş platformada yanaşıldığına işarədir: “Əminəm ki, gələcək illərdə bu gün reallaşmaqda olan önəmli nəqliyyat və enerji layihələri daha da geniş miqyas alacaq. Bildiyiniz kimi, Şimal-Cənub nəqliyyat dəhlizi təkcə bizim ölkələrimizi yox, bütün Avrasiya məkanını birləşdirə bilər. Həm İran, həm Azərbaycan bu dəhlizin fəaliyyətə başlaması və gələcək inkişafı işində çox böyük səylər göstərir”.
 
Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən ölkə başçısı  diqqəti Tovuz döyüşləri zamanı  Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın mövqeyini və haqq işini dəstəkləyən, Ermənistanın addımlarını pisləyən qətnamələr qəbul etməsi və açıqlamalar verməsinə yönəldib və İranın bu iki təşkilatın fəal üzvü kimi bu mövqeyə qoşularaq növbəti dəfə Azərbaycana öz dəstəyini göstərməsini qeyd edərək minnətdarlıq bildirib.
 
Bundan əlavə,  ölkə başçısı işğal altında olan torpaqlarımızda tarixi-dini abidələrimizin dağıdılması və təhqir edilməsinə də diqqət çəkərək deyib ki, işğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta onlar heyvan saxlayır və bu, təkcə Azərbaycana qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir.


 
Göründüyü kimi, rəsmi Bakı Ermənistana silah satışı məsələsini Moskva ilə müzakirə etməyi önə çəkir, çünki tranzit olaraq istifadə olunan Türmənistan və Qazaxstana qarşı Rusiyanın yetərincə təzyiq rıçaqları var. Gürcüstan 2008-ci ildə Rusiya ilə açıq konfrontasiya yolunu seçərək Abxaziya və Şimali Osetiyanı itirdi və üzünü Qərbə çevirdiyi üçün ərazisini Rusiya silah-sursatının Ermənistana daşınması üçün açmadı. Digər tərəfdənsə, Ermənistandakı Rusiya hərbi bazasına avadanlıqların və  satılan hərbi texnika və silahların  daşınması  daim baş verir.
 
İrana gəlincə isə, Tehran hökuməti Yaxın Şərq siyasətini Moskva ilə uzlaşdırır və maraqların kəsişmədiyi hallarda paralel işləyirlər. Həmçinin qeyd etməyə ehtiyac var ki, İran Xəzərin statusu məsələsində də uzun illər Rusiya ilə birgə mövqedən çıxış edirdi.


 
Dünyanın aparıcı ölkələrindən biri olan Rusiya aprel döyüşləri ilə demək olar ki, eyni vaxtda - ayın 23-də Ermənistanla birgə Hava Hücumundan Müdafiə sistemlərinin təliminə başladı. Bununla da, Cənubi Qafqazdakı mövqelərini əldən vermək niyyətində olmadığını nümayiş etdirdi. Tehranın ABŞ-la gərginliyi və iqtisadi qadağalar altında qalması da Moskvanın xeyrinədir. Bu halda Rusiya İranı təsiri altında saxlamaq üçün əlavə  təzyiq alətinə malik olur. Bundan əlavə, son illər İran Azərbaycanla münasibətlərin qarşılıqlı etimad müstəvisinə keçməsi üçün çalışır və  bu, dəfələrlə müxtəlif səviyyəli məmurlar tərəfindən qeyd olunub.
 
Bu arada xatırladaq ki, İranın anaj.ir saytı  XİN-nin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmış S.A.Musəvinin Bakıya təyinatından sonra  diplomatın Azərbaycan mediasının sərt yanaşmalarına cavab  verməli olacağını qeyd etmişdi. 


 
Saytın yazdığına görə, Azərbaycan mətbuatında İrana, onun rəhbərlərinə qarşı xoşagəlməz təhqiramiz ifadələr işlədilir və  ölkələrimiz arasında münasibətlərin qarşılıqlı etimad müstəvisinə keçməsinə ehtiyac var.
 
Amma iradlar qarşılıqlıdır. Azərbaycan ictimai şüurunda İrana qarşı həqiqətən etimadsızlıq mövcuddur və  qonşu ölkənin rəhbərliyinin  və mətbuatın dilindən ölkəmiz və Qarabağ müharibəsi haqda daha açıq  və aydın mövqe nümayişi görmək istəyi var. 
 


Ana səhifəyə qayıt        Baxış: 3 592          Tarix: 12-09-2020, 07:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma