Xəbər lenti

 

“Dağlıq Qarabağ Respublikası” “paytaxt”ını Şuşaya köçürməyə hazırlaşır.
 
Ovqat.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “növbəti erməni təxribatı” adlandırdığı bu fakt ABŞ-ın pos-sovet məkanı ilə əlaqədar xəbər agentliyi “Eurasianet” tərəfindən də etiraf olunub.
 
Agentliyin “DQR” “parlament”i köçürməyə hazırlaşır” sərlövhəli məqaləsini təqdim edirik.
 
Dağlıq Qarabağın de-fakto lideri “parlament”in (dırnaq işarəsi bizə aiddir – Ovqat.com) Şuşiyə (Şuşa – Ovqat.com) köçürüləcəyini bəyan edib. Bu, azərbaycanlıların Qarabağ regionun tarixi mərkəzi saydıqları şəhərdə erməni izini artıracaq.
 
 
 
Bunu tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın “prezident”i Araik Arutunyan sentyabrın 19-da özünün “Facebook” səhifəsində yazıb. “Bu qərar bizim tarixi, yenilməz şəhərimizin yenidən qiymətləndirilməsi baxımından tarixi, praktiki və rəmzi əhəmiyyətə malikdir”, - deyə o, bildirib.
 
“Parlament”in yeni binasının bir hissəsi məhkəmə üçün nəzərdə tutulub. Binanın 2020-ci il mayın 9-da, yəni erməni hərbi birləşmələrinin Şuşanı ələ keçirməsinin 30-cu ildönümdə istismara veriləcəyi deyilir. Məhz bu şəhər uğrunda savaş ermənilərlə azərbaycanlılar arasındakı müharibədə həlledici döyüş olub. Müharibədən Ermənistanın qalib çıxması bu regionda Yerevanın dəstəklədiyi “Dağlıq Qarabağ Respublikası”nın (DQR) elan olunması ilə nəticələnib. Lakin “DQR”i bu günədək heç bir dövlət tanınmayıb.
 
Sovet dönəmində olduğu kimi, bu gün də Qarabağın paytaxtı Stepanakertdir (Xankəndi – Ovqat.com). Amma Şuşanın tarixi daha qədim və daha parlaqdır. Həqiqət ondan ibarətdir ki, bu şəhərin tarixinin böyük hissəsi türklərlə, müsəlmanlarla bağlıdır. Müharibədən əvvəl şəhərin – azərbaycanlılar onu Şuşa adlandırır – əhalisinin əksəriyyəti azərbaycanlılar olub. Bu gün şəhərə nəzarət edən ermənilər onun tarixini durmadan özünküləşdirir, erməni şəhəri kimi formalaşdırır.
 
“DQR”in paytaxtının Şuşaya köçürülməsi çoxdan müzakirə olunur. Rusiyada fəaliyyət göstərən “Regnum” saytı hələ 2017-ci ildə Xankəndidəki anonim mənbəyə istinadən yazırdı ki, Qarabağda “parlement”in və ümumiyyətlə, mərkəzin bu şəhərə köçürülməsi müzakirə olunur. Yeri gəlmişkən, artıq “DQR”in “mədəniyyət nazirliyi” və bir sıra digər “mərkəzi orqanlar”ı artıq buraya köçürülüb.
 
Araik Arutunyanın bu ilin yazında bölgənin rəhbəri seçilməsindən sonra bu müzakirələr yenidən qızışıb. Onun “andiçmə mərasimi” də Şuşada keçirilib. Arutunyan həmin vaxt “parlamenti”n bu şəhərə köçürüləcəyinə ümidini dilə gətirmişdi.
 
Kavkazskiy Uzel” saytının Xankəndidə fəaliyyət göstərən əməkdaşı, siyasi bloqer də “parlament”in bu şəhərə köçürülə biləcəyini deyir: “Hər şey buna doğru gedir. Bu haqda müzakirələr çoxdan aparılır. Fikrimcə, bu, doğru qərardır. Amerikanın paytaxtı Nyu-York yox, Vaşinqtondur. Rusiyanın da paytaxtı Sankt-Peterburq deyil, tarixi Moskva şəhəridir...”.
 
Azərbaycanlıların bu müzakirələrə reaksiyası sərt olub. Məsələn, Azərbaycan Xarici İşlər Nazirliyinin bu ilin avqustunda yaydığı bəyanatda deyilir ki, “mədəni, tarixi və mənəvi xüsusiyyətlərilə Azərbaycan xalqı üçün müstəsna əhəmiyyətə malik Şuşa şəhərilə bağlı bu mənfur niyyət Azərbaycanın işğal edilmiş ərazilərində aparılmış etnik təmizləmə siyasətinin möhkəmləndirilməsinə yönəlmiş növbəti cəhddir”.
 
Yeri gəlmişkən, “DQR” rəhbərliyi Beyrutda bu ilin avqustunda baş vermiş partlayışdan sonra ölkələrini tərk etmiş bir qrup Livan ermənisinin də Şuşa şəhərinə köçürülməsinə yardım göstəriləcəyini bəyan edib. Bu xəbər  azərbaycanlıların narahatlığını daha da artırıb.
 
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-dakı çıxışı zamanı Ermənistanı yeni müharibəyə hazırlaşmaqda ittiham edib. O, Ermənistanın “Azərbaycanın qədim tarixi şəhəri olan Şuşa ilə bağlı” addımlarını təxribat adlandırıb: “Bu, bizə qarşı açıq təhqirdir. Onlar hesab edirlər ki, biz buna dözəcəyik?”.
 
Azərbaycan hökumətinə yaxın “Day.az” saytında dərc edilmiş məqalədə isə deyilir ki, “parlament”in Şuşaya köçürülməsi Azərbaycanı müharibəyə təhrik etməkdir: “Bu halda ermənilər günahı Azərbaycanın üzərinə atacaq və Rusiyanı hərbi müdaxiləyə çağıracaq”.
 
“Əlbəttə ki, Ermənistan Azərbaycana hücum etməyi planlaşdırmır. Onun rəhbərliyi dəlidir, amma o səviyyədə yox. Ermənistanın baş naziri Nikol Paşinyanın başqa planı var: o, Azərbaycanı hərbi əməliyyatlara başlamağa təhrik etməyə çalışır”, - deyə məqalədə bildirilir.
 
Coşua Kuçera


Ana səhifəyə qayıt        Baxış: 3 643          Tarix: 24-09-2020, 02:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma