Xəbər lenti
 
 
Suriyadakı Rusiya komandanlığı əsasən PKK/YPG silahlılarından təşəkkül tapan Suriya Demokratik Qüvvələrini (SDQ) bölgədən çəkilə biləcəyi ilə təhdid edir.
 
Ovqat.com Rusiyanın New.ru portalına istinadən xəbər verir ki, rus ordusu ilə SDQ arasında anlaşılmazlıq yaranıb. 
 
Anlaşılmazlığa səbəb kürd separatçılarının ABŞ Silahlı Qüvvələrinə hərbi patrul missiyasını həyata keçirmək üçün Təl-Təmr şəhərinə daxil olmasına imkan verməsidir. Ərəb və yerli mütəxəssislər tərəfindən də etiraf edilən bu təhdid rus əsgərlərinin bölgədən çıxacağı təqdirdə kürd separatçılarının türk əsgərləri qarşısında “asan yem”ə çevriləcəyi qorxusuna söykənir. Halbuki 2018-ci ildə “Zeytun budağı” əməliyyatı zamanı separatçılar həmin taleyi yaşamış, Afrini itirmək məcburiyyətində qalmışlar. Türkiyə ciddi əməliyyata başlayacağı təqdirdə, Rusiyanın yenə ona mane ola bilməyəcəyi xofu kürd separatçılarının canından hələ də çıxmayıb. 


Rusiyanın yuxusunu qaçıran "Bradley"lər
 
SDQ ilə ruslar arasında fikir ayrılığının yarandığını ilk dəfə Vudro Vilson (Woodrow Wilson) adına beynəlxalq araşdırma mərkəzinin ekspertləri dilə gətiriblər. “Vudro Vilson” ekspertləri öz mənbələrinə istinadən bildiriblər ki, Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçuları SDQ-nın onlarla  razılaşmadan Amerika patrul dəstəsini M4 avtomagistralı üzərində yerləşən yaşayış məntəqələrinə daxil olmasına imkan verməsindən sonra Təl-Təmri nəzarətsiz qoymaqla hədələyiblər. Daha sonra digər mənbələr də məlumatı təsdiqləyiblər. Məlumatlarda qeyd edilir ki, Təl-Təmrə amerikalıların müdaxiləsi kürd komandirləri ilə rusiyalı zabitlər arasında ciddi mübahisələrə yol açıb.


 
Bildirildiyinə görə, Rusiya hərbi polisi Ayn-İssa və Təl-Təmr şəhərlərini birləşdirən M4 yolunun bir hissəsində mülki avtokolonları müşayiət edir. Marşruta nəzarət və yolun keçdiyi rayonların monitorinqi, bir qayda olaraq, pilotsuz aviasiya texnikaları tərəfindən həyata keçirilir. Marşrutun uzunluğunun 160 km-dən çox olduğu bildirilir. Suriyada Döyüşən Tərəflərin Sülh Mərkəzinin məlumatına görə, mülki avtokolonun trafiki Suriyanın Rakka və Haseke əyalətlərinin administrasiyası ilə  Mərkəzin birgə işi sayəsində təşkil edilir. Hələ ki, Rusiya tərəfinin patrul xidmətini davam etdirdiyi, qüvvələrini bölgədən çıxarmadığı bildirilir.


 
Təl-Təmrədə Rusiya Silahlı Qüvvələrinin mövcudluğu kürd separatçılarını Türkiyə ordusunun və ona bağlı Azad Suriya Ordusunun potensial hücumundan qoruyan qalxan kimi düşünülür. 
 
Rusiya komandanlığının bu təhdidi bölgədə Rusiya və Amerika qüvvələri arasındakı mürəkkəb vəziyyəti əks etdirir və artıq tərəflər arasında tez-tez insidentlər də yaşanır. İki hərbi güc arasında ən səs-küylü insidentlərdən biri yayın sonlarında rusiyalı hərbçilərin Amerika maşını ilə toqquşması zamanı baş verib. Rusiyanı ABŞ hərbçilərinə xəsarət yetirməkdə ittiham edən ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı (CENTCOM) bölgəyə əlavə qüvvələr yerləşdirib.
 


Rusiyanı ən çox narahat edən isə bu insidentdən sonra ABŞ-ın himayəsi altında fəaliyyət göstərən beynəlxalq antiterror koalisiyası Suriyanın şimal-şərqinə “Bradley” piyada döyüş maşınları göndərməsi olub. Koalisiyanın rəsmi nümayəndəsi Ueyn Marottonun sözlərinə görə, “mexanikləşdirilmiş piyada texnikası ölkənin şimal-şərqində getdikcə daha da mürəkkəbləşən şəraitdə öz qüvvələrinin müdafiəsini təmin etməyə çalışacaq". O, qeyd edib ki, koalisiya qoşunları Suriya ərazisində "İslam Dövləti" (İŞİD) qruplaşmasının qalıqlarının dağıdılmasına sadiqdir.


 
ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi Bill Urban isə bildirir ki, Pentaqon bölgəyə “Bradley” döyüş maşınlarından başqa, Suriyada "Sentinel" Radiolokasiya stansiyası da qurub. Həmçinin "ABŞ qüvvələri yerləşdikləri məkan üzərində "hava patrul xidmətinin intensivliyini artırıb”. Mərkəzi Komandanlıqdan onu da bildiriblər ki, Amerika "Suriyada hər hansı digər ölkə ilə münaqişəyə can atmır, lakin lazım gələrsə, koalisiya qüvvələrini müdafiə edəcək”.


"Sentinel" radiolokasiya stansiyası
 
Məhz bu bəyanatdan sonra ABŞ hərbi qüvvələrinin Rusiyanın nəzarəti altındakı bölgələrdə patrul xidmətinə başlaması Kremli xeyli narahat etməyə başlayıb. Görünür, Moskva ABŞ maşınları ilə yenidən “təsadüfi” toqquşmaların ciddi insidentə səbəb olacağından çəkinir və bəri başdan “az aşım, ağrımaz başım” aqibətilə razılaşmaq fikrinə düşüb.
 


Ana səhifəyə qayıt        Baxış: 2 562          Tarix: 27-09-2020, 07:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma