Xəbər lenti

 
 
Azərbaycan Dağlıq Qarabağa hücum əməliyyatında hava nəzarətini Türk Hava Qüvvələrinə təhvil verib.
 
Ovqat.com-un məlumata görə, Ermənistan müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində belə yazıb.
 
“Səhər saat 10: 00-dan etibarən Türkiyənin F-16 və Azərbaycan Hava Qüvvələrinin SU-25 təyyarələri Martakerti, xüsusilə mülki obyektləri birlikdə bombaladı. Onların hərəkətləri Türkiyənin Erzurum şəhərində yerləşən "E7T" komanda mərkəzindən idarə edilir. Türkiyə Hərbi Hava Qüvvələrinin rəhbərliyinin də təyyarələrdə olması istisna deyil”,-Stepanyan dünənki statusunda bildirib.
 
Maraqlıdır ki, Stepanyan Azərbaycan ordu birləşmələrinin Hadruta qədər gəldiyini də gizlətməyib. Hadrutun Cəbrayil və Füzulidən qərbdə yerləşdiyini nəzərə alsaq, Stepyanın bu etirafı həmin bölgələrə nəzarətin milli ordumuzda olduğunu təsdiqləyir. Belə ki, məlum statusda bildirilir:


 
“Bundan əlavə, Türkiyənin qırıcı təyyarələrinin atəşinə birbaşa nəzarəti Hadrut bölgəsinin sərhədindən müəyyən  dərinlikdə yerləşən bir Türk İHA komanda məntəqəsi həyata keçirir”.
 
Sözsüz ki, İHA komanda məntəqəsi yalnız nəzarətə götürülən ərazilərdə yerləşdirilə bilər. Ermənistan Müdafiə Nazirliyinin sözçüsünün bu etirafı əslində erməni ictimai rəyinin böyük məğlubiyyətə hazırlamaq cəhdi kimi qiymətləndirilə bilər.
 
Bizim üçün ən maraqlı məqam isə Stepanyanın Azərbaycan ordusunun qazandığı uğuru Türkiyənin adına yazmasıdır. Əlbəttə ki, Türkiyə bizim strateji müttəfiqimizdir və onun Azərbaycanın haqq mübarizəsinə qoşulmasında qeyri-adi heç nə yoxdur. Bununla belə, Stepanyanın iddiaları bəzi suallara yol açır: Azərbaycanın hərbi aviasiyasına nə olub ki, hava sahəmizə Türk ordusu nəzarət etsin?
 
Sualımızı cavablandıran fəlsəfə elmləri doktoru, siyasi ekspert Aydəm İsmayılov ermənilərin öz məğlubiyyətlərinin səbəbini əsaslandırmaq üçün bu cür yalanlara əl atdığı qənaətindədir. Onun fikrincə, ermənilərin mifləşdirdiyi “Ohanyan səddi”ni ordumuzun bir günün içində rahatlıqla keçməsi rəsmi İrəvanı bu cür yalanlar uydurmağa vadar edir: “Ermənistan Müdafiə Nazirliyi ordumuzun qazandığı uğurları Türkiyənin adına yazmaq üçün dəridən qabıqdan çıxır. Düzdür, Türkiyə bizə çox önəmli dəstək verir. Amma bu dəstək mənəvi və psixoloji xarakter daşıyır və Azərbaycanın buna daha çox ehtiyacı var. Sirr deyil ki, bu zamanadək bir çox dövlətlər tərəfindən hər cür dəstək alan ermənilər dövlət ərazimizin 20%-ni işğal etmişdilər. Biz faktiki olaraq Dağlıq Qarabağda təkcə ermənilərlə yox, həm də Rusiya və İranla mübarizə aparırdıq. Kiçik bir uğurumuz olan kimi regionun bu qüdrətli dövlətləri dövriyyəyə girib ya bizi geri çəkilməyə məcbur edir, ya da ermənilərə hər cür informasiya dəstəyi və hərbi sursat verirdilər. Biz də qüvvələr nisbətinin xeyrimizə olmadığını görüb status-kvonun dəyişiləcəyi günü gözləyirdik. Haqlıydıq da. Növbəti məğlubiyyət Azərbaycan xalqının bir daha özünə gəlməməsi ilə nəticələnə bilərdi. İndisə Türkiyə regional qüdrətlərə lazımi mesaj verərək, üçüncü tərəf hadisələrə müdaxilə edərsə, Türk ordusunun da laqeyd qalmayacağını ortaya qoydu. Bu da istər-istəməz digər dövlətlərin əvvəlki fəallığını azaltdı. Onlar yenə Ermənistana hərbi dəstək versələr də, bunu açıq şəkildə həyata keçirə bilmirlər. Rusiya İran üzərindən Ermənistana silah-sursat göndərir, amma bu əvvəlki səviyyədə olmadığından İrəvan çətin vəziyyətə düşür və bu cür yalan informasiyalarla xalqı sakitləşdirməyə çalışır”.
 
Aydəm İsmayılovun fikrincə, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün kifayət qədər hərbi aviasiyası var: “Həm hərbi təyyarələrimiz, həm də pilot heyətimiz Dağlıq Qarabağın hava hakimiyyətinə tam nəzarət edə biləcək qabiliyyətdədir. Pilotlarımızın bir çoxu qatıldığı NATO təlimlərində və müsabiqələrində ilk sıraları tutub. Üstəlik, Azərbaycanın PUA qüvvələri döyüşlərin başladığı ilk gündən etibarən ermənilərin bütün hava hücumundan müdafiə sistemlərini sıradan çıxarıb. Dağlıq Qarabağ səması tamamilə Azərbaycan hərbi aviasiyası üçün açıq vəziyyətə gətirilib. İstənilən qabiliyyətli pilot üçün bu təhlükəsiz hava məkanında hərəkət etmək sərbəstliyi yaranıb. Belə vəziyyətdə hava hücumu təşkil etmək üçün Türkiyənin Ərzurum hərbi hava limanına nə ehtiyac var? Özümüzün hərbi hava limanı daha yaxındadır və həmin əməliyyatları keçirmək üçün kifayət qədər təyyarələrimiz də mövcuddur”.


 
Həmsöhbətimizin bildirdiyinə görə, Ermənistanı vahiməyə salan əsas məsələ ermənilərin mifləşdirdiyi “Ohanyan səddini” Azərbaycan Silahlı Qüvvələrinin bir göz qırpımında yarmasıdır: “Rəsmi İrəvan bütün dünyanı, xüsusilə də erməni xalqını inandırmışdı ki, onların Dağlıq Qarabağda qurduğu “Ohanyan səddi” keçilməzdir və nəinki Azərbaycan, hətta hərbi qüdrət baxımdan xeyli güclü dövlətlərin orduları belə bu səddi aşa bilməz. Azərbaycan ordusu isə nəinki indi, hətta 2016-ci ildəki 4-günlük aprel döyüşlərində belə “Ohanyan səddi”ni yardı və onun sabun köpüyündən başqa bir şey olmadığını sübuta yetirdi”.


 
Bəs, ermənilərin həddən artıq güvəndiyi “Ohanyan səddi” nədən ibarətdir?
 
Hərbi dairələrin indiyədək açıqladığı məlumatlara istinad edən Aydəm İsmayılovun fikrincə, burada söhbət bir neçə mürəkkəb maneədən gedir: “Aprel döyüşlərində həmin səddi keçən zabitlərimizin bildirirlər ki, qarşılarına çıxan ilk maneə piyada əleyhinə mina sahəsi olub. Daha sonra tank əleyhinə mina sahəsi, ardınca bir neçə cərgə dəmiryol dirəkləri, onların üzəri və arası lent məftillərlə hörülüb, həmçinin onun dibi də qarışıq mina sahəsidir. Bütün bu maneələrdən sonra yenə piyada və tank əleyhinə mina sahələri, məftil maneələri və ardınca tank əleyhinə xəndəklər və s. Həqiqətən də bu səddi keçmək asan deyil. Amma Azərbaycan ordusu hələ 2016-cı ildə bu səddi keçə biləcək gücdə olduğunu göstərdi. Hazırdakı döyüşlərdə qazandığımız uğurlar onlar üçün də gözlənilməz deyildi”.


Ana səhifəyə qayıt        Baxış: 5 029          Tarix: 1-10-2020, 09:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma