Xəbər lenti

 
Rusiya və İranın bir-biri ilə münasibətlərində ciddi ziddiyyətlərin ortaya çıxmasını müvəqqəti əngəlləyən yeganə faktor var:  Türkiyənin Yaxın Şərqə və Cənubi Qafqaza yayılma təhlükəsi.
 
Ovqat.com xəbər verir ki, Rusiyanın məşhur portallarından olan “Rosbalt”-ın mövqeyini öyrəndiyi ekspertlər belə düşünür. 
 
"Bizim üçün Türkiyə az idi, İran da böyürdən çıxdı!» sərlövhəli məqalədə deyilir:
 
 
Rusiyanın Suriyadakı İranla əməkdaşlığı son zamanlar Moskva ilə Ankara arasında vaxtaşırı baş verən hərbi münaqişəyə çevriləcəkmi? Bir sıra KİV-in məlumatına görə, Suriyada rusiyapərəst və iranpərəst qruplar arasındakı, həmçinin burada hakim Əsəd klanı tərəfindən Tehrana, digər yandan isə Moskvaya istiqamətlənmiş hərbi və siyasi qarşıdurma güclənir.
 
Məlumata görə, Rusiya hərbçiləri Suriya prezidenti Bəşər Əsəd ordusunun beşinci korpusunun nəzarətində olan bölgələrdə nüfuzunu artırmağa çalışır, Suriya liderinin qardaşı Mahir Əsədin isə Tehrana meylli dördüncü diviziyası isə ona qarşı çıxır.
 
Qeyd edək ki, Rusiya ilə İran arasında ziddiyyətlərin güclənməsi yalnız Suriyada gedən müharibə nəticəsində deyil, həm də Azərbaycan ilə Ermənistan arasında Zaqafqaziyada-Moskva, Ankara və Tehranın bir çox cəhətdən əks maraqları olan regionda artan hərbi münaqişə fonunda baş verir.
 
Rusiya və İranın birbaşa hərbi toqquşması təhlükəsinin nə qədər böyük olduğu barədə "Rosbalt” şərqşünas ekspertlərlə danışıb.


 
Vladimir Sajin, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi:
 
"Suriyada Rusiya ilə İran arasında ziddiyyətlər çoxdan ortaya çıxıb. Bu xüsusilə İŞİD-nin darmadağın edilməsindən dərhal sonra özünü göstərməyə başlayıb. Ziddiyyətlər əsasən Suriyanın gələcəyi ilə bağlı fikir ayrılıqlarından doğub. Moskva Tehranın Suriyanın gələcəyini istədiyi kimi planlaşdırmaq istəməsindən xoşlanmır. İranlıların Suriya prezidenti Bəşər Əsədin xüsusi xidmət orqanları arasında güclü mövqeləri var. Rusiya da eyni dairədə, eləcə də bəzi Suriya bölmələrində sabit mövqelərə sahibdir. Əsəd öz növbəsində müttəfiqlərinin ziddiyyətlərində yaxşı istifadə edir.
 
Moskvanı İranın son zamanlar Suriyaya "sülh yolu ilə hücum" etməsi də narahat edir. Mən onu nəzərdə tuturam ki, iranlılar Suriyada üstünlük təşkil edən sünni əhali arasında şiə hegemoniyasını möhkəmləndirmək üçün əllərindən gələni edirlər. Bundan başqa, İran bu ölkəyə aktiv iqtisadi nüfuz etməklə də məşğuldur. Xüsusilə, iranlı biznesmenlər burada torpağı və infrastruktur obyektlərini ciddi şəkildə alırlar.
 
Son illər rusiyapərəst və iranpərəst qüvvələr arasında hərbi əməliyyatlar müşahidə edilsə də, Moskva ilə Tehranın Suriyada ciddi hərbi qarşıdurması hələ ki, baş verməyib.
 
Bu yaxınlarda Livan "Hizbullah”ının Suriyanı tərk etdiyi haqqında informasiyalar yayılıb. Sual yaranır: nəyə görə?
 Birincisi, onların Livanda da çoxlu işləri var. 
İkincisi, bu qruplaşmanın Suriyadakı təsiri o qədər də faydalı deyil, çünki Rusiyanın təzyiqi altındadırlar.
 
Bundan başqa, Rusiya ilə yaxşı münasibətləri olan İsrail Suriyada nə İran silahlı birləşmələrini, nə də "Hizbullah"ı dəstəkləyir. Həmin qruplaşmanın Suriyadan getməsi də İranın bu ölkədəki mövqelərini xeyli zəiflədəcək.
 
Bu mənada Rusiya ilə İsrailin Suriyadakı maraqları müəyyən dərəcədə üst-üstə düşür. Belə təəssürat yaranır ki, indi İranın mövqeyi burada zəifləyir. Bunun bir çox səbəbləri ola bilər, amma əsas səbəb İranın özündə indi kifayət qədər mürəkkəb vəziyyətin yaranmasıdır. Mümkündür ki, onun bu cür irimiqyaslı fəaliyyət üçün sadəcə gücü və vəsaiti çatışmır".


 
Aleksey Malaşenko, 
"Sivilizasiyaların dialoqu" İnstitutunun elmi araşdırmaları qrupunun rəhbəri:
 
"Suriyada İranla Rusiya arasında münasibətlərin gərgin olması birmənalıdır. Onların arasında rəqabət çoxdan mövcuddur və dəyişkən sürətlə inkişaf edir. Rusiyanın bu münasibətlərdə güclü bənd olması da başa düşüləndir. Lakin Tehran Suriyaya külli miqdarda silah göndərir. İranlılar Əsəd rejiminə pul da verirlər. Nə qədər verirlər, dəqiq məlum deyil, amma söhbət milyardlarla dollardan gedir. Hər il səkkiz milyard dollar məbləğdən söhbət gedir.
 
Bununla belə, Rusiya ilə İran İslam Respublikası arasında Əsəd uğrunda mübarizə gedir. Suriya lideri rusiyapərəst olsa belə, iranlılarla heç zaman münasibətləri korlaya bilməz. Ona görə yox ki, o, ələvidir (belə bir fikir var ki, ələvilər də iranlılar kimi şiələrdir,  hərçənd bu tamamilə belə deyil). Ona görə ki, Əsəd başa düşür ki, Rusiyanın altında tamamilə "yata" bilməz.
 
İran Suriyada İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ilə təmsil olunur. İİKK rəhbərliyi çox radikal fikirlərə malikdir: şiəliyin yayılması, regionda İran təsirinin bərqərar olması uğrunda mübarizə. Bu indən belə də eynilə davam edəcək və Suriyadakı Rusiya qüvvələri üçün əlavə çətinliklər yaradacaq. İranlılar bu ölkədə yalnız yerli qruplaşmaları deyil, Livanın "Hizbullah"ını da dəstəkləyirlər.
 
Eyni zamanda Bəşər Əsədin qardaşı Mahirin komandanlığı altında dördüncü diviziya da Dəməşqdən rəsmən tam asılı deyil. Dördüncü diziya əsasən SEPAH və "Hizbullah" qüvvələrinin qarışığından təşəkkül tapır və Rusiya onları bir sıra səbəblərdən qıcıqlandırır. Qıcığa səbəb olan səbəblərdən biri də odur ki, Moskvanın İsraillə çox yaxşı münasibətləri var.
 
Bu gərginlik ya Dəməşqlə Moskva arasında, ya da Moskva-Tehran-Dəməşq üçbucağında həll olunacaqdır. Sonuncu, ən pis variantdır: Türkiyə ilə problemimiz az idi, İran da böyürdən çıxdı!
 
Bu o deməkdir ki, İran SEPAH-ı ilə Suriyadakı Rusiya bölmələri arasında daim gərginlik olacaq, rəsmi Tehran isə bunun ona dəxli olmadığını bildirəcək və Amerika ilə oyunlarına davam edəcək. İranın Suriyadakı qüvvələrinin Rusiya üçün başağrısına çevriləcəyi tamamilə dəqiqdir. Üstəlik, biz artıq Türkiyənin "baş ağrısı"na öyrəşmişik, İranın “baş ağrısı”nın isə necə olacağı, məlum deyil".


 
Mixail Magid, 
Yaxın Şərq üzrə ekspert:
 
“Suriyanın cənubundakı (və bəzi digər bölgələrdə) Əsəd tərəfdarı sadiqlər arasındakı qarşıdurmalar uzun müddətdir davam edir. Prezident Bəşər Əsəd iki xarici qüvvəyə güvənir: Rusiya və İran. Ancaq məsələ heç də bu ölkələrin yalnız Suriyadakı Silahlı Qüvvələrinin və ya iranlıların Yaxın Şərqdən gətirdikləri şiə qiyamçılarının iştirakı ilə bağlı deyil. Medalın digər tərəfi Rusiya və İranın Suriya rejiminin strukturlarına dərindən nüfuz etməsidir.
 
İranlıların Suriya hakimiyyətinə daha dərindən nüfuz etməsi həm Əsədə yaxınlıqları, həm də onun kiçik qardaşı Maherin iranpərəst mövqeyi ilə bağlıdır. İranlılar özünün və ya ona loyal komandirlərini müxtəlif ordu hissələrinə və sərhədyanı qoşunlara (Milli Müdafiə Qüvvələri və yerli müdafiə qüvvələri — QBS və QBS) göndərirlər. İranlılar Əsəd rejimi ilə mümkün qədər sıx birləşməyə çalışır, onları hərbi mütəxəssilər, silahlılar və s. kimi yardımlarla təmin edirlər, belə birləşmələrdən biri kimi dördüncü diviziya çıxış edir. Rusiya isə beşinci korpusda eyni fəaliyyəti göstərməyə çalışır.
 
Suriyada Əsəd rejimi ölkə ərazisinin təxminən 65 faizinə nəzarət edir və bu rayonlar Rusiya və İranın, eləcə də onlarla əlaqəli qüvvələrin təsir dairələrinə bölünür. Bəzən bu təsir zonaları kəsişir və vaxtaşırı rusiyapərəst və iranpərəst birləşmələr arasında atışmalar baş verir.
 
Bunun iki əsas səbəbi var. Birincisi, hərbi-siyasi amillə bağlıdır. İran və onun loyalistləri İsrailin əsas rəqibləri hesab edilir. İsrail isə amansızcasına Suriya ərazisinə hücum edir, HHQ qüvvələrinə bir neçə ildir ki, təxminən həftədə bir dəfə zərbələr endirir. Əksinə, Rusiya ilə İsrail arasında etibarlı münasibətlər yaranıb. Razılaşmaya əsasən, Rusiya HHM sistemi müttəfiqlərini — Bəşər Əsədi və iranlıları qorumalıdır, amma o, İsrail döyüş təyyarələrinə atəş açmır. Rusiya İsrailin Hərbi Hava Qüvvələrinin hərbi texnikalarına (Təl-əviv regionda hərbi texnoloji üstünlüyə sahibdir və Rusiyanın malik olmadığı silahlara F-35 görünməz təyyarələri, döyüş dronları və s. malikdir) zərər vermək istəmir.  Rusiya İsrail ilə qarşıdurmalara gedərək öz qüvvələrini risk altına atmaq istəmədiyi üçün İsrail rəhbərliyi ilə Suriyanı cənubundan İran yanlısı silahlı qüvvələrin geri çəkilməsi və onların Rusiyapərəst bölmələrlə əvəz edilməsi barədə danışıqlar aparıb. Ancaq praktikada bu baş vermir, çünki Əsəd rejimi İran tərəfdarı yaraqlılara Suriya pasportları verir və onları suriyalı adı altında İsrail sərhədlərinə göndərir.
 
İranlılar və tərəfdarları Suriyanın cənubundakı İsrail sərhədləri yaxınlığındakı yerləri yəhudi dövləti ilə qarşıdurmada “strateji sərvət” olaraq görürlər. Bütün bunlar Rusiyanı və müttəfiqlərini qıcıqlandırır, İsrail ilə münasibətləri normallaşdırmaq planlarını alt-üst edir. Rusiyapərəst və İranpərəst qüvvələr arasındakı qarşıdurmaların səbəblərindən biri də bu ola bilər.
 
İkinci amil - siyasi və iqtisadi məsələdir. Həqiqət budur ki, Suriyada vətəndaş müharibəsi başlamazdan əvvəl də Əsəd rejimi çoxdan yox olmuşdu. Rejimə sadiq könüllü şəbəkələri (hər ərazidə tamamilə müstəqil ola bilərlər) və komandirləri istədiklərini edə bilən hərbi hissələr idilər. Sistem, yumşaq desək, çoxdan mərkəzsizləşmişdi. Zəif mərkəzi maliyyələşdirmə və nəzarət səbəbindən Əsəd əleyhinə olanlar kimi yerli Əsəd tərəfdarları və milislər, əhalidən xərac toplayaraq yaşayırdılar: yerli müəssisələr, işçilər, fermerlər, bələdiyyələr.
 
Bu proseslərdən dolayı müharibə gedən ölkədə baş verən xaos ABŞ-ın amansız sanksiyaları, inflyasiya və yoxsulluq fonunda cərəyan edir.
 
 
Bütün bunlar uzun müddətdir baş verir və tam olaraq eyni səbəblərdən və eyni formatda baş verdikləri ərazilərdə Əsəd əleyhinə qruplar arasında maliyyə axınları uğrunda mübarizə kimi təzahur edir və beləcə Suriya həqiqətinin bir hissəsinə çevrilir.
 
Lakin Rusiya və İran indi Suriyada əməkdaşlıq etmək məcburiyyətindədirlər. Türkiyə, nəzarət etdiyi şimal bölgələrdə nəhəng bir qrup toplayıb. Söhbət yalnız Əsəd əleyhinə silahlılardan deyil, həm də Türk hərbçilərindən gedir - bunlar səkkiz min hərbi texnikası olan on minlərlə əsgər və zabitdir. Əsəd əleyhinə qüvvələrin kəskin zəifləməsi Türkiyənin və türk yanlısı qrupların genişlənməsinə səbəb ola bilər. Bu səbəbdən, böyük ehtimalla, Rusiya Federasiyası ilə İran və Əsəd rejimi içərisində onlara sadiq qüvvələr, aralarında ortaya çıxan bütün problemlərə baxmayaraq əməkdaşlıq edəcəklər. "
 
Alexander Jelenin


Ana səhifəyə qayıt        Baxış: 5 929          Tarix: 22-10-2020, 16:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma