Rusiya prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədlə dünən Soçidə görüşüb.
Ovqat.com rus mətbuatına istinadən xəbər verir ki, görüşdə Suriyadakı son vəziyyət müzakirə olunub.
Məlumata görə, Putin Əsədə suriyalıların çox çətin təcrübələr yaşadıqlarını, lakin bütün bunların sona yaxınlaşıldığını, qısa zamanda terrorçu qrupların məğlubiyyətə uğrayacaqlarının qaçınılmaz olduğunu bildirib.
Əsəd isə Rusiyanın son iki ildə Suriyada həyata keçirdiyi hava əməliyyatları sayəsində ölkəsinin həm hərbi, həm də siyasi baxımdan böyük müvəffəqiyyətlər əldə etdiyini xatırladıb və buna görə rus liderinə minnətdarlığını çatdırıb. Onun fikrincə, Rusiyanın müstəsna xidmətləri nəticəsində Suriyanın bir çox bölgəsi terrorçulardan alınıb, öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalan Suriyalılar geri qayıda biliblər.
Hər iki lider Suriya probleminin artıq hərbi müstəvidən çıxıb siyasi həll axtarışları mərhələsinə qədəm qoyduğu fikrində həmrəy olublar. Buna baxmayaraq, xarici oyunçuların Suriyaya siyasi müdaxiləsinin mümkünlüyünə toxunan Əsəd bu məsələdə də Rusiyanın dəstəyinə bel bağladığını fizlətməyib. O, həmçinin sülh yoluyla həll istəyən hər kəslə əməkdaşlığa hazır olduğunu da vurğulayıb.
Bəşər Əsədlə Putinin bu görüşünün Rusiya, Türkiyə və İran prezidentlərinin sabah Soçidə keçirilməsi gözlənilən toplantısı ərəfəsinə düşməsi və Suriya liderinin dilə gətirdiyi fikirlər gəlişigözəl hadisələrə bənzəmir. Bilindiyi kimi, sabahkı görüşdə Surayada marağı olan 3 regional dövlətin rəhbərləri həll yolları axtaracaq və yaxınlarda Rusiyada keçirilməsi gözlənilən Suriya Milli Konqresinin tərkibini müzakirə edəcəklər. Xüsusilə son məsələ Rusiya-Türkiyə arasında ciddi fikir haçalanmasına gətirib çıxara bilər. Nədən ki, Moskva konqresə PKK/PYD qüvvələrini də dəvət etmək niyyətindədir. Ankara isə bu fikri yaxına buraxmaq istəmir, terror təşkilatının iştirak etdiyi məclisdə Türkiyənin yer almayacağını vurğulayır.
Rusiya rəsmiləri tərəfindən bu ayın əvvəlində açıqlanan məlumat indiyədək iki dövlət arasında ciddi polemikalara səbəb olub və tərəflərdən heç biri öz mövqeyindən geri çəkilməyib. Türkiyənin iradlarına cavab verən Rusiya XİN yetkilisi Mixail Boqdanovun açıqlamaları isə Putinlə Bəşər Əsədin dünənki görüşündə verilmək istənilən mesaja aydınlıq gətirəcək mahiyyətdədir.
Belə ki, bu ayın 2-də polemikalara qoşulan Rusiya Xarici işlər nazirinin müavini Boqdanov Ankaraya PYD-nin Türkiyənin yox, `Suriyanın vətəndaşları olduğunu xatırladıb və qalıcı sülhün təminatı üçün bütün yerli qrupların konqresə qatılmasının vacibliyini vurğulayıb. Bəşər Əsədin dünənki görüşdə sülh yoluyla həll istəyən hər kəslə əməkdaşlığa hazır olduğunu bildirməsi bu baxımdan olduqca manidardır.
Görünən budur ki, sabah Türkiyə-Rusiya arasında növbəti qırılma xəttinin şahidi olacağıq. Böyük ehtimalla, İranın da Rusiyanın tərəfində dayanacağını nəzərə alsaq, Türkiyənin Suriyada təklənəcəyini güman etmək olar. Nə yazıq ki, ABŞ da artıq Türkiyəylə birgə maliyyələşdirdiyi Azad Suriya Ordusundan tamamilə imtina etmiş və PYD-ni özünün yeganə müttəfiq olduğunu ortaya qoymuşdur. Bu hadisə də Türkiyənin Yaxın Şərq məsələsinin müzakirələrində əlini-qolunu bağlayan əsas problemə çevirilib.
Zənnimizcə, son zamanlar NATO və ABŞ-la münasibətləri xeyli korlanan Türkiyənin manevr imkanlarının tükənməsini fürsət bilən Moskvanın bu addımı beynəlxalq siyasətdə təktərəfli oyun oynamağın riskləri barədə ən gözəl tarixi nümunələrdən biri kimi tarixə düşəcək.
Paylaş: