Xəbər lenti
 
 
“Bu gün Türkiyənin həyatında müşahidə edə biləcəyimiz bir çox mövcud ziddiyyətlərə baxmayaraq, Prezident Rəcəb Tayyib Ərdoğan bu ölkənin gələcəyinin olduğunu və Rusiya da daxil olmaqla bir çox qonşusunun Ankaranın geosiyasi iddiaları ilə hesablaşmaq məcburiyyətində qalacağını göstərdi”. 
 
Ovqat.com xəbər verir ki, Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq Münasibətlər nəzəriyyəsi və tarixi kafedrasının dosenti Dmitri Ruşin Eadaily.com portalına açıqlamasında bunu bildirib.
 
Onun sözlərinə görə, Türkiyənin hazırkı rəhbərliyi son dərəcədə “hiyləgər”, eyni zamanda kifayət qədər qətiyyətli siyasət yürüdür.
 
“Türklər dövlətlərinin tarixi inkişafı zamanı qazandıqları təcrübədən çox məharətlə istifadə edirlər. 19-cu əsrdə olduğu kimi, Türkiyə indi də dünya gücləri arasında ustalıqla manevrlər edir. Məsələn, Osmanlı ve Rusiya imparatorlukları əvvəlcə öz aralarında vuruşdular, daha sonra Misir qiyamı zamanı Sankt-Peterburq İstanbula İngiltərə və Fransa ilə əlaqəli mənafelərini qorumaq üçün kömək etdi. Ardından İngiltərə və Fransa yenidən Osmanlının müttəfiqlərinə çevrildilər”- Ruşin belə deyib.
 
Müasir Türkiyə lideri Ərdoğanın da Vaşinqtonla çox ustalıqla əlaqələr quran ilk dövlət başçılarından biri olduğunu qeyd edən ekspert xatırladıb ki, Türkiyə NATO-nun üzvüdür, amma ABŞ-dan da qorxmur: “Çünki nəyin edilə biləcəyini və nəyin edilə bilməyəcəyini yaxşı başa düşür. Ankara həqiqətən çox ustalıqla hərəkət edir: Qırmızı cizgilərə yaxınlaşır, amma heç vaxt onları aşmır".
 
 Sankt-Peterburq Dövlət Universiteti dosentinin fikrincə, bəzi media şayiələrinə baxmayaraq, Prezident Ərdoğanın bir qrup məmur və siyasətçi komandasının Türkiyənin maraqları üçün kifayət qədər peşəkarlıqla çalışdıqları açıqdır.
 
Əlbəttə, Ərdoğan təkbaşına öz maraqlarını məharətlə müdafiə edən xarici siyasətdə bu qədər müsbət nəticələr əldə etməyi bacarmazdı. Onun dövlət maraqlarını təbliğ edən güclü komandası var. Bundan əlavə, Türkiyədə parlamentdə təmsil olunan qondarma sistem müxalifəti var və o da kifayət qədər güclü bir mövqe tutur. Nəticədə Ərdoğanı və tərəfdarlarını daha çox hərəkətə keçməyə təşviq edir”,-Ruşin belə fikirləşir.
 
Ekspertin fikrincə, Ankaranın qarşısında problemlər də az deyil: “Onun əsas problemləri Avropa Birliyi ilə gərgin münasibətlər və zəif iqtisadiyyatdır. Türk lirasının qeyri-sabit davranışı zaman-zaman özünü büruzə verir”. Ancaq bütün bunlarla birlikdə, ekspertin fikrincə, Türkiyə Suriyada, Liviyada, son zamanlarda isə Dağlıq Qarabağda kifayət qədər “aqressiv” siyasət yürüdə bilir:
 
“İndi Türkiyə özünü Azərbaycanın böyük tərəfdaşı kimi göstərir. Və burada da türklər, mənim fikrimcə, “hiyləgər”dirlər (Sözsüz ki, Ruşinin bu fikirləri Ovqat.com-un mövqeyini ifadə etmir və Türkiyə-Azərbaycan birliyinin möhkəmlənməsi xofundan qaynaqlanır. Türkiyə Cənubi Qafqazda və Orta Asiyada nə qədər güclü olarsa, bu, şimallı, cənublu bütün Azərbaycanın yararınadır). Dost Bakının mövqelərini təkbaşına gücləndirmək onlar üçün sərfəli deyil. Azərbaycanın qalib gəlməsi onlar üçün faydalıdır, ancaq "əzici hesabla" yox, özünün dəstəyi ilə buna nail olmaq istəyirlər. Türklərin özləri də öz növbələrində bölgədəki varlıqlarını bir hərbi baza ilə möhkəmləndirməkdən və demək olar ki, bütün Cənubi Qafqazı nəzarətə götürməkdən çəkinmirlər. Bundan əlavə, Ərdoğan artıq Çinin Sincan Uyğur Muxtar Bölgəsində danışır. Bu minvalla onun  Türk xalqlarını birləşdirən və qlobal miqyasda İslam lideri olmaq istəməsi tamamilə mümkündür. Maraqlıdır ki, Türkiyənin Çinlə toqquşması Vaşinqtondan avtomatik dəstək alması deməkdir. Bu da bir Türk “hiyləgərliyidir””-deyən politoloq vurğulayıb ki, İran da bütün gücünə baxmayaraq, Türkiyə ilə qarşıdurmada maraqlı  deyil.
 
O ki qaldı Türkiyə-Rusiya münasibətlərinə, Ruşinə görə, hələlik iki dövlət arasında birbaşa hərbi toqquşma baş vermir, lakin buna baxmayaraq Türkiyə Azərbaycanın, Rusiya isə Ermənistanın arxasında daha əzmli dayanacağı təqdirdə, münaqişəyə doğru tədrici sürüşmənin qarşısını almaq çox çətin olacaq.
 
“İnşallah, Azərbaycan Ermənistanla müharibəyə getməyəcək. Çünki, birincisi, Türkiyə və Azərbaycan başa düşür ki, Ermənistana hücum etsələr, bu, Rusiyanın KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı. - Red.) vasitəsilə müdaxiləsinə səbəb olacaq. İkincisi, Avropa və ABŞ da, Rusiya kimi, Zaqafqaziyada Türkiyənin güclənməsində maraqlı deyillər”-Ruşin öz türkofobiyasını bu sözlərlə ifadə edib.
 
Ekspertin fikrincə, Cənubi Qafqazda Rusiyanın əsas problemi ümumiyyətlə postsovet məkanındakı passivliyindən qaynaqlanır.
 
“Ölkəmiz vəziyyətə fəal təsir göstərə bilmədiyindən, ABŞ, Avropa Birliyi, Türkiyə, İran simasında başqa aktyorlar meydana çıxır. Bizə bitişik ərazilərdə maraqlarımızı ardıcıl olaraq müdafiə etməyi öyrənməliyik”- deyə ekspert fikrini yekunlaşdırıb.
 


Ana səhifəyə qayıt        Baxış: 5 947          Tarix: 5-11-2020, 07:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma