Xəbər lenti

 
Məlum olduğu kimi, oktyabrın ikinci yarısında BMT TŞ Dağlıq Qarabağ məsələsinin müzakirəsi üçün toplanmışdı. Gizli keçirilən toplantıda “Dağlıq Qarabağ münaqişəsi zonasında genişmiqyaslı hərbi əməliyyatların başlanması barədə xəbərlərdən narahatlıq ifadə olunmuş, güc tətbiqi kəskin şəkildə qınanılmış və mülki şəxslər də daxil olmaqla, insan tələfatından üzüntü duyulduğu” vurğulanmışdı.
 
Kifayət qədər tərəfsiz, hətta bir az da simvolik xarakter daşıyan bu bəyanatın ərsəyə gəldiyi toplantıdan əvvəl isə tamamilə fərqli mülahizələr mövcud idi. ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin çağırışı ilə toplanan iclasdan erməniləri dəstəkləyən qətnamə çıxa biləcəyindən narahatlıq duyulurdu. Nədən ki, bu 3 həmsədrin 3-ü də indiyədək ermənilərə yaxın mövqeləri ilə fərqlənirlər. Məhz bu səbəbdən də onların BMT TŞ üçün hazırlayacaqları qətnamənin Azərbaycanın maraqlarına zidd olacağı gözlənilirdi. Amma ermənilərin böyük ümid bağladığı bu gözlənti özünü doğrultmadı. Bəs, həmin gizli toplantıda nə baş vermişdi?


 
Prezident İlham Əliyevin də bildirdiyinə görə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri həqiqətən elə bir qətnamə layihəsi hazırlayıblarmış. Layihə BMT TŞ-nın Dağlıq Qarabağla əlaqədar çıxardığı 4 qətnamənin tələblərini kölgə altına salmağa hesablanıbmış. Lakin rəsmi Bakının diplomatik səyləri nəticəsində BMT TŞ-nın müvəqqəti üzvləri bu layihəyə ciddi etiraz edib və müəlliflər öz cızma-qaraları geri götürməyə məcbur olublar. Məlumata görə, həm də Qoşulmama Hərəkatının üzvləri olan sözügedən dövlətlər hazırlanmış yeni layihəyə BMT TŞ-nın 1993-cü ildə çıxardığı 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil olunmasını israrla tələb edib, nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri də olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürmək məcburiyyətində qalmışlar.  Prezident İlham Əliyev BMT TŞ-ın müvəqqəti üzvlərinin dövlət və hökumət başçılarına haqlı mövqelərinə görə təşəkkür məktubu da göndərmişdi. Rəsmi məlumatlarda bu ölkələrin adları da sıralanırdı: İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenad – cəmi 7 dövlət.
 
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 15 üzvü var. Onlardan 5-i daimi, 10-u hər 2 ildən bir dəyişilən müvəqqəti üzvlərdir. Təşkilatın Nizamnaməsinə əsasən, daimi üzvlərdən yalnız birinin vetosu istənilən qərarın müzakirə edilməsinin qarşısını alır. Müvəqqəti üzvlərin isə veto haqqı yoxdur. Elədirsə, ATƏT-in Minsk qrupunun Azərbaycanın əleyhinə hazırladığı layihənin keçməməsinin Prezident İlham Əliyev tərəfindən gizli tutulan daha başqa önəmli səbəbi də var: Daimi üzvlərdən biri öz veto hüququndan istifadə etmiş ola bilərmi?


 
Ovqat.com-un məlumatına görə, toplantının gizli keçirildiyini nəzərə alan Azərbaycan liderinin açıqlamaq istəmədiyi bu məqam Ermənistan XİN tərəfindən artıq dilə gətirilib. 
 
Nazir müavini Şavarş Köçəryan “Armenpress”-ə verdiyi açıqlamada bildirib ki, BMT TŞ-ın daimi üzvlərindən biri ATƏT-in Minsk qrupunun hazırladığı qətnaməyə veto qoyub. Nəticədə BMT TŞ-nın məlum gizli toplantısından heç bir icbari əhəmiyyəti olmayan, tövsiyə xarakterli bəyanat çıxıb.
 
Köçəryan həmin dövlətin adını açıq şəkildə dilə gətirməsə də, verdiyi məlumatdan söhbətin kimdən getdiyini müəyyənləşdirmək çətin deyil. Belə ki, ATƏT-in Minsk qrupuna daxil olan ölkələri istisna etsək, geridə iki dövlət qalır: Çin və Böyük Britaniya. Çinin adətən belə məsələlərdə ya tərəfsiz qaldığı, ya da Rusiyanın yanında yer aldığı məlumdur. Üstəlik, söhbət Kremlin maraq dairəsində olan Cənubi Qafqazdan gedirsə, Pekin heç bir zaman bəzi sahələrdə strateji müttəfiqi saydığı Moskvanın iradəsinə zidd addım atmaz. Deməli geriyə yalnız bir dövlət qalır – Böyük Britaniya.
 
Təsadüfi deyil ki, erməni analitikləri də “oyunpozan”ın Böyük Britaniya olduğundan “şübhələnirlər”.  Erməni siyasi icmalçısı, iranşünas Vardan Voskanyan Arman Vaneskeqyan “Sputnik”-ə açıqlamasında deyib: “Qətnaməni Britaniyanı əngəlləyib. Müxtəlif mənbələrdən, eləcə də kütləvi media orqanlarında dərc olunan informasiyalaradan bunu müəyyənləşdirmək kifayət qədər asandır".
 
Ekspert hesab edir ki, Britaniyanın mövqeyini asanlıqla izah etmək olar: “Birləşmiş Krallığın Azərbaycanda çox ciddi maraqları vardır. Bu maraqlar, ilk növbədə, Şərq qonşumuzun Avropa bazarına çıxardığı enerji daşıyıcıları ilə bağlıdır. Amma bu da son deyil. Xatırladaq ki, bu yaxınlarda Böyük Britaniyanın Gizli Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə bu ölkənin Türkiyədəki keçmiş səfiri Riçard Mur təyin edilib.


 
Bu təyinat vaxtilə beynəlxalq siyasi arenada böyük səs-küy doğururdu, ilk növbədə ona görə ki, cənab Mur Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən yaxın dostudur”. 
 
Voskanyan iddia edir ki, Brexitdən sonra rəsmi London Ankaranı öz təsir dairəsində saxlamaq üçün çox böyük səylər göstərir: Yəqin, ümid edir ki, Türkiyə vasitəsilə Avropaya daxil olan enerji daşıyıcılarının axınına nəzarət edəcək. Görünür, Böyük Britaniya Ərdoğanın əl-qolunu Qarabağ münaqişəsində bağlamamaq üçün Minsk Qrupu həmsədrlərinin hazırladığı və razılaşdırdıqları qətnamənin qəbuluna da məhz bu səbəbdən mane olub”.
 


Ana səhifəyə qayıt        Baxış: 7 705          Tarix: 7-11-2020, 10:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma