Xəbər lenti

 
Ermənistanın Dağlıq Qarabağda ağır məğlubiyyətə uğramasının bədəlini ölkə vətəndaşları ödəyəcək. 
 
Ovqat.com erməni mənbələrinə istinadən xəbər verir ki, rəsmi İrəvan Dağlıq Qarabağda həlak olmuş hərbi qulluqçuların ailələrinə ödənən aylıq müavinətləri qarşılamaq üçün vətəndaşlardan yığılan məcburi sığorta ödənişlərini 3 dəfə artırmağı düşünür.
 
Məlumata görə, Ermənistanda hərbi qulluqçuların Milli Sığorta Fondunun vəsaitinin böyük hissəsi vətəndaşların 1000 dram məbləğində məcburi aylıq ödənişləri hesabına təmin edilir. Bu ödənişlər 2016-cı ilin aprel müharibəsindən sonra qəbul edilmiş “ölkənin müdafiəsi zamanı hərbçilərin həyatına və ya sağlamlığına vurulan zərərin ödənilməsi haqqında qanuna dəyişikliklər” qanununa əsaslanır. Qanun 1 yanvar 2017-ci il tarixindən qüvvəyə minib. Qanuna əsasən, vətəndaşlar hər ay öz maaşlarından 1000 dram (3.5 manat) hərbi qulluqçuların müdafiə fonduna keçirirlər. Dağlıq Qarabağda son itkilər isə həlak olmuş hərbçilərin sayında ciddi artışlara səbəb olduğundan İrəvan bu məbləği 3 dəfə - 3000 dram (10.5 manat) səviyyəsində artırmaq niyyətindədir.
 
Ermənistanının Mərkəzi Bankı, Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi və Hərbi Qulluqçuların Sığorta Fondu tərəfindən hazırlanan yeni qanun layihəsinin əsaslandırılmasında bildirilir ki, əvvəlki məbləğ 27 sentyabr 2020-ci il tarixində “Azərbaycanın Dağlıq Qarabağa hücum amili” ilə bağlıdır. İndisə itkilər dəfələrlə artıb. Deməli məcburi sığorta məbləği də artırılmalıdır.
 
Hazırkı layihə Ermənistanda artıq ciddi ictimai-siyasi narazılıq doğurub. Xüsusilə müxalif partiyalar “hamıya eyni gözlə baxmaq” yanaşmasının ədalətsiz olduğuna inanırlar. Onların fikrincə, yüksək və minimum əməkhaqqı alan vətəndaşlar ayda eyni məbləğdə pul ödəyirlər. Nəticədə 3000 dram minimum və orta əmək haqqı olan vətəndaşlar üçün ağır yük olacaq. Onlar əmək haqqının məbləğindən asılı olaraq differensial yanaşmanın tətbiqini təklif edirlər.
 
Maraqlıdır ki, yeni qanun layihəsini hazırlayanlar son Dağlıq Qarabağ döyüşlərində öldürülmüş erməni əsgərlərinin rəsmi statistikasına əsaslanıb. Bu statistikaya görə, son müharibə zamanı həlak olmuş erməni əsgərlərinin sayı 1221 nəfərdir. Əslində isə real sayın 10 dəfə daha çox olduğu bildirilir. Belə çıxır ki, real rəqəmlər açıqlananda hərbi qulluqçulara ödəmək üçün nəzərdə tutulan sığorta fondunun həcmi yenidən 10 dəfə artırılacaq. Ermənistan rəhbərliyi bunu vətəndaşların gəlirləri hesabına qarşılamaq istəsə, vergi ödənişlərini də 10 dəfə artırmalıdır. Bu isə hər bir işçinin ayda 30000 dram (100 manatdan çox) hərbi vergi ödəməsi deməkdir. Ermənistanda minimum əmək haqqının 65 min dram olduğunu nəzərə alsaq, bu, aztəminatlıq ailələrin aylıq qazancının az qala yarısına bərabərdir.
 
Vətəndaşların belinə yüklənəcək bu ağır vergilərin qarşısını almaq üçün Ermənistanda Hərbi Qulluqçuların Milli Sığorta Fondunun direktoru Varujan Avetikyan maraqlı təklif irəli sürüb. Onun fikrincə, hərbi qulluqçuların müdafiə fonduna təkcə Ermənistan vətəndaşları deyil, xaricdəki diaspor da məcburi vergi ödəməlidir.
 
“Cəmiyyətimiz təkcə Ermənistan vətəndaşlarından deyil, diaspor nümayəndələrindən təşəkkül tapır. Deməli, bu prosesdə ümumilikdə hər bir erməni, millət iştirak etməlidir. Diaspor nümayəndələri Ermənistan ordusunun uğurlarından danışanda başa düşməlidirlər ki, bu uğurların müəyyən bədəli var. Artıq 3 ildir ki, Ermənistan vətəndaşları bu vergini böyük həvəslə ödəyirlər. Diaspor da hərbçilərin dəstəyində iştirak etməyə borcludur",-deyə o bildirib.
 
Hazırda sözügedən sığorta fonduna vergi ödəyicilərinin sayına gəlincə, Varujan Avetikyanın sözlərinə görə, bu, təxminən 630 000 nəfərdir. Həmin işçidən 382 000 nəfəri və ya 60%-i 150 000-dək dram məbləğində əməkhaqqı aldığını bəyan edib.
 
Məlumdur ki, Dağlıq Qarabağda həlak olan erməni əsgərlərinin böyük əksəriyyəti aztəminatlı ailələrin uşaqları olub. İndi rəsmi İrəvanın yeni vergi tənzimləməsinə görə, bu ailələr də hərbi sığorta fonduna icbari ödənişlər verməlidirlər. Üstəlik, nə qədər ödəyəcəkləri də tam bəlli deyil. Bu məsələnin yaxın günlərdə Ermənistanda sosial narazılıqları daha çox artıracağı təxmin olunur.


Ana səhifəyə qayıt        Baxış: 5 737          Tarix: 11-11-2020, 11:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma